Məhkəmə qərarları › İş №2(103)-11139/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11139/2021

29.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11139/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3323/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X1 cavabdeh qismində cəlb edilməsini, 11.09.2006-ci il təvəllüdlü X4, 15.02.2009-cu il təvəllüdlü X7, 16.05.2011-ci il təvəllüdlü X8 və 02.09.2019-cu il təvəllüdlü X5 ilə birlikdə X1 mülkiyyətində olub, atası tərəfindən 15.000 manata təmir olunmuş 2 otaqlı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin oğlunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 13-cü Nərimanov döngəsi, 1 saylı evdən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3323/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsi, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, işdən görünür ki, İddiaçı apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə etsə də, qəbzdə ödənişin təyinatı Bakı Apellyasiya Məhkəməsinə deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə olduğu göstərilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətinə əlavə olunmuş qəbzdə ödənişin təyinatı Bakı Apellyasiya Məhkəməsi göstərilmədiyindən rüsum ödənilməmiş hesab olunmalı, hazırkı mülki işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 363, 364, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı istifadə hüququ olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3323/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar