Məhkəmə qərarları › İş №2(103)-111/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-111/2025

30.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-111/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: sahiblik hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması, torpaq sahəsinin boşaldılması, maraqlı tərəfin ekspertiza keçirilməsi üçün zəruri olan xərci ödəməməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı1 prosessual hüquq varisi İddiaçı2 iştirakı ilə İddiaçı1 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri Sovetinin İcraiyyə Komitəsinin 18 noyabr 1988-ci il tarixli 11/632 nömrəli qərarına əsasən, Bakı şəhəri İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyinin 44 nömrəli BTK-nın sədri tərəfindən verilmiş 47 nömrəli 10 iyun 1989-cu il tarixli orderlə, X6 Ləhiş massivində 44 nömrəli BTK-nın tərkibində sahəsi 0,12 hektar təşkil edən 3882 "a”-46 nömrəli bağ sahəsi ayrılmışdır.

2. 10 yanvar 1965-ci il tarixdə Şəki şəhərində anadan olmuş X13 və 28 yanvar 1963-cü il tarixdə Şəki şəhərində anadan olmuş X14 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 dekabr 2008-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilmişlər.

3. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 93 nömrəli 30 mart 2008-ci il tarixli sərəncamı ilə, İddiaçı1 qardaşları - İİ qrup əlillər, xx.xx.1963-cü il təvəllüdlü X11 və xx.xx.1965-ci il təvəllüdlü X10 qəyyum təyin edilmişdir.

4. 3882 "a”-46 nömrəli bağ sahəsinin zəbt olunması ilə bağlı İddiaçı1 Sabunçu RPİ-nə etdiyi şikayət üzrə araşdırma aparılaraq 03 yanvar 2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuş, ona məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilmişdir.

5. X1 rayonu Maştağa Bələdiyyəsi tərəfindən 4881 nömrəli 14 may 2018-ci il tarixli “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında şəhadətnamə” əsasında vergi ödəyicisi kimi uçota alınmışdır.

6. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsi tərəfindən X7 09 oktyabr 2006-cı il tarixli 40/233 nömrəli Sərəncamla Ləhiş bağ massivində 560 kv.metr torpaq sahəsi ayrılmış, həmin sahədə o, fərdi yaşayış evi inşa etdirmişdir. Yaşayış evində Cavabdeh və ailə üzvləri yaşayırlar.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı1 (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, X8 qanuni istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3882 “a” saylı bağ sahəsindən cavabdehin və onun digər ailə üzvlərinin çıxarılması, həmin sahədə qanunsuz tikilmiş tikililərin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X13 onun qardaşıdır və o, 2-ci dərəcəli əlil (ruhi xəstə) olduğundan qardaşına qəyyumluq edir. Bakı şəhər X4 İcrayyə Komitəsi bağlar təsərrüfatının inkişafi və istismarı birliyi tərəfindən xx.xx.1989-cu il tarixdə X10 (qardaşına) 47 saylı orderə əsasən Ləhiş bağ massivində 12 sot (3882a nömrəli) bağ sahəsi verilmişdir. Təxminən 3 il bundan əvvəl cavabdeh, qardaşı X10 məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, dəfələrlə cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də, o bu tələbə əhəmiyyət verməmişdr. Bununla əlaqədar 2019-cu ildə Sabunçu RPİ-nin 42-ci PB-nə müraciət etmiş, polis bölməsi ona, mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir.

9. Cavabdeh məhkəmənin hazırlıq iclasında iştirak edərək, tikilini 2016-cı ildə iddiaçının iştirakı ilə tikdiyini və zəruri sənədləri təqdim edəcəyini bildirmiş, lakin növbəti məhkəmə iclaslarına gəlməmişdir.

10. Birinci instansiya məhkəməsinin 14 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş massivində, 44 nömrəli BTK-nın tərkibində sahəsi 0.12 hektar təşkil edən 3882 "a”-46 nömrəli bağ sahəsi Bakı şəhəri İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyinin 44 nömrəli BTK-nın sədri tərəfindən verilmiş 47 nömrəli 10 iyun 1989-cu il tarixli orderə əsasən X6 ayrılmış, bağ sahəsi həmin vaxtdan etibarən sonuncunun qanuni sahibliyində və istifadəsində olmuş, lakin cavabdehin həmin bağ sahəsini zəbt etməsi səbəbindən X12 qanuni əsaslarla onun istifadəsinə verilmiş bağ sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur.

12. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 152.1-ci, 152.2-ci, 152.3-cü, 152.4-cü, 157.8-ci, 158.2-ci, Torpaq Məcəlləsinin 66-cı, 68-ci, 111-ci maddələrinə istinad etmişdir.

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi-prosessual hüquq normalarının tələblərini pozduğu, iddiaçının hüquq iddia etdiyi sahənin onun tərəfindən zəbt edilib-edilmədiyini aydınlaşdırmaq üçün ekspertiza təyin etmədiyi, sübutlara düzgün qiymət vermədiyi, şifahi mülahizələrə istinad etməklə qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır. Şikayətdə göstərilmişdir ki, Sabunçu rayonu, Ləhiş bağ massivində 44 nömrəli BTK-nın tərkibində sahəsi 0,12 hektar təşkil edən 3882 “a”-46 nömrəli bağ sahəsi X2 və İstismarı Birliyi tərəfindən verilmiş 47 nömrəli 10 iyun 1989-cu ıl tarixli orderə əsasən X10 ayrılmışdır və bununla da onun iddia qaldırmaq üçün subyektiv hüquqa malik olması işin mübahisəsiz halıdır. Lakin nəzərə alınmalıdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən cavabdehə 09 oktyabr 2006-cı il tarixli, 40/233 nömrəli Sərəncamla Ləhiç bağ massivində 560 kv.metr torpaq sahəsi ayrılmış, 2007-ci il tarixdən həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi inşa etdirərək, bu günədək ailəsi ilə həmin fərdi yaşayış evində yaşayır. Qonşuluqda, yəni Ləhiç bağ massivində X10 0.12 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir, cavabdeh tərəfindən həmin torpaq sahəsi zəbt olunmamışdır. Sözügedən torpaq sahəsinin iddiaçının adına qeydiyyatdan keçmiş torpaqdan çıxarılması hissəsinin cavabdehə aidiyyəti yoxdur, onun istifadəsində olan torpaq sahəsi iddia üzrə tələb edən cavabdeh ilə 4-5 nəfərlə qonşu-aralıq məsafədə yerləşir. Birinci instansiaysı məhkəməsi isə əsas iddiaçının adına olan orderi rəhbər tutaraq iddiaçının adına olan orderin iddiaçıya qanuni əsaslarla verilib-verilməməsini, ona məxsus torpaq sahəsinin Ləhiç bağ massivində yerləşmə sxemini, iddia etdiyi torpaq sahəsinin qonşu torpaqla üst-üstə düşüb-düşməməsini araşdırmadan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tətbiq edilməli olan Qanununun müddəalarını tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu ıl tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kımı işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahatlar

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin dəlillərinə qiymət verilməsi üçün ekspertiza təyin olunmasını xahiş etmiş, iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.

16. Apellyasiya baxışı zamanı şikayətin dəlilləri nəzərə alınmaqla iş üzrə məhkəmə tikinti (mühəndis)-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı məsələnin həlli, habelə suallar qoyulmuşdur:

- Bakı şəhəri İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyinin 44 nömrəli BTK-nın sədri tərəfindən verilmiş 47 nömrəli 10 iyun 1989-cu il tarixli order əsasında X6 ayrılmış torpaq sahəsinin hüdudları və həmin order üzrə adı çəkilən şəxsin faktiki istifadəsində nə qədər (neçə kvadratmetr) torpaq sahəsinin olduğu müəyyənləşdirilsin.

- Ləhiş massivində, 44 nömrəli BTK-nın tərkibində X6 ayrılmış 3882 "a”-46 nömrəli bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu və mənsubiyyəti (dövlət, bələdiyyə, yaxud xüsusi mülkiyyətdə olub-olmadığı) müəyyən edilsin.

- Ləhiş massivində, 44 nömrəli BTK-nın tərkibində X6 ayrılmış 3882 "a”-46 nömrəli bağ sahəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsi tərəfindən X7 09 oktyabr 2006-cı il tarixli 40/233 nömrəli Sərəncamla ayrılmış torpaq sahələri üst-üstə düşürmü? Düşürsə hansı hissədə və hansı ölşülərdə?.

- X5 hüquq iddia etdiyi torpaq sahəsi, ona 44 nömrəli BTK-nın sədri tərəfindən verilmiş 47 nömrəli 10 iyun 1989-cu il tarixli order əsasında ayrılmış 3882 "a”-46 nömrəli torpaq sahəsidirmi?

- 44 nömrəli BTK-nın tərkibində X6 ayrılmış 3882 "a”-46 nömrəli bağ sahəsi hazırda kimin istifadəsindədir və orada tikili inşa edilmişdirmi?

17. Həmin ekspertiza tədqiqatının həyata keçirilməsi, cavabdehin müvafiq tədqiqat üçün tələb olunan mütəxəssis rəyinin verilməsinə tələb edilən 95 manat xidmət haqqını ödəməməsi səbəbindən mümkün olmamışdır.

18. Bundan sonra apellyasiya baxışı davam etdirilərkən İddiaçı1 xx.xx.2024-cü il tarixdə vəfat etdiyi müəyyən olunmuş, buna görə işin icraatı xx.xx.2025-ci il tarixli qərardadla onun hüquq varislərinin müəyyən olunmasınadək dayandırılmışdır.

19. Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyinin 2 saylı Bakı “Asan Xidmət” Mərkəzindəki Notariat Ofisinin 22 avqust 2025-ci il tarixli məktubla verdiyi cavabda göstərilmişdir ki, İddiaçı1 dair sözügedən qurumda vərəsəlik işi açılmış, 05 sentyabr 2024-cü il tarixdə mərhumun qızı İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

20. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə işin icraatı təzələnmiş və iddiaçı, prosessual hüquq varisi qismində İddiaçı2 ilə əvəz olunmuşdur.

21. Bundan sonra davam etdirilən məhkəmə iclasında iddiaçının prosessual hüquq varisi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin vəkili isə iddiaçının prosessual varisi ilə barışıq əldə etmək istədiklərini, lakin onun buna razı olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.

26. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

27. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

28. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

29. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

30. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

37. Maddə 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər.

38. Maddə 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar.

39. Maddə 97.4-1. İşdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

40. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

41. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

43. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

48. İddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların (§ 27-29) tətbiq edilməsi üçün iddiaçının özünün mübahisəsi gedən torpaq sahəsi üzərində sahiblik hüququna malik olub-olmaması müəyyən edilməlidir.

49. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı).

50. Bu kontekstdə qeyd olunmalıdır ki, torpaq üzərində sahiblik və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaması sahibliyi aradan qaldıran hal deyildir.

51. İşin hallarından görünür ki, iddiaçı, Bakı şəhəri Sovetinin İcraiyyə Komitəsinin 18 noyabr 1988-ci il tarixli 11/632 nömrəli qərarına əsasən, Bakı şəhəri İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyinin 44 nömrəli BTK-nın sədri tərəfindən verilmiş 47 nömrəli 10 iyun 1989-cu il tarixli order əsasında torpaq sahəsi üzərində hüquq əldə etmişdir.

52. Əgər şəxs səlahiyyətli dövlət orqanının ləğv olunmamış qərarı əsasında torpaq sahəsinə sahiblik edirsə, o, həmin torpaq üzərində sahiblik hüququ olmayan şəxslərin sahiblikdən özbaşına məhrumetmə və ya sahibliyinə qəsd etməsi ilə bağlı hərəkətlərinə qarşı iddia verə bilər (§ 28).

53. Cavabdeh, mübahisəsi gedən torpaq sahəsinə hər hansı hüququnun mövcud olmasına dair məhkəməyə sübut təqdim etməmiş, irəli sürdükləri təsdiqini tapmayan formal mülahizələr olaraq qalmışdır.

54. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

55. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın keçirilməsi cavabdehin müvafiq xərci ödəməməsi səbəbindən mümkün olmamışdır, halbuki irəli sürdüyü arqumentləri sübuta yetirmək üçün bilavasitə cavabdeh həmin ekspertizanın keçirilməsində maraqlı olmalı idi.

56. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1109/2023 saylı iş üzrə 14 mart 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar