Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11241/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi X2, Cavabdehin vəkili-nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın qaytarılması və kirayə haqqının əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2(003)-2255/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.06.2020-ci il tarixli ilkin alğı-satqı və AN-İ №0763902 nömrəli, 29.06.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələrin etibarsız edilərək ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,05 kv.m sahəsi olan mənzilin qaytarılması, eyni zamanda 10 ay müddətində aylıq 400 manat olmaqla ümumilikdə 4000 manat məbləğində ödədiyi kirayə haqqı ödənişlərinin əvəzinin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 37.05 kv/m olan yaşadığı mənzili satmağa qərara almışdır. İş yeri şəhərdədir və yaşadığı mənzil iş yerindən uzaqda olduğuna, eyni zamanda o ərəfələrdə koronavirusla bağlı gediş-gəliş xərcləri onun üçün artdığına və çətinlik yaratdığına görə mənzili satıb şəhərdə və ya şəhərə yaxın yerdə ev almaq istəmişdir. Mənzilin alğı-satqısı məqsədilə maklerə müraciət etmişdir. Nazim adlı makler, daha doğrusu dəllal mənzilinə Cavabdeh müştəri kimi gətirərək evi qiymətləndirmişlər və evin satış qiymətini 35000 manat məbləğdə olmaqla yarı məbləğin nağd ödənilməsi, geriyə qalan pulun hissə-hissə veriləcəyi barədə razılığa gəlmişlər. Mənzilin satış qiymətinin razılaşması zamanı ailəvi dostları Davud müəllim də iştirak etmişdir. Cavabdehlə mənzilin satış dəyərinin müəyyən edilməsi və ödənilməsi barədə razılaşmalarının şərtlərini Davud müəllim də təsdiq edə bilər. Mənzilin alğısatqısını həyata keçirmək məqsədilə cavabdeh ilə ilk öncə aralarında Bakı şəhəri, 7 saylı notariusda 18 iyun 2020-ci il tarixli İlkin Alğı- Satqı müqaviləsi bağlamışlar. Qeyd edilən müqavilə ilə ona mənzilin satış qiyməti barədə razılaşdıqları 35000 manat məbləğdən 5000 manatı ödənilmişdir. Daha sonra 29 iyun 2020-ci il tarixində cavabdehlə AN-İ №0763902 nömrəli, 29 iyun 2020-ci il tarixli Daşınmaz Əmlakın alğı-Satqı Müqaviləsini bağlamışlar və cavabdeh tərəfindən ona 12000 manat ödənilmişdir. Evin alğı-satqısı üçün razılaşılan 35000 manat məbləğdən 17000 manatı ödənilməsinə baxmayaraq, geri qalan hissənin ödənilməsi barədə danışığa gəldikdə isə cavabdeh tərəfindən söz, verilməsinə rəğmən həmin vəd yerinə yetirilməmişdir. Sonradan Davud müəllimin ona kömək məqsədilə dəfələrlə cavabdehlə telefon danışıqlarına baxmayaraq, cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Göründüyü kimi cavabdeh əvvəldən aralarında olan razılaşmaya əməl etməmiş onun haqqına girərək onu çətin vəziyyətə salmışdır. Artıq 10 aydır ki, o, kirayədə yaşayır. Cavabdehin hərəkətlərindən aşkar görünür ki, onun məqsədi əvvəldən onu aldadaraq mənzilini dəyərindən olduqca ucuz qiymətə və qanunsuz yolla ələ keçirmək olmuşdur. Mərdəkan qəsəbəsində B.Əliyev küçəsi, ev 8, mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 37.05 kv/m olan 1 otaqlı mənzilin dəyərinin daşınmaz əmlak bazarında 35000 manatdan ucuz olmadığını nəzərə alınsa alğı-satqı barədə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu ortaya çıxır və bu da həmin 18 iyun 2020-ci il tarixli İlkin Alğı-Satqı və AN-İ-№0763902 nömrəli, 29 iyun 2020-ci il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqavilələrinin Mülki Məcəllənin 339.2.-ci maddəsinin tələblərinə əsasən etibarsızlığına səbəb olur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 18.06.2020-ci il tarixli ilkin alğı-satqı və AN-İ №0763902 nömrəli, 29.06.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələrin etibarsız edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,05 kv.m sahəsi olan mənzilin qaytarılması, eyni zamanda 10 ay müddətində aylıq 400 manat olmaqla ümumilikdə 4000 manat məbləğində ödədiyi kirayə haqqı ödənişlərinin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2(003)-2255/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aralarında bağlanmış 18.06.2020-ci il tarixli ilkin alğı-satqı və AN-İ №0763902 nömrəli, 29.06.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələrin etibarsız edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,05 kv.m sahəsi olan mənzilin qaytarılması, eyni zamanda 10 ay müddətində aylıq 400 manat olmaqla ümumilikdə 4000 manat məbləğində ödədiyi kirayə haqqı ödənişlərinin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında razılaşmanın şərtləri tam ifadə edilməmiş, qarşı tərəfə də bu fakt sərf etdiyindən işin bu faktiki halları barədə məhkəməyə məlumat verməmişdir. Belə ki işin əsas fakltiki hallarından biri bundan ibarətdir ki, evin alğı-satqısı ilə əlaqədar razılaşdırılmış məbləğin qalan 18000 manat hissəsi pul formasında deyil, BMW 390 L markalı, 99VP258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin də iddiaçıya satılması formasında razılaşdırılıb. Nəqliyyat vasitəsi razılaşmaya əsasən alğı-satqı müqaviləsi imzalanan gün elə həmin notariusda təqdim edilib. Lakin iddiaçının sürücülük vəsiqəsi olmadığından və alğı-satqı tam başa çatmadığından etibarnamə yalnız sürmək üçün verilmişdir. Belə olan təqdirdə etibarnamə iddiaçı ilə faktiki nikah münasibətlərində olan Davud Davudovun həmin dövrdə fərdi sürücüsü olduğundan Cavabdeh tərəfindən X3 adına 29.06.2020-ci il tarixli, ƏN-Vİİ № 306691 seriyalı etibarnamə verilmşdir. Lakin cavabdeh tərəf 17000 manat pulu verdikdən sonra alğı-satqı müqaviləsini bağlamış, sonradan nəqliyyat vasitəsinə dair etibarnaməni ləğv elətdirərək maşını gizli olaraq aparmışdır. Nəqliyyat vasitəsinin axtarışı ilə əlaqədar həmin dövrdə 102 xidmətinə də Fuad Əmirovun adından müraciət də edilmşdir. Lakin iddiaçı mülkiyyətçi olmadığından iddiaçı nəticə əldə edə bilməmişdir. MBA LTD MMC-nin də təqdim etdiyi qiymətləndirmə hesabatından da görünür ki, mübahisəli mənzil dəyərindən iki dəfə aşağı qiymətə satılmışdır. Pulun qalan hissəsinə nəqliyyat vasitəsi ilə əvəzləşdirilsə də sonradan aldadılaraq iddiaçıya təqdim edilən nəqliyat vasitəsi geri götürülmüşdür. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil3 apelyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18.06.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə tərəflər arasında ümumi dəyəri 17.000 manat qiymətləndirilmiş ünvan 3 evin, 4 saylı mənzilinə görə 5000 manatın İddiaçı ödənilməsi, qalan 12000 manatın isə 24.06.2020-ci il tarixədək sənədlər tam hazır olanadək ödənilməsinin Cavabdeh öhdəliyi olması haqqında bağlanmışdır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 29.06.2020-ci il tarixli AN-İ №0763902 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh 18.06.2020-ci il tarixli müqaviləyə əsasən ünvan 3 evin, 4 saylı mənzilinə görə qalan 12000 manatı satıcı İddiaçı notariat ofisində açılmış depozit hesabına ödəmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, tərəflər arasında 18.06.2020-ci il və 29.06.2020-ci il tarixli müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Həmin Məcəllənin 337.2-ci madəsinə görə «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən «Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 339.1 və 339.2-ci maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki işin mübahisə olunmayan halları ondan ibarətdir ki, iş materiallarında olan alğı-satqı müqaviləsindən göründüyü kimi, tərəflər mübahisəli müqaviləni imzalamış, öz iradə ifadələrini bildirmiş və müqavilə üzrə nəzərdə tutulmuş şərtlərlə bağlı öz razılıqlarını bildirmişlər. Yəni, iddiaçı alğı-satqı müqaviləsi ilə mülkiyyətində olan ünvan 3 evin, 4 saylı ünvanda yerləşən yaşayış evini 17.000 manat əvəzində cavabdeh Cavabdeh satılmasını öz iradə ifadəsi ilə təstiq etmişdir. Belə olan halda alğı-satqı müqaviləsi qanunvericiliyin tələbləri nəzərə alınmaqla bağlanmış və müqavilənin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından görünür ki, tərəflər mübahisəli mənzilin alğı-satqısını notarial qaydada həyata keçirmiş, pul vəsaiti cavabdeh tərəfindən notariusun depozit hesabına köçürülmüş, eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya 18.000 manat məbləğində qiymətlədirilmiş “BMW 390 L” markalı, **- VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi verilmişdir. Lakin, nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsinin verilib-verilməməsindən asılı olmayaraq, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini hər-iki tərəf icra etmişdir. Belə ki, qeyd olunan müqavilələrdə, mənzilin müqabilində nəqliyyat vasitəsinin verilməsi öz əksini tapmamışdır. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri iddiaçının subyektiv mövqeyinə əsaslanmaqla formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2(003)-2255/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-11241/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11241/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver