Məhkəmə qərarları › İş №2(103)-1122/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1122/2020

05.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1122/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X9 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Məmmədovadan katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)- 2207/2019 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların övladları X5 və X1 ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi və onların əşyaları ilə birgə çıxarılması, həmçinin digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh6 və onun azyaşlı övladları X16, X10 ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X2 arasında bağlanmış xx xxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 iddiaçı tərəfindən alınmış və xx xxxxxx 2005-ci il tarixdən onun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Həmin alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Ona görə də əvvəlki mülkiyyətçinin övladları Cavabdeh3 və Cavabdeh4 mübahisəli mənzilə münasibətdə istifadə hüquqlarını itirmişdir. Həmçinin, cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, Cavabdeh9, Cavabdeh6 və onun azyaşlı övladları X16, X18 mübahisəli mənzildə heç vaxt yaşamamışdır, ona görə də həmin cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Həmçinin Cavabdeh1 xx xxxxxxxx 2013-cü ildə onun qardaşı Cavabdeh2la rəsmi nikaha daxil olmuş və onun mülkiyyətində olan mənzilə gəlin gələrək cehiz əşyalarını ora yerləşdirmişdir. Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur, uşaqlar Neymətzadə Xədicə və Neymətzadə Mədinə anaları Cavabdeh1 yanında saxlanılmışdır. Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların övladları X5 və X1 ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi və onların əşyaları ilə birgə çıxarılması, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh6 və onun azyaşlı övladları X16, X10 ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)- 2207/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ünvan 1 ünvanına dair istifadə hüququna xitam verilməsi və Cavabdeh1 ünvan 1 ünvanından çıxarıması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə uşaqlar Cavabdeh1 yanında saxlanıldığı üçün, məhkəmənin uşaqlara münasibətdə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Məhkəmə Cavabdeh2 münasibətdə iddianı təmin etməməklə, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh2 Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən iddiaçının ailə üzvü deyildir. Buna görə də, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən üç şərt mövcud deyildir. Həmin şərtlər istifadə hüququnun əmələ gəlməsi üçün yazılı razılıq olmalı, notariat qaydada təsdiq olunmalı və reyestrdə qeydə alınmalıdır. Həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə məhkəmə iddianı təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Bu zaman əmlakın özgənkiləşdirilməsinə və müvafiq olaraq ona mülkiyyət hüququnun əldə edilməsinə və itirilməsinə dair müddəalarına diqqət yetirməmişdir. Mülki Məcəllənin 139.1, 146.1, 146.2, 203.1-ci maddələrinə əsasən daşınmaz əmlakın özgənkiləşdirilməsi ilə bağlı əqd dövlət qeydiyyatına alındıqdan, yəni əvvəlki mülkiyyətçinin adına olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdən sonra həmin mülkiyyətçi artıq əmlaka olan mülkiyyət, başqa sözlə sahiblik, istifadə və sərəncam hüquqlarını itirir. Həmçinin alğı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmçinin cavabdehlər Cavabdeh5 və qeyrilərinə münasibətdə iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, öz qətnaməsində həmin cavabdehlərin mübahisəli mənzildə yaşamadığının sübut edilmədiyini göstərən məhkəmə həmin cavabdehlərə ünvanlanan bildirişlərin “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmasını, həmçinin 46 kev.m sahəsi olaq mənzildə 15 nəfər şəxsin necə yaşamasını, digər cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmadan işə baxıldığını nəzərə almamışdır. Qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, onun xeyrinə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, iddiaçının qardaşı Kamalla xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahlarından Xədicə və Mədinə adlı iki övladları olmuşdur. O, mübahisəli mənzilə 2017-ci ildə qeydiyyata düşmüş və ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. 2017-ci ildən həmin mənzilə qeydiyyata düşsə də, 2013-cü ildən həmin mənzildə yaşamış, cehiz əşyaları da həmin mənzildədir. 2018-ci il tarixli qətnamə ilə onunla həyat yoldaşı Kamal arasında bağlanmış nikah ləğv olunsa da, o, həmin mənzildə yaşamışdır. Onun iki övladı da, həmin mənzildə qeydiyyatdadırlar. Bir neçə ay olar ki, özü həmin mənzildən çızıb, anasının yanına Mingəçevirə getmişdir. Həmin mənzildə o, uşaqları və ailəsi ilə birlikdə yaşayarkən qaynanasının iki qardaş arasında ev bölgüsü belə olubdur ki, mübahisəli evdə o, həyat yoldaşı Kamalla birlikdə yaşasın, Camal isə onlara məxsus torpaq sahəsində ev tikərək orada yaşasın. Belə də oldu, Camal ailə həyatı quraraq, ona verilən torpaq sahəsində ev tikərək, orada yaşamağa başladı. Məhkəmə kollegiyasını iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə öz apellyasiya şikayətlərini müdafiə etdi, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbi və öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın tam olaraq təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil epdir. Belə ki, cavabdeh qətnaməni özünə aid təmin edilən hissədə, iddiaçı tərəf isə qətnaməni təmin edilməyən hissədə mübahisələndirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)-2207/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarına əlavə edilmiş AN-İ seriyalı ******* saylı, xx xxxx 2005-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, X6 Bakı şəhəri, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi, ev 12, 1 saylı mənzili İddiaçı satmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən iki ay müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. İş materiallarından 25 saylı X14 rəsmiləşdirilməsi aparılmış 4Ə/İ-77 saylı notariat işinin təsdiq olunmuş surətindən görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 notariat qaydada təsdiq olunmuş ərizələr yazaraq, ataları X6 tərəfindən Bakı şəhəri, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi, ev 12, 1 saylı mənzilin satılmasına etiraz etməmişlər. İş materiallarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10, eyni zamanda X3, X16, X18, X4, X7, X23, X8, X11, X12, Əhmədov Vüqar Babaş oğlu, X5 Bakı şəhəri, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi, ev 12, 1 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 notariat qaydada təsdiq olunmuş ərizələr yazaraq, ataları X6 tərəfindən Bakı şəhəri, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi, ev 12, 1 saylı mənzilin satılmasına etiraz etmədiklərindən, onlara münasibətdə iddia tələbi əsaslı olmaqla təmin olunmalıdır. İş materiallarından Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3059/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2013-cü ildə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 iddiaçı Cavabdeh1 yanında qalması, uşaqların saxlanılmaları üçün Cavabdeh2 iddiaçı Cavabdeh1 xeyrinə tutulması qət olunmuşdur. Tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh2 iddiaçının qardaşı olmaqla, mübahisəli evdə 2006-cı ildən qeydiyyatda olmaqla yaşamış, 2013-cü ildə Cavabdeh1 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, Cavabdeh1 mübahisəli evə gəlin gəlmiş, 2018-ci ildə onlar arasında nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 2 uşaq Cavabdeh1 yanında saxlanılmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda, Cavabdeh2 münasibətdə tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığı üçün, hazırkı mübahisə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MM-nin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. MM-nin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2 maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Hazırki iş üzrə Cavabdeh2 ilə iddiaçı olan mülkiyyətçi ilə aralarında yuxarıda sadalanan mütləq şərtlər yerinə yetirilməmiş, bu hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Kollegiya işin faktiki hallarının məcmusunu və Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, hesab edir ki, Cavabdeh2 mübahisəli evə istifadə hüququ yaranmamışdır. Buna görə də, iddia tələbi ona münasibətdə qismən təmin olunmalı, cavabdeh mübahisəli evdən əşyaları ilə birlikdə çıxarılmalıdır. Cavabdeh1 münasibətdə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq olunmaqla, mübahisə həll olunmalıdır. Hüquq münasibətlərinin yarandığı zamanı qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olmaqla, Cavabdeh1 ondan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs deyildir və ona görə də, cavabdeh iddiaçı olan mülkiyyətçinin ailə üzvü və digər qohumu hesab edilmədiyindən, onun həmin evə istifadə hüququ yaranmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”- nun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Kollegiya qeyd edir ki, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X8 məhkəmə qətnaməsi ilə anaları olan iş üzrə cavabdeh Cavabdeh1 yanında saxlanıldıqlarından, onların yaşayış yeri qanuni nümayəndəsi olan anaları Cavabdeh1 yaşayış yeri olmalıdır. Buna görə də, iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin edilməli, Cavabdeh1 övladları X5 və X8 ilə birlikdə əşyaları ilə mübahisəli evdən çıxarılmalıdırlar. Kollegiya digər cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 münasibətdə hesab edir ki, onlara aid hissədə iddia təmin olunmalıdır. Belə ki, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizələr göndərərək, istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını və etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4 maddəsinin tələbinə görə cavabdehlər tərəfindən iddia etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 iddianı etiraf etməsinə yönəlmiş ərizələrinə iş üzrə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək hesab edir ki, həmin etiraf qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iddia tələbi Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6 və onun azyaşlı övladları X16, X10 ünvan 1-ə istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən Cavabdeh10 münasibətdə iddianın verilməsinə əsas, cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlıdır. Kollegiya hesab edir ki, Cavabdeh10 mübahisəli mənzilə istifadə hüququnun yaranmasının əsasları müəyyən olunmadığından, ona münasibətdə iddia təmin olunmamalıdır. Kollegiya qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun qorunmasını təmin etmək üçün iddianın təmin edilməməsi barədə qətnamə Cavabdeh10 qeydiyyatdan çıxması üçün əsas hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)-2207/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və onların övladları X5 və X8 ünvan 1 ünvanından əşyaları ilə birgə çıxarılsınlar. Cavabdeh3 və Cavabdeh4 ünvan 1-ə istifadə hüquqlarına xitam verilsin. Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6 və onun azyaşlı övladları X16, X10 ünvan 1-ə istifadə hüquqlarına xitam verilsin. İddia tələbi Cavabdeh10 aid hissədə təmin edilməsin. Qətnamə Cavabdeh10 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar