Məhkəmə qərarları › İş №2(103)-11296/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11296/2021

17.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11296/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-8362/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 27 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli vərəsəlik hüququ haqqında (X1 ölümündən sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6a saylı evin 69 saylı mənzilinə dair) şəhadətnamənin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın qismən etibarsız hesab edilməsi, onun həmin mənzilin ½ hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-8362/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya izah edilmişdir ki, o, hazırki iddia tələbi ilə bağlı mübahisəli əmlakın yerləşdiyi ərazi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edə bilər Həmin qərardaddan iddiaçının nümayəndəsi (vəkili) şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki mübahisənin predmeti vərəsəlik haqqında mübahisə olduğundan və əsas tələb vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi olduğundan və digər tələb isə bundan irəli gəldiyindən hazırki iddiaya MPM-in 35.1-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-8362/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsi MPM-nin 39.1 və 152.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınmasına, başqasının sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılmasına dair iddia tələbləri üzrə qanunverici müstəsna aidiyyət qaydalarını müəyyən etməsini əsas götürərərk hesab etmişdir ki, bu iddia tələbləri üzrə mülki işə cavabdehin rəsmi qeydiyyatı və ya hüquqi ünvanı üzrə deyil, daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalı olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki iddia tələbi isə Bakı şəhəri 27 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli vərəsəlik hüququ haqqında (X1 ölümündən sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6a saylı evin 69 saylı mənzilinə dair) şəhadətnamənin qismən etibarsızlığını tələb edir ki, bu tələb qeyd olunan maddədə göstərilən tələblərin sırasına aid olmamışdır. Göründüyü kimi hazırda iddia tələbinin əsasını vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsızlığı dayanır ki, tələbin digər hissələri – “vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın qismən etibarsız hesab edilməsi, onun həmin mənzilin ½ hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması” birinci tələbdən irəli gəlir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə irəli sürülmüş iddia MPM-nin 39-cu maddəsinin tələbinə uyğun olaraq müstəsna aidiyyatın təsiri altına düşməmişdir. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu ərazində qeydiyyatdadır və bununla da müəyyən edilir ki, iddiaçı MPM-nin 35-ci maddəsinə əsasən düzgün olaraq Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydə alındığı Binəqədi rayon Məhkəməsinə verilməlidir, işə baxan Binəqədi Rayon Məhkəməsi isə iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Qeyd edilənlərə və MPM-nin 398.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilərək iş baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398 və 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-8362/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia üzrə mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar