Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1109/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4677/2024 nömrəli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1.Baxılan məsələ prosessual müddətin bərpası barədədir. 2.Xətai Rayon Məhkəməsi iş üzrə xx.xx.2024-cü il tarixli qətnamə qəbul edib. Qətnamə xx.xx.2024-cü ildə iddiaçının vəkilinin və nümayəndəsinin elektron kabinetinə yerləşdirilib, bununla da 1 aylıq apellyasiya şikayəti verilməsi müddətinin axımı başlayıb. 3.İddiaçı 3 dəfə apellyasiya şikayəti verib. 4.Birinci apellyasiya şikayəti xx.xx.2024-cü ildə, yəni 1 aylıq şikayətvermə müddətinin daxilində verilib. Lakin apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada, yəni elektron kabinet vasitəsilə verilmədiyinə görə xx.xx.2024-cü il tarixli qərardadla onun geri qaytarılması qərara alınıb. 5.İkinci apellyasiya şikayəti xx.xx.2024-cü ildə verib, həmin şikayət də qanunla müəyyən edilmiş qaydada, yəni elektron kabinet vasitəsilə verilmədiyinə görə xx.xx.2024-cü il tarixli qərardadla onun geri qaytarılması qərara alınıb. 6.Üçüncü apellyasiya şikayəti xx.xx.2024-cü ildə verilib. Birinci instansiya məhkəməsində icraat 7.İddiaçı üçüncü dəfə apellyasiya şikayəti verərkən eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə də verilib. Ərizə onunla əsaslandırılıb ki, iddiaçı texniki səbəblərdən apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verə bilməyib. 8.Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, müddətin bərpası barədə ərizə təmin edilməsin. 9.Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və müddətin bərpası barədə ərizə təmin olunsun. 10.Birinci instansiya məhkəməsi şikayətə baxaraq onu təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Qərardad ləğv olunmalı və müddət bərpa olunmalıdır. 12.Belə ki, apellyasiya şikayəti mahiyyətcə iradə ifadəsidir. İddiaçı qətnamədən narazı qalması barədə iradəsini qanunla müəyyən edilmiş müddətdə ifadə edib, yəni birinci apellyasiya şikayətini 1 ayın daxilində verib. Apellyasiya şikayətinin 2 dəfə geri qaytarılmasından sonra iddiaçı geriqaytarmaya səbəb olan halı ağlabatan müddətdə aradan qaldıraraq yenidən apellyasiya şikayəti verib. O cümlədən nəzərə alınmalıdır ki, iddiaçı qeydiyyatda olduğu ünvanda faktiki yaşamadığına görə, geri qaytarma barədə qərardadların və geri qaytarılan sənədlərin ona vaxtında verilməsi mümkün olmayıb, həmin sənədlər poçt xidməti tərfindən “bü ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılıb. 13.Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında qanunla nəzərdə tutulan müəyyən formallıqlara riayət edilmədiyinə görə şikayətin qəbul edilməsindən imtina olunmasını “həddindən artıq formalizm” kimi qiymətləndirərək qeyd etmişdir ki, şəxs vaxtında məhkəməyə müraciət etmək üçün iradəsini ifadə etmişdirsə, şikayətin formal səbəblərdən geri qaytarılmış olması və bu səbəbdən şikayət müddətinin ötürülməsi sonradan müddətin keçmiş olması səbəbi ilə şikayətin geri qaytarılması üçün əsas olmamalıdır. 14.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinin göstərişinə əsaslaraq hesab edir ki, müddət bərpa olunmalıdır. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4677/2024 nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin olunsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4677/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti İddiaçı münasibətdə bərpa olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1109/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1109/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver