Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11175/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müddət bərpa edilməklə əmrdə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2(011)-3914/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müddət bərpa edilməklə əmrdə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, müddət bərpa edilməklə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevin barəsində imzaladığı 21 dekabr 2018-ci il tarixli, 27/20 saylı əmrdə dəyişiklik edilərək, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunmasına dair düzəlişin aparılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17/8 saylı, 22 avqust 2008-ci il tarixli əmrlə 01 sentyabr 2008-ci ildən etibarən Cavabdeh1 ASC-də “Sumqayıt” filialının Mühasibat uçotu və əməliyyat şöbəsinə iqtisadçı təyin edilmiş, 13 noyabr 2008-ci il tarixli, 17/11 saylı əmrlə bankın 3 saylı şöbəsinin Uçot və əməliyyat şöbəsinə iqtisadçı keçirilmişdir. 02 noyabr 2009-cu il tarixli, 1811 saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. 30 iyun 2010-cu il tarixdə Cavabdeh1 ASC-nin ümumi yığıncağının 29 iyun 2010-cu il tarixdə keçirilmiş iclasının qərarına əsasən Audit komitəsinin üzvü seçilmiş, 17 sentyabr 2012-ci il tarixdə bankın Əməliyyat Departamentinin Fiziki şəxslərə xidmət və depozitlərin qəbulu şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, 2018-ci ilin dekabr ayında işdən öz könüllü istəyi ilə azad edilməsinə dair ərizə ilə Cavabdeh1 ASC-nin rəhbərliyinə müraciət etmişdir. 21 dekabr 2018-ci il tarixli, 27/20 saylı əmrlə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, əmri Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev imzalamışdır. Göründüyü kimi, işdən azad edilmə barədə ərizə ilə müraciət etsə də, onu ərizə əsasında deyil, başqa əsasla işdən azad etmişlər. Məhkəməyə müəyyən edilmiş vaxtda müraciət etməməsinin səbəbi uzun müddət xəstə olması olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2(011)- 3914/2021 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddia müddətinin üzrlü səbəblərdən keçməsini göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, iddia müddətinin keçməsinə istinad etmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan sübutlara əsasən - iddiaçı 17/8 saylı, 22 avqust 2008-ci il tarixli əmrlə 01 sentyabr 2008-ci ildən etibarən Cavabdeh1 ASC-də “Sumqayıt” filialının Mühasibat uçotu və əməliyyat şöbəsinə iqtisadçı təyin edilmiş, 13 noyabr 2008-ci il tarixli, 17/11 saylı əmrlə bankın 3 saylı şöbəsinin Uçot və əməliyyat şöbəsinə iqtisadçı keçirilmişdir. 02 noyabr 2009-cu il tarixli, 1811 saylı əmrlə öz xahişi ilə işdən azad edilmiş, 30 iyun 2010-cu il tarixdə Cavabdeh1 ASC-nin ümumi yığıncağının 29 iyun 2010-cu il tarixdə keçirilmiş iclasının qərarına əsasən Audit Komitəsinin üzvü seçilmiş, 17 sentyabr 2012-ci il tarixdə bankın Əməliyyat Departamentinin Fiziki şəxslərə xidmət və depozitlərin qəbulu şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. 21 dekabr 2018-ci il tarixli, 27/20 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. ƏM-in 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsi). ƏM-in 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçı hazırki iddia tələbində cavabdehin 21 dekabr 2018-ci il tarixli, 27/20 saylı əmrini mübahisələndirmiş, eyni zamanda əmrin mübahisələndirilməsi üçün məhkəməyə müraciət üçün buraxılmış iddia müddətinin üzrlü sayılaraq bərpa olunmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, ƏM-in 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. ƏM-in 296-cı maddəsinə əsasən məhkəmə müraciət üçün hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia tələbinin özündən də görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilən müddəti ötürdüyündən məhkəmədən buraxılmış müddətin bərpa edilməsi ilə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdeh bank tərəfindən onun barəsində çıxarılmış 21 dekabr 2018-ci il tarixli əmrdən elə həmin tarixdə məlumatlı olmuş, işdən azad edildiyini həmin vaxtdan bilmişdir. O, əmr verilən tarixdən işdən azad olunmuş və işə gəlməmişdir. Bu fakt iddiaçının özü tərəfindən də verilmiş iddia ərizəsində də etiraf edilmişdir. İddiaçı 21 dekabr 2018-ci il tarixdə işdən azad olunduğunu bildiyi (hüququnun pozulduğunu güman etdiyini aşkar etdiyi) halda, 13 aprel 2021-ci il tarixdə, yəni uzun müddət (2 ildən çox) keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. «Stanyo Belçikaya qarşı» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, işlərin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bununla yanaşı ƏM-in 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçı buraxılmış müddətin üzrlü olması ilə bağlı məhkəməyə arayışlar təqdim etmişdir. Həmin arayışlarda iddiaçının 21 sentyabr 2018-ci il tarixdən müəyyən fasilələrlə 31 avqust 2020-ci il tarixədək ambulator qaydada müalicə alması qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı fasilələrlə yalnız ambulator qaydada müalicələr almışdır ki, bu hallar özü-özlüyündə iddiaçını əmri mübahisələndirmək imkanından məhrum etməmişdir. Eyni zamanda, ambulator müalicə başa çatdıqdan sonra da iddiaçı uzun müddət (iddia ərizəsi 13 aprel 2021-ci il tarixdə verilmişdir) məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlər özü-özlüyündə iddia müddətinin ötürülməsinin üzrlü sayılaraq bərpa olunması üçün yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Ötürülmüş müddət həddindən artıq uzundur (2 ildən çox) və işin faktiki halları və təqdim olunmuş sübutlar nəzərə alınmaqla, buna hər hansı səbəblə haqq qazandırmaq mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddiaçı işdən azad olunduqdan sonra qanunla müəyyən olunmuş müddət ərzində müvafiq tələblə məhkəmə müraciət etməmiş, müddəti üzrlü səbəblər olmadan ötürmüşdür. Göründüyü kimi, iddiaçı ƏM-in 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş hər hansı üzrlü halın mövcudluğu ilə bağlı məhkəməyə mötəbər sübutlar da təqdim etməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı isə, özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Belə olan halda isə, iddiaçının müddətin bərpa olunması ilə bağlı dəlilləri əsaslı sayıla bilməz. İddia müddətinin ötürülməsi isə ümumilikdə iddianın rədd olunması üçün qanuni əsas təşkil edir (cavabdeh tərəf iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir). MM-in 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müddət bərpa edilməklə əmrdə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2(011)-3914/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e- 2(011)-3914/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11175/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11175/2021
07.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver