Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1118/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(007)-2352/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 13A nömrəli evin, 31 nömrəli mənzilin boşaldılması, bütün ev əşyalarının çıxarılması, mənzilin boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, həmçinin cavabdehin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Cavabdeh 07 noyabr 2013-cü il tarixdə, kredit müqaviləsinə əsasən, 21.772,75 manat kredit verilmişdir. Həmin müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə, bank tərəfindən məhkəməyə iddia verilmişdir. Şuşa Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 21.772,75 manat məbləğində əsas borcun, 6671.91 manat məbləğində faiz borcunun, 3000 manat cərimə borcunun, cəmi 31444,66 manat borcun və 61 manat məbləğində ödənilmiş dövlət rüsumu pulunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması və tələbin ilkin satış qiyməti 35000 manat müəyyən edilmiş, Cavabdeh mülkiyyət hüqüqu əsasında məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 13A saylı evin, 31 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmuş, Şuşa Rayyon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli qətnaməsi cavabdehdən 3000 manat məbləğində cərimə borcunun tutulması hissəsində dəyişdirilmiş və cavabdehdən 300 manat cərimə borcunun tutulması qət edilmiş, həmçinin qətnamə tələbin ipotekaya yönəldilməsi hissəsində baxılmamış saxlanılmışdır. Bundan sonra, Şuşa Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2016-cı il tarixli icra sənədinin təmin edilməsi məqsədi ilə borclu Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin üzərinə həbs qoyulmuş, qərardadın icrası Şuşa rayon İcra qrupuna və Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmişdir. Məhkəmənin həmin qərardadından Cavabdeh tərəfindən verilmiş şikayəti Şuşa Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli qərardadı ilə təmin olunmamış və həmin şikayət mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qərardadı ilə Şuşa Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan sonra "xxxx" MMC-nin hərracın yekunları barədə 29 avqust 2018ci il tarixli, 49/08 saylı Protokoluna əsasən ilkin hərrac qiyməti 55000 manat məbləğində cavabdeh Cavabdeh məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsində yerləşən 13A saylı evin, 31 saylı mənzil 35062,50 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 29 avqust 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsində yerləşən 13A saylı evin, 31 saylı mənzil İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmələr tərəfindən çıxarılmış qərarlara, eləcə də, keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdeh İşmayılov Mehman Zakir oğlu həmin mənzili boşaltmaqdan əsassız olaraq imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(007)- 2352/2019 saylı qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki, 13A nömrəli evin, 31 nömrəli, 31,92 kv.metr ümumi sahəsi olan mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdeh tərəfindən həmin mənzildən bütün ev əşyaları çıxarılmaqla, mənzilin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, cavabdeh tərəfindən məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu qismində ödənilmiş 10 manat vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, işə onun iştirakı olmadan baxılması, mənzilin satış qiyməti ilə kredit borcu arasında olan fərqin ona ödənilməməsi, qətnamənin aydın olmaması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və digər nümayəndənin birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin məqsədi prosesi süni surətdə uzatmaq, iddiaçının mülkiyyətinə keçmiş mənzildən çıxmamaqdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, qətnamənin ləğvinə hər hansı əsas yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarınauyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 17.05.2019-cu il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, mübahisə obyekti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki, 13A nömrəli evin, 31 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Cavabdeh mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olsa da, həmin yaşayış sahəsi qanuni qüvvədə olan məhkəmə qətnaməsinin (Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2016-cı il tarixli qətnaməsi) icrası ilə bağlı Şuşa Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qərardadına (həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır) əsasən cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsi istiqamətində açıq hərraca çıxarılmış, nəticədə iddiaçı onu əldə etmiş, sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. «İpoteka haqqında» Qanunun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşaması (istifadə etməsi) hər hansı qanunihüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Cavabdeh apellyasiya şikayətində kredit borcu ilə mənzilin satış dəyəri arasında olan fərqin (təqribən 6000 manat) ona ödənilməməsini göstərmiş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, qeyd edilən hal cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən çıxmamasına qanuni əsas təşkil edə bilməz. Əgər həqiqətən belə bir hal mövcuddursa, cavabdeh artıq qalmış pulun ona ödənilməsini müvafiq qaydada tələb edə bilər. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirakının təmin olunmamasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edilən dəlilə də münasibət bildirərək, qeyd edir ki, işdə olan sənədlərə əsasən cavabdeh tərəfin məhkəmə icraatından məlumatlı olması aşkardır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin növbəti məhkəmə iclasına da hər hansı üzrlü səbəb olmadan gəlməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. İddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, bu səbəbdən də qanunla müdafiə olunur. Həmçininqeydedilməlidirki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd həqiqi hesab edilir (MM-nin 140-cı mad.) İddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Qətnamə qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(007)-2352/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(007)-2352/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1118/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1118/2020
14.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver