Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11111/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Natiq Tağıyevin iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 Elbruz oğlu və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 23.01.2013-cü il tarixli, 17-AZ-1-0-212-13 nömrəli kredit müqaviləsi əsas borc kimi 642,46 manat, müqavilə müddətinin bitdiyə tarixə, yəni 22.01.2016-cı il tarixə faiz borcu kimi 105,70 manat, dəbbə pulu kimi 1.220,29 manat, cəmi 1.969,06 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat kredit alan Cavabdeh2 Elbruz oğlu və zamin Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun və tutma ipoteka predmeti olan, Cavabdeh2 Elbruz oğluna məxsus “Daewoo Nexia” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamə onunla əsaslandırılıb ki, iddia müddəti keçib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Kredit barədə tələb qismən təmin olunmalıdır. Belə ki, bank ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 23.01.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank kredit alana 8.050 manat məbləğində kredit verib. Kredit 36 ay müddətinə, yəni 23.01.2016-cı il tarixə kimi verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 21 faiz müəyyən edilib. Kredit öhdəliyi pozulub. Bankın təqdim etdiyi sübutlardan müəyyən olunur ki, kredit alanın əsas borc kimi 642,46 manat, müqavilə müddətinin bitdiyi tarixə, yəni 22.01.2016-cı il tarixə faiz borcu kimi 105,70 manat, dəbbə borcu kimi 1.220,29 manat icra edilməmiş pul öhdəliyi var. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 467 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, kredit alandan əsas borc kimi 642,46 manat, faiz borcu kimi 105,70 manat tutulmalı, dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 50 manat müəyyən edilməlidir. İddia müddəti keçməyib. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. kreditin qaytarılması müddəti 23.01.2016-cı ildə bitib, həmin tarixdən 3 illik müddətin axımı başlayıb. Bundan əvvəl başqa mülki iş üzrə bankın iddiası əsasında Sabunçu RM tərəfindən qəbul olunmuş 26.04.2018-ci il tarixli qiyabi qətnamə ilə kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət olunub. Həmin iş üzrə bank iddia müddətini ötürmədən məhkəməyə müraciət edib. Sonradan – 2019-cu ildə Sabunçu RM-nin qərardadı ilə qiyabi qətnamə ləğv edilib, bundan sonra iddiaya baxılması üzrə məhkəmə icraatı davam etdirilib, lakin bank ərizə ilə məhkəməyə müraciət edərək bildirib ki, cavabdehlərlə bank arasında razılıq əldə edilib və kredit borcu restrukturizasiya olunub, ona görə də iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. Sabunçu RM bunu nəzərə alıb və 14.11.2019-cu il tarixli qərardadla iddia ərizəsini baxılmamış saxlayıb. Lakin kredit alan borcu ödəmədiyindən 02.04.2021-ci il tarixdə bank hazırkı iddia ilə məhkəməyə müraciət edib. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Lakin bu zaman baxılmamış saxlamanın əsası və iddiaçının məqsədi nəzərə alınmalıdır. İddia ərizəsinin baxılmamış saxlanlması Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanın tələblərinin təmin edilməsi ilə bağlı olub və bankın məqsədi həmin Fərmanın tələblərinə əməl etmək olub. Ona görə də məhkəmə Mülki Məcəllənin 380-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci dəfə iddianın verilməsi ilə iddia müddətinin axımı kəsilib və iddia ərizəsinin baxılmamış saxlanıldığı tarixdə iddia müddəti yenidən başlayıb. İddia ərizəsinin baxılmamış saxlanıldığı tarixdən (14.11.2019-cu ildən) 3 il keçməmiş (02.04.2021-ci ildə) bank hazırkı iddinı verib. İpoteka barədə tələb təmin olunmalıdır. Belə ki, bank ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 23.01.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus “Daewoo Nexia” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil kreditin qaytarılmasının təminatı üçün bankın xeyrinə ipoteka ilə yüklü edilib. Kredit alan kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur. İpoteka qoyan məhkəmə iclasına gəlmədiyindən, qiymətləndirmənin həyata keçirilməsi üçün avtomobili təqdim etmədiyindən işə mütəxəssis (qiymətləndirici) cəlb edilməsi və avtomobilin qiymətləndirilməsinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də ipoteka predmetinin ilkin satış qiyməti qətnamə icra edilərkən “İcra haqqında” Qanunun 51-ci maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Zaminlik barədə tələb rədd olunmalıdır. Belə ki, bank ilə zamin Cavabdeh1 arasında bağlanmış 23.01.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin kreditin öhdəliyinin kredit alan tərəfindən icrasına görə məsuliyyəti öz üzərinə götürüb. Zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməyib. Kredit öhdəliyinin müddəti 36 aydır, bu müddət 23.01.2016-cı il tarixdə başa çatıb. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddia həmin 1 illik müddət bitdikdən sonra irəli sürülüb. İddia verildiyi zaman zaminliyə artıq xitam verilmişdi. Zaminlik xitam olunduğuna görə zaminə qarşı yönəlmiş tələb əsassızdır. Ona görə də zaminə qarşı yönəlmiş tələb rədd olunmalıdır. Beləliklə, birincin instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Əsas borc kimi 642,46 manat, faiz borcu kimi 105,70 manat, dəbbə pulu kimi 50 manat, cəmi 798,16 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh2 Elbruz oğlundan İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan, Cavabdeh2 Elbruz oğluna məxsus “Daewoo Nexia” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Avtomobil açıq hərracda satılsın və satışdan əldə edilən pul hesabına yuxrıda göstərilən məbləğdə pul İddiaçı ASC-yə ödənilsin, qalan vəsait Cavabdeh2 Elbruz oğluna qaytarılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11111/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11111/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver