Məhkəmə qərarları › İş №2(103)-11216/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11216/2021

11.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11216/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "mənzil münasibətləri üzrə sair mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə mənzillərin təhvil verilməsi və sənədləşdirmə işinin aparılması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(005)- 5192/2021 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız, qeyri-qanunidir, belə ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən, yəni poçt rabitəsi orqanına təhvil verilərkən (30 sentyabr 2021-ci il tarixdə) qiymətləndirilməyən iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 10 manat təşkil etmişdir. Həmçinin iddia ərizəsinin forma və məzmunu ilə bağlı məhkəmənin istinad etdiyi Mülki Prosessual Məcəllənin 149.2 və 149.3-cü maddələri 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmişdir. Məhkəmə hazırki qərardadla iddiaçının vəziyyətini ağırlaşdıran normativ hüquqi aktı geriyə tətbiq etməklə onu əlverişsiz vəziyyətə salmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını iddia tələbi üzrə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi və MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş forma məzmununa əməl edilməməsi ilə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklik edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Lakin iş materiallarından iddia ərizəsinin 30 sentyabr 2021-ci il tarixində kuryer xidmətinə təqdim edilməsi müəyyən olunmuşdur və iş materiallarında bunu təkzib edən hər hansı başqa sübut yoxdur. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun keçid müddəalarının 2.1-ci bəndinə əsasən qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Ona görə də qərardad ləğv olunmalı, iş qeyd edilən hallar araşdırılaraq iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(005)- 5192/2021 nömrəli qərardadı ləğv edilsin və və iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan qətidir və ondan şıkayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar