Məhkəmə qərarları › İş №2(103)-1122/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1122/2025

10.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1122/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2864/2024 saylı qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 Sürət oğlunun və Cavabdeh1 azyaşlı uşaqları və əmlakları ilə birlikdə, həmçinin icra vaxtı mənzildə olan digər şəxslərin, onun mülkiyyətində olan yeni qaydalarla AZ1052, ünvan 1 ünvanında yerləşən, sahəsi 71,10 kv.m. olan 2 otaqlı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2864/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 Sürət oğlunun və Cavabdeh1 uşaqları və əşyaları, eləcə də onlarla yaşayan digər şəxslərlə birlikdə ünvan 2 ünvanında yerləşən 71,10 kv.m sahəsi olan 2 otaqlı mənzildən çıxarılması, iş üzrə ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 Sürət oğlundan və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2864/2024 saylı qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətini baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2864/2024 saylı qərardadı ilə onun şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2864/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin formasına (məzmununa) və qaydasına dair tələblər əks olunmuş və bu tələblərə riayət edilməməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Həmçinin, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklələrlə apellyasiya şikayətinin forması (Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) məzmun etibarı ilə dəqiqləşdirilmişdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2864/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya şikayəti 2 saylı əlavədə göstərilən formaya uyğun tərtib edilməmiş, o cümlədən şikayətə yalnız 2 maddi və 1 prosessual hüquq normasının məzmunu köçürülmüş, maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlillər isə ümumiyyətlə göstərilməmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna dair tələblərə riayət edilmədən verilməsi əsası ilə geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2864/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (forma və məzmun) tələblərinə riayət edilmədən verilmiş və birinci instansiya məhkəməsi bu əsasla apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2864/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar