Məhkəmə qərarları › İş №2(103)-11195/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11195/2021

15.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11195/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3401/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu, Ə.Şıxlinski küçəsi 663 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3401/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, Xətai Rayon Məhkəməsinin 2(011)-3401/2021 saylı, 16 avqust 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3401/2021 saylı, 09 sentyabr 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş və qərardad ləğv edilərək prosessual müddətin bərpası barədə ərizəyə baxılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3401/2021 saylı, 15 sentyabr 2021ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsi və qətnamədən verilmiş apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsini və cavabdeh B.Sadıqov tərəfindən ötürülmüş müddətin bərpa edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda qətnamənin binanın komendantına təqdim edildiyi göstərilsə də, qərardadda bu halı sübuta yetirəcək heç bir əsas göstərilməmişdir. Cavabdeh sonradan ərizə ilə müraciət edərək məhkəməni yanıltmağa çalışmışdır, qətnaməni özü almasa belə bu barədə məlumatı olmuşdur, qətnaməni şəxsən özü qəbul etmişdir. Bütün bunlara əsasən hesab edir ki, cavabdeh vaxt uzatmaq və onun hüquqlarına toxunmaq məqsədilə bu yola əl atmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3401/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmirlər. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosesual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, işdən göründüyü kimi, qətnamə 10 iyul 2021-ci ildə xəbərnaməyə imza edilməklə alınsa da, apellyasiya şikayəti 12 avqust 2021-ci ildə poçta verilmiş və 13 avqust 2021-ci ildə məhkəməyə daxil olmuşdur. Cavabdeh, qətnamənin yaşadığı binanın komendantına verildiyini, buna görə də Xətai Rayon İcra və Probasiya şöbəsinə çağrılarkən əldə etdiyini bildirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmamışdır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3401/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-401-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3401/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar