Məhkəmə qərarları › İş №2(103)-1119/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1119/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1119/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi,. İddiaçı, Cavabdeh və onun vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-3937/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24000 manat alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən o, Cavabdeh 24 000 manat pul vermişdir. Lakin bundan sonra o, dəfələrlə cavabdehdən pulu tələb etməsinə baxmayaraq, o, hər dəfə yeni-yeni bəhanələr gətirərək onu aldatmış və pulu qaytarmaqdan yayınmışdır. Beləliklə həmin 24.000 manat pul cavabdeh tərəfindən ona indiyədək qaytarılmamışdır. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-3937/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnam qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, tərəfindən cavabdehə 24000 manat məbləğində borc pul verilmiş, cavabdeh isə xx.xx.2019-cıı il tarixə kimi hər ay 1000 manat ödəməyi öhdəsinə götürmüş və müqaviləyə şəxsən “borcalan” qrafasmda imza etmişdir. Müqavilə bağlanmazdan əvvəl isə tərəflərə hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi isə ishdə sübutların olmasına baxmayaraq, əsassız olaraq müqavilənin formal bağlanması nəticəsinə gələrək iddia tələbini rədd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin oğlunun vurduğu ziyana görə cəmi 2000 manat pul geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh, həmçinin onun vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatınlarında göstərmişlər ki, cavabdeh iddiaçıdan borc pul almamışdır. Belə ki, cavabdehin oğlu dələduzluq etdiyindən, cavabdeh iddiaçıya dəyən ziyanı geri ödəmək məqsədilə borc müqaviləsi bağlamışdır. Yəni iddiaçı cavabdehə borc pul verməmiş, notariat kontorunda isə pul verilməməsinə baxmayaraq, notarius qanunsuz olaraq müqaviləni təsdiqləmişdir. Eyni zamanda oğlunun vurduğu ziyana görə iddiaçının təhdidləri nəticəsində ona 150000 manat pul vermiş, lakin bu barədə sübut təqdim edə bilmir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 24000 manat pul vermişdir. Borc alan Cavabdeh xx.xx.2019-cu il tarixədək hər aym 7-dək, 1000 manat ödəmək şərtilə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 1(101)- 1023/2017 sylı hökmünün surətindən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum edilmiş, xx xxxx 2016-cı il tarixdən şübhəli şəxs qismində saxlanılmaqla xx xxxxxx 2016-cı il tarixədək istintaq təcridxanasında təqsirləndirilən şəxs qismində saxlandığı 5 ay 23 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, qəti olaraq 6 il 6 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla, CM-nin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 3 il sınaq müddəti təyin edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin övladı olan X4 İddiaçı etibarından sui istifadə edərək onun onu işə düəltmək bəhanəsi ilə sonuncuya 29500 manat zərər vurmuş, cavabdehin oğlu olan X3 barəsindən cinayət işinə məhkəmədə baxılarkən Fəridin atası Cavabdeh İddiaçı 4500 manat ödəyərək oğlu tərəfindən iddiaçıya vurulmuş zərərin qalan hissəisi, yəni 25000 manat barədə, notariat kontorunda iddiaçı ilə borc müqaviləsi bağlamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi borc real müqaviləyə əsaslanmamışdır. Həmin borc mövcud olsa belə Cavabdeh deyil, onun oğlu X4 olmuşdur. Bu hal onu təsdiq edir ki, müqavilə bağlanan zaman müqavilə real deyil, formal olaraq bağlanılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranan münasibətə borc müqaviləsinin bağlanması kimi baxmaqla səhvə yol vermişdir. Belə ki, tərəflər arasında bağlanan müqavilə ilə cavabdeh borcun mövcud olmasını etiraf etmişdir. Göstərilən münasibətləri Mülki Məcəllənin 881 və 882-ci maddələri tənzimləyir. Belə ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeydşərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; Həmin Məcəllənin 881.2.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Həmin Məcəllənin 881.3-cü maddəsinə əsasən barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Həmin Məcəllənin 881.5-ci maddəsinə əsasən əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Həmin Məcəllənin 882-ci maddəsinə əsasən isə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. İşin hallarından da göründüyü kimi, cavabdehin övladı olan X4 İddiaçı etibarından sui istifadə edərək onun onu işə düzəltmək bəhanəsi ilə sonuncuya 29500 manat zərər vurmuş, cavabdehin oğlu olan X3 barəsindən cinayət işinə məhkəmədə baxılarkən Fəridin atası Cavabdeh İddiaçı 4500 manat ödəyərək oğlu tərəfindən iddiaçıya vurulmuş zərərin qalan hissisi yəni 24000 manat barədə, notariat kontorunda iddiaçı ilə borc müqaviləsi bağlamışdır. Bu müqavilə bağlandıqdan sonra iddiaçı ona dəymiş zərərin ödənilməsi barədə məhkəməyə ərizə vermiş və bu hal cinayət işini baxılan zaman yüngülləşdirici hal kimi qəbul edilmişdir. Göründüyü kimi, tərəflər arasında real borc münasibətləri yaranmasa da, cavabdeh oğlunun iddiaçıya ödəməli olduğu maddi ziyanın məbləğini borc kimi etiraf etmiş və borcun etiraf edilməsi barədə qanunda nəzərədə tutulan məzmun və formaya uyğun müqavilə bağlanmışdır. Buna görə də kollegiya hesab edir ki, cavabdeh etiraf etdiyi borcu ödəmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Kollegiya tərəflər arasında borcun etirafı müqaviləsinin bağlandığı və cavabdehin müqavilə özü öhdəliklərini tam yerinə yetirmədiyini, ödəməli olduğu puldan yalnız 2000 manat ödədiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh 22000 manat məbləğində borc tutularaq iddiaçı Məhbubə Seydkamilovaya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-3937/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22 000 (iyirmi iki min) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Cavabdeh ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar