Məhkəmə qərarları › İş №2(103)-1114/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1114/2022

27.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1114/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(001)-6926/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecinin 09 iyul 2021-ci il tarixli 130 nömrəli əmrinin İddiaçı dair hissəsində ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Humanitar Kollecində musiqi və bədii yaradıcılıq iş şöbəsinin müdiri vəzifəsində çalışır. Kollecin direktoru Nərmin Qaralovanın imzaladığı 09 iyul 2021-ci il tarixli 130 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçıya töhmət verilmişdir. Həmin əmr əmək qanunvericiliyə zidd verilmişdir. Odur ki, 09.07.2021-ci il tarixli 10 nömrəli əmri ləğv edilməlidir. Belə ki, ilk növbədə qeyd edilir ki, Bakı Humanitar Kolleci əmri onunla əsaslandırmışdır ki, guya iddiaçı tərəfindən kollecin bir qrup əməkdaşlarına yanlış informasiya verilərək, müəllimlərin imzaları saxtalaşdırılaraq, başqa məqsədlər üçün istifadə olunmuş və müəllim kollektivi adından prezidentə və digər vəzifəli şəxslərə müraciət məktubları ünvanlanmışdır. Lakin, verilmiş əmrdə iddiaçının konkret olaraq hansı əmək funksiyasını və əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməməsi göstərilməmiş və əgər əmrdə göstərildiyi kimi imzalar saxtalaşdırılmışsa bu halların nədən ibarət olması qeyd olunmamışdır. Bildirilir ki, İddiaçı heç kimə yanlış informasiya verməmiş, heç kimin imzasını saxtalaşdırmamış, ümumiyyətlə, heç vaxt belə əməllərə yol verməmişdir və əmrdə göstərilənlər həqiqətə uyğun deyildir. İddiaçı vəzifəsinin icrası zamanı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini daima tam yerinə yetirmiş, onun hərəkətlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən heç bir hüquq pozuntusu yoxdur. Cavabdeh təşkilat ona qarşı qanunsuz hərəkət edib, ona münasibətdə əmək qanunvericiliyin tələblərini pozmuşdur. Ümumiyyətlə belə bir hala iddiaçı tərəfindən heç vaxt yol verilə bilməzdi və iş münasibətləri zəminində bu işə yanaşdıqda heç bir məntiqə uyğun gəlmir. İddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işindən azad edilməsi üçün hüquqi əsası yoxdur. Əmrin təsviri hissəsində bunları görmək olar. Göründüyü kimi, kollecin direktoru əmək qanunvericiliyini kobud şəkildə pozaraq iddiaçının hüquqlarına xələl gətirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(001)-6926/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki hallarına istinad edilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə qətnamədə yalnız iddianın təmin olunması istiqamətində əsaslandırma aparmış, cavabdehin təqdim etdiyi sübutları təhrif etmiş, qətnamədə onlardan bəzilərini göstərmiş, qalanlarını qeyd etməmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda cavabdehin 15 işçisinin adları qeyd olunaraq izahatları etiraza qoşma edildiyi halda, hansısa qeyri-müəyyən səbəbdən məhkəmə tərəfindən yalnız 9 şəxsin izahatı qətnamədə göstərilmişdir. Qətnamədə məhkəmə tərəfindən həmin izahatlara (sübutlara) tənqidi yanaşıldığı qeyd olunub. Məhkəmənin qətnamədə həmin şəxslərin izahatlarında qeyd etdiklərinin inandırıcı olmadığını bildirərək əsaslandırma aparması absurddur. Məhkəmə iddiaçı tərəfdən şahid qismində dəvət edilmiş X7 izahatında qeyd etdiyi “2021-ci il aprel ayının 8-də “Teams” platformasında online iclas təşkil etmişlər. İclasda təxminən 120-ə yaxın müəllim iştirak edirdi” ifadəsini təhrif edərək 100-ə yaxın şəxsin internet platformasında online iclas keçirdiyini və bunu mübahisələndirilməyən hal kimi qəbul etmişdir. Bundan başqa, məhkəmənin sübutlara düzgün qiymət verməyərək qanunsuz qətnamə qəbul etməsi ilə bağlı daha bir dəlil Məmmədova Afaqın izahatına qiymət verməməsi ilə bağlıdır. Belə ki, Afaq Məmmədova izahatında göstərmişdir ki, şikayət ərizəsini yazan və onun imzasından lazımsız şəkildə istifadə edən şəxsin cəzalandırılmasını xahiş edir. Lakin məhkəmə qətnamədə cavabdehin 11.06.2021-ci il tarixli protokoluna istinad edərək guya Afaq Məmmədovanın narazılığının olmadığını göstərmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş Afaq Məmmədovanın izahatında sonuncunun bu məsələ ilə bağlı narazı olduğu görünür. Məhkəmə əsassız olaraq işin mübahisələndirilən halının imzaların saxtalaşdırılıbsaxtalaşdırılmaması ilə bağlı olduğunu göstərmişdir. Lakin əmrə diqqət yetirsək görərik ki, əsas mübahisələndirilən hal kollecin bir qrup əməkdaşlarına yanlış informasiya verilibverilməməsi, müəllimlərin izahatları toplanaraq başqa məqsədlər üçün istifadə olunubolunmamasıdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(001)-6926/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Vitse- Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinə, Azərbaycan Respublikasının Təhsil X9 ünvanlanan ərizədən görünür ki, edilən müraciətin əsası kollec rəhbərliyindən olan narazıçılığın ifadəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin direktoru Nərmin Qaralova tərəfindən verilən 09.07.2021-ci il tarixli 130 №-li əmrdən görünür ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 03 iyun 2021-ci il tarixli, 11-01/235 saylı məktubuna uyğun olaraq ADMİU-nun nəzdində Humanitar Kollecdə aparılmış araşdırmaya əsasən kollecin bir qrup əməkdaşlarına yanlış informasiya verilərək, müəllimlərin izahatları toplanmış, imzalar saxtalaşdırılaraq, başqa məqsədlər üçün istifadə olunmuşdur. Bütün müəllim kollektivi adından prezidentə və digər vəzifəli şəxslərə müraciət məktubları ünvanlanmışdır. Bu qeyd olunanları və araşdırma komissiyasının rəyini nəzərə alaraq musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri İddiaçı Azərbaycan Republikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. Əmrin əsası olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 03 iyun 2021-ci il tarixli 1101/235 saylı məktubu, ADMİU-nun nəzdində Humanitar Kollecin 10 iyun 2021-ci il tarixli 114 saylı əmri ilə yaradılmış araşdırma komissiyasının 11 iyun 2021-ci il tarixli iclasının 05 saylı protokolu, əməkdaşların izahatları göstərilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru N.Qaralovaya yazılan 03 iyun 2021-ci il tarixli 11-01/235 saylı məktubunun surətindən görünür ki, ona məlumat verilmişdir ki, Bakı Humanitar Kollecin bir qrup əməkdaşı adından Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış müraciət Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən araşdırılmaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, müraciətdə imzası göstərilənlərin böyük əksəriyyətinin belə müraciətdən xəbəri olmamış, onların imzaları müxtəlif adlarla və bəhanələrlə alınıb elektron qaydada müraciətə əlavə edilmişdir. Eyni zamandan müraciətə imza atdığı göstərilən faktların həqiqətə uyğun olmadığını sadəcə Təhsil Nazirliyi tərəfindən aparılan yoxlama nəticəsində aşkar edilən nöqsanlara görə işdən çıxarma və ya cərimə ediləcəyi ehtimalını önləmək üçün bu hərəkətə yol verdiklərini bildirmişlər. Hər bir halda bütün bunlar kollektivdə ümumi psixoloji mühitin sağlam olmadığını, neqativ halların mövcudluğunu, pedaqoq adına uyğun olmayan əməllərə yol verildiyini göstərir. Azərbaycan Respublikasından daxil olan məktubu, əməkdaşlar adından yazılmış müraciəti və bununla əlaqədar toplanmış materialları dərindən araşdırmaq, saxtakarlığa yol vermiş şəxslər barəsində qanuna müvafiq qaydada tədbirlər görmək bu və digər neqativ halların baş verməməsi yönündən məsələni kollektivdə müzakirə etmək üçün göndərildiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova tərəfindən verilən 114 saylı, 10.06.2021-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin kollektivində ümumi psixoloji, sağlam mühitin yaradılması, neqativ halların və pedaqoq adına uyğun olmayan əməllərin qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərə alıb tədris işləri üzrə direktor müavini, sədr X4, tədris hissə müdirinin əvəzi X2, hüquqşünas X1, kadrlar üzrə mütəxəssis X8, Həmkarlar İttifaqı Komitəsinin sədri X5 iştirakı ilə komissiya yaradılması əmr edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə yaradılmış 10 iyun 2021-ci il tarixli 114 saylı əmrə əsasən araşdırma komissiyasının 07.07.2021-ci il tarixli rəyinin surətindən görünür ki, musiqi və bədii yaradıcılıq şöbəsinin müdiri İddiaçı töhmət, Musiqi Nəzəriyyəsi və Drijorluq fənn birləşməsinin sədri Könül Xankişiyevaya şiddətli töhmət verilməsi məqsədə uyğun hesab edilmiş, komissiya tərkibi rəyə etiraz etməmişdir. Komissiyanın rəyində qeyd edilir ki, şikayət ərizəsi ilə bağlı araşdırma aparılmışdır. Həmin araşdırma zamanı müəllimlərin əksəriyyətinin imzalarının tamam başqa məqsədlə alındığı, onların kollecin direktoru ilə bağlı yazılan məktubdan xəbərsiz olduqları müəyyən olunmuşdur. Belə ki, bir neçə müəllim öz şifahi və yazılı izahatlarında göstərmişlər ki, onlardan imzanı tələb edən Musiqi və Bədii yaradıcılıq şöbəsinin müdiri İddiaçı olmuşdur. Bundan başqa Musiqi Nəzəriyyəsi və Drijorluq fənn birləşməsinin sədri X3 öz izahatında bildirmişdir ki, həmin imzaların nə üçün toplandığından xəbəri var idi və topladığı imzalar şəxsən özü tərəfindən Musiqi və Bədii yaradıcılıq şöbəsinin müdiri İddiaçı göndərilmişdir. Nəzərə alaq ki, şikayət ərizəsində imzası olan müəllimlərin əksəriyyəti Musiqi və Bədii yaradıcılıq şöbəsində dərs tədris edənlərdir. Universitet tərəfindən ilkin araşdırma zamanı məlum olmuşdur ki, bu şikayət ərizəsinin formalaşma prosesinin əsası 08.04.2021-ci il tarixdə Musiqi və Bədii yaradıcılıq şöbəsinin müəllimi Xəqani Səməd tərəfindən kollecin 40 nəfər müəllimin tədris prosesini pozaraq Microsoft Teams platforması üzərindən icazəsiz onlayn toplantının təşkili zamanı qoyulmuşdur. Bu iclas barəsində Musiqi və Bədii yaradıcılıq şöbəsinin müdiri İddiaçı həmin müəllim haqqında rəhbərliyə heç bir məlumat verməmişdir. Özü də həmin toplantıda iştirak etmişdir. Əksinə Xəqani müəllimin hərəkətinə bəraət qazandırmağa, bu şöbəyə aidiyyatı olmayan sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri olan bacısı X6 ilə rəhbərliyin ünvanına müxtəlif təhdidlər (2021-ci ilin yanvar ayının 13-də imtahanlarda baş verən nöqsanlarla bağlı direktorun onlayn iclasda dedikləri müəyyən fikirləri konteksdən çıxararaq nümayiş etdirməklə bu videonu yaymaqla) edərək araşdırma işinə maneələr yaratmağa çalışmışdır. ADMİU-nun 03.06.2021-ci il tarixli məktubuna əsasən ADMİU-nin nəzdində Humanitar Kollecdə ümumi psixoloji mühitin sağlam olmadığını, neqativ halların mövudluğunu, pedaqoq adına uyğun olmayan əməllərə yol verildiyini göstərir. Bununla bağlı kollektivin müəyyən üzvlərinə şifahi xəbərdarlıq verilmişdir. İddiaçı da onunla bağlı yazılan izahatdakı ittihamlara aydınlıq gətirilməsi bildiriləndə, o etiraz edərək, yenidən özü və bacısı tərəfindən rəhbərliyin ünvanına təhdidlər etmiş, onun haqqında sosial şəbəkələrdə məlumatlar yayacaqlarını demişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh iddiaya etirazında mübahisələndirilən əmrin verilməsinin əsası kimi sənədlərin saxtalaşdırılması, saxta sənədlərdən istifadə edilməsi və bu barədə komissiya rəyinin olmasına istinad edir. İddiaçı isə online iclasda iştirak edən şəxslərin iclasın keçirilməsinin səbəbi barədə məlumatlarının olduğunu, müvafiq orqanlara müraciətin mətninin isə WhatsApp qrupda paylaşıldığını və şəxslərin öz imzalarının şəklini çəkərək qrupa atdıqlarını, beləliklə onun heç kimin imzasını saxtalaşdırmadığını bildirir. Mübahisələndirilən əmrin verilməsinə əsas prezidentə və digər şəxslərə şikayət ərizəsinin göndərilməsi deyil, kollecin bir qrup əməkdaşlarına prezidentə və digər vəzifəli şəxslərə müraciət məktublarının göndərilməsi səbəbi barədə yanlış məlumat verilməsi, eyni zamanda imzaların saxtalaşdırılması olmuşdur. Bununla bağlı işin müəyyən edilən hallarından göründüyü kimi, sözügedən müraciətə 63 imza əlavə edilmişdir və həmin şəxslərdən bəziləri şahid kimi ifadə verərək imzalarının saxtalaşdırılmadığını, məlum iclasın keçirilməsi səbəbinin hamıya bəlli olduğunu, hətta müraciətin mətninin Çat qrupunda paylaşıldığını göstərmişdir. Eyni zamanda iş materiallarında olan Kollecin 11.06.2021-ci il tarixli iclasının protokolundan görünür ki, iclasda iştirak edən Məmmədova Afaq imzasını şəxsən göndərdiyini, lakin Kollecin direktoru ilə bağlı şəxsi konfliktinin olmadığını, o cümlədən məktubun mətninin ona göndərilməsini Xankişiyeva Könüldən istədiyini bildirmişdi. Bir sözlə, həmin protokolda iddiaçı barədə hər hansı narazılıq olmamışdır. Məhkəmə Kollecin əməkdaşları olan İsmayılova İradə, İsgəndərova Gülnarə,Xazehəqq Ella, İbrahimova Nuranə, Məmmədova Afaq, İbrahimova Şəhla, Kərimova Samirə, Carıyeva Nazilə, Əminə İlham qızının cavabdeh tərəfindən alınmış izahatlarına tənqidi yanaşaraq, həmin şəxslərin göndərilən imzaların mahiyyətindən bixəbər olması və müraciətin mətnindən məlumatsız olmalarının inandırıcı olmadığı qənaətinə gəlmişdir. Bu zaman məhkəmə 100-ə yaxın şəxsin internet platformasında online iclas keçirməsini işin mübahisələndirilməyən halı kimi qəbul edərək, həmin şəxslərdən yalnız 9 nəfərin öz izahatlarında imzalarını nə üçün göndərdiklərindən xəbərsiz olmalarını bildirməsini, şahid qismində dindirilən şəxslərin isə ifadələrində müraciətin mətninin qrupda paylaşıldığını təsdiq etdiklərinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri vəzifəsində çalışmış, həmin kollecin bir qrup əməkdaşı tərəfindən müxtəlif dövlət orqanlarına kollecin rəhbərliyinin fəaliyyəti ilə bağlı şikayət xarakterli müraciət ünvanlamış, qeyd edilən müraciət araşdırılması üçün kollecə qaytarılmış, həmin müraciətin araşdırılması məqsədi ilə kollecin rəhbərliyi tərəfindən komissiya təşkil edilərək araşdırma aparılmış, komissiyanın rəyi əsasında bir neçə əməkdaş intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət verilmişdir. 09 iyul 2021-ci il tarixli həmin əmrin məzmunundan görünür ki, İddiaçı intizam məsuliyyətinə cəlb edilərək ona töhmət verilməsinin əsası kimi kollecin bir qrup əməkdaşlarına yanlış informasiya verilərək, müəllimlərin izahatlarının toplanmması, imzaların saxtalaşdırılaraq, başqa məqsədlər üçün istifadə olunması, bütün müəllim kollektivi adından prezidentə və digər vəzifəli şəxslərə müraciət məktublarının ünvanlanması göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 186.2-ci maddəsinin “a” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürənin ona töhmət vermək hüququ vardır. Həmin Məcəllənin 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakı kimi müəyyən edilmişdir: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 190-cı maddəsinin 3-cü hissəsində isə təsbit olunmuşdur ki, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası işin araşdırılan hallarını və əmək qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçıya töhmət verilməsi barədə əmrdə göstərilən hərəkətləri onun tərəfindən əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, əmrdə istinad edilən Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndində işçiyə töhmət verilməsinin əsasları kimi işçinin əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi, həmin Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozması müəyyən edilmişdir. Lakin iddiaçıya töhmət verilməsi barədə əmrdə yalnız işçinin törətdiyi hərəkət təsvir edilmiş, bu hərəkətin normada sadalanan əsaslardan hansına uyğun gəlməsi göstərilməmişdir. Başqa sözlə, iddiaçının etdiyi hərəkətlərlə əmək qanunvericiliyinin hansı tələblərini pozması, onun tərəfindən kollecin bir qrup müəlliminin də iştirak etdiyi «Microsoft Teams» proqramı üzərindən təşkil edilmiş online iclasda iştirak etməsi, həmin iclasdan sonra müxtəlif dövlət orqanlarına ünvanlanmış müraciətləri imzalaması və onların imzalanaraq göndərilməsini təşkil etməsinin əmək qanunvericiliyin hansı tələblərini pozması müəyyən edilməmişdir. Bundan başqa, əmrdə araşdırma komissiyasının rəyinə istinad edilmişdir. Həmin rəyin məzmunundan görünür ki, İddiaçı həmin kollecin digər müəllimi tərəfindən təşkil edilmiş online iclasda iştirak etməsi, bu iclas barədə rəhbərliyə heç bir məlumat verməməsi, iclası təşkil etmiş müəllimin hərəkətlərinə haqq qazandırması, rəhbərliyin ünvanına təhdidlər etməsi (iclasdan çəkilmiş videogörüntünü yayması), araşdırma işinə maneələr yaratmağa çalışması, onunla bağlı yazılan izahatlardakı ittihamlara aydınlıq gətirməkdən imtina etməsi onun tərəfindən yol verilmiş pozuntular kimi göstərilmiş və bütün bunlar nəzərə alınaraq ona töhmət verilməsi məqsədə uyğun hesab edilmişdir. Məhkəmə kollegiyasıı hesab edir ki, araşdırma komissiyasının bu rəyində qeyd edilənlər İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, həmin rəydə əmək kollektivinin bir qrup üzvünün iştirak etdiyi online toplantı qanunsuz keçirilmiş iclas kimi qiymətləndirilmiş, lakin həmin iclasın hansı səbəbdən qanunsuz hesab edilməsi əsaslandırılmamışdır. Belə ki, vətəndaşların öz sərbəst toplaşması və öz fikirlərini sərbəst ifadə etməsi hüququn təməl prinsipləri kimi həm milli qanunvericilkdə, həm də Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq sənədlərdə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasında öz əksini tapmışdır. İddiaçı kollecin rəhbərliyini təhdid etməsi, digər müəllim yoldaşının hərəkətlərin müdafiə etməsi kimi hallar da, yuxarıda göstərilən əsasla əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı əmək kollektivinin üzvlərinin imzalarından istifadə edərək dövlət orqanlarına ünvanlanmış müraciətləri imzalamasına gəldikdə isə kollegiya qeyd edir ki, bu halla bağlı birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmış və qeyd edilən online iclasda iştirak etmiş şəxslərin həmin müraciətin məzmunundan xəbərdar olmaları və onu könüllü şəkildə imzalamaları müəyyən edilmişdir. Həmin iclasda iştirak etmiş bir qrup kollektiv üzvünün sonradan həmin müraciətin mətnindən xəbərsiz olduqlarını bildirməsini isə məhkəmə kolegiyası işin araşdırması ilə müəyyən edilmiş həqiqi hallarına uyğun hesab etmir və bu qənaətə gəlir ki, həmin şəxslərin imzalarından imtina etməsi onların həmin müraciətlə bağlı sonradan fikirlərinin dəyişməsi ilə əlaqədar olmuşdur. Göstərilənlərə əsasən, İddiaçı əmək kollektivinin üzvlərinin imzalarından onların iradəsinə zidd olaraq istifadə edib dövlət orqanlarına edilmiş müraciəti imzalaması ilə bağlı cavabdehin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Beləliklə, müəyyən edilir ki, İddiaçı tərəfindən ona töhmət verilməsi barədə əmrdə göstərilmiş əmək intizamını pozması halları öz təsdiqini tapmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri həmin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayət qədər əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(001)-6926/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar