Məhkəmə qərarları › İş №2(103)-1114/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1114/2020

16.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1114/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X4 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(009)- 1659/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı evin, 8 saylı mənzilinin hazırda olan bazar qiymətini və Cavabdeh1 1/5 payını nəzərə almaqla Cavabdeh1 25000 (iyirmi beş min) manat kompensasiya ödənilməklə onun və azyaşlı övladının Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı evin, 8 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 6 saylı evin 8 saylı mənzilinin 1/5 payına Cavabdeh1 mülkiyyət hüququna 25.000 (iyirmi beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil-mərhum valideynlərinə məxsus olmuşdur. Valideynlərinin vəfatından sonra həmin mülk 5 vərəsə xx.xx.1979-cu il təvəllüdlü İddiaçı, xx.xx.1981-ci il təvəllüdlü X12, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1984-cü il təvəllüdlü X14, xx.xx.1988-ci il təvəllüdlü X10 arasında bərabər paylara (1/5) bölünmüşdür. X2 (xx.xx.1938- xx.xx.2001) xx.xx.1938-ci il tarixində Ağdam şəhərində anadan olmuşdur. xx xxxx 2006-cı il tarixində atası, anası - X8 (xx.xx.1959-xx.xx.2011) xx xxxxxx 2011-ci il tarixində, nənəsi (atasının anası) - X5 isə xx xxxxxx 2001-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı evin, 8 saylı mənzilində daimi pasport qeydiyyatında olaraq ölən günə kimi orda yaşamışlar. Həmin ünvanda da o, digər ailə üzvüləri (bacısı və 2 qardaşı) və cavabdeh daimi pasport qeydiyyatında olaraq bu günə kimi də həmin ünvanda yaşayırlar. Valideynlərinin vəfatından sonra Bakı şəhər 1 saylı Notariat Kontorunda (reyestr-2«V»-1- 06) xx xxxxxx 2012-ci il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən, miras qalmış Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı evin, 8 saylı mənzili yuxarıda adları çəkilən vərəsələr arasında bərabər paylarla (hər birinə 1/5 pay) bölünmüş və həmin ünvana dair qanunla müvafiq qaydada Çıxarış almışlar. Cavabdeh tərəfindən ona və digər ailə üzvülərinə qarşı yersiz təzyiqlər, şikayətlər, heç bir sübutu olmayan böhtanlarla dolu ərizələr prokurorluğa və digər orqanlara yazılmağa başlanmışdır. Qohumlar tərəfindən bu münaqişənin aradan qaldırılması üçün cavabdehə evi sataraq paylara uyğun olaraq pulların bölünərək ayrılmaq məsləhəti verilmiş, lakin cavabdeh razılaşmamışdır. O, cavabdehə və digərlərinə onların paylarının onun tərəfindən pul ödəməklə almağı təklif etmiş, bazar qiyməti 120000 manat olmasına baxmayaraq hər payçıya 25000 manat kompensasiya verməklə yeganə mülkiyyətçi olmaq istəmişdir. O, digər payçılarla razılaşaraq, Bakı şəhər 46 saylı Notariat Kontoruna bağışlanma müqaviləsinin bağlanmasına dair müraciət etmişlər. Bakı şəhəri 46 saylı Notariat kontorunda bağışlama müqaviləsi ilə bağlı ərizə ilə müraciət etdikləri zaman, təsadüf nəticəsində onlara məlum olmuşdur ki, nənələri X1 adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam rayon Dövlət Notariat Kontorunda (vərəsəlik işinin nömrəsi V-1867/2012 reyestr 2v-02-1899 Noilə qeyd edilib) vərəsəlik açılmışdır. Vəkil sorğusu əsasında həmin işin təsdiq olunmuş surəti alınmış və məlum olmuşdur ki, Cavabdeh1 nənələri X3 məxsus SSRİ-nin əmanət kassasına qoyulmuş pul vəsaitlərini, faizləri ilə birlikdə vərəsə olması barədə saxta arayış və ərizə təqdim edərək digər vərəsələri aldadaraq mənimsəmişdir. Bakı şəhəri 46 saylı notariat kontoruna bağışlanma müqaviləsinin bağlanmasında cavabdehin bir payçı olaraq razılıq ərizəsi lazım olduğundan və cavabdeh buna razılıq vermədiyindən, Notariat kontoru tərəfindən onlara imtina verilmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinə Bakı şəhər 46 saylı Notariat Kontoruna qarşı «notariat işlərinin aparılmasına dair imtina qərarının qanunsuz hesab edilməsi, notariat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə müraciət etmişlər və onların iddiaları təmin olunmuş, cavabdehdən başqa, digər payçılar öz paylarını ona bağışlamışlar. Bu işlərin gedişatı zamanı onlara məlum olmuşdur ki, cavabdeh ona və digər payçılara qarşı Bakı şəhər Səbail rayon məhkəməsinə «mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlərə qadağan edilməsinə» dair iddia ərizəsi ilə müraciət etmiş və iddiası təmin edilmişdir. Onlar həmin qətnamədən apellyasiya şikayəti vermişlər və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və onların apellyasiya şikayəti qismən təmin edilmişdir. Bundan başqa cavabdeh tərəfindən yuxarıda göstərilən bütün problemlərə baxmayaraq, cavabdehə bir daha onun tərəfindən, bugünə olan bazar qiymətinin, ekspertin rəyinə görə evin 120 000 manat olduğunu və cavabdehin payına düşən 1/5 hissəyə 24000 manat əvəzinə, 25000 manat kompensasiyanın verilməsinə dair yazılı surətdə xx.xx.2018-ci il tarixində təklif etmişdir. Lakin o yenə də razı olmamış, cavabdehin zəbt etdiyi (13.16 kv.m. əvəzinə) özünün hesabladığı kimi guya 8 kv.m.artıq sahə olduğu uçun, ona yazılı surətdə xx.xx.2018-ci il tarixli məktubu ilə 5000 manat təklif edilib. Cavabdehin 8 kv.m sahəni 5000 manata dəyərləndirməsini nəzərə alsaq,onun payına o, təxminən 10000 manat verməlidir. Lakin o, yenə də qohumluğu nəzərə alaraq ona 24 000 manatın əvəzinə 25 000 manat təklif etmişdir. Onun tərəfindən Bakı şəhər Səbail Məhkəməsinə cavabdehə qarşı «yaşayış evinin mülkiyyətçilər arasında naturada bölünməsinə dair» iddia ərizəsi ilə müraciət etmişdir. Mülkdə onun payının 4/5 hissə, cavabdehin payı isə 1/5 hissədir. Çıxarışa əsasən mülkün ümumi sahəsi 76.7 kv.m, 3 yaşayış otaqlarından ibarətdir. 76.7 kv.m sahəni 5 yerə bölünərsə, hər payçıya ümumi olaraq 15.34 kv.m sahə düşür. Lakin cavabdehin istifadəsində 28.50 kv.metrdir. Bununla bağlı məhkəmə tərəfindən texniki ekspertiza təyin olunmuş və ekspertizanın rəyinə görə həmin mülkün naturada bölünməsi texniki cəhətdən qeyri-mümkün olduğu müəyyən edilmişdir. Onun tərəfindən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı evin, 8 saylı mənzilinin bu günə olan bazar dəyərinin hesablanmasına dair “X18” MMC-yə müraciət etmiş və ona yazılı surətdə evin bu günə olan bazar qiymətinin 120 000 manat olduğuna dair cavab verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(009)- 1659/2019 nömrəli qətnaməsi ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X21ni müstəqil tələb irəli sürməyən şəxs qismində göstərildiyi Cavabdeh1 qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş və iş üzrə aparılmış xx xxxxxxxx 2019-cu il tarixli QR-277/M saylı qiymətləndirmə hesabatının qiymətləndirmə xərci 300 manat məbləğində vəsait İddiaçı tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin (VÖEN **********, M/h AZ 13NABZ********************) xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti verərək, apelyasiya şikayətinin təmin olunmamasını, Bakı şəhəri Səbayıl Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(009)-1659/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə işin faktiki hallarını və tərəflər arasında olan hazırkı mövcud qarşılıqlı münasibətləri nəzərə almamışdır. Cavabdehin istifadəsində olan sahə, onun yaşadığı sahənin tam dəyərinin ödənilməsinin mümkünlüyü nəzərə alınmadan digər mülkiyyətçilərin sərəncam vermək hüququnu məhdudlaşıdran halları aradan qaldıran əlverişli qətrnamə qəbul etməmişdir. Qətnamədə maddi və prossesual hüquq normaları pozulmuşdur. Ona görə də ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, mübahisəli yaşayış sahəsi ona valideynlərindən miras qalıb və qanuna əsasən mülkiyyət əldə edib, iddiaçı onu zorla mülkiyyətindən məhrum etmək istəyir, cavabdehin övladı ilə gedəsi yeri yoxdur, ədalətə inanır, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X21 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 1 saylı Notariat Kontorunda təsdiqlənmiş xx xxxxxx 2012-ci il tarixli “qanun üzrə vərəsəlik haqqında” şəhadətnamədən görünür ki, xx xxxxxx 2011-ci il tarixdə vəfat etmiş X8nın vərəsələri - İddiaçı, X12, Cavabdeh1, X14 və X6r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı evin 8 saylı mənzili paylı mülkiyyət hüququ əsasında 1/5 hissə İddiaçı, 1/5 hissə X9, 1/5 hissə Cavabdeh1, 1/5 hissə X11 və 1/5 hissə X7 məxsus olmuşdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 335 nömrəli reyestr kitabının 31300 nöməli vərəqində qeydiyyat aparılmışdır; Bakı şəhəri 46 saylı Notariat Kontorunda bağlanmış xx xxx 2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, X12, X14 və X10 Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı evin 8 saylı mənzilinin paylı mülkiyyət üzrə onların hər birinə məxsus olan 1/5 hissədə paylarını İddiaçı bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı evin 8 saylı mənzili paylı mülkiyyət hüququ əsasında 4/5 hissə İddiaçı, 1/5 hissə Cavabdeh1 məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 335 nömrəli reyestr kitabının 31300 nöməli vərəqində qeydiyyat aparılmışdır; Səbail Rayon Məhkəməsinin 2(009)-248/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, yaşayış sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsinə dair iddia təmin edilməmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1659/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı evin, 8 saylı mənzili bazar dəyərinə uyğun qiymətləndirilmiş və mənzilin xx.xx.2019-cu il tarixə bazar dəyəri 126.000 (yüz iyirmi altı min) manat müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri 1 saylı Notariat Kontorunda təsdiqlənmiş xx xxxxxx 2012-ci il tarixli “qanun üzrə vərəsəlik haqqında” şəhadətnaməyə əsasən xx xxxxxx 2011-ci il tarixdə vəfat etmiş X8nın vərəsələri - İddiaçı, X12, Cavabdeh1, X14 və X10 olmuşlar, daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı evin 8 saylı mənzili paylı mülkiyyət hüququ əsasında 1/5 hissə İddiaçı, 1/5 hissə X9, 1/5 hissə Cavabdeh1, 1/5 hissə X11 və 1/5 hissə X7 məxsus olmuşdur. 46 saylı Notariat Kontorunda bağlanmış “daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən X12, X14 və X10 Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı evin 8 saylı mənzilinin paylı mülkiyyət üzrə onların hər birinə məxsus olan 1/5 hissədə paylarını İddiaçı bağışlamışlar. Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı evin 8 saylı mənzili paylı mülkiyyət hüququ əsasında 4/5 hissə İddiaçı, 1/5 hissə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-248/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə yaşayış sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsinə dair iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxx 2014-cü il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər- arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Lakin məhkəmə araşdırması zamanı və iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 ona paylı mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı evin 8 saylı mənzilin 1/5 hissəsinə kompensasiya ödənilməklə xitam verilməsinə razılıq verməmiş, həmçinin Cavabdeh1 həmin paylı mülkiyyətdə payı cüzi olmamaqla, həmin mənzildə özünə məxsus olan payda övladı ilə birlikdə yaşayır. Bu hal da bir daha təsdiq edir ki, cavabdehin həmin əmlakdan istifadə etməsində mühüm mənafeyi vardır. İddiaçı tərəfindən təklif olunan kompensasiya müqabilində cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şərait yaşamaq imkanı əldə edə bilməz. Qeyd edilənlər əsasında məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə mövqeyi düzgündür. Ona görə də dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Odur ki, MPM-nin 384-385-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə, MPM-nin 392, 393 və 405-ci maddələrinin tələblərinə və yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(009)- 1659/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar