Məhkəmə qərarları › İş №2(103)-1126/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1126/2025

14.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1126/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1144/2024 nömrəli 06 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 oktyabr 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən X7 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,02 ha hissəsini 4000 manata İddiaçı satmışdır.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-3386/2021 saylı qətnaməsi ilə iddiaçı X7 və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-885/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, X4 apellyasiya şikayəti isə qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(010)-3386/2021 saylı qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılması qət edilmişdir.

4. X7 tərəfindən icra şöbəsinə verilmiş ərizədən məlum olur ki, sonuncu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-885/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-4029/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən X4 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən İddiaçı satdığı 0.02 ha hissəsinin ölçülərək İddiaçı təhvil verilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 138-ci Binə 4-cü döngə 17) ünvanında yaşayış məntəqələrinin torpaqları təyinatlı sahəsi 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 138-ci Binə 4-cü döngə 17) ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən çıxarılmaları, cavabdehlər tərəfindən həmin torpaq sahəsində inşa edilmiş tikililərin onların hesabına sökülərək ərazidən çıxarılmaları, 5000 manat məbləğində mənəvi zərərin və 100 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X7 ilə qohumluq münasibətləri olmuş, sonuncu mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsini bir neçə il əvvəl ona satmış və buna görə tərəfindən K.B.İsmayılova beh verilmişdir. Lakin, qohum olduqlarından, eyni zamanda K.B.İsmayılovun torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından həmin vaxt torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirmək mümkün olmamışdır. O, torpaq sahəsinin behini verərək aldıqdan sonra oranı hasara alaraq darvaza qoymuş, mütəmadi olaraq torpaq sahəsinə gəlib-getmişdir. xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsini rəsmiləşdirmişlər. Alqı-satq müqaviləsi bağlandıqdan sonra torpaq sahəsinə gələn zaman sonradan adlarını bildiyi Cavabdeh1 və Cavabdeh2 ona məxsus torpaq sahəsini zəbt edərək orada tikinti işləri apardıqlarını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, K.B.İsmayılov mülkiyyətində olan torpaq sahəsinin onun torpaq sahəsinə bitişik digər 0.02 ha hissəsini onunla alqı-satqı müqaviləsinin bağlanmasından əvvəl, yəni xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmış, sonuncu aldığı torpaq sahəsinə dair adına çıxarış almışdır. K.B.İsmayılovun ona satdığı 0.02 ha torpaq sahəsinin Cavabdeh1 heç bir aidiyyətinin olmamasına baxmayaraq sonuncu və qardaşı Cavabdeh2 ona məxsus torpaq sahəsinə qanunsuz daxil olaraq oranı zəbt etmişlər. O, dəfələrlə K.B.İsmayılova müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona satdığı torpaq sahəsindən çıxarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bundan sonra o və X7 iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılması, həmin 0.02 ha torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3386/2021 No-li 20 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə ona aid hissədə qətnaməni onunla əsaslandırmışdır ki, «İddiaçı münasibətdə iddia ona görə rədd olunmalıdır ki, cavabdehin hazırda faktiki istifadəsində olan və sökülməsi tələb olunan evin məhz ona satılmış torpaq sahəsində yerləşməsini sübuta yetirə bilməyib. Belə ki, məhkəmə öz təşəbbüsü ilə İddiaçı mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi üçün sorğu versə də, həmin sahənin plan-cizgisinin olmadığı müəyyən olunub». O və X7 qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-885/2022 No-li 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayətinin təmin edilməməsi, X4 apellyasiya şikayətinin isə qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3386/2021 No-li 20 sentyabr 2021-ci il tarixli qətnaməsinin qismən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılmaları, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «...birinci instansiya məhkəməsi digər İddiaçı münasibətdə iddianı rədd etməklə düzgün nəticəyə gəlsə də, Kərəm İsmayılova münasibətdə gəldiyi qənaət düzgün olmamışdır. Belə ki, Kərəm İsmayılovun Cavabdeh2 xx.xx.2020-ci ildə verdiyi etibarnaməyə xx.xx.2021-ci ildə, xx.xx.2020-ci ildə verdiyi ərizəyə isə xx.xx.2021-ci ildə xitam verilmişdir (bax.i.v.109-110). Demək, qətnamə çıxarılan vaxt mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Kərəm İsmayılov olmaqla yanaşı, torpaq sahəsinin hansısa hissəsinə dair cavabdehə verilən etibarnamə yaxud ərizənin hüquqi qüvvəsi olmamışdır. Ancaq məhkəmə mülkiyyətin toxunulmazlığı barədə Konstitusiya normalarına istinad etsə də Kərəm İsmayılovun iddiasını da rədd etmişdir. Yəni, Kərəm İsmayılov məhkəmənin qənaətinə görə bu iddianı digər iddiaçıya satdığı 0.02 ha torpaq sahəsini üçüncü şəxslərin hüququndan azad şəkildə vermək öhdəliyindən irəli gələn tələb etmə hüququndan istifadə edərək irəli sürsə də, bu halın həqiqiliyi belə iddanın rədd edilməsi üçün əsas ola bilməzdi...İddia tələbinin həmin 0.02 ha torpaq sahəsinin İddiaçı təhvil verilməsi hissəsi isə qeyri-müəyyən və qətnamə ilə həll edilməli məsələ olmadığından təmin edilə bilməz. Çünki, Kərəm İsmayılov mübahisəli ünvanda mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsini İddiaçı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən satsa da, 0.02 ha hissənin 0.06 ha torpaq sahəsinin hansı hissəsi olması müqavilədə göstərilməmiş, bunun göstərilməsi də mümkün ola bilməzdi. Çünki, bu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldıqdan sonra müəyyənləşən bir məsələdir. Başqa sözlə İddiaçı satılmış 0.02 ha torpaq sahəsinin, mübahisə predmeti olan torpaq sahəsi olması hələlik bəlli deyil. Eyni zamanda cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılacağı təqdirdə, mülkiyyətçinin həmin torpaq sahəsini istənilən şəxsə satmaq, bağışlamaq, vermək və.s hüququları vardır. Ona görə də bu məsələ məhkəmə qətnaməsi ilə həll edilən tələb ola bilməz» Bakı Apellyasiya Məhkəməsinin 2(103)-885/2022 No-li 07 fevral 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. X1 xx.xx.2022-ci il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 qarşı heç bir tələbinin olmadığını bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Ruslan Əsgərovun xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi” haqqında qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-885/2022 No-li 07 fevral 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bu səbəbdən də Cavabdeh1 və Cavabdeh2 ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etməkdə və onu torpaq sahəsinə buraxmamağa davam etmişlər. Cavabdehlər ona məxsus torpaq sahəsindən çıxmadıqlarından, aldığı torpaq sahəsinə dair plan-sxemin çəkilməsi və torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Ona görə də o cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və X5 qarşı “torpaq sahəsinin ölçülərək təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e2(010)-4029/20221 No-li 07 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən İddiaçı satdığı 0.02 ha hissəsinin ölçülərək İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 138ci Binə 4-cü döngə 17) ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlər ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etməklə yanaşı, orada tikili inşa etmişlər. Cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində o mülkiyyətində olan torpaq sahəsinə daxil ola bilmir. Belə ki, cavabdehlər onu torpaq sahəsinə buraxmırlar, tərəfindən qoyulmuş darvazanı sökmüşlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o uzun müddətdir ki, mülkiyyət hüquqlarını həyata keçirə bilmir, onların hüquqazidd hərəkətlərinin qarşısının alınması üçün dəfələrlə məhkəmələrdə iddialar qaldırmaq məcburiyyətində qalmışdır. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında adıçəkilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun olması öz təsdiqini tapsa da, cavabdehlər öz qanunsuz əməllərindən əl çəkmirlər və o məcburiyyət qarşısında qalaraq yenidən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlərin bu hüquqazidd hərəkətləri nəticəsində o və ailə üzvləri əsəb stres keçirmişlər, bundan başqa, öz torpağından məhrum olmuş, hüquqlarının bərpası məqsədilə məhkəmələrdə iddia qaldırmaq üçün məhkəmə xərcləri ödəməli olmuşdur.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2013 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş koordinatlar ilə mülki iş materiallarında olan (i.v. 41), mübahisə predmeti olan torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar müqayisələndirilən zaman cavabdehlər tərəfindən inşa edilmiş tikilinin (mişarlanmış əhəg daşından inaş edilmiş fərdi yaşayı evi) **********96 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 noyabr 2024-cü il tarixli 2(003)-1144/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 138-ci Binə 4-cü döngə 17 ünvanında yerləşən 0,02 ha torpaq sahəsindən çıxarılmaları, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 138-ci Binə 4-cü döngə 17 ünvanında 0,02 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin Cavabdeh1 hesabına sökülərək ərazidən çıxarılmaları, ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ekspertiza xərcinə görə 50 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

11. Məhkəmə göstərnişdir ki, X7 tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin 0,02 ha hissəsi İddiaçı, digər 0,02 ha hissəsi isə Cavabdeh2 satılmışdır. Sonradan Cavabdeh1 tərəfindən ərazidə tikinti işləri aparılmış və tikili İddiaçı məxsus torpaq sahəsinin hüdudları daxilinə keçmişdir. Cavabdehlərin ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 0,02 ha hissəsindən çıxarılmaları ilə bağlı məhkəmə qətnaməsi mövcud olmuş, bunun əsasında icra vərəqəsi verilmişdir. Lakin tələbkarın ərizəsi əsasında həmin icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçının torpaq sahəsinin daxilində tikili Cavabdeh1 tərəfindən tikilmişdir. Həmin tikilidə cavabdehlərin hər ikisi yaşadıqlarından torpaq sahəsindən onların hər ikisi çıxarılmalıdır. Lakin, tikili Cavabdeh1 tərəfindən tikildiyinə görə onun sökülərək ərazidən çıxarılması da onun üzərinə qoyulmalıdır. Bu səbəbdən həmin tikili Cavabdeh1 tərəfindən öz hesabına sökülərək ərazidən çıxarılmalıdır.

12. Məhkəmə iddia tələbinin 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin bu hissəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı həmin hissədə mənəvi sarsıntılar keçirməsini, stress, əzab və əziyyətlər çəkməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı mənəvi zərəri cavabdehlərin hərəkətləri ucbatından məhkəməyə dəfələrlə müraciət etməsi və xərcinin çıxması ilə əlaqələndirir. Lakin, məlum məsələdir ki, məhkəmə xərcləri qəbul edilən qərar zamanı məhkəmə tərəfindən öz həllini tapan məsələlərdən biridir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasına, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 152.1, 152.3, 158.1, 158.2, 158.4, 157.8, 158.1.2, 170.1, 170.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə fərdi ev tikmək məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazisindən baş etibarnamə əsasında 0.04 ha torpaq sahəsini X3 20000 manata almış, həmin torpaq sahəsinin 0.02 ha hissəsi çıxarışlı olduğundan rəsmi alqı-satqı müqaviləsi bağlamışlar, qalan 0.02 ha hissəsi isə etibarnamə əsasında olmuşdur. Həmin torpaq sahəsində özü üçün kiçik bir ev tikmiş, Naxçıvan şəhərində olmağından istifadə edən K.İsmayılov ona satdığı torpaq sahəsini öz qaynına yenidən satmışdır. O, torpaq sahəsini rəsmləşdirmək üçün dövlət orqanına müraciət etdiyi zaman məlum olmuşdur ki, sonuncu ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Bununla bağlı K.İsmayılova müraciət edərək onun torpağını nə üçün qaynı İddiaçı satdığını soruşduqda, K.İsmayılov ona etibarnamə əsasında satdığı həmin 0.02 ha torpaq sahəsini öz qohumu olan İddiaçı adlı şəxsə təkrar satdığını etiraf edərək məsələni həll edəcəyini bildirmişdir. Bununla bağlı mübahisə yaranmış, mübahisə ilə əlaqədar məhkəməyə müraciət etmişlər, məhkəmə K.İsmayılovun ona verdiyi etibarnamənin ləğv edildiyindən iş üzrə sonuncunun xeyrinə qərar çıxarmışdır. Buna baxmayaraq, K.İsmayılov ondan əlavə olaraq 3700 manat pul alaraq Suraxanı rayon İcra Şöbəsinə gedərək icra sənədi üzrə mübahisəli 0.02 ha torpaq sahəsindən imtina etdiyini və ondan hər hansı bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə torpaq sahəsinin onun tərəfindən alınması məsələsini, torpaq sahibinin ona qarşı olan iddiasından ona ödədiyi pula görə imtina etməsini araşdırmamış, həmçinin məhkəmə X6 şahid kimi dindirməli idi, məhz bu halda torpağı heç bir əsas olmadan onun olmamağından istifadə edərək iddiaçıya satılmasının əsassız olması təsdiq olunacaqdı.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 13. İ hissə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin

23. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. X7 tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin 0,02 ha hissəsi İddiaçı, digər 0,02 ha hissəsi isə Cavabdeh2 satılmışdır.

33. İddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt edərək, tikinti işləri apardığını iddia edərək, onların torpaq sahəsindən çıxarılmasını və tikililərin cavabdehlərin hesabına sökülməsini tələb etmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin zəbt edilmiş 0,02 ha hissəsindən çıxarılması qət edilmişdir.

35. İddiaçı cavabdehlər 1 saylı Bakı Ərazi İdarəsi və X5 qarşı “torpaq sahəsinin ölçülərək təhvil verilməsi tələbinə dair” iddia qaldırmış və məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən İddiaçı satdığı 0,02 ha hissəsinin ölçülərək İddiaçı təhvil verilməsi qət edilmişdir.

36. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 138-ci Binə 4-cü döngə 17) ünvanında yaşayış məntəqələrinin torpaqları təyinatlı sahəsi 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

37. Apellyasiya icraatı zamanı Cavabdeh1 iddiaçıya verilmiş “çıxarış qeydini” inzibati qaydada mübahisələndirdiyi üçün Kollegiyanın xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat dayandırılmışdır.

38. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6711/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası mümkün sayılmamışdır.

39. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3328/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir.

40. Göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir.

41. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində mübahisə predmeti olan torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar müqayisələndirilən zaman cavabdehlər tərəfindən inşa edilmiş tikilinin (mişarlanmış əhəg daşından inaş edilmiş fərdi yaşayı evi) **********96 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur.

42. Torpaq sahəsinə Cavabdeh1 tərəfindən edilən müdaxilə qanunsuzdur.

43. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının torpaq sahəsinin daxilində tikili Cavabdeh1 tərəfindən tikilmişdir. Həmin tikilidə cavabdehlərin hər ikisi yaşadıqlarından torpaq sahəsindən onların hər ikisi də çıxarılsa da, tikili Cavabdeh1 tərəfindən tikildiyinə görə həmin tikilinin sökülərək ərazidən çıxarılması da onun üzərinə qoyulmalıdır.

44. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehin faktiki sahibliyindədir, cavabdehin əşyaya sahiblik hüququ isə yoxdur.

45. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1144/2024 nömrəli iş üzrə 06 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən – Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar