Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1116/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-148/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə MMC-nin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 16-cı km ünvanında yerləşən 7057,5 kv.m torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-148/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehin əşyaları ilə birlikdə İddiaçı MMCnin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 16-cı kilometr ünvanında yerləşən 7057,5 kv.m torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-334/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4140/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqi münasibətlərindən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Hazırki iş üzrə iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə vergi ödəyicisi olan fiziki şəxs, yəni hər iki tərəf sahibkarlıq subyektidir. İddia tələbi əşya hüquq münasibətlərindən irəli gəlir. İddiaçının cavabehin qanunsuz sahibliyindən geri tələb etdiyi daşınmaz əşya sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsidir. Həmin ərazidə cavabdehə məxsus əmlak kompleksi yerləşir. Sadalanan hallar isə hazırki mübahisənin hər iki tərəfin ayrılıqda həyata keçirildiyi sahibkarlıq fəaliyyətindən irəli gəldiyi barədə birmənalı qənaətə gəlmək üçün yetərlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi kommersiya mübahisəsi olan işi icraatına qəbul edərək, mahiyyəti üzrə baxmışdır. Bu səbəbdən kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən ilk növbədə mübahisənin məhkəmə aidiyyəti ilə bağlı məsələyə aydınlıq gətirilməli və bunun nəticəsinə uyğun olaraq prosessual qanunvericiliyin tələblərinə uyğun yeni məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4140/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan şossesi, 15 km. 1 ünvanında yerləşən əmlak kompleksinin mülkiyyətçisi X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin məzmunu və kassasiya instansiyası məhkəməsinin qeyd edilən qərarında müəyyən edilmiş göstərişlər nəzərə alınmaqla mübahisənin həll edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4140/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 148/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarın: 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər; 25-ci bəndinə əsasən kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında yerləşən 0,4146 ha torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 621 saylı müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 7057,5 kv.m torpaq sahəsi İddiaçı MMC-yə icarəyə verilmişdir. İddiaçı MMC icarə hüququ ilə onun istifadəsinə verilmiş qeyd edilən sahənin Cavabdeh tərəfindən zəbt edildiyini iddia edir. Həmin sahənin qonşuluğunda, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan şossesi, 15-ci km. 1 ünvanında 0,2713 ha torpaq sahəsi üzərində yerləşən 2.418,1 kv.m. ölçüdə əmlak kompleksi əvvəllər Cavabdeh mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixdə həmin əmlaka dair X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş üzrə iddiaçı kommersiya hüququ şəxsi, cavabdeh və üçüncü şəxs isə vergi ödəyicisi olan fiziki şəxslərdir, yəni hər üç tərəf sahibkarlıq subyektidir. İddia tələbi əşya hüquq münasibətlərindən irəli gəlir. İddiaçının cavabdehin qanunsuz sahibliyindən geri tələb etdiyi daşınmaz əşya sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsidir. Həmin ərazidə əvvəllər cavabdehin mülkiyyətində olmuş hazırda üçüncü şəxsə məxsus əmlak kompleksi yerləşir. Başqa sözlə, hazırkı mübahisə tərəflərin ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlir. Bununla belə, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri mübahisəyə məhkəmə aidiyyəti baxımından ümumi, o cümlədən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsi zamanı mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini yoxlamamış, nəticə etibarı ilə bu qaydalara riayət etməməklə ərizəni icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-148/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Eyni zamanda, araşdırılması tələb edildiyindən hazırki mərhələdə Cavabdeh mübahisəli sahəyə hər hansı aidiyyətinin olmasının müəyyən edilməsi mümkün deyil. Bu səbəbdən birinci instansiya məhkəməsində üçüncü şəxs X5 onun prosessual hüquq varisi kimi işə cəlb olunması barədə məsələ də həll olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 24-cü, 26-cı, 31-ci, 263- 264-cü, 384-cü, 387-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-148/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1116/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1116/2024
08.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver