Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1123/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kommunal borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 dekabr 2024-cü il tarixli qərardaddan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ünvan 1 ünvanında yerləşən 86 saylı mənzilin kommunal borcuna görə 743 manat və qeyri-yaşayış sahəsinə görə 1.564 manat, gecikdirilmiş borca görə 320 manat olmaqla, ümumilikdə 2.627 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus mənzilin və qeyriyaşayış sahəsinin kommunal xidməti ilə bağlı yaranmış borcun tutulması ilə bağlı MMC-nin cavabdehə qarşı irəli sürdüyü iddia artıq məhkəmə baxışının predmeti olmuş və həmin iddiaya dair mülki iş üzrə müvafiq məhkəmə qətnaməsi qəbul edilmişdir. Hazırda isə MMC həmin mənzilin və qeyri-yaşayış sahəsinin kommunal xidməti ilə bağlı yaranmış həmin borcun cavabdehdən tutulması barədə yenidən iddia vermişdir. Eyni tərəflər arasında eyni məsələ ilə bağlı iddiaya məhkəmədə yenidən baxıla bilməz. Bundan başqa qeyd edilməlidir ki, MMC, kommunal borcun ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. İddiaçı MMC həmin qərardaddan şikayət verərək, qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı MMC-nin (yeni) iddia ərizəsində qeyd etdiyi kommunal borc qanuni qüvvəyə minmiş məhkəmə aktında göstərilən borc deyil, yeni borcdur. Bundan əlavə, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən yaşayış binasının sakinlərinin əksəriyyəti öz mənzillərinə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri hələ də əldə etməmiş, bu səbəbdən də, sakinlər tərəfindən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması mümkün olmamışdır. Bu baxımdan MMC kommunal borcların ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərəlməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, daha əvvəl iddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus mənzilin və 113 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin kommunal xidmətlərinə görə 7.371 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh (hazırkı iş üzrə də cavabdeh olan) Cavabdeh ona məxsus mənzil üzrə xx.xx.2021-ci il tarixədək yaranmış kommunal borcun MMC-nin xeyrinə tutulması hissəsində icraata, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğundan xitam verilmişdir. Nərimanov Rayon Məhkəməsi həmin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə isə MMC-nin cavabdeh (hazırkı iş üzrə də cavabdeh olan) Cavabdeh qarşı irəli sürdüyü "xxxx" ilk iddiasının və cavabdehin iddiaçı MMC-yə qarşı irəli sürdüyü “müqavilənin etibarsız hesab edilməsi, edilmiş pul vəsaitinin geri qaytarılması tələbi” barədə qarşılıqlı iddiasının təmin edilməməsini qət etmişdir. Həmin qətnamədən MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə (iş № 2(103)-2672/2024) ilə apellyasiya şikayətinin təmin edilməməsini. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınin xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, MMC-nin kommunal xidmətləri göstərmək səlahiyyəti olmadığı iş materialları və qanunvericilik normaları ilə sübuta yetirildiyindən onun tərəfindən qanunvericiliyin tələblərini pozmaqla bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqavilə də bağlandığı andan əhəmiyyətsiz əqd olmuşdur. MMC yuxarıda qeyd edilən ünvanda yerləşən mənzil və qeyri-yaşayış sahələrinin idarəsini təşkil etmək, kommunal xidmətin və digər idarəçilik işlərinin həyata keçirilməsini təmin etmək səlahiyyəti olmamışdır. Qanunvericiliklə bu səlahiyyət mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən və qanunvericilikdə konkret qeyd olunmuş digər qaydada həyata keçirilir. Bundan sonra MMC yenidən Cavabdeh qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən mənzilin kommunal borcuna görə 3.485 manat və qeyri-yaşayış sahəsinin kommunal borcuna görə 4.000 manat məbləğində pul vəsaitinin, illik 5% olmaqla 3.368 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsi həmin iddiaya dair 2(005)-3021/2024 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin (Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və yuxarıda qeyd edilmiş xx.xx.2024-cü il tarixli qətnamə) olması əsası ilə xitam verilməsini qərara almışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı (iş № 2(103)-6054/2024) ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı tələb edilən kommunal xərclərin aid olduğu dövrü və məbləği dəyişdirməklə, yenidən eyni tələblə eyni cavabdehə qarşı irəli sürdüyü iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, mahiyyəti üzrə baxılmış iddia tələbi ilə bağlı MMC-nin təkrarən müraciət edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-in 153.2.2-ci maddəsinin tələblərinə ziddir. Çünki qeyd edilən maddənin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 dekabr 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1123/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1123/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver