Məhkəmə qərarları › İş №2(103)-11156/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11156/2021

24.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11156/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili Eymur Şahverdinin iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Sabir qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən mülkiyyət və istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 hüquq varisi Elçin Cavanşirov, Zabit Xəlilov, Cavabdeh4 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, kompensasiya ödənilməklə mənzil üzərində mülkiyyət və istifadə hüquqlarına xitam verilsin. Kompensasiya kimi əlavə sahəsi olan yeni və təmirli mənzil, habelə yeni mənzil hazır olanadək kirayə xərcinin və mənzildən köçmə xərcinin ödənilməsi təklif olunub. Səbail Rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunub və göstərilənlər qət olunub: 1) Cavabdeh1 məxsus olan, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev № 44-də yerləşən, sahəsi 21.4 kv.m olan 13 №li mənzilə münasibətdə mülkiyyət və istifadə hüquqlarına xitam verilsin. Buna görə iddiaçı tərəfindən cavabdehə kompensasiya kimi göstərilənlər verilsin: a) mənzildən köçmə üçün birdəfəlik 500 manat; b) yeni tikiləcək yaşayış binası hazır olanadək kirayə xərcinin ödənilməsi üçün aylıq 350 manat; c) sahəsi 27,82 kv.m (köhnə mənzilin sahəsinə əlavə 30 faiz) olan yeni və təmirli mənzil; 2) Cavabdeh2 məxsus olan, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev № 44-də yerləşən, sahəsi 49,5 kv.m olan 14 №li mənzilə münasibətdə mülkiyyət və istifadə hüquqlarna xitam verilsin. Buna görə iddiaçı tərəfindən cavabdehə kompensasiya kimi göstərilənlər verilsin: a) mənzildən köçmə üçün birdəfəlik 500 manat; b) yeni tikiləcək yaşayış binası hazır olanadək kirayə xərcinin ödənilməsi üçün aylıq 450 manat; c) sahəsi 64,35 kv.m (köhnə mənzilin sahəsinə əlavə 30 faiz) olan yeni və təmirli mənzil; 3) Cavabdeh3 məxsus olan, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev № 44-də yerləşən, sahəsi 23,5 kv.m olan 20 №li mənzilə münasibətdə mülkiyyət və istifadə hüquqlarına xitam verilsin. Buna görə iddiaçı tərəfindən cavabdehin hüquq varisi Elçin Cavanşirova kompensasiya kimi göstərilənlər verilsin: a) mənzildən köçmə üçün birdəfəlik 500 manat; b) yeni tikiləcək yaşayış binası hazır olanadək kirayə xərcinin ödənilməsi üçün aylıq 350 manat; c) sahəsi 30,55 kv.m (köhnə mənzilin sahəsinə əlavə 30 faiz) olan yeni və təmirli mənzil; 4) Cavabdeh Səbahət Sultanovaya məxsus olan, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev № 44-də yerləşən, sahəsi 28,75 kv.m olan 21/18 №li mənzilə münasibətdə mülkiyyət və istifadə hüquqlarına xitam verilsin. Buna görə cavabdeh tərəfindən iddiaçıya kompensasiya kimi göstərilənlər verilsin: a) mənzildən köçmə üçün birdəfəlik 500 manat; b) yeni tikiləcək yaşayış binası hazır olanadək kirayə xərcinin ödənilməsi üçün aylıq 350 manat; c) sahəsi 37,37 kv.m (köhnə mənzilin sahəsinə əlavə 30 faiz) olan yeni və təmirli mənzil. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Eymur Şahverdi apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Həmin mənzillər cavabdehlərin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırkı işə bundan əvvəl iki dəfə apellyasiya qaydasında baxılıb. Hər dəfə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib. Buna əsas kimi mülkiyyətin toxunulmazlığını təmin edən normalara istinad edilib. Lakin hər dəfə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılıb. Hazırkı apellyasiya baxışı üçüncü baxışdır. Kassasiya instansiyası məhkəməsinin hər iki qərarında əks olunmuş mövqe nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edib ki, cavabdehlərin mülkiyyətində olan mənzillər istismara yararsız və qəzalı vəziyyətdədir, həmçinin həmin mənzillər orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyidir. AR Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 №-li qərarına görə Səbail Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş yaşayış binalarının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Səbail rayon İcra Hakimiyyəti ilə iddiaçının arasında bağlanılmış 14.03.2018-ci il tarixli, 03 saylı icarə müqaviləsindən görünür ki, Səbail rayonu İcra Hakimiyyətinin 29.12.2016-cı il tarixli, 177 saylı sərəncamı ilə Qurban Abbasov küçəsi 42, 44; Xanlar küçəsini əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Müqaviləyə əsasən iddiaçı tərəfindən ünvan 1 ünvanlarda yaşayış binalarının tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Yuxarıda göstərilən işlərin həyata keçirilməsini iddiaçı öz üzərinə götürdüyündən, o, hazırki tələbi məhkəmədə irəli sürmək hüququna malikdir. İddiaçı cavabdehlərə müvafiq kompensasiya təklif edir. Ona görə də məhkəmə Mülki Məcəllənin 6.3-cü maddəsinin göstərişinə və kassasiya instansiyası məhkəməsinin qərarında ifadə olunmuş mövqeyə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəmənin gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbdən qismən - kompensasiya verilməsinə aid hissədə imtina edilməsi barədə ərizə versə də, imtina qanuna uyğun deyil. Belə ki, kompensasiya verilməsi müstəqil tələb deyil, mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi barədə tələbin əsasıdır. Ona görə də imtina qəbul olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar