Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11215/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC-nin üzərinə mənzillərin təhvil verilməsi və mənzilə dair sənədləşdirmə işinin aparılması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 18.10.2021-ci il tarixli qərardad ilə iddia ərazini geri qaytarmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.10.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 152.1.5-ci maddəsinə əsasən qaytarmış Rayon Məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş məbləğə (100 manat) uyğun deyil; ödənilmiş məbləğ azdır (30 manat). Bundan başqa, iddia ərizəsinin məzmununa riayət edilməmişdir. Qərardaddan verilmiş şikayət isə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi poçta verilən 30.09.2021-ci il tarixdə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq tərtib olunmuş və həmin tarixdə tələb olunan məbləğə uyğun dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Qanuna və MPM-yə edilmiş dəyişikliklər 01.10.2021-ci il tarixdə qüvvəyə minmişdir. Bundan başqa, iddia ərizəsinin məzmununa riayət edilmişdir. İddia ərizəsinin qəbulu məsələsini müzakirə etmiş Rayon Məhkəməsi isə bu halı nəzərə almamışdır. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə bildirir ki, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə görə, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Qanunun bu tələbi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 22.06.2020-ci il tarixli 352-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. İş vərəq 4 də olan “poçt qəbzindən” görünür ki, iddia ərizəsi 30.09.2021-ci il tarixdə poçta verilmişdir. 01.10.2021-ci il tarixdə qüvvəyə minmiş dəyişikliklərə qədər qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə görə, məhkəməyə iddia ərizəsi verilərkən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. Apellyasiya şikayəti verilərkən, ödənilməli olan dövlət rüsumunun məbləği, yuxarıda qeyd edilən dövlət rüsumunun 50 faizini təşkil etməlidir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi göstərilən əsasla iddia ərizəsinin qaytarılması barədə səhv qərardad qəbul etmişdir. Bundan başqa, iddia ərizəsinin məzmunundan da görünür ki, ərizənin məzmunu 01.10.2021-ci il tarixdə qüvvəyə minmiş dəyişikliklərə qədər qüvvədə olan MPM-nin 149cu maddəsində müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16.07.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09.07.2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi göstərilən əsasla iddia ərizəsini qaytarmaqda haqlı olmamışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, şikayətin dəlilləri fomal mülahizə xarakteri daşımır. Barəsində şikayət verilmiş qərardad səhvdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2021-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbi barədə” iddia ərizəsinin icraata qəbul olunması məsələsinə yenidən baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-11215/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11215/2021
12.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver