Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11245/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə əsasında nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5376/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə əsasında nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi faktın müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 02.02.1981-ci tarixdə tərtib olunmuş № ******* saylı əmək kitabçasında qeydə alınmış ərizəçinin adının “Yekaterina” olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Ermənistanın Stepanavan rayonunda anadan olmuşdur. 06.02.1980-ci ildə ilk işlə təmin olunanda ona əmək kitabçası açıldı və kitabçanın üzərində X1 qeyd olunmuşdur. Onun adı bütün rəsmi sənədlərdə Yekaterina kimi qeyd olunsa da, əmək kitabçasında “Katya” kimi qeyd olunmuşdur. “Katya” onun adının qısaldılmış növüdür. İlk dəfə əmək kitabçası açılan zaman adının “Katya” kimi qeyd olunmağına elə də əhəmiyyət verməmişdir. Bundan əlavə, bir neçə iş yerlərində işləmiş və sonuncu iş yeri Bakı şəhərində olub. O, şirniyyat şirkətinə işə qəbul olunarkən belə onun əmək kitabçasında adının “Katya” olması ilə bağlı hər hansısa nöqsan tutulmamışdır. Hazırda ərizəçi yaşa görə əmək pensiya vaxtı çatdığından Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayonu xidmət nümayəndəliyinə müraciət etmişdir. Müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yönəldilmişdir. Təqdim edilmiş 02.02.1981-ci il tarixdə tərtib olunmuş № ******* saylı X4 adına olan əmək kitabçasında 25 il 9 ay sığorta stajı qeyd edilmişdir. Lakin, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən 03.12.2009-cu il tarixində verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsində onun “Ərizəçi” kimi qeyd olunmağına baxmayaraq, təqdim etdiyi əmək kitabçasında adı “X7” kimi qeyd edilmişdir. Onun müraciəti ilə əlaqədar olaraq bildirildi ki, sənədlər arasında uyğunsuzluq mövcud olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Sözügedən uyğunsuzluq aradan qalxdıqdan sonra müraciətə yenidən baxıla bilər. Ona məxsus 02.02.1981-ci tarixdə tərtib olunmuş № ******* saylı əmək kitabçasında yanlışlıqla yazılan ad qrafasında “Katya” yazıldığından yaşa görə əmək pensiyanı ala bilmir. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən Ərizəçi ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, X4 adına 02.02.1981-ci il tarixdə tərtib olunmuş № ******* saylı əmək kitabçasının Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5376/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi faktın müəyyən olunması tələbinə dair” ərizəsinin təmin edilməsi, xx.xx.1958-ci il təvəllüdlü X4 adına 02.02.1981-ci il tarixdə tərtib olunmuş ARM № ******* saylı əmək kitabçasının Ərizəçi məxsus olması faktının müəyyən olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə hüquqmüəyyənedici sənədin (əmək kitabçasının) Ərizəçi məxsus olması faktının müəyyən olunması ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruridir. Hazırda ərizəçinin müəyyən etmək istədiyi fakt onun adındakı uyğunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılmasıdır. Belə olduğu təqdirdə məhkəmə tərəfindən ilk öncə hüquqmüəyyənedici sənəddə uyğunsuzluğun aradan qaldırılması üçün ərizəçiyə həmin sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilib-edilmədiyi araşdırılmalıdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi əmək kitabçasını açan müvafiq təşkilata sənəddəki səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Göründüyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyqunsuzluqun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ərizəçinin əmək kitabçasının ona məxsus olması faktı müəyyən ediməklə birbaşa sosial sığorta stajı təsdiq edildiyi üçün məhkəmə qərar qəbul edərkən ərizəçini birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayan şahidlərin ifadələrinə əsaslanmalı idi. Qanunvericiliyin tələblərinə müvafiq olaraq hüquqi əhəmiyyəti olan staj təsdiq edici sənədin şəxsə məxsusluğu faktı yalnız şahid ifadələri əsasında təsdiq edilə bilər. Hesab edir ki, Ərizəçi 02 fevral 1981-ci il tarixli № ******* saylı əmək kitabçasının ona məxsus olmasını təsdiq edən, ərizəçini birgə işdən tanıyan şahidləri (müvafiq şahidlərin əmək kitabçaları) olmadığına görə iş üzrə ərizə təmin edilməməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5376/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə üyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5376/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Leyla Məmmədova tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və ərizəsində göstərilənlərə üyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5376/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Leyla Məmmədova apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə almaqla mülki iş materiallarının tədqiqindən aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, 24 oktyabr 2012-ci il tarixli, AZ-İİ № 979295 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikasının Stepanavan rayonunda anadan olmuşdur və bu barədə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 2012-ci ilin oktyabr ayının 24 günündə 23-Bərpa № ilə qeyd edilmişdir. X3, anası X5r.(İ.vər. 4) İş materiallarında olan, Bakı-Nəsimi RPİ tərəfindən 03.12.2009-cu il tarixdə verilmiş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Stepanavan rayonunda anadan olmuşdur.(İ.vər. 3) İş materiallarında olan, 02.02.1981-ci il tarixdə tərtib edilmiş ARM № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur.(İ.vər. 8 - 11) İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış 20.04.2021-ci il tarixli, **********2 saylı məktubda qeyd edilmişdir ki, təqdim edilmiş 02.02.1981-ci il tarixində tərtib olunmuş № ******* saylı X4 adına olan əmək kitabçasında 25 il 9 ay sığorta stajı qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən 03.12.2009-cu il tarixində verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd olunmağına baxmayaraq, təqdim edilmiş əmək kitabçasında ad “Katya” kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən sənədlər arasında uyğunsuzluq mövcud olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunverciliyin tələbləri baxımından mümkün deyildir.(İ.vər. 6 - 7) Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin adı “Yekaterina” olduğu halda, əmək kitabçasında adı “Katya” kimi qeyd edilmişdir. Bu səbəbdən də Ərizəçi bəzi sənədləşmə işlərində çətinlik çəkir. Məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 05 sentyabr 1958-ci il təvəllüdlü X4 adına 02.02.1981-ci il tarixdə tərtib olunmuş ARM № ******* saylı əmək kitabçasının Ərizəçi məxsus olması faktın müəyyən edilməli olması nəticəsinə gəlməkdə haqlı оlmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquq şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Leyla Məmmədova apelyasiya şikayətində məhkəmə tərəfindən ilk öncə hüquqmüəyyənedici sənəddə uyğunsuzluğun aradan qaldırılması üçün ərizəçiyə həmin sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilib-edilmədiyi araşdırılmalı olduğunu göstərsə də, həmin hallar qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Leyla Məmmədovanın apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5376/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-11245/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11245/2021
14.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver