Məhkəmə qərarları › İş №2(103)-1129/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1129/2022

27.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1129/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh 153 saylı Körpələr Evi-Uşaq Bağçasına qarşı “işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 2(001)-1250/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilimş apellyasiya şikayətinə əsasən mülki işə Bakı ApellyasiyaMəhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “153 saylı Körpələr Evi-Uşaq Bağçasına qarşı “işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu 153 saylı Körpələr Evi-Uşaq Bağçası tərəfindən verilmiş 15.11.2019-cu il tarixli, 201 nömrəli əmrin ləğv edilməsi, iddiaçının həmin müəssisəyə tərbiyəçi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı əmək fəaliyyətinə 27 dekabr 2011-ci ildə Bakı şəhəri Binəqədi rayonunda yerləşən 153 nömrəli Körpələr Evi-Uşaq Bağçasında sosial məzuniyyət yerinə tərbiyəçi vəzifəsinə təyin edilməklə başlamışdır. 8 ilə yaxın müddət ərzində əmək müqaviləsi üzrə əmək funksiyaları ilə yanaşı, rəhbərliyin ona həvalə etdiyi vəzifələri lazımınca və vicdanla yerinə yetirmiş, əmək və icra intizamına ciddi riayət etmiş, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamışdır. Bütün bunlara baxmayaraq, 15.11.2019-cu il tarixli, 201 saylı əmrə əsasən, iş yerində əmək funksiyalarını yerinə yetirdiyi zaman ona işdən azad edildiyi bildirilmiş, əmək kitabçasında Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bölməsinin “C” bəndinə əsasən işdən azad edildiyi qeyd edilmişdir. O, rəsmi və qeyri-rəsmi cavabdehə müraciət etsə də, əmrin surəti iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Odur ki, əmr əsassız və qanunvericiliyin tələblərinə zidd olduğuna görə ləğv edilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 2(001)-1250/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh 153 saylı Körpələr Evi-Uşaq bağçasının 201 saylı, 15.11.2019-cu il tarixli (əmrin tarixi əmrdə göstərilmədiyindən əmək kitabçasında qeyd olunan tarixə istinad olunur) əmrinin ləğv edilməsi, İddiaçı 153 saylı Körpələr Evi-Uşaq Bağçasında əvvəlki vəzifəsinə bərpa edilməsi, 153 saylı Körpələr Evi- Uşaq Bağçası tərəfindən məcburi işburaxma müddəti üzrə 15.11.2019-cu il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunauyğun deyildir, məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdehin mövqeyinə əhəmiyyət verməmişdir. Bundan əlavə, İddiaçı SN00006 seriyalı 137943, 178953, 179072, 384695, 327401, 327525, 527719 və 327808 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələri əsasında 01.12.2018-ci il tarixdən 16.08 2019-cu il tarixədək xəstəliklə əlaqədar işə çıxmamış (7 ay 16 gün), 19.08.2019-cu il tarixdən 14.09.2019-cu il tarixədək olan müddətdə üzürsüz səbəbdən işə çıxmamış, işdən azad edilmə üçün rəsmi sənəd müvafiq tibb müəssisələri tərəfindən təsdiq edilərək verilən əmək qabiliyyətinin olmaması vərəqəsi olduğu halda, yalnız “Sehirli Naftalan" MMC tərəfindən 28.08.2019-cu il tarixdən 09.09.2019-cu il tarixədək ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də müalicədə olması barədə tərtib edilmiş arayış təqdim edilmişdir. Həmin arayış isə işçiyə işdən azad edilməsi üçün hüquq vermir. İddiaçı əmək qabiliyyətinin olmaması vərəqələri əsasında 14.09.2019-cu il tarixdən 25.10.2019-cu il tarixədək xəstəliklə əlaqədar işə çıxmamış, 28.10.2019-cu il tarixdən işə çıxmalı olduğu halda heç bir üzürlü səbəb olmadan yenidən işə çıxmamışdır. Qeyd edilən üzürsüz səbəblərdən işə çıxmadığı dövrlərdə də xəstə olduğunu, işə çıxdığı zaman xəstəlik vərəqələrini təqdim edəcəyini bildirmişdir. İddiaçı faktiki olaraq işə çıxmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi mümkün olmamışdır. O, yalnız 15.11.2019-cu il tarixdə işə çıxmış, həmin tarixdə də onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “C” bəndinə (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) əsasən xitam verilmiş, şəxsin iddia ərizəsində göstərdiyi kimi işdə olduğu vaxt ona işdən azad edildiyi bildirilmiş, əmək kitabçası və əmr təqdim edilmiş, əmək kitabçasını və əmri almasına baxmayaraq həmin sənədləri almasına dair kitaba imza etməkdən imtina etmişdir. Həmin sənədlərin rəsmi qaydada göndərilməsi üçün geri tələb edilsə də, geri qaytarılmadığından 27 noyabr 2019-cu il tarixdə bağçanın direktoru X6, bağçanın həmin dövrdə işçiləri olmuş X7, X3, X5 tərəfindən qeyd edilənlərlə bağlı müvafiq akt tərtib edilmişdir. İddiaçı 15.11.2019-cu il tarixdə əmək kitabçasını və əmri alsa da, bir il ərzində hərəkətsiz qalmışdır. O, 19 noyabr 2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsində qeydiyyata alınmış tarixi göstərilməyən iddia ərizəsində 15 noyabr 2019-cu il tarixli, 201 saylı əmrə əsasən iş yerində əmək funksiyalarını yerinə yetirdiyi zaman ona işdən azad edildiyinin bildirildiyini, eyni zamanda əmək kitabçasına Körpələr Evi-Uşaq Bağçasının tərbiyəçisi 15.11.2019-cu il tarixdən Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bölməsinin “C” bəndinə əsasən işdən azad edildiyinin qeyd edildiyini bildirmişdir Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş, hansı tarixdə kim tərəfindən qəbul edildiyi və ya həmin məktubun nə zaman göndərildiyini təsdiq edən heç bir qəbzi olmayan 153 nömrəli Uşaq Bağçasına ünvanlandığı göstərilən 21 oktyabr 2020-ci il tarixli ərizədə də 15 noyabr 2019-cu il tarixli 201 saylı əmrlə bağçanın tərbiyəçisi vəzifəsindən azad edildiyini bildirmiş, lakin əmrin surəti ona təqdim edilmədiyindən əmrin ona rəsmi qaydada verilməsini tələb etmişdir. Lakin qeyd edilən ərizənin bağçaya təqdim edilməsi barədə hər hansı sübut təqdim etməmişdir. Əgər iddiaçının qeyd etdiyi kimi qeyd edilən əmr ona təqdim edilməmişdirsə, həmin əmrin nömrəsini və tarixini məhkəməyə təqdim etdiyi iddia ərizəsində necə göstərmişdir? İddiaçı məhkəməyə faktiki olaraq 20.11.2021-ci tarixdə təqdim edildiyi qeyd edilən, lakin imzalanma tarixi 21.11.2021-ci il göstərilən ərizəsində dəfələrlə əmrin surətinin və əmək kitabçasının verilməsi barədə müraciət etsə də, heç bir nəticəsinin olmadığını, ona COVİD-19 pandemiyası ilə əlaqədar uşaq bağçasının işləmədiyindən pandemiyadan sonra onun işə bərpa ediləcəyinin bildirildiyini, əmək kitabçasını Şölə Musayevanın evindən götürərək verdiyini, 2020-ci ilin oktyabr ayında bağçaların qısa müddətə açıldığı zaman işə getdiyini, bağçanın direktorunun onu aldatdığını qeyd edərək, məhkəmədə iddia qaldırmaq üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən ərizədən də görünür ki, iddiaçı iddia müddətinin bərpasını xahiş etməklə işdən azad olunma barədə əmrin mübahisələndirilməsi üçün Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddəti ötürdüyünü qəbul etmiş, həmin müddətin pandemiya ilə əlaqədar üzürlü hesab edilməsini xahiş etmişdir. Lakin məhkəmə onu nəzərə almamışdır ki, iddiaçı iddia ərizəsində 15.11.2019-cu il tarixdə əmək funksiyasını yerinə yetirən zaman işdən azad edilməsi barədə ona məlumat verilməsini göstərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. İş materiallarında olan 10 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 26.10.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan İİ qrup əlil 1983-cü il təvəllüdlü İddiaçı 16.11.2018-ci il tarixdən Bakı şəhəri Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasında ambulator, 28.11.2018-ci il tarixdən revmatoloqun dispanser qeydiyyatındadır. Apellyasiya şikayətinə əlavə edilmiş SN00006 seriyalı 137943, 178953, 179072, 384695, 327401, 327525, 527719 və 327808 nömrəli müvafiq tibb müəssisələri tərəfindən təsdiq edilərək verilən əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən müəyyən olunur ki, İddiaçı 01.12.2018-ci il tarixdən 16.08 2019-cu il tarixədək xəstəliklə əlaqədar işə çıxmamışdır. İş materiallarında olan Binəqədi rayonu 10 saylı şəhər poliklinikası tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İ.Dadaşov küçəsi 71, mənzil 27 ünvanda qeydiyyatda olan və yaşayan 1983-eii il təvəllüdlü İddiaçı 16.11.2018-ci il tarixdən 10 nömrəli poliklinikada ambulator qeydiyyatdadır. 27.11.2018-tarixdən revmatoloqda dispanser qeydiyyatındadır. Diaqnoz: Revmatoidli artrit. Seroneqativ forma. Aktiv mərhələ İİ dərəcəli funksional çatmamazlıq İİ. 01.12.2018-28.02.2018-ci il tarixdə 10 nömrəli şəhər poliklinikası tərəfindən xəstəlik vərəqələri verilmişdir (01.12.2018-04.01.2019 - X/V N137943; 05.01.2019- 03.02.2019 X/V N178953; 04.02.2019-28.02.2021 X/V N179672) Xəstə daha sonra stasionara daxil olmuş, 04.03.2019-15.03.2019 tarixdə ATU-nun X1 stasionar müalicə qəbul etmişdir (Stasionar X/V N384695 poliklinikada 12.04.2021 tarixədək uzadılmışdır). Poliklinika tərəfindən X/V-si 13.04.2021-12.05.2021 tarixədək N327401; 13.05.2019-17.06.2019 tarixədək N327525; 18.06.2019-17.07.2019 tarixədək N327719; 18.07.2019-16.08.2019 tarixədək N327808 tarixlərində verilmişdir. 28.08.2019-09.09.2019 tarixədək Naftalan şəhərində sanator müalicədə olmuşdur. Təkrarən 14.09.2019- 21.09.2019-dək X/V N457628 poliklinika tərəfindən verilmişdir. 23.09.2019-dən təkrar ATU-nun X2 daxil olmuş, 23.09.2019-30.09.2019 tarixdə orada stasionar müalicə qəbul etmişdir. 01.10.2019 tarixdə TSEK-ə göndərilmişdir. 10.10.2019-da 5 il müddətində İİ qrup əlillik təyin edilmişdir. Diaqnoz: “M06.0 Seroneqativ revmatoidli artrit. Aktiv mərhələ İİ dərəcə aktivlik. Funksional çatmamazlıq İİİ. M20 Əl və ayaq barmaqlarının qazanılma deformasiyası. İş materiallarında olan Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, İddiaçı ikinci dərəcəli əlildir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 28.08.2019-cu il tarixdən 09.09.2019-cu il tarixədək Naftalan şəhəri, İ.Nəsimi 5 ünvanda yerləşən "xxxx" MMC-də müalicə olunmuşdur. İş materiallarında olan 21.11.2019-cu il tarixdə tərtib edilmiş və X6, X7, X3, X5 tərəfindən imzalanmış akta əsasən, İddiaçı əmrlə tanış olması, əmrin surətini, əmək kitabçasını aldığını, lakin bunları təsdiq etmək üçün kitaba imza atmaqdan imtina etməsi qeyd edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə və 15.11.2019-cu il tarixli, 201 nömrəli əmrə əsasən, Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “c” bəndinə əsasən, qanunvercilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirmədiyindən, İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışa əsasən, 25.12.2020-ci il tarixdə İddiaçı 04.02.2021-ci il tarixə olan son qalıq olaraq 87,35 manat ödəniş edilmişdir. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan müəyyən olunur ki, 06.11.2018-ci il tarixdən 08.11.2019-cu il tarixədək mütamadi olaraq hər ay İddiaçı əmək haqqı kart hesabına ödənişlər edilmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilmiş müddətin bərpasına dair ərizənin qanunsuz və əsassız hesab edilməsi, iddia müddətini tətbiq etməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab etmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və əsaslı olan iddia tələbi, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından və işin digər materiallarından aşkar surətdə göründüyü kimi, iddiaçı işdən azad olunması barədə əmrin surətini almadığından, əmək müqaviləsinin ləğv edilməsinin əsasını bilməmiş, buna görə də, iddiaçı cavabdeh tərəfindən əmrin surəti ona verilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ona ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü deyil, xeyli müddət sonra (iddiaçı məhkəməyə müraciət etdikdən sonra) iddiaçıya verilmişdir. Əmrin surəti isə məhkəmə iclasında iddiaçıya təqdim edilmişdir. İşin materiallarından isə görünür ki, hazırki iş üzrə mövcud olan iddia ərizəsi 19.11.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək qanunvericiliyinin əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etmə müddətini müəyyən edən bu normasının dispozisiya şərtlərindən aydın görünür ki, qanunverici işçinin öz hüququnun pozulmasının aşkar etdiyi gün hesab edilə bilən halların dairəsini dəqiq müəyyən etmişdir və bu norma genişləndirici şəkildə təfsir edilə bilməz. Yəni, hazırkı halda işçinin həmin maddə ilə nəzərdə tutulmuş müddəti ötürməsinin müəyyən edilməsi üçün ilk növbədə işçinin öz hüquqlarının pozulmasını bildiyi hallardan birinin baş verdiyi (əmrin, əmək kitabçasının, haqq hesab sənədlərinin verilməsi, əmək müqaviləsinin şərtlərinin işəgötürən tərəfindən qəsdən pozulması), həmin vaxtdan bir təqvim ayından artıq müddətin keçməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır ki, iddiaçının əmək kitabçası ona hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra təqdim edilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən onun əmək kitabçası artıq onda olmuşdur və iddia ərizəsində əmək kitabçasına istinad edilmiş, əmək kitabçasının surətini iddia ərizəsinə əlavə etmişdir. İddiaçı özü də əmək kitabçasının ona məhkəməyə müraciət etməmişdən əvvəl verildiyini inkar etməmiş, lakin əmək kitabçasını bağça müdirəsindən onun evində məhkəməyə müraciət etməmişdən qısa müddət əvvəl aldıqlarını bildirmişdir. Laki niş materialları ilə iddiaçının əmək kitabçasını aldıqdan sonra məhkəməyə müraciət etmək üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq müddəti ötürməsi iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin, iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra onun işdən azad edilməsi barədə əmrin surətinin təqdim edilməsi də iş materialları ilə müəyyən edilmir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan isə iddiaçıya son haqq hesabın yalnız 25.12.2020-ci il tarixdə ödənildiyi görünür. İddiaçı rəsmi və qeyri-rəsmi cavabdehə müraciət etdiyini, əmrin surətinin iddiaçıya rəsmi qaydada təqdim edilmədiyini bildirmiş, cavabdeh apellyasiya şikayətində iddiaçıya əmək kitabçasının təqdim olunduğunu, ona kitaba imza etməsi təklif olunsa da, imzalamaqdan imtina etdiyini bildirmişdir. Lakin əmrin surətinin iddiaçıya verilməsi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir və həmin halla bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bununla yanaşı, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mahiyyəti üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını nəzərə alaraq, belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin bu qənaəti qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “C” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Məhkəmə kollegiyasının müəyyənləşdirdiyi hallardan görünür ki, İddiaçı 01.12.2018ci il tarixdən 16.08 2019-cu il tarixədək ardıcıl olaraq 7 ay 16 gün xəstəliklə əlaqədar işə çıxmamış və əmək funksiyalarını yerinə yetirə bilməmişdir. Bununla da, iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsinə görə əmək müqaviləsinə xitam verilməsi üçün əsas yaranmışdır. İddiaçı həmin tarixdən sonra da, 15.11.2019-cu il tarixədək işə çıxmamışdır, lakin iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən işəgötürən bu hallara istinad etməmişdir. Ona görə də, həmin halların mövcudluğu hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmədiyindən məhkəmə kollegiyası həmin hallara qiymət verilməsinə zərurət görmür. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehin hərəkətləri qanuni olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçı iş yerində əmək funksiyalarını yerinə yetirdiyi zaman ona əmək kitabçasında Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bölməsinin “C” bəndinə əsasən işdən azad edildiyinin bildirildiyini göstərmiş, əmrin əsassız və qanunvericiliyin tələblərinə zidd olduğuna görə ləğv edilməsini xahiş etmişdir, lakin əmrin qanunvericiliyin tələblərinə zidd olmasına dair dəlillərini əsaslandırmamış, məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilən hallarına istinad edərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halı nəzərə almayaraq, iddianın dəlillərinin sübuta yetirildiyi qənatəinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini həmin hissədə əsaslı hesab edir və bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsi haqqında yeni qətnamə qəbul edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 2(001)-1250/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar