Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1121/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(001)- 3063/2024 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə izah verilməsi barədə iş üzrə (açar sözlər: izah verilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(001)- 3063/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə məhkəmə icraatı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(001)- 3063/2023 saylı qərardadı ilə ərizə təmin edilərək, izah edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(001)-3063/2024 saylı qətnaməsində qeyd olunan “məcburi işburaxma müddəti üçün əmək haqqı” anlayşının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinin tələbləri baxımından “orta əmək haqqı”nın əhatə etdiyi nəzərə alınması qərara alınmışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(001)-3063/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, orta əmək haqqı - işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Qeyd edilir ki, İddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi publik hüquqi şəxsi arasında bağlanmış müddətli əmək müqaviləsində işçiyə vəzifə maaşına əlavə və ona hər hansı mükafatın verilməsi nəzərdə tutulmamışdır (müqavilənin 4.2- 4.6 bəndləri) hesab edirlər ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(001)- 3063/2024 saylı qətnaməsində qeyd olunan “məcburi işburaxma müddəti üçün əmək haqqı” anlayşının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinin tələbləri baxımından “orta əmək haqqı”nın əhatə etdiyi nəzərə alınması kimi izah edilməsinə ehtiyac belə yoxdur. Belə ki, hər halda işçinin əmək müqaviləsində ona hər hansı əlavələrin ödənilməsi nəzərdə tutulmadığından ona “məcburi işburaxma müddəti üçün əmək haqqı” tam qaydada ödənilmiş və icra sənədi tam qaydada icra edilmişdir. Belə olan təqdirdə İddiaçı izahla bağlı məhkəməyə müraciət etməsinin və məhkəmənin qəbul etdiyi qərardadın heç bir hüquqi əsası yoxdur. Bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-3063/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(001)3063/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmamış və şikayətin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. İddiaçı şikayətə qarşı etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində heç bir əsas olmadan ona Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən töhmət verilmiş, xx.xx.2023-cü il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qanunsuz və əsassız olaraq olaraq işdən çıxarılmışdır. Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə töhmətin ləğvi, işə bərpa və məcbur iş buraxmaya görə əmək haqqı tələbi ilə müraciət etmiş, iddiası tam təmin olunaraq töhmət əmri və əmək müqaviləsinin xitam əmri ləğv olunmuş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3063/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi icra edilərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra Agentlik) Mərdəkən reabilitasiya pansionatına, mülicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə bərpa olunmuşdur. Bərpa olunduqdan sonra xx.xx.2024-cü il tarixində məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı daxil olmuş, əmək haqqının lazım olan miqdardan az daxil olduğunun fərqinə varanda mühasibatlığa yaxınlaşmış, baş mühasib İlhamə Hacıyeva ona cavabında bildirmişdir ki, məcburi iş buraxmanın əmək haqqı hesablanarkən müəyyən dövrlərdə (bayram günlərində və s.) ayrılan həvəsləndirici mükafatlar ödənilmir çünki Agentliyin Hüquq Departamenti buna icazə vermir. Onun əmək haqqı hesablanarkən Agentlik tərəfindən onun sənədləri təhkim olunmuş icra məmuruna bir neçə dəfə zəng edilərək həmin həvəsləndirici mükafatların verilib verilmədiyinin məlumatı alınmışdır və cavabında təbii ki, hesablanmalıdır cavabı verilsə də hesaba alınmamışdır. İcra şöbəsi tərəfindən bir neçə dəfə Agentliyə həvəsləndirici mükafatların verilməsi ilə bağlı məktub yazılsa da müsbət cavab verilməmişdir. xx.xx.2024-cü il tarixdə tərəfindən Binəqədi rayon İcra şöbəsinin rəisinə həvəsləndirici mükafatların ona ödənilməsində köməklik göstərmələri ilə bağlı ərizə ünvanlanmışdır. İcra şöbəsi Binəqədi Rayon Məhkəməsindən 2(001)-3063/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına müvafiq izahın verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixində məhkəmə prosesi keçirdərək (cavabdehə məlumat verilsə də prosesdə iştirak etməmişdir) ərizənin təmin edilməsi haqqında qərardad çıxarılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Digər ödənclərin məcmusuna müəyyən dövrlərdə alınan həvəsləndirici mükafatlar aid edilir. Həmin həvəsləndirici mükafatlar nəinki Mərdəkan reabilitasiya pansionatının işçiləri, Respublikada olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bütün pansionatlarına aid olunur. Adı çəkilən həvəsləndirici mükafatlar qeyri-müəyyən bir məbləğin deyil xüsusi əmr formasında əmək haqqının müəyyən bir faizini təşkil edir (məsələn: əmək haqının, 25%-i, 50%-i, 70%-i və s.). Yəni həmin həvəsləndirici mükafatların qaynağı əmək haqqıdır. Həvəsləndirici mükafatlar Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsində (“Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər”) öz əksini alır. xx.xx.2023-cü il tarixdə ona əsassız töhmət verildiyindən “8 Mart” və “Novruz bayramı”na da ayrılan həvəsləndirici mükafatları ona verilməmişdir (yəni bu 2 bayram ərafəsində hə pansionatda işləyirdim, xitam əmrim xx.xx.2023-cü il tarixində verilmişdir). xx.xx.2023-cü il tarixində olan töhmət əmri ləğv olunduğundan xx.xx.2023-cü ildən, işdən yenidən azad olunduğu tarixə qədər yəni xx.xx.2024-cü il tarixinədək olan həvəsləndirici mükafatlar hesablanaraq hesabına əlavə olunmasını xahiş edir. O, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən qeyri-qanuni və ya hər hansısa bir şəxsin şəxsi kapitalından ona ödəniş etməsini istəmir, qanunsuz olaraq o, işdən azad olunmasaydı hansı ödəncləri alacaqdısa tam şəkildə ödənişin həyata keçirilməsini tələb edir. Məcbur iş buraxma müddəti - müəssisənin təqsiri üzündən işçinin öz əmək funksiyalarını yerinə yetirilməsi mümkün olmadığı müddətə deyilir. İş buraxma dövrü onun təşəbbüsü ilə olmamış, Agentliyin təqsiri üzündən məcbur iş buraxmada olmuşdur. O, işə bərpa olunduqdan sonra dəfələrlə Agentliyə məzuniyyətə buraxılmağı haqqında ərizə ilə müraciət etsə də müraciətinə cavab olaraq bildirmişlər ki, məcbur iş buraxmada məzuniyyət nəzərdə tutulmayıb. Onu məzuniyyətə buraxmadıqları üçün məzuniyyət müavinətini də ala bilməmişdir. Agentlik məcbur iş buraxmada məzuniyyət dövrünün formalaşmadığını bildirsə də Əmək Məcəlləsinin 132-ci maddəsinin (məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər) b bəndi (qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü) bunun tam əksini deyir. Möhtərəm hakim, yuxarıda da qeyd etdiyi kimi onu işə bərpa etdikdən sonra yenidən xx.xx.2024-cü il tarixində qanunsuz olaraq işdən azad etmişlər. Məhkəmə işi yenidən Binəqədi Rayon Məhkəməsində davam edir. Halhazırda işsizdir, öhdəliyində 4 yaşında körpə övladı var və onu təkbaşına böyüdür, əsasən də qış aylarında işsiz, əmək haqqısız qalmaq nə qədər çətin olduğunu sözlə ifadə edə bilmər. Qış ayıdır, övladını yaxşı qidalandıra bilmir, immuniteti çökmüş vəziyyətdədir, gələcəyin əsgəridir, evin istiliyini lazımı qədər təmin edə bilmir, övladı tez-tez xəstələnir tək evdə qoyub iş axtarışlarına da gedə bilmir. Həmin məbləğə həqiqətən də böyük ehtiyacı var və həmin həvəsləndirici mükafatlar qanunla da ona nəzrədə tutulmalıdır. Bu qədər qanunsuzluq edən, Azərbaycan Respublikasının qanunlarına zidd hərəkətlər edən Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə “Dayan” sözünü Dövlətimiz və qanunlarımız deməlidir. Cavabdehin apellyasiya şikayətində tutarlı fakt dəlil göstərilməmiş, şikayəti əsaslandıran mötəbər hüquqi sübut növləri təqdim edilməmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülahizələrdən ibarət olduğundan ona etiraz edir. Ona görə də cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-3063/2023 nömrəli Qərardadını dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 16.
1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
3. Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.
4. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Maddə 132.
1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü; c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. Maddə 154.
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 177.
1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.
4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.
5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.
6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 300. 1.Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 2.İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 14.1. İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2.kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(001)- 3063/2024 saylı qətnaməsinə əsasən, Cavabdeh 3-17-4/3-2-8962023 nömrəli, xx.xx.2023cü il tarixli əmri ləğv edilməklə yanaşı, iddiaçının X1 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. İcra məmuru ərizəsində borclu Cavabdeh xx.xx.2024-cü il tarixində Binəqədi rayon İcra şöbəsinə müraciət edərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsində mükafatların ödənilməsi nəzərdə tutulmadığından həmin hissədə tələbin əsassız olduğunu bildirməsi ilə əlaqədar “məcburi işburaxma müddəti üçün əmək haqqı” ifadəsinin aydınlaşdırılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Orta əmək haqqının hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsi ilə təsdiq edilmişdir. Eyni zamanda, orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər Nazirlər Kabineti tərəfindən müəyyən edilir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 126 saylı qərarı ilə təsdiq edilmiş Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı) Qanunsuz olaraq işdən çıxarılmış işçilərin müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsidir. Qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə əmək mübahisəsinə baxan məhkəmə işdən çıxarıldığı gündən etibarən məcburi iş buraxdığı müddət üçün orta əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edir. Əgər məhkəmə qətnaməsinə əsasən işçinin işdən azad edilməsi qanunsuz hesab edilərsə, o zaman, işçi öz iş yerində bərpa edilməli, və müəssisə işçiyə məhkəmə müddətində yaranan bütün məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödəməlidir. Belə ki, ƏM-in 300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsini ƏM-in tələblərinə əməl etmədən, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə məcburi iş buraxma müddəti üçün işçiyə əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. ƏM-in 300-cü maddəsinin - qeyd hissəsinə əsasən isə bu hallarda, işçiyə - işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddət üçün orta əmək haqqı ödənilir. İstinad olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3063/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.