Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11101/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 və nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5354/2021 saylı, 16 avqust 2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı “cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" QSC ilə ünvan 1 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m sahəsinin icarəsinə dair 03 mart 2020-ci ildə notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsilə eyni şərtlərlə icarə müqaviləsi bağlamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı BOKT "xxxx" QSC iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək, ünvan 2 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m sahədə icarəçi BOKT "xxxx" QSCnin fəliyyətinə mane olmaq və həmin sahənin kommunal təchizatını, o cümlədən elektrik enerjisi ilə təchizatını dayandırmağın cavabdehə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5354/2021 saylı, 16 avqust 2021ci il tarixli qərardadı ilə mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ünvan 3 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m sahədə icarəçi BOKT "xxxx" QSCnin fəliyyətinə mane olmaq və həmin sahənin kommunal təchizatı, o cümlədən elektrik enerjisi ilə təchizatının dayandırılması Cavabdeh qadağan edilmişdir. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin eyni saylı, 24 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi H.Kazımov şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili A.Ramazanov şikayəti müdafiə edərək göstərdi ki, cavabdeh qanuni əsaslarla həmin sahəni əldə etmiş və həmin sahənin mülkiyyətçisidir, həmin sahənin boşaldılmasına dair xəbərdarlıq olunmasına baxmayaraq iddiaçı həmin sahəni boşaltmamış, əksinə, həmin xəbərdarlıqdan sonra tam əsassız bir iddia verərək mülkiyyətçi ilə icarə müqaviləsinin bağlanması vəzifəsinin onun üzərinə qoyulmasına dair qətnamə qəbul olunmasını xahiş etmiş, eyni zamanda da iddianın təmini tədbiri kimi, cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırmasina dair qərardad qəbul edilməsini xahiş etmiş, rayon məhkəməsi də iddiaçının həmin ərizəsini təmin etmiş, bununla da rayon məhkəməsi iddianın keçərliliyi kimi məsələni nəzərə almamaqla yanaşı, həm də iddia tələbi ilə iddianın təmin etmə tədbirinin arasında hər hansı bağlılığın olmamasına da əhəmiyyət verməmişdir, bu səbəbdən də şikayətin təmin olunaraq qərardadın ləğv olunması və ərizəsinin təmin ediməməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. Şikayətə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib, şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin olunmalı, rayon məhkəməsini qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Belə ki, ərizəyə baxılarkən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.1-ci maddəsinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Hazırkı işin halları baxımından Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianın təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Nəzərə alınmalıdır ki, iddianı təmin tədbirlərinin tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac olmasa da, bu tədbirlərin görülməsi üçün ilkin zəruri sübutların verilməsi və ilkin əsaslandırılmanın aparılaraq bununla bağlı dəlillərin təqdim edilməsi zəruridir. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Hazırkı iş üzrə verilmiş iddia tələbinin mahiyyətindən məlum olur ki, iddiaçının tələbi cavabdehlə onun mülkiyyətində olan sahəyə dair icarə müqaviləsinin məcburi qaydada bağlanmasından ibarətdir. İddiaçının həmin tələblə bağlı təmin tədbirinə dair ərizəsindən isə məlum olur ki, həmin ərizə cavabdehin öz mülkiyyəti barədə müəyyən hərəkətlər edilməsinin ona qadağan olunması ilə bağlı olmuşdur. Belə olan halda aydın olur ki, hazırkı iş üzrə iddia tələbi keçərli olduğu halda belə, təmin tədbiri barədə ərizə ilə qəbul olunacaq qətnamənin gələcəkdə icrasının hər hansı əlaqəsi müəyyən olunmur. Çünki, hazırkı iddia tələbinin təmini halında onun icrası notariat oifisi və (və ya) daşınmaz əmlakın reyestr xidməti ilə bağıl ola bilərdi. Buna baxmayaraq, rayon məhkəməsi işin qeyd olunan hallarına zəruri əhəmiyyət verməmiş, nəticədə də düzgün olmayan qərardad qəbul etmiş, həmin qərardaddan cavabdehin verdiyi şikayətə baxarkən də şikayətin həmin dəlillərinə lazımi diqqət yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən prosessual pozuntulara yol verildiyindən şikayət təmin edilməli, qərardad ləğv edilməli, iddianın təmin tədbirinə dair ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, (402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5354/2021 saylı, 16 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin və iddiaçı BOKT "xxxx"-ın iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-11101/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11101/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver