Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11145/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(006)-6480/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək haqqı kartlarından oğurlanmış 2110 manat pulun geri qaytarılması, "Birkart" kredit kartından oğurlanmış 7940 pul vəsaitinin kredit borcu kimi qiymətləndirilib həmin vəsaitlərin və ona hesablanmış faizlərin onun əmək haqqı hesablarından tutulması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və kredit borcu olaraq əmək haqqı kartlarından tutulmuş bütün vəsaitlərin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi Vəkil iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək “Birkart” kredit kartından naməlum şəxslər tərəfindən 11-12 iyun 2021-ci il tarixlərdə oğurlanmış və cavabdehin iddiaçıya kredit borcu olaraq hesabladığı 7940 manat pul vəsaitinə görə İddiaçı əmək haqqı hesablarından tutulmaların aparılmasının Cavabdeh ASC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(006)- 6480/2021 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının bütün aylıq qazancının tutulması nəticəsində onun hazırkı vəziyyətində (hamiləliyi) səhhətinə və yaşayış səviyyəsinə ciddi zərər vurula bilər. İddia gələcəkdə təmin olunarsa, bundan sonra cavabdehin iddiaçının aylıq qazancının bütün hissəsinin tutulması ilə iddiaçıya vurduğu maddi və mənəvi ziyanın əvəzini ödəməsi əhəmiyyətsiz ola bilər. Çünki qeyd olunduğu kimi iddiaçı 29-30 həftəlik hamilə olduğundan onun baş vermiş oğurluq hadisəsi ilə bağlı keçirdiyi mənəvi iztirabı cavabdehin onun yeganə qazancının bütün hissəsinin tutulması barədə hərəkətləri ilə daha da böyüyür ki, bu da iddiaçının səhhətinə mənfi təsir göstərir. Əgər iddiaçının həyat səviyyəsinin kəskin pisləşməsi nəticəsində onun səhhətinə hər hansı zərər dəyərsə bunu heç bir maddi resursla əvəzləmək mümkün olmayacaqdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(006)- 6480/2021 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(006)-6480/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tətbiq olunması xahiş olunan iddianı təmin tədbiri həmin tədbirin məqsədləri ilə uzlaşmır. 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublkası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, iddianı təmin tədbiri termini müvəqqəti təminat tədbiri termini ilə əvəz edilmiş, tədbirin məqsədi mahiyyətcə dəyişməsə də, qanunvericiliyə olan dəyişikliklərdən sonra müvəqqəti təminat tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədindən başqa, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə də tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası MPM-in : 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.1.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinin təmin olunacağı təqdirdə tətbiq olunması xahiş olunan iddianı təmin tədbirinin tətbiq olunmaması nəticəsində cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşə biləcəyinə hər hansı ehtimal yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə düzgün olaraq iddianı təmin etmə tədbiri barədə ərizənin rədd edilməsinə dair qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-158, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(006)- 6480/2021 saylı qərardadından İddiaçı şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11145/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11145/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver