Məhkəmə qərarları › İş №2(103)-11204/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11204/2021

07.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11204/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Xumar Afət qızı Mərdanovanın sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Cavabdeh1, onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(009)- 1833/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsində istifadədə olan 9 nömrəli, 2 mərtəbəli binada 52.1 kv.m ümumi, 42.1 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsində istifadədə olan 9 nömrəli, 2 mərtəbəli binada 52.1 kv.m ümumi, 42.1 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə onun, yəni İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 göstərilən mənzildə yaşayırlar. Hal-hazırda cavabdehlərin yaşadığı mənzil qanuni çıxarışla onun mülkiyyətindədir. Cavabdehlərin bu ünvanda yaşaması üçün heç bir hüquqi əsas, o cümlədən mülkiyyətçi və cavabdehlər arasında notarial qaydada təsdiq olunmuş müqavilə yoxdur, onların bu ünvanda qeydiyyatı tamamilə formal xarakter daşıyır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlər onun bacısı və onun qızlarıdır. O, mübahisəli mənzili 1995-ci ildə qardaşının vasitəsi ilə almışdır. Belə ki, 1995-ci ildə onun Bakı şəhərində qeydiyyatı olmadığı üçün o, qardaşına pul verərək özü üçün ev aldırmış və 1996-cı ildə həmin mənzil dövlət reyestrində qardaşının adına qeydiyyata alınmışdır. Daha sonra mənzili öz adına keçirmək istəyərkən qardaşının həyat yoldaşı buna qarşı çıxmış və ona görə də, o, məhkəməyə müraciət etmişdir. 1997-ci ildə məhkəmənin qətnaməsinə əsasən həmin mənzil onun mülkiyyəti hesab edilmişdir. 2003-cü ildə cavabdehlərin xahişi ilə onların müvəqqəti olaraq ona məxsus mənzildə qeydiyyata düşmələrinə icazə vermişdir. Cavabdehlər təxminən 2014-cü ilə qədər başqa ünvanlarda yaşamışlar, sonra cavabdehlərin xahişi ilə o, cavabdehlərin onun mənzilində yaşamalarına razılıq vermişdir. Mənzilin kommunal xərclərini həm o, həm də cavabdeh olan bacısı ödəmişdir. Artıq o öz oğlunu evləndirmək istəyir, lakin cavabdehlər könüllü olaraq mənzildən çıxmaq istəmirlər. Ona görə də, cavabdehlərin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(009)-1833/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 9 saylı evin 10 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, övladları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə 2003-cü ildən qeyd olunan mənzilə qeydiyyata düşməklə 2014-cü ilədək müəyyən fasilələrlə, 2013-cü ildən hal-hazıradək isə fasiləsiz olaraq həmin mənzildə yaşayır, mənzilin komunal xərclərini 2013-cü ildən iddiaçı, bacısı İddiaçı Məmmədəli qızı ilə birlikdə ödəyirlər, onun və qızlarının həmin mənzildən başqa yaşamaq üçün heç bir yerləri imiz yoxdur, iş materiallarında olan ******* №-li, 05.07.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, o 10 sentyabr 2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin mənzildə onunla birlikdə Cavabdeh2, X8, Cavabdeh3 və İddiaçı Məhəmmədəli qızına qeydiyyatdadırlar, 58 saylı Səbail Rayon MKTB-nin 206 saylı 02 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, o, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Cəfərov Qardaşları küçəsi, 9 saylı evin 10 saylı mənzilinə 09.09.2003- cü ildə qeydiyyata düşüblər. Səbail rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasma və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı nəzərə alınmamışdır. Prosessual hüquq normaları pozulmuş və bu məhkəmə tərəfindən qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçıya məhkəmə kollegiyasının iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyatorun şikayəti qətnamənin ləğvinə və iddianın rədd olunmasına yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, Səbail Rayon Məhkəməsinin 2-282/1997 saylı, 01 may 1997- ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Məmmədəli qızının cavabdehlər X6 və başqalarına qarşı alğı-satqı müqaviləsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılmalarına dair iddiası təmin edilərək, X2 ilə X6 arasında Bakı şəhəri, Cəfərov Qardaşları küçəsindəki 9 №-li evin 10 № li mənzilinin alğısatqısına dair 23 noyabr 1995-ci il tarixli müqaviləsi Bakı şəhəri İH-nin Texniki İnventarlaşdırma və MHQ idarəsinin X3 adına vermiş olduğu 03.04.1996-cı il tarixli 13 №-li qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, X3 ailəsi ilə Bakı şəhəri, Cəfərov Qardaşları küçəsindəki 9 №-li evin 10 №-li mənzilindən çıxarılmaları, X1 24 milyon manat pul tutulub X4 verilməsi qət edilmişdir. 30/2002 saylı, 30.12.1997-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Cəfərov Qardaşları küçəsi, 9 saylı evin 10 saylı mənzilin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Məmmədəli qızının adına qeydiyyatdan keçirilmişdir. Daşınmaz əmlakın Dövlət Reyestrindən 01.11.2007-ci il tarixli, ********* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsində istifadədə olan 0.0447 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada 52.1 kv.m ümumi, 42.1 km.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 559 nömrəli reyestr kitabının 51489 nömrəli vərəqində qeydiyyta alınmışdır. ******* №-li, 05.07.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 10 sentyabr 2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh1 və onun övladlarının mübahisəli mənzilə istifadə hüququ yaranmadığından onlar mənzildən çıxarılmalıdırlar. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinın qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri. uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya”nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı) Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı mübahisədə cavabdehinin sözügedən mənzildə yaşaması və iddiaçının tələblərinə baxmayaraq, həmin mənzili tərk etməməsi nəticəsində iddaçının müllkiyyət hüququ pozulmuş, lakin bu pozuntunun qanunçuluğun tələbinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməsi, eləcə də mütənasib olması məhkəmə tərəfındən müəyyən edilməmişdir. O da nəzərə alınmalıdır ki, müdafıəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ona sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə sahiblik etməyi də ehtiva edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Cavabdehlərin mübahisəli mənzildə yaşamalarına imkan verən notarial qaydada razılıq isə verilməmişdir. Belə olan halda, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(009)-1833/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar