Məhkəmə qərarları › İş №2(103)-11164/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11164/2021

16.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11164/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil Məmməd qızının, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, evdən çıxarılma və evin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanda yerləşən ev, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli 19.04.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh1 İddiaçı əmisinin arvadı, Cavabdeh2 onun əmisi oğludur (Cavabdeh1 oğludur). İddiaçının mülkiyyətində olan ev əvvəllər onun babasına məxsus olmuş, babası evi iddiaçının atası Mikayıl Məqsəliyevə vəsiyyət etmiş, mülkiyyətçi öləndən sonra Cavabdeh1 əri Musa Məqsəliyev mirasdan imtina etmişdir. X5 1983-cü ildən, oğlu X7 1987-ci ildən həmin evdə qeydiyyatdadırlar və orada yaşayırlar.

3. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ailələri ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdən istifadə hüquqlarına 10 000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi, onların evdən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən mülk 01 avqust 1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mərhum atası X1 mülkiyyətində olmuş, atası 22 sentyabr 2017-ci il tarixdə vəfat etdikdən sonra ev onun mülkiyyətinə keçmişdir. Ev xüsusi mülkiyyətində olmasına baxmayaraq, X3 və oğlu Cavabdeh2 ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlərin Bakı şəhərinin ərazisində mülkiyyətlərində evlərinin olmasına baxmayaraq onun mülkiyyətində olan evdə yaşamağı davam etdirirlər ki, bu da aralarında mübahisələrə və xoşagəlməz söz-söhbətə səbəb olur. Dəfələrlə mübahisələri müxtəlif məhkəmə instansiyalarında araşdırılmış və qərarlar qəbul olunmuşdur. Bütün bunlara baxmayaraq cavabdehlər onun xüsusi mülkiyyətində olan evdən çıxmaq istəmirlər, əksinə, evin həyətində və zəbt etdikləri otaqlarda tikinti işləri aparırlar. Bu barədə dəfələrlə Bakı şəhəri Xəzər rayon Prokurorluğuna, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət edərək məlumat vermiş, ancaq müraciətləri müsbət həll olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərə yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən 10 000 manat kompensasiya, onlara davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir. İddiaçı məhkəməyə sübut qismində həmin ərazidə kirayə haqqının 150 manat təşkil etdiyinə dair sübut təqdim etsə də, məhkəmə həmin sübutu mötəbər hesab etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu arayışda ünvan 5 ünvanı və yaxın ərazidə faktiki 0,1 ha. torpaq sahəsi üzərində yerləşən zəif təmirli, 2 otaqlı, ümumi sahəsi təxminən 30,0 m2 təşkil edən fərdi yaşayış evinin orta aylıq kirayə haqqının 150 manat təşkil etdiyi qeyd edilmişdir.

7. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etmişdir.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlərin 30 ildən artıq müddətdə mübahisəli evdə yaşadıqları, onlar tərəfindən bu müddət ərzində həmin evdə ayrı bir otaq və mətbəx tikildiyi, evin və həyətyanı sahənin təmiri üçün müəyyən xərclər çəkilməsi, bundan başqa Cavabdeh2 ailəli və bir uşağının olması faktı, habelə mübahisəli fərdi yaşayış evindən köçürüləcəyi təqdirdə Cavabdeh1 digər Cavabdeh2 ailə üzvləri ilə birlikdə təklif olan məbləğ müqabilində əvvəlki mənzildə ona xas olmuş şəraitə uyğun yaşamalarının mümkünsüz olacağı nəzərə alındığında, iddiaçının təklif etdiyi məbləğdə kompensasiya ağlabatan və ədalətli deyildir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

11. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, “...Tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ olan şəxsə mülkiyyətçi tərəfindən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir və işə baxmış məhkəmə mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsini tətbiq etmişdir. Həmin maddədə deyilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu normanın məhkəmələr tərəfindən tətbiqi təcrübəsini formalaşdıran bir neçə qərarı mövcuddur. Həmin qərarlardan biri olan “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Eyni zamanda bir cəhəti nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün bir mənalı olaraq yol açır. Göründüyü kimi, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Yəni sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs həmin hüququ itirir və qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir. İşə baxmış məhkəmələr iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini yetərli saymamışlar. Lakin verilməli olan kompensasiyanın hansı məbləğdə olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Kompensasiya məbləğinin yetərli olmadığına görə iddianı rədd edən, lakin yetərli kompensasiya məbləğini müəyyən etməyən məhkəmə qətnaməsi, həm əsaslılıq, həm də hüquqi müəyyənlik tələbinə cavab vermir. Çünki iddiaçı, tələbinin nəyə görə rədd olunmasının səbəbini, yəni ödəməli olduğu kompensasiyanın məbləğini qətnamədən müəyyən edə bilmirsə, mücərrəd hüquqi vəziyyətlə qarşılaşmış olur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi cavabdehlərə ödənilməli olan kompensasiya məbləğini müəyyən etməmişdir. Bu halda işə baxan apellyasiya instansiyası məhkəməsi həmin məbləği özü müəyyən etməli idi. Çünki Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda hesab etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. İşə baxmış apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, məhkəmə kollegiyası iddiaçının nümayəndəsinə kompensasiya məbləğinin artırılmasını təklif etmiş, iddiaçının nümayəndəsi kompensasiya məbləğinin maksimum 15 000 manat ola biləcəyini bildirmişdir. Cavabdehlər 15 000 manat kompensasiya məbləği ilə razı olmadıqlarını, son olaraq 60 000 manat məbləğində kompensasiyaya razı olduqlarını bildirmişlər. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi də ödənilməli olan kompensasiya məbləğini müəyyən etməmişdir”.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

12. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil Məmməd qızı kompensasiya məbləğini bir-neçə dəfə artıraraq son nəticədə cavabdehlərə 25 000 manat təklif etdiklərini, evin qiymətinin maksimum 92 000 manat, həmin evə bənzər evlərin aylıq icarə haqqının 350-400 manat olduğunu bildirmiş, sonuncu iclasda iştirak edən nümayəndə isə kollegiyanın 30 000 manat kompensasiya təklifi ilə razılaşdıqlarını yazılı ərizə verməklə bəyan etmişdir.

13. Təkrar apellyasiya baxışı zamanı cavabdehlər yalnız 70 000 manat məbləğində kompensasiyaya razı olacaqlarını bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdehlər əvvəlki apellyasiya baxışı zamanı təqdim etdikləri, evin aylıq kirayə haqqının 350 manat təşkil etməsi barədə arayışın aktuallığını itirdiyini bildirməklə yeni arayışlar təqdim etmiş, kirayə qiymətlərinin qış aylarında 500-550 manat, yay aylarında 1500-1700 manat, evin qiymətinin təxminən 150 000 manat olduğunu irəli sürmüşlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

28. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

29. Yuxarıda qeyd olunduğu kimi, 19.04.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən ev əvvəllər onun babasına məxsus olmuş, babası evi iddiaçının atası Mikayıl Məqsəliyevə vəsiyyət etmiş, mülkiyyətçi öləndən sonra Cavabdeh1 əri Musa Məqsəliyev mirasdan imtina etmişdir. İddiaçı əmisinin arvadı olan Cavabdeh1 1983-cü ildən, onun oğlu (iddiaçının əmisi oğlu) Cavabdeh2 isə 1987-ci ildən həmin evdə qeydiyyatda olmaqla orada yaşayırlar. Hazırda həmin evdə Cavabdeh2 həyat yoldaşı və azyaşlı uşağı da yaşamaqdadır.

30. İş materiallarından aydın olur ki, Cavabdeh1 və Cavabdeh2 X2 qarşı “vəsiyyətnamənin ləğv edilməsi və payın ayrılması” tələbləri Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 mart 2012-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 29.08.2012-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının aktı isə Ali Məhkəməsinin 26.01.2013-cü il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

31. İş materiallarından həmçinin aydın olur ki, tərəflər arasında gərgin vəziyət mövcuddur və onlar sahə inspektoru tərəfindən münaqişəli ailə kimi qeydiyyata götürülmüşlər.

32. Cavabdehlərin ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarının olduğu işin mübahisəsiz halıdır və bu səbəblə də iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olubolmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən iddiaçı, cavabdehlərə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur.

33. Beləliklə, cavabdehlərə qarşı yönələn iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

34. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı kollegiya, "xxxx" MMC tərəfindən verilmiş hesabatı mötəbər və ağlabatan sübut kimi qiymətləndirir. Belə ki, bu qiymətləndirmə daşınmaz əmlak bazarında kifayət qədər nüfuzu olan və müvafiq sertifikata sahib şirkət tərəfindən həyata keçirilmiş, daşınmaz əmlaka baxış keçirilməklə, fotoşəkilləri çəkilməklə, analoji əmlakların bazar dəyəri təhlil olunmaqla, əmlakın dəyərinə təsir edən amillər nəzərə alınmaqla, bənzər əmlakların müqayisəli təhlili aparılmaqla hesabat hazırlanmışdır. Həmin hesabata görə, mübahisəsi gedən evin 08.12.2021-ci il tarixinə bazar dəyəri 92 000 manat, həmin ərazidə yerləşən və texniki xüsusiyyətləri həmin evə uyğun olan fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı isə 350-400 manat təşkil edir.

35. Cavabdehlərin təkrar apellyasiya baxışı zamanı təqdim etdikləri, evin aylıq kirayə haqqının qış aylarında 500-550 manat, yay aylarında 1500-1700 manat olması barədə arayışları isə kollegiya mötəbər və inandırıcı hesab etmir. Belə ki, birincisi, həmin arayışlar müvafiq təcrübəyə və qiymətləndirici ixtisasına sahib olub-olmadıqları məlum olmayan şəxslər tərəfindən tərtib olunmuşdur; ikincisi isə, evin fotoşəkillərdə əks olunan vəziyyəti, habelə həmin arayışlardan birini tərtib edən X6 daha əvvəl – 27.10.2020-ci il tarixdə - tərtib etdiyi və bilavasitə cavabdehlərin özləri tərəfindən məhkəməyə təqdim olunan arayışda evin kirayə haqqının 350 manat göstərilməsi müvafiq arayışların mötəbərliliyini şübhə altına alır.

36. Yuxarıda qeyd olunduğu kimi, təkrar apellyasiya baxışı zamanı iddiaçı cavabdehlərə təklif etdiyi kompensasiyanın məbləğini artıraraq onların istifadə hüququna 30 000 manat müqabilində xitam verilməsini istəmişdir.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”.

38. Kollegiya hesab edir ki, iddiaçının təkrar apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya ilə cavabdehlər təqribən 5-6 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olurlar, bu isə ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehlər hər ikisi əmək qabiliyyətlidirlər və göstərilən müddət ərzində özlərinə məxsus yaşayış sahəsi əldə edə bilərlər. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir.

39. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Cavabdeh1 mülkiyyətində ünvan 6 ünvanında 13 saylı mənzil vardır.

40. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Buna görə kollegiya hesab edir ki, iddiaçıdan kompensasiya məbləğinin alınıb cavabdehlərə verilməsi ilə onların mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları eyni vaxtda icra olunmalıdır.

41. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1089/2020 saylı iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 30 000 (otuz min) manat kompensasiya (hər birinə 15 000 manat olmaqla) ödənilməklə onların ünvan 7 ünvanında yerləşən evdən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında yerləşən evdən çıxarılsınlar və həmin ev boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı 30 000 (otuz min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh1 və Cavabdeh2 verilməsi (hər birinə 15 000 manat olmaqla) ilə onların mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılmaları və evin boşaldılaraq İddiaçı təhvil verilməsi eyni vaxtda icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar