Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11174/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldıb təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5088/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldıb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili İddiaçı məhkəməyə vəsatət verərək Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-5395/2021 saylı mülki iş hazırda icraatda olan 2(004)-5088/2021 saylı mülki işlə birləşdirilməsi və onların bir icraatda baxılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-5088/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh və X1 cavabdehlər İddiaçı və X2 qarşı “27 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair 2(004)-5395/2021 saylı mülki iş üzrə qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəsini alanadək, hazırda məhkəmənin icraatında baxılan İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldıb təhvil verilməsi” tələbinə dair 2(004)-5088/2021 saylı mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçının nümayəndəsi-vəkili tərəfindən həmin qərardaddan verdiyi şikayət məhkəmənin 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, hər iki iddia tələbinin əsası 27.04.2021-ci il tarixli AN-İ V ******* nömrəli alqı-satqı muqaviləsidir. İddiaçı tərəfindən belə bir iddia ərizəsi məhkəməyə təqdim edildiyindən məhkəmə prosesini uzatmaq üçün qarşı tərəf müqavilənin ləğv edilməsi tələbinə dair yeni bir iddia ərizəsi verilmişdir. Halbuki həmin mülki iş üzrə qarşılıqlı iddia ərizəsi də təqdim edilə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Şikayətə baxılması ilə bağlı təyin olunmuş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdehlər məhkəməyə səbəb bildirmədən gəlmədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Kollegiya hesab edir ki, məhkəmə işin icraatını iddiaçılar Cavabdeh və X1 cavabdehlər İddiaçı və X2 qarşı “27 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair 2(004)-5395/2021 saylı mülki iş üzrə qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırdığı zaman, həmin işlə özünün icraatında olan iş arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından göründüyü kimi Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-5395/2021 saylı və hazırki mülki işdə olan tələblərin əsası 27.04.2021-ci il tarixli AN-İ N0934930 nömrəli alqı-satqı müqaviləsidir. Bundan başqa 2(004)-5395/2021 saylı mülki işlə hazırki mülki işdə olan tərəflər eynidir. Məhkəmə kollegiyası hesab edir ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan yuxarıda qeyd olunan hər iki iş üzrə tərəflər eyni olduğundan və tələblər bir-biri ilə bağlı olduğundan hər iki işin bir icraatda baxılmasına mane olan hal əslinə olmamışdır. Ən əsası birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5088/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qərardadı ləğv olunsun və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11174/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11174/2021
10.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver