Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1128/2024 12.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1450/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh Müsənnif oğlu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(010)-1450/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Müsənnif oğluna qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 23000 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 01 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə yenidən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermiş, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə rədd edilmiş, cavabdeh şikayət vermiş, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərardadı ilə, şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş və müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə rədd edilmişdir. Həmin qərardaddan cavabdehin verdiyi şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1450/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh sonuncu qərardaddan da şikayət vermiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qətnaməni əldə etmişdir. Bu zaman təkrar təqdim olunma barədə rüsum tələb olunmamışdır. Həmin vaxt cavabdeh elektron portalda qeydə alınmadığından ilkin olaraq apellyasiya şikayəti kağız daşıyıcıda verilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, qərardaddan şikayət qanunda nəzərdə tutulmuş müddət ötürməklə verilmiş, həmçinin şikayətin verilmə müddətinin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadından verilən şikayət qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddətin üzrsüz səbəbdən ötürülməsi ilə verildiyindən birinci instansiya məhkəməsi şikayəti qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1128/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1128/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver