Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1110/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5316/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərardadından Ərizəçi şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi və onun mülkiyyət hüququnun tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov 184 saylı binanın “A” hissəsinin yarımzirzəmisinin 20 kv.m və 18 kv.m olan sahəsinə faktiki mülkiyyətçi kimi vicdanla, fasiləsiz, etirazsız istifadə etməyini nəzərə alaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və bunun əsasında həmin sahəyə mülkiyyət hüququnun tanınması üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5316/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim Ramin Xəlilov) iddia ərizəsinin qəbulundan imtina edilməsi və ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi geri qaytarılması; Ərizəçi hazırkı məsələ ilə bağlı iddia icraatı qaydasında müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi hazırki tələbi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması olduğundan hazırki iş üzrə icraat xüsusi icraat qaydasında yox, iddia icraatı qaydasında aparılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305-ci maddəsində məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılmalı olan işlərin kateqoriyası dəqiq göstərilmişdir. İddiaçının hazırki tələbi isə qeyd edilən maddənin tələblərindən heç birinə aid deyildir. Odur ki, Ərizəçi hazırki tələbi iddia ərizəsi formasında, həmçinin iddiaya cavab verməli olan cavabdeh şəxs müəyyən edilməklə tərtib edilərək məhkəməyə təqdim edilməli və bundan sonra hazırki tələbə iddia icraatı qaydasında baxılmalıdır. Həmin qərardaddan Ərizəçi şikayət verərək ləğv edilib ərizəsinin təmin edilməsini xahiş etmiş, həmçinin şikayətinə şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsini də əlavə etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5316/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərardadı ilə ərizəçinin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(006)- 5316/2024 saylı qərardadından Ərizəçi şikayət vermə müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(006)- 5316/2024 saylı qərardadından Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 305.1 və 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə tərkibi hesab edir ki, hazırki iş üzrə ərizəçinin müəyyən edilməsini istədiyi fakt MPM-in 307.2.6-cı maddəsinin şərtlərinə uyğun gəlmir. Çünki həmin normada mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsindən bəhs edilir. Ərizəçinin sahiblik və istifadəsində olduğunu iddia etdiyi qeyri-yaşayış(zirzəmi) isə ona mülkiyyət hüququ üzrə məxsus olmamışdır. Ərizənin məzmunundan bəlli olur ki, ərizəçinin son olaraq istəyi və arzusu qeyd olunan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdır. Ərizəçinin bununla bağlı daşınmaz əmlakın dövlət qeydiyyatını aparan quruma müraciət etməsi işdən görünmür. Ona görə də ərizəsində göstərilən məsələnin həlli ilə bağlı həmin orqana da müraciət etmək hüququ mövcuddur. Müraciətinin təmin olunmadığı halda inzibati orqanın hərəkəti yaxud hərəkətsizliyindən inzibati məhkəmə icraatı qaydasında məhkəmə müdafiəsi hüququndan istifadə edilə bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarın 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Həmin Qərarın 13-cü bəndinə əsasən, .... məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Həmin Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarın 7.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi həm ərizəni geri qaytararkən, həm də şikayətə baxarkən qəbul etdiyi qərardadlarda ərizəçiyə hazırki ərizəyə xüsusi icraat qaydasında baxılmasının yolverilməzliyinin səbəbini qanunvericiliyə istinad etməklə izah etmişdir. Lakin ərizəçi bununla razılaşmır və ərizəsinə məhz xüsusi icraat qaydasında baxılmasını israr edir. Əlbətdə ki, həm qanunvericiliyin tələbi, həm də Ali Məhkəmənin Plenumunun sözügedən qərarında formalaşan hüquqi mövqe imkan vermir ki, hazırki ərizəyə məhz xüsusi icraat qaydasında baxılsın. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün olan qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5316/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5316/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1110/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1110/2025
13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver