Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11251/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədova (sədirlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovdan və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdeh Cavabdeh iştirakı ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3965/2021 saylı iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin (həyat yoldaşının, uşaqlarının) qanunsuz zəbt etdikləri ona məxsus Hövsan qəsəbəsi, 14/15-ci məhəllədəki 10 nömrəli evin 40-cı mənzilindən məcburi qaydada çıxarılmalarını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildə anası vəfat etdiyinə görə ona məxsus ümumi sahəsi 69.54 kv.m olan 3 otaqlı mənzilin varisi kimi o və qardaşı tanınmışdır. Varisliklə əlaqədar notariusun çxardığı qərara əsasən evin yarısı ona, yarı hissəsi isə qardaşının adına düşmüşdür. Həmin dövrdə qardaşı öz ailəsi ilə birlikdə bu evdə yaşayırdı. Qardaşı ona təklif etdi ki, valideynlərindən qalan mənzili satmasınlar, ona düşən payın pulunu versin, bu ev ona qalsın. O, bu təklif ilə razılaşmış, notariusda ərizə yazaraq varisliklə onlara qalmış evin qardaşının adına sənədləşdirilməsinə icazə vermişdir. Xeyli müddət gözləmiş, qardaşının pulu verməməsini hiss etmişdir. Təxminən 5 il əvvəl cavabdeh ona müraciət edərək xahiş etdi ki, onun yayının pulunu verib, evi tamamilə öz adına keçirsinlər. O, cavabdehlə razılaşmış, 30.000 ABŞ dollarını cavabdehə vermişdir. Beləliklə, mənzil tamamilə onun adına keçmişdir. Qardaşı ilə danışığa əsasən o, Moskvaya gedib-qayıdana kimi onun ailəsi həmin evdə qalmalı, qardaşı ev alandan sonra isə ailəsini ona məxsus evdən aparmalı idi. Lakin, qardaşı Mosvaya gedə bilməmiş və ev də ala bilməmişdir. Dəfələrlə cavabdehə evi boşaltmağı bildirsə də, o evi boşaltmaqdan imtina edir. Ona görə də, iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3965/2021 saylı mülki iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh iddiaçıya məxsus Hövsan qəsəbəsi, 14/15-ci məhəllədəki 10 nömrəli evin 40-cı mənzilindən çıxarılması, cavabdehlə birlikdə yaşayan ailə üzvlərinin (həyat yoldaşının, uşaqlarının) qanunsuz zəbt etdikləri iddiaçıya məxsus Hövsan qəsəbəsi, 14/15-ci məhəllədəki 10 nömrəli evin 40-cı mənzilindən çıxarılmaları hissədə iddianın rədd edilməsi qət olunmuşdur. İddiaçı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3965/2021 saylı mülki iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni cavabdehlə birlikdə yaşayan ailə üzvlərinin (həyat yoldaşının, uşaqlarının) qanunsuz zəbt etdikləri iddiaçıya məxsus Hövsan qəsəbəsi, 14/15-ci məhəllədəki 10 nömrəli evin 40-cı mənzilindən çıxarılmaları tələbinin rədd edilməsi hissədə mübahisələndirmiş və həmin hissədə qətnamənin dəyişdirilərək tələbinin təmin olunmasını xahiş etmişdir. Kollegiya apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlə birlikdə yaşayan ailə üzvlərinin (həyat yoldaşının, uşaqlarının) qanunsuz zəbt etdikləri iddiaçıya məxsus Hövsan qəsəbəsi, 14/15-ci məhəllədəki 10 nömrəli evin 40-cı mənzilindən çıxarılmaları tələbinin rədd edilməsi hissəsində mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə Kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İş üzrə iddiaçı teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəfln iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cvabdehin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3965/2021 saylı mülki iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi qismən- cavabdehlə birlikdə yaşayan ailə üzvlərinin (həyat yoldaşının, uşaqlarının) qanunsuz zəbt etdikləri iddiaçıya məxsus Hövsan qəsəbəsi, 14/15-ci məhəllədəki 10 nömrəli evin 40-cı mənzilindən çıxarılmaları tələbinin rədd edilməsi hissədə (mübahisələndirmiş hissədə) ləğv olunmalı və iddia həmin hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizədə iddiaçının tələbi, öz tələblərini əsaslandırdığı hallar göstərilməlidir. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (151.1, 149.2.3, 152.1.1). Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair qeyd edilən müddəaları tələb edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələb konkret və aydın olmalı, öz tələblərini əsaslandırdığı hallar ərizədə dəqiq göstərilməli, başqa sözlə verilmiş tələb əsasında məhkəmə icraatının başlanması və tələb üzrə çıxarılacaq qərarın icrası mümkün olmalıdır. Sadalanan tələblərə cavab verməyən iddia ərizəsi üzrə icraat qeyri-mümkün hesab edilməli və hakim tərəfindən geri qaytarılmalıdır. Hazırkı işdə iddiaçının tələbi Cavabdeha qarşı yönəlmişdir, lakin cavabdehlə bərabər onun həyat yoldaşının və uşaqlarının da mənzildən çıxarılması xahiş olunsa da, həmin şəxslərin kim olmaları müəyyən edilmir və həmin şəxslər cavabdeh kimi qeyd edilməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cür iddia MPM-in 149.2.3-cü maddəsində ifadə edilmiş “tələb” anlayışına cavab vermir və məhkəmə icraatının başlanması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə müvafiq olaraq, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın cavabdehlə birlikdə yaşayan ailə üzvlərinin (həyat yoldaşının, uşaqlarının) qanunsuz zəbt etdikləri iddiaçıya məxsus Hövsan qəsəbəsi, 14/15-ci məhəllədəki 10 nömrəli evin 40-cı mənzilindən çıxarılmaları tələb hissəsi MPM-in 149-cu maddəsinin tələblərinə uyğun olmadığından birinci instansiya məhkəməsi tərəfindən iddia geri qaytarılmalı idi. Lakin birinci instansiya məhkəməsi həmin ərizəni icraata qəbul etmiş, həmçinin məhkəmə baxışının gedişində prosessual qanunvericiliyin verdiyi imkandan istifadə edərək işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanların aradan qaldırılmasını qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıya təklif etməmiş, tələbə mahiyyəti üzrə baxaraq qarşılıqlı iddia ərizəsini təmin etməmişdir. Kollegiya hesab edir ki, iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması tərəfə təklif edilmədən qüsurlu tələb üzrə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Eyni zamanda artıq birinci instansiya məhkəməsinin baxışı yekunlaşdığından apellyasiya icraatının xüsusiyyətləri nəzərə alınmaqla hazırkı mərhələdə iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması mümkün olmadığından iddia ərizəsi cavabdehlə birlikdə yaşayan ailə üzvlərinin (həyat yoldaşının, uşaqlarının) qanunsuz zəbt etdikləri iddiaçıya məxsus Hövsan qəsəbəsi, 14/15-ci məhəllədəki 10 nömrəli evin 40-cı mənzilindən çıxarılmaları tələbi hissəsində baxılmamış saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, qüsurlu tələb üzrə iddiaya mahiyyəti üzrə baxılması prosessual pozuntu olmaqla yanaşı, həmçinin həmin tələbi vermiş şəxsin mənafelərinə zidd olmaqla, onun üçün əlverişsiz hüquqi nəticələrə səbəb olur, gələcəkdə həmin şəxsi eyni cavabdehə qarşı əsaslandırılmış iddia vermək və iddia üzrə sübutlarını təqdim etmək imkanından məhrum edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Göstərilənlərə əsasən və MPM-in 259.0.12, 384.0.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3965/2021 saylı mülki iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi qismən- cavabdehlə birlikdə yaşayan ailə üzvlərinin (həyat yoldaşının, uşaqlarının) qanunsuz zəbt etdikləri iddiaçıya məxsus Hövsan qəsəbəsi, 14/15-ci məhəllədəki 10 nömrəli evin 40-cı mənzilindən çıxarılmaları tələbinin rədd edilməsi hissədə (mübahisələndirmiş hissədə) ləğv olunsun. İddia həmin hissədə baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən qüsurlar aradan qaldırılaraq qeyd edilən tələblə ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Hakim Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-11251/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11251/2021
08.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver