Məhkəmə qərarları › İş №2(103)-11219/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11219/2021

15.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11219/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və pul” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 17.03.2021-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin d) bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xitam verilməsi barədə cavabdehin 16.05.2021-ci il tarixli 1605/21-13 saylı əmrinin etibarsız hesab olunması, işə bərpa edilməsi, qanunsuz və əsassız işdən çıxarılması ilə bağlı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş № 2(005)-3330/2021) iddia təmin edilmişdir. Məhkəmənin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə qətnamənin nəticə hissəsində yol verilmiş yanlışlıq düzəldilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə arasında 17.03.2021-ci il tarixdə Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci bəndinə əsasən müddətsiz olaraq, işin birinci 2 (iki) ayı sınaq müddəti təyin edilməklə, "Yükdaşımalar üzrə ekspeditor” vəzifəsi üzrə əmək müqaviləsi bağlanmışdır. Ona heç bir yazılı xəbərdarlıq edilmədən, işəgötürənin heç bir əsaslandırılmış əmri olmadan (ən azı işdən çıxarma barədə əmr ilə mən tanış edilməmişəm) əmək müqaviləsinə “Covid-19" pandemiyasının davam etdiyi bir vaxtda əsassız şəkildə ƏM-nin 70-ci maddəsinin d) bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) 16.05.2021-ci il tarixdə ondan xəbərsiz xitam verilmiş (Portalda da həmin tarix qeyd edilir), əmək kitabçası və son haqq-hesabı isə 17.05.2021-ci il tarixdə axşam saatlarında ona verilmişdir. Müqaviləyə göstərilən maddə ilə xitam verilməsi xəbərini o, 17.05.2021-ci il tarixdə işdə olduğu müddətdə bilmişdir. Halbuki, Əmək Məcəlləsinin 53-cü maddəsinin imperativ tələbinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin maddənin 4-cü maddəsinin 2-c bəndinin tələbinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. İddiaçı göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə işin hallarını təhrif etmiş, iddiaçının işdən çıxarılmasının hüquqi əsaslarını düzgün qeyd etməmiş, işdə olmayan sənədlərə və məlumatlara istinad etməklə iş üzrə yanlış nəticəyə gəlmiş və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. İddiaçı və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının və nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunmalı və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı 17.03.2021-ci il tarixdə 1703/21-08 nömrəli əmrlə 2 ay sınaq müddəti ilə "xxxx" MMC-yə "Yükdaşımalar üzrə ekspeditor” vəzifəsinə təyin edilmiş, 16.05.2021-ci il tarixdə 1605/21-13 nömrəli əmr ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən xitam verilmişdir. İddiaçı işdən azad olunmasını və əmək müqaviləsinə xitam verilməsini qanunsuz sayaraq 11.06.2021-ci il tarixdə məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin d) bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xitam verilməsi barədə cavabdehin 16.05.2021-ci il tarixli 1605/21-13 saylı əmrinin etibarsız hesab olunması, işə bərpa edilməsi, qanunsuz və əsassız işdən çıxarılması ilə bağlı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və işin məhkəmə iclasında müəyyən olunan hallarına istinad edərək qeyd etmişdir ki, X1 Sistemində iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəninin “d” bəndinə (tərəflərin iradəsindən asılı olmayan hallar) istinad olunmaqla xitam verildiyi göstərilmişdir. Lakin iddiaçının əmək kitabçasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsininin «a» bəndinə əsasən xitam verildiyi göstərilmişdir. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmri tərtib olunarkən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbi pozulmuş, əmrin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla ƏM-nin müvafiq maddəsi, eləcə də hansı tarixli əmək müqaviləsinə xitam verilməsi göstərilməmişdir. Lakin cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın oldu ki, tərəflər arasında münasibətlər müddətli əmək müqaviləsi olmuş, iddiaçı ilə əmək münasibətinə işəgötürən "xxxx" MMC-nin 01.11.2019-cu il tarixli subpodrat müqaviləsi üzrə işlər bitdiyi üçün işçinin əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları göstərməklə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuş, əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmadan ləğv olunmuş, müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d) bəndinə əsasən xitam verilməsinə baxmayaraq bunun zəruriliyi əsaslandırılmamış, işçi tərəfindən hansı qaydaların pozulması əmrdə göstərilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia müddətinin ötürülmüş olması barədə cavabdehin irəli sürdyü arqument də tamamilə əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Əmək Məcəlləsinin 68, 84, 83, 296.3-cü və s. maddələri ilə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin qanunsuz və əsassız olduğunu, işin hallarının düzgün müəyyən edilmədiyini və maddi hüquq normalarının düzgün tətbiq olunmadığını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş əsas və olduqca ziddiyyətli nəticələrindən biri əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 16.05.2021-ci il tarixli 1605/21-13 saylı əmrinin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə cavab verməməsi, əmrdə zəruri olan bir sıra məlumatların, o cümlədən əmək müqaviləsinin ləğv edilməsinin əsasının, həmin əsasla ƏM-nin müvafiq maddəsinin, eləcə də hansı tarixli əmək müqaviləsinə xitam verilməsinin göstərilməməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən və qətnamə çıxarılarkən işəgötürənin 16.05.2021-ci il tarixli 1605/21-13 saylı əmrinin surəti iş materiallarında olmamışdır və belə olan vəziyyətdə məhkəmənin əmrlə tanış olmadan onun məzmununun Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə cavab vermədiyi qənaətinə gəlməsi anlaşılan deyil. Digər tərəfdən, məhkəmə qətnamədə əvvəlcə əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasının ümumiyyətlə göstərilmədiyini qeyd etsə də, sonrakı ifadələrdə müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d) bəndinə əsasən xitam verildiyini, lakin əmrin əsaslandırılmadığını qeyd etmişdir. Daha sonra məhkəmə X1 Sistemində iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəninin “d” bəndinə (tərəflərin iradəsindən asılı olmayan hallar) əsasən, iddiaçının əmək kitabçasında isə Əmək Məcəlləsinin 68.2-ci maddəsininin «a» bəndinə əsasən xitam verildiyinin qeyd olunduğunu göstərməklə yenə ziddiyyətə yol vermişdir. Əvvəla, iş materiallarında qətnamə çıxarılanadək nə əmrin surəti, nə də X1 Sistemindən çıxarış mövcud olmamışdır. Məhkəmənin bu məlumatları haradan əldə etməsi aydın olmur. Digər tərəfdən, məhkəmənin bu qənaəti iddiaçının iş materiallarında olan əmək kitabçasının surətindəki məlumatlara da uyğun gəlmir. Belə ki, Əmək kitabçasında iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən işdən azad edildiyi qeyd olunmuşdur. Nəhayət, işdən göründüyü kimi cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir. Lakin məhkəmə cavabdehin nümayəndəsinin izahatına istinad edərək onun iddiaçı ilə əmək münasibətinə işəgötürən "xxxx" MMC-nin 01.11.2019cu il tarixli subpodrat müqaviləsi üzrə işlər bitdiyi üçün xitam verildiyini bildirdiyini göstərmiş, hətta onun iddia müddətinin ötürülmüş olması barədə arqumentini əsassız saymışdır. Halbuki, hazırkı işdə iddia müddətinin tətbiqi ilə bağlı hər hansı vəsatət verilməmişdir və işəgötürən "xxxx" MMC yox, "xxxx" MMC-dir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən (MPM-nin 385.1.1 və 385.1.4-cü mad.) qətnamə ləğv olunmalı və yeni qətnamə çıxarılmaqla iddia tələbinə MPM-nin 217, 218, 220-ci maddələrinin tələbinə uyğun şəkildə qiymət verilməlidir. MPM-nin 217.1, 217.3, 217.4-cü maddələrinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırkı işdə iddiaçının tələbi yuxarıda qeyd olunduğu kimi əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi əmək müqaviləsinə xitam verilərkən ona əvvəlcədən yazılı xəbərdarlıq edilməməsinə, hüquqi əsası kimi isə Əmək Məcəlləsinin 53, 75, 84-cü və s. maddələrinə istinad etmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı işəgötürənin 17.03.2021-ci il tarixli əmri ilə 2 ay sınaq müddəti ilə "Yükdaşımalar üzrə ekspeditor” vəzifəsinə işə qəbul edilmiş və 16.05.2021-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndi rəhbər tutulmaqla xitam verilmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş və apellyasiya baxışı zamanı tədqiq olunmuş həmin əmrin surətindən görünür ki, həmin əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə cavab verir. Əmr qanunla müəyyən olunmuş qaydada əsaslandırılmış, əmrdə hansı əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinin səbəbi, Əmək Məcəlləsinin müvafiq normasına (70-ci maddənin “d” bəndinə) istinad etməklə hüquqi əsasları aydın şəkildə göstərilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elə həmin gün, yəni 16.05.2021-ci il tarixdə elektron informasiya sistemində yerləşdirilmiş, əmək kitabçasının surəti iddiaçıya təqdim olunmuş və son haqq-hesab ödənilmişdir. İddiaçının əsas dəlili əmək müqaviləsinə xitam verilməzdən 3 gün əvvəl ona yazılı xəbərdarlıq olunmaması barədədir. İddiaçının fikrincə işəgötürən bu qaydaya əməl etməməklə Əmək Məcəlləsinin 53-cü maddəsinin tələbini pozmuşdur. Maddə 53. İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası

1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, əvvəla işəgötürən tərəfindən əmək müqaviləsinə sınaq müddətinin başa çatması ilə əlaqədar xitam veriləcəyi və əmək müqaviləsinin müddətinin uzadılmayacağı barədə iddiaçının whatsap nömrəsinə müvafiq məlumat (xəbərdarlıq) göndərilmişdir və bu işin 68-ci vərəqində olan whatsap yazışmasının surəti ilə təsdiq olunur. Qeyd olunan hal iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu xəbərdarlığın Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq 3 gün əvvəldən edilməməsi işəgötürəni sınaq müddəti başa çatanadək özünü doğrultmamış işçinin əmək müqaviləsinə xitam vermək hüququndan məhrum etmir. Belə ki, Əmək Məcəlləsinin 53-cü maddəsinin 4-cü hissəsinə görə sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Bu isə onu göstərir ki, göstərilən əsasla əmək müqaviləsinə xitam verilməsi üçün ilk növbədə sınaq müddəti hələ başa çatmamalı və işçi bu müddət ərzində özünü doğrultmamalıdır. Hazırkı işdə də iddiaçı ilə bağlanmış əmək müqaviləsi üzrə sınaq müddətinin başa çatdığı gün 17.05.2021-ci il tarixdir və işəgötürən həmin tarixə bir gün qalmış iddiaçıya yazılı xəbərdarlıq etməklə əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsinə xitam verilərkən hər hansı pozuntuya yol verilməsi müəyyən edilmədiyindən iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehin 16.05.2021-ci il tarixli 1605/21-13 saylı əmrinin etibarsız hesab olunması, işə bərpa edilməsi, qanunsuz və əsassız işdən çıxarılması ilə bağlı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar