Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1118/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: əmək stajının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi barədə mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-3405/2023 nömrəli qətnaməsindən maraqlı şəxsin apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Ərizəçi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1986-cı il tarixdən 13 nömrəli əmr ilə Kirov adına Kolxoz üzvlüyünə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci tarixədək hərbi xidmətdə olmuşdur. 1989-cu ildən 1994-cü ilədək Azərbaycan Neft və Kimya İnstitutunda (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil almışdır.
2. Kirov adına Kolxozun sədrinin Ərizəçi barəsində verdiyi xx.xx.1989-cu il tarixli Xasiyyətnamədə qeyd edilmişdir ki, Ərizəçi 1986-ci ilin sentyabr ayından kolxoz üzvlüyünə qəbul olunmuş və işləmişdir. 1986-ci il tarixdən 1988-ci il tarixədək hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıdandan sonra kolxozda işləməyə başlamışdır.
3. Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli Arxiv arayışına əsasən Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon təmir tikinti idarəsi və Q.Namazalıyev (Kirov) adına kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır.
4. X7 АЗЕ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Q.Namazalıyev adına Kolxozun üzvü olmuşdur.
5. X4 АЗЕ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1987-ci tarixdən xx.xx.1992-ci il tarixədək Kirov adına Kolxozun üzvü olmuşdur.
6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********8 nömrəli məktubu ilə Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyinatından imtina edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
7. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (9 ay, 6 gün) əmək stajının hesablanması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. xx.xx.1985-ci il tarixdə Cəbrayıl Təmir Tikinti sahəsinin 75 nömrəli əmri ilə sahəyə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixədə sahənin 91 nömrəli əmri ilə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdə 16 nömrəli SMD-nin 41 nömrəli əmri ilə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1986cı il tarixdə SMD-nin 31 nömrəli əmri ilə öz ərizəsi əsasında işdən azad edilmişdir. 1986-cı ilin iyun ayının 6-sı tarixində 55 nömrəli əmrlə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə öz ərizəsi ilə 85 nömrəli əmrə əsasən işdən azad eilmişdir. xx.xx.1986-cı il tarixdən 13 nömrəli əmr ilə Kirov adına Kolxoz üzvlüyünə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə hərbi çağırışa çağırılaraq, xx.xx.1988-cil tarixə kimi Sovet ordusu sıralarında hərbi qulluq etmişdir. Hərbi qulluqdan qayıtdıqdan sonra xx.xx.1988-ci il tarixdə yenidən Kirov adına Kolxozda işləməyə başlamışdır. 1989-cu il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmaq üçün, sənədlərini vermiş və həmin ildə instituta qəbul olmuşdur. xx.xx.1989-cu il tarixdə Kirov adına kolxozun sədri K.Məmmədov tərəfindən xasiyyətnamə verilmişdir. 1994-cü il tarixdə müvəffəqiyyətlə qəbul olduğu ali təhsil ocağını bitirmişdir. Ali təhsilini bitirdikdən sonra, işləmiş olduğu Kolxoza qayıtmış, bir müddət orada işləmək fikrində olmuşdur. Bu səbəbdən Kolxozdan işdən azad olunması barədə ərizə yazmamış və əmək kitabçası Kirov adına Kolxozda qalmışdır. 1993-cü ilin avqust ayının 23 tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdir. xx.xx.1993-cü il tarixdə Bakı Metropoliteni QSC-yə işə düzəlmişdir. Daima gecə növbəsində xx.xx.2006-cı il tarixə kimi xüsusi zərərli şəraitdə işləmişdir. Hazırda Bakı Metropoliteni QSC-də işləyir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, güzəştli şərtlərlə pensiyanın təyinatının müəyyən edilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq **********8 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə pensiyanın təyinatından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə gzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək stajının hesablaması zamanı müəyyən olunmuşdur ki, onun Sovet ordusu sıralarından qayıdıb, ali təhsil ocağına daxil olduğu müddət yəni, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (9 ay, 6 gün) nəzərə alınmayaraq, hesablanmamışdır. Əmək stajını təsdiq edən müvafiq sənədin verilməsi üçün Cəbrayıl rayon İcra Hakimiyyətinin Cəbrayıl rayon Dövlət Arxivinə yazılı müraciət etmiş, xx.xx.2023-cü il tarixli, 11/07 nömrəli arxiv arayışında Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Təmir Tikinti İdarəsi və (Kirov) Q.Namazəliyev adına kolxozun arxiv sənədləri işğal zonasında qaldığı barədə yazılı məlumat verilmişdir. Kolxozda işlədiyi zaman, onunla bərabər iş yoldaşları olan xx.xx.1967-ci il təvəllüdlü Cəbrayıl rayon sakini X11 və xx.xx.1967-ci il təvəllüdlü Cəbrayıl rayon sakini X2 yazdıqlarını təsdiq edə bilərlər.
9. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz verilərək belə əsaslandırılmışdır ki, ərizəçinin işlədiyini iddia etdiyi dövrlərlə şahidlərin işlədiyi dövrlə arasında uyğunsuzluq mövcuddur. Belə ki, şahidlərin əmək kitabçalarındakı qeydlər eyni dövrlərdə yazılmasına baxmayaraq X7 əmək kitabçasında Q.Namazəliyev adına kolxozda işlədiyiqeyd olunsa da, digər şahid X1 əmək kitabçasında Kirov adına kolxozda işləməsi qeyd olunmuşdur. Kirov adına kolxoz ilə Q.Namazəliyev adına kolxozun eyni müəssisə olması barədə hər hansı sübut mövcud olmadığı kimi, şahidlərin əmək kitabçalarına diqqət etdikdə məlum olur ki, işlədikləri müəssisələrin möhürləri fərqlidir, işə giriş və çıxış əmrləri müəssisənin sədri kimi fərqli şəxslər tərəfindən imzalanmışdır. Bu isə Kirov adına kolxoz ilə Q.Namazəliyev adına kolxozun eyni müəssisə olmamasına və ərizəçinin xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin müəssisədə işləmə faktının əsassız olmasına dəlalət edir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun kəndçisidir. Hərbi xidmətdən qayıtdıqdan sonra Kirov adına kolxozda işləmişdir. Kolxozda işə daxil olanda Ərizəçi artıq orda fəhlə işləyirdi. Ərizəçi instituta gedənədək kolxozda işləmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, Ərizəçi kənddən tanımışdır. O, 1987-ci il tarixdən 1992-ci il tarixədək Kirov adına kolxozda işləmişdir. Ərizəçi ondan əvvəl, yəni 1985-ci il tarixdən kolxozda işləmişdir. Ərizəçi əsgərlikdən gələndən sonra instituta qəbul olanadək kolxozda işləmişdir.
12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3405/2023 nömrəli qətnaməsi ilə (hakim R.N.Quliyev) ərizə qismən təmin edilmiş, Ərizəçi xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Q.Namazalıyev (Kirov) adına kolxozda işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən iş stajı faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, əvvəla ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir. Belə ki, qeyd edilən sənədlərin alınması üçün əsas təşkil edir və maraqlı şəxsin hüquqları qeydiyyata almaqdan imtinasının əsaslarından biri də məhz Q.Namazalıyev (Kirov) adına kolxozun sənədləri xx.xx.1993-cü il tarixində Cəbrayıl rayonu işğal olunan zaman məhv edildiyidir. Qeyd edilən sənədlərin bərpası mümkün deyildir, çünki həmin qurumların arxivi işğal zamanı məhv olunmuşdur. Bu səbəbdən məhkəmə ərizənin məhkəmə icraatını mümkün hesab etmişdir. Odur ki, ərizə əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəçi ərizəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (9 ay, 6 gün) əmək stajının hesablanması faktının müəyyən edilməsini xahiş etsə də, onun Q.Namazalıyev (Kirov) adına kolxozda xx.xx.1988-ci il tarixdən işə başlamasına dair hər hansı sübut təqdim edilməmişdir. Bunun əksinə ərizəçi öz ərizəsində qeyd etmişdir ki, hərbi xidmətdən qayıdandan sonra kolxozda xx.xx.1988-ci il tarixdən işləməyə başlamışdır. Odur ki, məhkəmə ərizənin işə başlama tarixi hissədə qismən təmin edərək, ərizəçinin işə başlama tarixini xx.xx.1988-ci il tarixdən müəyyən edir.
16. Bundan başqa məhkəmə qeyd etmişdir ki, ərizəçi Q.Namazalıyev (Kirov) adına kolxozda xx.xx.1989-cu il tarixədək işlədiyini bildirmiş və bu hal şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçinin instituta qəbul olunduğunu və instituta gedənədək kolxozda işlədiyini bildirmişdilər. Məlum olduğu kimi, təhsil müəssisələrində dərslərin 1 sentyabr tarixində başlandığını nəzərə alaraq, şahid ifadələri həqiqəti əks etdirir.
17. Məhkəmə öz mövqeyini “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6.1, 6.2, 6.3-cü bəndlərinə, “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 305.1.1, 307.2.5, 307.2.11, 308, 311-ci maddələrinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə şahid qismində çıxış etmiş şəxslərin ifadələri və sənədlərində uyğunsuzluq mövcuddur. Şahid qismində çıxış edən X9 münasibətdə qeyd edilir ki, məhkəmə qətnamədə onun xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kirov adına kolxozda işlədiyini qeyd etməsinə baxmayaraq, ona məxsus ******* nömrəli əmək kitabçasına əsasən, onun həmin dövrlərdə Q.Namazəliyev adına kolxozda işlədiyi müəyyən olunur. Qənbər Məmmədovun əmək kitabçasına əsasən onun Q.Namazəliyev adına kolxozda əmək fəaliyyətinə xx.xx.1988-ci il tarixdə başlanması müəyyən olunur. Lakin məhkəmə iclası zamanı o əmək fəaliyyətinə başlayan zaman Ərizəçi orda işlədiyini bildirmişdir. Lakin Ərizəçi ərizəsinə əsasən xx.xx.1988-ci il tarixdən kolxozda əmək fəaliyyətinə başladığını iddia edir. Q.Məmmədov məhkəmə iclası zamanı sözügedən kolxozun əvvəl Kirov adına kolxoz, sonradan Q.Namazəliyev adına kolxoz olduğunu qeyd etməsinə baxmayaraq həm işə daxilolma, həm işdən azad olma qeydində Q.Namazəliyev adına kolxozda işlədiyi qeyd olunmuşdur. Həmçinin, şahidlər Q.Məmmədov və Y.Bayraməliyevə məxsus əmək kitabçalarına nəzər yetirilən zaman işə daxilolma və işdən azad edilmə əmrlərinin mövcud olmadığı müəyyən olunur. Y.Bayraməliyevə məxsus əmək kitabçasına əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kirov adına kolxozda işlədiyini qeyd edilmişdir. Lakin digər şahid Qənbər Məmmədov məhkəmə iclası zamanı sözügedən kolxozun əvvəl Kirov adına kolxoz, sonradan Q.Namazəliyev adına kolxoz olduğunu qeyd etmişdir. Bu halda şahidlərin sənədləri arasında uyğunsuzluq müəyyən olunur. İş materiallarına əlavə edilmiş X3 məxsus əmək kitabçasına əsasən onun xx.xx.1985-xx.xx.1989-cu il tarixlərdə Kirov adına kolxozda işləməsi müəyyən olunur. Lakin xx.xx.1989-cu il əmri K.Məmmədov tərəfindən imzalanmışdır. Digər şahidlərin əmək kitabçalarına diqqət yetirən zaman Qənbər Məmmədovun xx.xx.1988-ci il işə daxil olma əmrinin Pirverdiyev tərəfindən, Y.Bayraməliyev xx.xx.1987-ci il işə daxil olma əmrinin K.Məmmədov tərəfindən imzalanması müəyyən olunur. Bu halda şahidlərin sənədləri arasında uyğunsuzluq müəyyən olunur. Məhkəmə tərəfindən əlavə araşdırılma aparılmadan Kirov adına kolxoz və Q.Namazəliyev adına kolxoz eyni müəssisə kimi nəzərə alınmış, bu barədə məhkəmə tərəfindən tədbir görülməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o da, şahid Qənbər Məmmədov da əmək kitabçasını kənd işğal olunduqdan sonra götürmüşlər. O dövrdə kolxoz sədrləri də dəyişmiş, sonradan arayışlar əsasında dublikatlar yazılmışdır. Onda Kirov adına kolxozun möhürü də qalmamışdı. Yeni gələn sədr həmin sənədlər əsasında təsdiq etmişdir ki, həqiqətən bu şəxslər burda işləyir. O, 1986-cı il tarixdən Kirov adına Kolxoz üzvlüyünə qəbul edildiyindən şahid bildirib ki, biz gələndə ərizəçi artıq kolxozda üzv idi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı xx.xx.2019-cü il tarixli, 3 nömrəli Qərarı: Bənd 13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Bənd 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Bənd 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bənd 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı işdə ərizə qismən təmin olunduğundan və iş üzrə maraqlı şəxs qətnaməni ərizənin təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarına əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
29. İşdən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Q.Namazalıyev (Kirov) adına kolxozun üzvlüyündə olması həmin dövr kolxozun üzvü olmuş şahidlərin ifadələri və onların əmək kitabçaları ilə təsdiq edilir.
30. Bundan əlavə, ərizəçinin qeyd olunan dövrdə kolxozun üzvlüyündə olması kolxozun sədri və həmkarlar təşkilatının sədri tərəfindən imzalanmış xx.xx.1989-cu il tarixli xasiyyətnamə ilə də təsdiq edilir.
31. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli Arxiv arayışında kolxozun adının “(Kirov) Q.Namazalıyev” qeyd olunması əsasında Q.Namazalıyev adına kolxoz ilə Kirov adına kolxozun eyni kolxoz olması müəyyən olunur.
32. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarına əsasən şahid X4 əmək kitabçasının doldurulduğu tarix xx.xx.1989-cu il, digər şahid X7 əmək kitabçasının doldurulduğu tarix xx.xx.1993-cü il, ərizəçinin əmək kitabçasının doldurulduğu tarix isə xx.xx.1998-ci il olduğu müəyyən edildiyindən əmrləri imzalayan şəxslərin adlarında fərqliliklərin olması ağlabatan hal kimi qəbul edilməlidir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3405/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: