Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1115/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə, İddiaçı cаvаbdеhlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Əqiq X7, Əqiq X9, Cavabdeh12 və Cavabdeh13 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli, 2(009)-2600/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеhlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Əqiq X7, Əqiq X9, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 29 və 30 saylı mənzillərindən çıxarılması, sözügedən mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 29 və 30 saylı mənzilləri Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 03.07.2020-ci il tarixli, ********** nömrəli və 03.07.2020-ci il tarixli, ********** nömrəli çıxarışlara əsasən mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda o, həmin mənzilin xüsusi mülkiyyətçisidir. Cavabdehlər göstərilən mənzillərdə qanunsuz məskunlaşmaqla yaşayırlar. Hazırda cavabdehlərin yaşadığı mənzillər çıxarışla onun mülkiyyətindədir. Cavabdehlərin bu mənzillərdə yaşaması üçün heç bir hüquqi şəxs, o cümlədən mülkiyyətçi və cavabdehlər arasında notarial qaydada təsdiq edilmiş müqavilə yoxdur. Dəfələrlə cavabdehlərə mənzili boşaltmaları barədə xəbərdarlıqlar etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlər hal-hazırki vaxtadək həmin mənzildən çıxmamışlar. Hazırda cavabdehlərin ona məxsus mənzildə qalması və mənzili ona təhvil verməməsi mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli, 2(009)-2600/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Əqiq X5, Əqiq X8, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 29 və 30 saylı mənzillərindən çıxarılmaları və həmin mənzillərin boşaldılaraq İddiaçı təhvil verilməsi qət olunmuşdur. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia ərizəsində cavabdehlərin mənzildə qanunsuz məskunlaşmaqla yaşadıqlarını iddia edir və cavabdehlərin bu mənzillərdə yaşaması üçün heç bir hüquqi sənədin, o cümlədən mülkiyyətçi və cavabdehlər arasında notarial qaydada təsdiq edilmiş müqavilənin olmamasını əsas gətirir. Cavabdehlər iddiaçıdan daha əvvəl mənzildə məskunlaşdıqları üçün onların arasında hər hansı bir müqavilənin olmaması qanunauyğun hesab edilməlidir. Qeyd edilməlidir ki, cavabdehlərin mübahisə predmeti olan mənzildə məskunlaşmaları “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə tənzimlənmişdir. Lakin məhkəm qətnaməsində bu məsələ öz əksini tapmamışdır. İddiaçı tərəfindən məhkəməyə bildirilimişdir ki, dəfələrlə cavabdehlərə mənzili boşaltmaları barədə xəbərdarlıqlar etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlər iddiaçı tərəfindən onlara indiyə qədər nə yazılı, nə də şifahi belə bir xəbərdarlıq edilmədiyi bildirilir. Qətnamədə göstərilir ki, cavabdehlərin məskunlaşdığı ev order əsasında iddiaçının bibisinin yoldaşına verilmiş, sonradan ev özəlləşdirilmiş və hazırda İddiaçı mülkiyyətindədir. Burada sual yaranır ki, mübahisə predmeti olan mənzilin iddiaçının bibisinin həyat yoldaşı Fariz Məmmədova ayrılmasının hansı hüquqi əsasları ola bilər? Nəzərə alınsa ki, Fariz Məmmədov Azərbaycan Respublikasının ərazisində yaşamır, cavabdehlərin mənzildə yaşadığı illər ərzində Rusiya Federasiyasında yaşamışdır və boş mənzilə daxil olaraq orada məskunlaşmış şəxslərə qarşı onun mənzil mülkiyyətçisi kimi indiyə qədər heç bir iddia və tələbi olmamışdır, onda onun cavabdehlərə mənzilin boşaldılması ilə bağlı xəbərdarlıq etməsi ilə bağlı iddiaçının dedikləri həqiqətə uyğun deyil. Mənzilin cavabdehlərdən əvvəlki sakinləri ilə Fariz Məmmədov arasındakı razılaşmanın heç bir hüquqi əsası yoxdur, çünki onlar 1988-1989-cu illər arasında Bakı şəhərini tərk edən bir çox erməni və rus ailələri kimi mənzili kiməsə satmaq və ya bağışlamaq hüquqları yoxdur. Xüsusilə də ki, mənzildə öz ev-eşiyindən didərgin düşmüş məcburi köçkünlər yaşadığı və adı çəkilən Fariz Məmmədovun da Azərbaycanda yaşamadığı bir halda bu alqısatqı və ya bağışlama prosesi necə qanuniləşdirilə bilərdi?! Qəbul edimiş qətnamə ulu öndər Heydər Əliyevin 17 sentyabr 1998-ci il tarixli, 895 saylı “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2.3-cü bəndinə (Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşadıqları ictimai binaların və mənzillərin özəlləşdirilməsinin müvəqqəti dayandırılması məsələsinə baxılması) ziddir. Qəbul edilmiş qətnamə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 01 iyul tarixli 298 saylı Sərəncamının 2-ci bəndinə (məcburi köçkünlərin 1998-ci ilə qədər məskunlaşdıqları evlərdən köçürülməsinin dayandırılması) ziddir. Məhkəmə prosesində cavabdehlərin vətəndaşlıq hüquqları pozulmuş, işlə bağlı lazımi təhqiqatlar aparılmadan, başlıcası isə İddiaçı 28 il ərzində on bir nəfər məcburi köçkünün yaşadığı və qanuni qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilə hansı yolla mülkiyyətçilik hüququ əldə etdiyi araşdırılmadan Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən iddiaçının xeyrinə qərar qəbul edilmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə hesab edilir ki, materiallar tam şəkildə araşdırılmayıb, əgər araşdırılsaydı məlum olardı ki, iddia ərizəsində və qətnamədə cavabdeh qismində adları çəkilən Cavabdeh12, Cavabdeh14 və Cavabdeh13 mübahisə predmeti olan mənzildə yaşamırlar və onların məhkəmə prosesinə heç bir aidiyyatı yoxdur. Cavabdehlərin yaşayış sahəsindən çıxarılma hissəsində iddianın əsassızlığı bağlı qeyd etmək istəyirlər ki, apellyatorların mənzildən çıxarılmasına dair iddiaçının əsas gətirdiyi çıxarış qanuna zidd olaraq əldə edilmişdir. Çünki apellyatorlar mənzildə qanuni əsaslarla yaşayırlar. Apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi şikayəti qəbul etməyərək onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək izahatlarında bildirdilər ki, onlar qardaş-bacıdırlar. 1993-cü ilin oktyabr ayının 27-də Zəngilan işğal olunduqdan bir və iki gün sonra İran vasitəsi ilə Azərbaycana keçib Bakıya gəlmişlər və Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 29 və 30 saylı mənzilləri boş olduğu üçün həmin mənzillərdə məskunlaşaraq bu günədək orada yaşayırlar. Onlar məcburi köçkün kimi həmin ünvanda qeydiyyata alınmışlar. Hesab edirlər ki, məcburi köçkün kimi məskunlaşdıqları və icra hakimiyyətində həmin ünvan üzrə qeydiyyata alındıqları mənzil qanunsuz olaraq digər şəxsə verilmişdir. Onlar boş mənzilə köçüb yaşamışlar. Onlar Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət edərək mənzillə təmin olunmasını xahiş etmişlər, onların bu müraciətləri hazırki vaxtadək cavabsız qalmışdır. Yaşadıqları mənzildən başqa digər yaşayış yerləri yoxdur. Ona görə də qaldırılan iddianı əsassız hesab edirlər və məhkəmədən onun rədd edilməsini xahiş edirlər. Bakı Apellyasiya Məhkəməsinin 22.02.2022-ci il tarixli, 2(103)-1115/22 saylı qərardadı ilə hazırkı mülki işin icraatına Cavabdeh14 aid hissədə onun ölümü ilə bağlı xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər və apellyasiya icraatında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə digər cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyb, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı təmin edilmiş hissəsində qanuniliyinin və əsaslığının yoxlanması təşkil edir. Digər cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verməmişlər. Birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.07.2020-ci il tarixli çıxarışların kserosurətlərinə əsasən Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 29 və 30 saylı mənzillləri mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən X4 Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 29 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 30 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 29 və 30 saylı mənzillər iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə cavabdehlər Zəngilan rayonundan məcburi köçkündülər və mübahisəli mənzillərdə müvəqqəti məskunlaşaraq məcburi köçkün kimi orada yaşayırlar. İddiaçı cavabdehlərdən mülkiyyətində olan mənzili boşaltmağı və ona təhvil verilməsini tələb etsə də, onlar bundan imtina etmişlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər mübahisəli mənzildə məcburi köçkün kimi qeydiyyatda olmaqla yaşasalar da, onların həmin mənzildə mülkiyyətçinin iradəsinə zidd yaşaması iddiaçının mülkiyyət hüquqlarına müdaxilə və mülkiyyətə qəsd kimi qiymətləndirilir. Bu səbəbdən iddiaçı cavabdehlərin məcburi qaydada mülkiyyətində olan mənzillərdən çıxarılmasını tələb etməkdə tam haqlıdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına müvafiq qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. “Akimovanın Azərbaycana qarşı” işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlərin heç bir qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan mənzillərdə yaşamaları, iddiaçını mülkiyyətində olan mənzillərdən sərbəst istifadə edə bilməməsi və bununla da mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Cavabdehlərin ailə üzvləri ilə birlikdə mübahisəli mənzillərdə yaşamaları iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qorunan hüquqlarını pozduğundan və daşınmaz əmlakın mülkiyyətçisi kimi onun mülkiyyət hüququnun həyata keçirilməsi məhdudlaşdırdığından, cavabdehlər həmin mənzillərdən çıxarılmalıdırlar. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Apelyatorların iddiaçının hansı yolla mübahisəli mənzillərə mülkiyyət hüququ əldə etməsinin birinci instansiya məhkəməsində araşdırılmaması barədə dəlili əsaslı sayıla bilməz. Belə ki, hazırkı iddia tələbinin predmeti iddiaçının mülkiyyətində olan mənzillərdən cavabdehlərin çıxarılması və mənzillərin iddiaçıya təhvil verilməsi təşkil edir. İddiaçının mübahisəli mənzillərə mülkiyyət hüququnu əldə etməsi mübahisələndirilməmiş və məhkəmə baxışının predmeti olmamışdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə kollegiyası apelyatorların iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh12 və Cavabdeh13 mübahisə predmeti olan mənzillərdə yaşamadıqları və onların məhkəmə prosesinə heç bir aidiyyətləri olmamaları barədə dəlili ilə bağlı qeyd edir ki, həmin cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər və apelyatorların qeyd edilən cavabdehləri məhkəmədə təmsil etmək səlahiyyətləri yoxdur. İddiaçı mübahisəli mənzillərin mülkiyyətçisidir və cavabdehlər həmin mənzillərdə yaşamaları üçün hər hansı bir hüquqi əsasın olmasını təsdiq edən sübutlar təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli, 2(009)-2600/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1115/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1115/2022
22.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver