Məhkəmə qərarları › İş №2(103)-112/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-112/2023

17.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-112/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X5 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “X5 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair” iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(010)- 4248/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış Sazişin surətindən görünür ki, “X5 Kompani S.A“ Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü“ haqqında Sazişə uyğun olaraq fəaliyyət göstərir. Həmin Sazişin 2.1-ci maddəsində göstərilmişdir ki, “X5 Kompani S.A” Şirkətinin Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüququ vardır. Həmin Sazişin 10-cu maddəsində göstərilmişdir ki, ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X5 Kompani S.A“ Şirkətinin sərəncamına vermişdir. Həmin Sazişin 2.1-ci maddəsində göstərilmişdir ki, “X5 Kompani S.A” Şirkətinin Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüququ vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı “X5 Kompani S.A.” şirkəti Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 415490.00 m B 4477137.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli, 875 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə “Suraxanı blokunun” mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikasının adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005ci il tarixli Azərbaycan Respublikası Qanunu na əsasən qeyd olunana saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. İddiaçı şirkət Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilən etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan və qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X5 Kompani S.A“ Şirkətinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən “X5 Kompani S.A“ Şirkətinə Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2 saylı Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində olan sahə başa düşülür. Şirkətin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ iddiaçı Şirkətə məxsusdur. Son illər Şirkətin istifadəsində olan torpaq sahələri müxtəlif fiziki şəxslər tərəfindən ayrı-ayrı dövrlərdə zəbt edilmiş, özbaşına olaraq yaşayış evləri tikilmişdir. Həmin fiziki şəxslərə bu qanunsuz hərəkətlərin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi və şirkətin istifadəsində olan torpaq sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Belə ki, şirkətin qanuni istifadəsində olan əraziyə baxış keçirərkən, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 415490.00 m B 4477137.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işləri aparılması aşkar edilmişdir. Araşdırma zamanı, cavabdeh nə torpaq sahəsinə, nə də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Mədən ərazilərində gedən hər hansı bir qeyri-qanuni özbaşına tikintilər neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir və eləcə də, yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda geoloji-texniki tədbirlərin keçirilməsi mümkün olmur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.

4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(010)- 4248/2021 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) iddianın təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən sənədlərdən mübahisəli torpaq sahəsinin kontrakt ərazisinin hüdudları daxilində yerləşməsi, cavabdehin nə tikiliyə, nə də ki tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması təsdiqlənmişdir. Eləcə də, iş üzrə mübahisəli tikilinin yerləşdiyi əraziyə məhkəmənin yerli baxışı keçirilərkən həmin tikilidə heç kəsin yaşamadığı, qonşulardan alınan məlumata əsasən isə cavabdehin ailəsi ilə birgə başqa ünvanda yaşaması bildirilmişdir. Eyni zamanda qeyd edək ki, iddia ərizəsinə əlavə edilmiş 19 aprel 2021-ci il tarixli tikilinin təməlinin tikintisi zamanı çəkilən foto şəkillər və eyni tarixli 284 nömrəli əməkdaşlarımızın iştirakı ilə tərtib edilmiş aktda cavabdehə tikintinin dayandırılması barədə xəbərdarlıq edilməsi və onun qarşıdurma yaradaraq məhəl qoymadan tikintinin başa çatdıracağına dair məlumatlar öz əksini tapmışdır. Lakin, birinci instansiya məhkəməsinin hakimi bütün bunları nəzərə almamış, qətnamə çıxararkən isə maddi hüquq normalarının pozuntusuna yol vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahar verərək, onun təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

11. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

12. Maddə 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər.

13. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

14. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməlidir.

22. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, cavabdehin mübahisəli tikilini inşa etməsi ilə iddiaçının hüququnun pozuntusu halı sübut edilmir. Belə ki, iddiaçı tələbində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli qərarına istinad edərək həmin qərara görə quyuların, separatorların, qızdırıcı avadanlıqların, neft rezervuarları və nasosları üçün mühavizə zonasının minimum 300 metr müəyyən edildiyini bildirir. Lakin, əraziyə yerli baxış zamanı aydın olmuşdur ki, həmin ərazidə mübahisəli evin sıx qonşuluğunda digər evlər də var. Bundan başqa, mübahisəli evin yuxarıda qeyd edilən qurğulardan hər hansı birinə icazə verilən məsafədən daha az məsafədə yerləşməsi iş materialları və işin halları ilə sübut olunmur.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

24. Belə ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/8176 nömrəli tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin məlumatında qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 260 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində 1 (bir) mərtəbəli yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “X5 Kompani S.A.” şirkətinin istifadəsinə verilmiş “Kontrakt sahəsinin” hüdudları daxilində yerləşir. Sözügedən torpaq sahəsinə dair heç bir sənəd təqdim edilməmişdir.

25. İşin müəyyən edilmiş hallarına əsasən ünvan 1 ünvanında olan özbaşına tikili cavabdeh tərəfindən “X5 Kompani S.A“ Şirkətinin sərəncamına verilmiş neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan torpaq sahəsində inşa edilmişdir. Cavabdeh mübahisəli torpaq sahəsində həmin tikilinin inşa edilməsinə icazə verən hər hansı hüquqverici sənəd təqdim edə bilməmişdir.

26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən tikili “X5 Kompani S.A“ Şirkətinin sərəncamına verilmiş neft-qaz əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş torpaq sahəsində qanunsuz olaraq inşa edildiyindən hazırki iş üzrə iddia tələbi təmin edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(010)- 4248/2021 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunsun. ünvan 1 415490.00 m B 4477137.00 m C koordinatlar üzrə yerləşən tikili özbaşına tikili sayılaraq sökülsün. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi nümayəndəliyin istifadəsinə qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza xərci olan 50 (əlli) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar