Məhkəmə qərarları › İş №2(103)-11256/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11256/2021

24.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11256/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5487/2021 saylı, 02.09.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 ASC-yə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialı cəlb olunmaqla “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının insan resurslarının idarə edilməsi departamentinin əmək münasibətlərinin idarə edilməsi şöbəsinin rəisi Ə.Ələkbərovun 14 iyun 2021-ci il tarixli 315 nömrəli əmrin ləğv edilməsi və onun Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının xidmət bölməsinə əməliyyat üzrə mütəxəssis vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının direktoru T.Qarayev tərəfindən 28 yanvar 2015-ci il tarixli 12 saylı əmri ilə həmin filiala mütəxəssis vəzifəsinə təyin edilmişdir. 01 avqust 2016-cı il tarixli 504/k saylı əmrlə filialın xidmət bölməsinə əməliyyat üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının insan resurslarının idarə edilməsi departamentinin əmək münasibətlərinin idarə edilməsi şöbəsinin rəisi Ə.Ələkbərovun 14 iyun 2021-ci il tarixli 315 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) əmək müqaviləsinə xitam verilmişdir. İşə qaytarılmağı ilə bağlı Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialına müraciət etsə də, cavab verilməmişdir. O, Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. Bundan başqa 1-ci Qarabağ müharibəsindəki döyüşlərdə iştirak etmiş, məhz bu döyüşlərdə yaralanmışdır. Buna görə də ona veteranlıq və əlillik vəsiqələri verilmişdir. O, 2-ci qrup əlilidir. X1 2-ci qrup əlilidir. Onun müqaviləsinə ştatın ixtisarı ilə bağlı xitam verilə bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5487/2021 saylı, 02.09.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırmış, əlavə olarq göstərmişdir ki, birinci instansiya məhkəməsi 21.07.2021-ci il tarixinin Qurban bayramı olduğunu nəzərə almamış, iddia müddətinin son gününün 21.07.2021-ci il olmasına görə, Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü bəndinə görə iddia müddətinin son gününün 22.07.2021-ci il hesab edildiyini və həmin gün də iddiaçının iddia ərizəsinin poçta verilərək məhkəməyə göndərildiyinə hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, şikayətə etiraz təqdim edərək, apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5487/2021 saylı, 02.09.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 28 yanvar 2015-ci il tarixli, 12 saylı əmrlə Cavabdeh1 ASCnin Cəbrayıl rayon filialına mütəxəssis vəzifəsinə təyin edilmiş, 14 iyun 2021-ci il tarixli 315-f-k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 315-f-k saylı 14 iyun 2021-ci il tarixli Əmrin surətindən görünür ki, İddiaçı- Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının Xidmət Bölməsinin Əməliyyat üzrə mütəxəssisi ilə bağlanmış əmək müqaviləsinə 21.06.2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (Universal işçi layihəsi ilə əlaqədar olaraq ştatın ixtisarı) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 21.06.2021-ci il tarixli Cəbrayıl rayon Filialının müdiri, X7 üzrə aparıcı mütəxəssisləri Vüsal Bəbirov, Zabit Həsənzadə tərəfindən tərtib edilmiş Aktdan görünür ki, bu akt tərtib edilib ondan ötrü ki, Bankın 14.06.2021-ci il tarixli 315 f-k saylı əmrinə əsasən Cəbrayıl rayon filialının Xidmət bölməsinin Əməliyyat üzrə mütəxəssisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (Universal işçi layihəsi ilə əlaqədar olaraq ştatın ixtisarı) xitam verilmişdir. Əməkdaşa əmrlə tanış olması təklif edilmiş, lakin o, əmrlə tanış olmaqdan, imzalamaqdan və nüsxəsini qəbul etməkdən imtina etmiş, iş yerini tərk etmişdir. İş materiallarına əlavə edilmiş 21 iyun 2021-ci il trarixli teleqramın surətindən görünür ki, İddiaçı 21.06.2021-ci il tarixdən işdən azad olunması ilə əlaqədar, həmin tarixdən X8 idarə edilməsi departamentindən əmək kitabçasını götürməsi xahiş olunmuşdur. İş materialların əlavə edilmiş "xxxx" şirkətinin aktın surətindən görünür ki, 21.06.2021ci il tarixində Cavabdeh1 ASC-nin ofisindən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı "xxxx" Şirkəti vasitəsilə (qaimə nömrəsi 673250 məktub göndərilmişdir). Göstərilən ünvanda məktubu qəbul etməkdən imtina etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş poçt qəbzindən görünür ki, o, 22 iyul 2021-ci il tarixdə sifarişli məktubla müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə 14.06.2021-ci il tarixli, 315 f-k saylı əmrlə 21.06.2021-ci il tarixindən xitam verilmişdir. Əmr həmin tarixdə tanış olması üçün iddiaçıya təqdim edilmişdir. Lakin o, əmrlə tanış olmaqdan imtina etmişdir. Həmin tarixdə filialın əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Eyni zamanda 21.06.2021-ci il tarixində R.Mexdiyevə teleqram göndərilərək əmək kitabçasının götürülməsi üçün müraciət etməsi xahiş olunmuşdur. Yəni, İddiaçı 21.06.2021-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə tam dolğun məlumatı olmuşdur. R.Mexdiyev həmin onunla bank arasında imzalanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olduğu üçün məhkəməyə müraçiət etmək üçün iddia müddətinin axımı da həmin tarixdən, yəni 21.06.2021-ci il tarixdən hesablanmalıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi 21.07.2021-ci il tarixinin Qurban bayramı olduğunu nəzərə almamış, iddia müddətinin son gününün 21.07.2021-ci il olmasına görə, Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü bəndinə görə iddia müddətinin son gününün 22.07.2021-ci il hesab edildiyini və həmin gün də iddiaçının iddia ərizəsinin poçta verilərək məhkəməyə göndərildiyinə hüquqi qiymət verməmişdir. Bununla belə, Kollegiya qeyd edir ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə X4 Bankı (Kapital Bank ASC-nin hüquqi sələfi) arasında 02.10.2000-ci il tarixində əmək müqaviləsi bağlanmış və o, X4 Bankının Cəbrayıl rayon filialında nəzarətçi operator vəzifəsinə təyin edilmişdir. 09.10.2015-ci il tarixində İddiaçılə bağlanmış ilkin əmək müqaviləsi yenidən tərtib edilmişdir. O, Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialında Müştərilərə xidmət şöbəsinin mütəxəssisi vəsifəsində əmək fəaliyyətini davam etdirmişdir. 02.08.2016-cı il tarixində əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən o, sturuktur dəyişikliyi ilə əlaqədar həmin filialın xidmət bölməsinə əməliyyat üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. İddiaçı müvafiq ştat ləğv edilənədək həmin vəzifədə fəaliyyətini davam etdirmişdir. Bankda işlərin optimallaşdırılması və müştərilərə göstərilən xidmət səviyyəsinin keyfiyyətini yüksəltmək məqsədi ilə bankın yeni strategiyasına uyğun olaraq bir sıra qərarlar qəbul edilmişdir. Onlardan biri də Universal işçi layihəsinin tətbiq edilməsi olmuşdur. Belə ki, Cavabdeh1 ASC-nin İdarə Heyətinin 19.02.2020-ci il tarixli. 08 saylı protokolu ilə “Universal işçi” layihəsinin rəsmiləşdirilməsi məqsədəmüvafiq hesab edilmişdir. İdarə Heyətinin 21.10.2020-ci il tarixli 67 saylı protokoluna əsasən “Universal işçi” layihəsinə uyğun olaraq Filialların yeni sturukturu təsdiq edilmişdir. Universal işçi layihəsinin tətbiqi ilə əlaqədar olaraq İdarə Heyəti sədrinin 14.06.2021- ci il tarixli, 315 f-k saylı əmri ilə İddiaçı ilə Bank arasında imzalanmış əmək müqaviləsinə 21.06.2021-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam verilmişdir. Həmin əmrlə Cəbrayıl rayon Filialının xidmət bölməsində 1 vahid əməliyyat üzrə mütəxəssis ştatı ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüququdur.Aşağıda qeyd olunan zərurətlərdən dolayı Cavabdeh1 ASC təşkilati-struktur dəyişikliyi ilə bağlı bəzi ştatları ixtisar etmək hüququndan istifadə etmişdir: Belə ki, iş materiallarından müəyyən olunur ki, işəgötürən İddiaçı ilə əmək müqaviləsini “Universal işçi” layihəsinə uyğun olaraq ştatların ixtisarı ilə əlaqədar ləğv etmişdir. Həmin layihənin mahiyyəti ondan ibarətdir ki, Filiallarda mövcud olan satış bölməsi və xidmət bölməsi üzrə ştatlar ləğv edilərək vahid bölmə yaradılmışdır. Yeni yaradılmış bölmə xidmət bölməsi adlandırılmışdır. Yeni yaradılmış bölmə üzrə ştatların funksiyaları ləğv edilmiş həmin bölmələrdən fərqli olaraq universal xidmətin həyata keçirilməsinə istiqamətlənmiş və bunun nəticəsində Bankda eyni zamanda bir neçə istiqamət (satış və xidmət) üzrə xidmətlərin icra edilməsi təmin edilmişdir.Belə ki, universal işçi layihəsi nəticəsində yaradılmış ştatlarda çalışan əməkdaşlar tərəfindən həm kredit satışı həyata keçirilir, həm də müştərilərin müraciətlərinə uyğun olaraq bank əməliyyatları aparılır. İşəgötürən bununla boşdayanma hallarının qarşısını almış, eyni zamanda müştərilərin uzun müddət filiallarda gözləməsinin aradan qaldırılmasına nail olmuşdur. Göründüyü kimi Bank tərəfindən əmək müqaviləsinin ləğv edilməsi yuxarıda qeyd edilən obyektiv zərurətdən yaranmış və tam əsaslı olmuşdur. Daha sonra Kollegiya qeyd edir ki, işəgötürən tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl edilmişdir. Belə ki, Əmək Məcəlləsi işçilərin saylarının və ya ştatlarının ixtisarı zamanı işəgötürənin üzərinə bir sıra vəzifələr qoymuşdur. ƏM-nin 77-ci maddəsində qeyd edilir ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edİlməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi: bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi: beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi: on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. İddiaçı əmək stajı 10 ildən çox olduğu üçün ona doqquz təqvim həftəsi əvvəl yazılı bildiriş təqdim edilərək diqqətinə çatdırılmışdır ki. Cəbrayıl rayon filialının Xidmət bölməsinin əməliyyat üzrə mütəxəssis ştatının ləğv edilməsi ilə əlaqədar onunla Bank arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcək. Həmçinin, həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş müvafiq təminatlar Bank tərəfindən təmin edilmişdir. Lakin İddiaçı xəbərdarlıq məktubunu (bildirişi) qəbul etməkdən imtina etmişdir. Bununla bağlı cavabdeh tərəfindən 19.04.2021-ci il tarixində Filialın əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Eyni zamanda bildiriş poçt vasitəsi ilə İddiaçı göndərilmişdir. Bildiriş iddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinə 14.06.2021-ci il tarixli. 315 f-k saylı əmrlə 21.06.2021-ci il tarixində xitam verilmişdir. Əmr həmin tarixdə tanış olması üçün iddiaçıya təqdim edilmişdir. Lakin o. bu dəfə də əmrlə tanış olmaqdan imtina etmişdir. Həmin tarixdə filialın əməkdaşlarının iştirakı ilə iddiaçının əmrlə tanış olmaqdan imtina etməsi, onun imzalamaqdan və nüsxəsini əldə etməkdən imtina etməsi ilə bağlı akt tərtib olunmuşdur. Eyni zamanda həmin tarixdə 21.06.2021-ci il tarixində İddiaçı teleqram göndərilərək əmək kitabçasının götürülməsi üçün aidiyyəti üzrə müraciət etməsi xahiş olunmuşdur. Bundan başqa İddiaçı əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürən tərəfindən təqdimatla Bankın həmkarlar ittifaqı təşkilatına müraciət olunmuşdur. Həmkarlar ittifaqı təşkilatının 06.04.2021-ci il tarixli qərarı ilə Cəbrayıl rayon filialının Xidmət bölməsinin Əməliyyat üzrə mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi məqbul hesab edilmişdir. Əlavə olaraq Kollegiya qeyd edir ki, əmək qanuvericiliyi işəgötürənə öz sturukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək imkanı yaradır. Yəni konkret müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ məhz işəgötürənə məxsusdur. İşəgötürən işin həcminə, mövcud iqdisadi vəziyyətə, müəssisənin gələcək plan və hədəflərinə uyğun olaraq ştat və işçi sayını artıra və ya azalda bilər. Ştat ixtisarı dedikdə müəyyən olunmuş qaydada müvafiq vəzifə üzrə bir, yaxud bir neçə ştat vahidinin ləğvi, eləcə də işlərin həcminin azaldılması başa düşülür. Bir qayda olaraq ştatların ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədi ilə həyata keçirilir. Ştatın ixtisan həm də işlərin ümumi həcmi saxlanılmaqla işçilərin vəzifələri yenidən bölüşdürüldükdə və nəticədə zəruri işlərin sayı azaldıqda mümkündür. Daha sonra Kollegiya qeyd edir ki, iddiaçının ştatatın ixtisarı zamanı işdə saxlanılmaqda üstünlük hüququna malik olması barədə əsaslandırması Əmək Məcəlləsinin tələblərinə və işin faktiki hallarına uyğun deyil. İddiaçı ərizəsində bildirir ki, İİ dərəcə əlilliyi və müharibə iştirakçısı olduğu üçün işəgötürən tərəfindən onun əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "b“ bəndi ilə xitam verilə bilməz. İddiaçı öz mövqeyini Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kollegiya hesab edir ki, iddiaçının bu mövqeyi əsassızdır və məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Belə ki, ƏM-nin 78-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki. müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəsində qeyd edilir: İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müvafiq kateqoriyalı şəxslərin işdə saxlanmasına üstünlük verir. Maddənin də məzmunundan aydın olduğu kimi işçinin peşəkarlıq səviyyəsini müəyyən etmək qanunvericiliklə işəgötürənə həvalə edilmiş səlahiyyətdir. İşəgötürən ixtisar ediləcək işçilərin kimliyini müvafiq qiymətləndirmə aparmaqla müəyyən edir.İddiaçı əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürən tərəfindən Filialın müvafiq bölməsinin əməkdaşları arasında yeni yaradılmış ştatlara uyğunluq üzrə qiymətləndirmə aparılmışdır. Qiymətləndirmənin qeyri-obyektiv aparılmasına dair dəlillər müəyyən edilməmiş və işçilərə öz bilik və bacarıqlarım nümayiş etdirə bilməsi üçün bərabər imkanlar yaradılmışdır. Lakin İddiaçı qiymətləndirmə zamanı digər işçilərdən aşağı nəticə göstərmişdir.İddiaçının nəticəsi iddiaçının özünün də etiraf etdiyi kimi qiymətləndirmədə iştirak edən digər işçilərin nəticələrindən nə yuxarı, nə də onlara bərabər olmamışdır.İddiaçının nəticəsi aşağı olduğu üçün onun ƏM-nin 78-ci maddəsinin tələbinə əsasən işdə saxlanılmaqda üstünlük hüququ yaranmamışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən işdə saxlanılmaqda üstünlük hüququ yalnız qiymətləndirmə nəticələri eyni (bərabər) olduqda yaranır. Qiymətləndirmənin sonunda daha yaxşı nəticə göstərmiş işçi isə işdə saxlanılır. Müvafiq hüquqi mövqe “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanununda da öz əksini tapmışdır. Sözügedən qanunun 24.3-cü maddəsində qeyd edilir ki. işçilərin sayı və ya ştatları ixtisar edilərkən, müvafiq peşələr (vəzifələr) iizrə işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxsin işdə saxlanılmaq üçün üstünlük hüququ vardır. İddiaçının tələbinin əsassız olmasını Əmək Məcəlləsinin 79-cu maddəsi də təsdiq edir. Həmin maddədə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin siyahısı qeyd edilmişdir.Bu siyahıda müharibə iştirakçısı və ya əlillik dərəcəsi (həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilər istisna olmaqla) olan şəxslər nəzərdə tutulmamışdır. Bu isə qanunvericiliyə əsasən həmin kateqoriya şəxslərin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvinin mümkünlüyünü bir daha təsdiq edir. Yəni qanunvericilikdə İddiaçılə Bank arasında imzalanmış əmək müqaviləsinin ƏM- nin 70-ci maddəsinin “b" bəndi ilə ləğv olunmasına dair heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. Kollegiya hesab edir ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı məsələyə düzgün hüquqi qiymət verilməməsindən asılı olmayaraq iddiaçının iddiası işin faktiki hallarına və maddi hüquq normalarının tələblərinə əsasən təmin edilməməlidir. Belə ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 78-ci maddəsinin tələbləri pozulmamışdır. Lakin Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının 1 (bir) aylıq müddəti ötürməklə məhkəməyə müraciət etməsi ilə bağlı mövqeyi əsaslı olmamışdır və Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü bəndinin tələbləri nəzərə alınmamışdır.Belə ki, məhkəmə 21.07.2021-ci il tarixinin Qurban bayramı olduğunu nəzərə almamış, iddia müddətinin son gününün 21.07.2021-ci il olmasına görə, Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü bəndinə əsasən (Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.) iddia müddətinin son gününün 22.07.2021-ci il hesab edildiyinə və həmin gün də iddiaçının iddia ərizəsinin poçta verilərək məhkəməyə göndərildiyinə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5487/2021 saylı, 02 sentyabr 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar