Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-113/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı dəymiş maddi zərərin əvəzinin və pulun ödənilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 avqust 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 və cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış 2 ədəd “Təmir-tikinti müqavilələrinin” ləğv edilməsi, müqavilələr üzrə iddiaçı tərəfindən əvvəlcədən avans şəklində ödənilmiş, lakin icra edilməmiş işlərin dəyəri kimi 45.400 manat, ikinci – “Təmir-tikinti müqaviləsi” üzrə işlərin qüsurlu icra edilməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 8.014,17 manat məbləğində pulun, hər iki “Təmir-tikinti müqaviləsi” üzrə artıq ödədiyi 8.470 manat, iddia ərizəsinin məhkəmə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 276 manat məbləğində pulun cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (müqavilələrdə tarix göstərilməmişdir).
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında 2 ədəd təmir-tikinti müqaviləsi bağlanmışdır. Birinci müqaviləyə əsasən cavabdeh MMC ünvan ünvanında yerləşən torpaq sahəsində ümumi sahəsi 389 kv.m olan fərdi yaşayış evini iddiaçı tərəfindən ona təqdim edilən dizayn layihəsi üzrə inşa etməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə ödənilmiş 40.000 manat məbləğində avans ödənişi də daxil olmaqla, müqavilənin ümumi dəyəri olan 105.030 manat iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir. İkinci müqaviləyə əsasən cavabdeh MMC həmin torpaq sahəsində mühafizə evi, qaraj və hasar tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 43.000 manat müəyyən edilmişdir ki, həmin məbləğ iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir. Birinci müqavilənin bağlanmasından 1 ildən, ikinci müqavilənin bağlanmasından isə 9 aydan çox müddət keçməsinə baxmayaraq, müqavilələrdə nəzərdə tutulmuş işlər cavabdeh MMC tərəfindən tam şəkildə başa çatdırılaraq iddiaçıya təhvil verilməmişdir. İşlərin tamamlanması üçün iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilsə də, müraciətlər nəticəsiz qalmış, cavabdeh tərəfindən tikinti işlərinin tamamlanması üçün heç bir tədbir görülməmişdir. Daha sonra iddiaçı cavabdeh MMC-yə dəfələrlə, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə yazılı şəkildə müraciət edərək müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozması, müraciətlərə baxmayaraq hərəkətsizlik nümayiş etdirərək işləri yekunlaşdırıb təhvil verməməsi, işlərdə nöqsanlara yol verməsi səbəbindən müqaviləyə xitam vermək niyyətini MMC-nin diqqətinə çatdırmışdır. Lakin cavabdeh MMC tərəfindən bu məktuba heç bir münasibət bildirilməmişdir. Bundan başqa ikinci müqavilə çərçivəsində görülmüş işlərdə qüsurlar yaranmış, qarajın tavan hissəsinə betonun tökülməsi cavabdeh tərəfindən standartlara və tələblərə cavab verməyən formada, keyfiyyətsiz şəkildə və qüsurlu icra olunduğuna görə tavan hissəyə tökülmüş beton çökmüş, nəticədə tikilinin dam konstruksiyası sıradan çıxmış, iddiaçıya maddi ziyan dəymişdir. Həmin qüsurların aradan qaldırılması üçün dəfələrlə, sonuncu dəfə isə yazılı şəkildə xx.xx.2022-ci il tarixli məktubla iddiaçı cavabdeh MMC-yə müraciət edilərək, cavabdehin səlahiyyətli əməkdaşının iştirakı ilə müqavilə üzrə tikintinin aparıldığı sahədə qaraja baxış keçirilməsi, işlərdə yaranmış qüsurların aradan qaldırılması üçün qısa müddət ərzində tədbirlər görülməsi və qüsurlu icra nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsinin təmin edilməsi xahiş edilsə də, cavabdeh bu müraciətə də hər hansı münasibət bildirməmiş, betonun çökdüyü tavan sahəsinə baxış keçirilməsi və zərərin aradan qaldırılması üçün sonuncu tərəfindən heç bir addım atılmamışdır. Cavabdeh qüsurların aradan qaldırılması üçün hər hansı tədbir görmədiyindən qüsurlar iddiaçının öz vəsaiti hesabına cəlb etdiyi üçüncü şəxslər vasitəsilə aradan qaldırılmışdır. İddiaçının müraciəti əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş rəylərlə hər iki müqavilə üzrə natamam qalmış işlərin həcmi, həmin işlərin görülməsi üçün lazım olan vəsait 45.400 manat, eyni zamanda ikinci müqavilə üzrə dəymiş ziyan – qarajın tavanının uçması nəticəsində dəymiş ziyanın həcmi və dəyəri – 8.014,17 manat məbləğində müəyyən edilmişdir. Hər iki müqavilənin 1.4-cü bəndlərində qeyd olunmuşdur ki, gələcəkdə müqavilədə nəzərdə tutulmayan digər xərclərə ehtiyac olarsa, həmin xərclər sifarişçi tərəfindən əlavə olaraq ödəniləcəkdir. Müqavilələr üzrə işlərin icrasına başlanmasından bugünədək cavabdeh müxtəlif vaxtlarda əlavə mal-materialın alınmasına ehtiyac olması adı ilə iddiaçıdan müxtəlif məbləğlərdə pul vəsaiti almasına baxmayaraq hər hansı əlavə malmaterial alınmamış, işlərin icrası cavabdeh tərəfindən tamamlanmadığına görə belə malmaterialdan istifadə edilməmiş və iddiaçıya hər hansı əlavə mal-material təqdim edilməmişdir. Birinci müqavilənin dəyəri 105.030 manat, ikinci müqavilənin dəyəri 43.000 manat olmaqla iki müqavilənin ümumi dəyəri 148.030 manat təşkil etsə də, iddiaçı tərəfindən cavabdehə əlavə mal-material üçün tələb edilmiş vəsaitlər də daxil olmaqla kassa mədaxil orderinin qəbzləri əsasında ödənilmiş vəsaitlərin ümumi məbləği 156.500 manat təşkil edir ki. bu da iddiaçı tərəfindən 8.470 manat artıq ödənişin həyata keçirilməsi deməkdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə iş üzrə icraata qismən, yəni iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış “Təmir-tikinti müqavilələrinin” ləğv edilməsi tələbi üzrə icraata (həmin tələbə məhkəmə qaydasında baxılmamalı olması əsası ilə) xitam verilməsini qərara almışdır.
4. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, tərəflər arasında bağlanmış iki müqavilə üzrə icra edilməmiş işlərin dəyəri kimi 45.400 manat, ikinci “Təmir-tikinti müqaviləsi” üzrə (yardımçı tikililərin inşasına dair) işlərin qüsurlu icra edilməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 8.014,17 manat, hər iki “Təmir-tikinti müqaviləsi” üzrə iddiaçının artıq ödədiyi 8.470 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 276 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin – 100 manat məbləğində pulun MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsini qət etmişdir.
5. Rayon Məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, tədqiq olunmuş sübutlarla tərəflər arasında bağlanmış iki podrat müqaviləsinin şərtlərinə iddiaçı (sifarişçi) tərəfindən əməl edilməsinə, yəni müqavilələr üzrə razılaşdırılmış işlərin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, cavabdeh (podratçı) tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi – işlərin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə görülməməsi, işlərin natamam və qüsurla görülməsi, natamam işlərin dəyərinin 45.401,04 manat, qüsurla görülmüş işlərin (qarajın tavanı) aradan qaldırılması üçün zəruri olan xərclərin dəyərinin 8.470 manat müəyyən edilməsi, hər iki müqavilə üzrə işlərin razılaşdırılmış dəyərinin 148.030 manat təşkil etməsinə baxmayaraq, iddiaçı tərəfindən ümumilikdə 156.500 manat, yəni 8.470 manat artıq ödənilməsi təsdiq edilmişdir. c) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə də iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işlərin natamam görülməsi ilə bağlı hər hansı sübut yoxdur. İddia ərizəsində natamam işlərin guya iddiaçının hesabına üçüncü şəxslər tərəfindən aradan qaldırıldığı qeyd olunmuşdur. Bununla əlaqədar isə hər hansı sübut təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən, işlərin icra müddəti 5 ay müəyyən edilmişdir. İddiaçı tərəfdən ilkin ödənişin xx.xx.2021-ci il tarixində edilməsini nəzərə alaraq, işlərin 2021-ci ilin oktyabr ayında başa çatması müəyyən edilir. Əgər həqiqətən işlər başa çatmasaydı və hansısa qüsurlar olsaydı, bununla bağlı iddiaçı həmin dövrdə cavabdehə bildiriş və ya məktubla müraciət etməli, öz tələblərini bildirməli idi. Buradan da aydın olur ki, cavabdeh tərəfindən işlər müqaviləyə uyğun aparılmış, iddiaçı tərəfindən qəbul edilmiş, hər hansı etiraz bildirilməmişdir. İş üzrə təqdim edilən ekspert rəyində də natamam işlərin mövcudluğu və ya dəyəri ilə bağlı hər hansı mövqe bildirilməmişdir. Buna baxmayaraq, məhkəmə ekspert rəyi kimi mötəbər sübutu nəzərə almayıb, iddiaçı tərəfindən təqdim edilən və hər hansı keçərliliyi olmayan qiymətləndirmə şirkətinin öz fərziyyələrinə əsaslanaraq verdiyi əsassız bir rəyi əsas götürmüşdür. Ekspert rəyi mütəxəssis rəyindən daha mötəbər və tutarlı sübut hesab olunur, məhkəmə verilən ekspert rəyini natamam hesab etmişdirsə, əlavə və ya təkrar ekspertiza təyin edə bilərdi. Məhkəmə isə ümumiyyətlə ekspert rəyinə münasibət bildirməmiş, nəyə görə mötəbər sübut kimi qəbul etmədiyini açıqlamamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən, işlər sifarişçi tərəfindən təqdim edilmiş dizayn layihəsi əsasında, belə layihə olmadıqda, layihənin icrası sifarişçinin tapşırıqları əsasında aparılır. İddiaçı tərəfindən dizayn layihəsi təqdim edilmədiyi üçün cavabdeh onun göstərişləri əsasında müvafiq işləri yerinə yetirmişdir. Əgər həqiqətən cavabdeh tərəfindən iddiaçının tapşırıqları yerinə yetirilməmişdirsə, bununla əlaqədar hər hansı sübutlar məhkəməyə təqdim edilməli idi. Həmçinin iddiaçı üçüncü şəxslər hesabına müəyyən işlərin görülməsinə istinad edirsə, həmin şəxslərlə bağlanan müqavilələri, müvafiq ödənişləretməsini təsdiq edən qəbzləri, işlərin yerinə yetirilməsinə dair aktlar, eləcə də digər sübutları məhkəməyə təqdim etməli idi. Belə sübutlar olmadığı halda, məhkəməyə müvafiq faktları sübuta yetirilmiş kimi qələmə vermiş, əsassız və qanunsuz olaraq iddia tələbini təmin etmişdir. Digər tərəfdən, iddia tələbinin ikinci hissəsi artıq ödənilmiş 8.470 manat məbləği ilə bağlıdır və məhkəmə yenə də hər hansı hüquqi əsası olmadan bu hissədə tələbi təmin etmişdir. İşin halları ilə müəyyən olunur ki, tərəflər arasında iki podrat müqaviləsi imzalanmış və bu müqavilələrin cəmi dəyəri 148.030 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 141.500 manat ödəniş edilmişdir. Qeyd edilən məbləğ təqdim olunan ciddi hesabat blankı olan kassa mədaxil orderləri ilə təsdiq olunur. Cavabdeh məhkəmə prosesində əlavə bir kassa məxaric orderi adlı sənəd təqdim etmiş, guya əlavə olaraq 15.000 manatın da ödənilməsini göstərməyə çalışmışdır. İlk növbədə qeyd etmək lazımdır ki, tərəflər arasında belə bir ödəniş olmamışdır. İş üzrə sübutlarla müəyyən olunur ki, tərəflər arasındakı işgüzar praktika məhz kassa mədaxil orderinin verilməsi olmuşdur. Bu orderlər cavabdehin möhürü ilə təsdiq edilmiş, eləcə də rəhbər tərəfindən imzalanmışdır. Belə olduğu halda nəyə əsasən tərəflərin həmin praktikanı davam etdirməyib kassa məxaric adlı adi bir kağız parçasına 15.000 manat dəyərində böyük bir ödənişi qeyd etmələri məlum deyildir. Aydın məsələdir ki, bu sənəd sonradan və sırf iddia tələbinin təmin olunması üçün tərtib olunmuşdur. Hətta sənədin adında belə səhvə yol verilmişdir. Bilindiyi kimi kassa mədaxil orderi müəssisəyə ödəniş edildiyini təsdiq etdiyi halda, məxaric orderi ödənişin müəssisəsədən çıxdığını göstərir. Göründüyü kimi həmin sənəddə cavabdehin möhürü olmamış, hər hansı səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Həmçinin iddiaçı bu məsələyə də aydınlıq gətirə bilməmişdir ki, nəyə görə cavabdehə artıq ödəniş etmişdir. Çünki onsuz da müqavilə bağlanan zaman işlərin dəyəri müəyyən edilmişdir və həmin məbləğdən artıq ödənişin edilməsi heç bir məntiqə uyğun gəlmir. İddia tələbinin üçüncü hissəsi ilə bağlı qeyd olunmalıdır ki, qarajın tavanın uçması cavabdehin təqsiri ucbatından olmamışdır. Həmin sahənin inşası məhz müqaviləyə əsasən iddiaçının tapşırıqları əsasında olmuşdur. Qarajın inşasında hər hansı hüquqa zidd, təqsirli hərəkət mövcud deyildir və bu hadisə ilə cavabdehin hərəkətləri arasında hər hansı səbəbli əlaqə yoxdur. İddiaçı zərərin vurulduğunu sübut edə bilməmişdir. Beləliklə, Rayon Məhkəməsi, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları hüquqi cəhətdən əsaslandırmamış, araşdırılan sübutların qəbul edilməməsinin səbəbləri göstərilməmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iştirak etmiş tərəfin izahatı barədə məlumat
8. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənın məzmununa uyğun izahat verdi. e) apellyasiya baxışının hədləri barədə məlumat
10. Hazırkı iş üzrə apellyasiya baxışının həddi ilə bağlı Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmışdır.
11. Cavabdeh MMC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayətindən görünür ki, MMC də iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir. MMC, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmır.
12. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, qeyd edilən prosessual hüquq normasının tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, “sifarişçi” olan iddiaçı ilə "xxxx" olan MMC arasında bağlanmış (birinci) "xxxx" əsasən, MMC, iddiaçıya məxsus olan və ünvan ünvanında yerləşən torpaq sahəsində ümumi sahəsi 389 kvadrat metr olan fərdi yaşayış evini iddiaçı tərəfindən MMC-yə təqdim edilən dizayn layihəsi üzrə inşa etməyi öhdəsinə götürmüşdür. Görüləcək işlərin ümumi dəyəri 105.030 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı, müqavilə üzrə müəyyən edilmiş vəsaiti – 40.000 manatı avans formasında MMC-yə ödəyir və pulun qalan hissəsini, yəni tikinti başladıqdan sonra 65.030 manatı isə növbəti 3 ay müddətində hissə-hissə MMC-yə ödənilməsini təmin edir. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilənin tam icrası üçün 5 ay müddət müəyyənləşdirilmişdir və həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə tərəflərin hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu (Podrat) fəsli ilə müəyyən edilir.
16. “Sifarişçi” olan iddiaçı ilə "xxxx" olan cavabdeh MMC arasında bağlanmış (ikinci) "xxxx" əsasən, MMC iddiaçıya məxsus və yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsində mühafizə evi, qaraj və hasar tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Görüləcək işlərin ümumi dəyəri 43.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı, müqavilə üzrə müəyyən edilmiş vəsaiti – 21.500 manatı avans formasında MMC-yə ödəyir və pulun qalan hissəsini, yəni tikinti başladıqdan sonra 21.500 manatı isə növbəti 2 ay müddətində hissə-hissə MMC-yə ödənilməsini təmin edir. Müqavilənin 3 1-ci maddəsinə əsasən müqavilə üzrə tərəflərin hüquqları Mülki Məcəllənin 39-cu (Podrat) fəsli ilə müəyyən edilir və 4.1-ci maddəsinə əsasən müqavilənin tam icrası tərəflər arasında 3 (üç) ay müddətinə razılaşdırılmışdır.
17. "xxxx" görünür ki, iddiaçı tərəfindən MMC-yə ödənilmiş vəsaitlərin ümumi məbləği 156.500 manat təşkil edir.
18. Qiymətləndirici şirkət – “Əmlak Ekspert Mərkəzi" MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli “Hesabatdan” qeyd edilmişdir ki, hər iki müqavilə üzrə natamam qalmış işlər aşağıdakılardan ibarətdir: - 2 mərtəbəli tikilidə 1-ci mərtəbədən 2-ci mərtəbəyə daxili pilləkənin yığılması; - həmin tikilinin 1-ci mərtəbəsinin daxili divarlarının hörülməsi; - həmin tikilinin 2-ci mərtəbəsinin xarici divarlarının hörülməsi; - həmin tikilinin 2-ci mərtəbədə daxili divarların hörülməsi; - həmin tikilinin terrasının kəmər hissəsinin quraşdırılması; - həmin tikilinin, qaraj və ona bitişik mühafizə otağının damının yığılması; - şiferin vurulması (kantları ilə birlikdə); - beton işləri (qarajın və mühafizədə girişin döşəməsi); - mühafizə evində otaqların atmalarının quraşdırılması; - yan hasarların bir hissəsinin üstünün örtülməsi müəyyən edilmişdir.
19. Həmin MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli “Hesabatda” qeyd edilmişdir ki, yardımçı tikilinin - qaraj sahəsinin tavanının uçması nəticəsində dəymiş ziyanın həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 8.014,17 manat müəyyən edilmiş, tikilinin fotoşəkilləri də hesabata əlavə edilmişdir.
20. Həmin MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli “Hesabatdan” görünür ki, yuxarıda qeyd edilən ünvanda 2021-ci ilin may ayında başlanmış inşaat işləri bağ evində 2 mərtəbə və həyətyanı tikililərdə yarımçıq qalmışdır. Yarımçıq qalmış işlərin başa çatdırlması üçün 45.401,04 manat vəsait tələb olunur.
21. İddiaçı tərəfindən cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, iddiaçı, cavabdeh MMC tərəfindən “Təmirtikinti müqavilələrinin” şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbindən, həmin müqavilələrə birtərəfli qaydada xitam verilməsi barədə öz iradə ifadəsini cavabdeh MMCyə bildirmişdir.
22. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı məktubla cavabdeh MMC-yə müraciət edərək, MMC-nin səlahiyyətli əməkdaşının iştirakı ilə müqavilə üzrə tikintinin aparıldığı sahədə qaraja baxış keçirilməsi, işlərdə yaranmış qüsurların aradan qaldırılması üçün qısa müddət ərzində tədbirlər görülməsini və qüsurlu icra nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsinin təmin edilməsi xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli, 10/452 saylı rəydən görünür ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış "xxxx" əsasən iddiaçıya məxsus və iddia ərizəsində qeyd edilən 0,16 ha bağ-torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilmiş, lakin inşa olunmuş yaşayış evində müxtəlif növ eləcə də gözlə görünməyən tikinti-təmir işləri aparıldığından, gizli işlərə dair aktlar, tikintitəmir işləri ilə bağlı layihə və smeta sənədləri, qaimələr mülki iş materiallarında omadığından, həmçinin baxış zamanı təqdim edilmədiyindən, aparılmış tikinti-təmir işləri tamamlandığından, iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən aparılmış tikinti-təmir işlərin həcmi və dəyərini dəqiqliklə nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də qərardadda qoyulmuş birinci-üçüncü suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Hər hansı tikilinin inşa olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin dəyəri, həmin tikiliyə baxış keçirilərək, ölçü işləri aparılmaqla və ya tikilinin inşasına dair tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri əsasında müəyyən edilə bilər. Həmin rəyin “tədqiqat prosesinin təsviri” hissəsindən görünür ki, Mərkəzin eksperti “Əmlak Ekspert Mərkəzi" MMC-nin vermiş olduğu xx.xx.2022-ci il tarixli rəyini təsdiq edərək qaraj sahəsinin tavanının uçması nəticəsində dəymiş ziyanın 8.014,17 manat məbləğində olmasını qeyd etmişdir.
24. İddiaçı cavabdeh MMC-nin müqavilə şərtlərini pozmasını əsas gətirərək, ona artıq ödənilmiş vəsaitin və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir.
25. Cavabdeh MMC isə iddiaçının sifarişi ilə onun evində dizayn layihədə nəzərdə tutulmamış əlavə işlərin görüldüyünü bildirirəm iddianın rədd edilməsini xahiş edir.
26. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən evin dizayn layihəsi (eskiz layihəsi) Məhkəməyə təqdim edilmişdir. Buna görə də Məhkəmə hesab etmişdir ki, əvvəlki vəziyyət dəyişmiş, ekspertizanın keçirilməsinə mane olmuş hal aradan qalxmış, vəsatətdə qeyd edilmiş suallar əsasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/452 saylı rəyində ekspertin cavab verə bilmədiyi suallara aydınlıq gətirilməsi mümkün olmuşdur.
27. Apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən təkrar məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
28. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli, 10/114 nömrəli rəydə qeyd edilmişdir, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsus və iddia ərizəsində qeyd edilən ünvanında yerləşən 0,16 ha bağ-torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin ümumi sahəsi 292,3 kv.m təşkil edir. Hər hansı tikilinin inşa olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin dəyəri, həmin tikiliyə baxış keçirilərək, ölçü işləri aparılmaqla və ya tikilinin inşasına dair tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri əsasında müəyyən edilə bilər. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən həmin torpaq sahəsində inşa edilmiş 124,55 kv.m mühafizə evi, qaraj və hasarın ümumi sahəsi 124,55 kv.m təşkil etdiyi müəyyən edilir. Həmin müqaviləyə əsasən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, mühafizə evi, qaraj və hasar tikilisinin tam təmirli vəziyyətdə olduğu müəyyən edilir. Həmin torpaq sahəsində qeyd edilən tikililərdən başqa tikilinin inşa olunduğu müəyyən edilmir.
29. Beləliklə tədqiq olunmuş sübutlarla tərəflər arasında bağlanmış iki podrat müqaviləsinin şərtlərinə iddiaçı (sifarişçi) tərəfindən əməl edilməsinə, yəni müqavilələr üzrə razılaşdırılmış işlərin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, cavabdeh MMC (podratçı) tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi – işlərin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə görülməməsi, işlərin natamam və qüsurla görülməsi, natamam işlərin dəyərinin 45.401,04 manat, qüsurla görülmüş işlərin (qarajın tavanı) aradan qaldırılması üçün zəruri olan xərclərin dəyərinin 8.470 manat müəyyən edilməsi, hər iki müqavilə üzrə işlərin razılaşdırılmış dəyərinin 148.030 manat təşkil etməsinə baxmayaraq, iddiaçı tərəfindən ümumilikdə 156.500 manat, yəni 8.470 manat artıq ödəməsi təsdiq edilmişdir.
30. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (maddə 445.2.1.); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (maddə 445.2.2.). Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1.). Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir (maddə 759.1.). Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun (maddə 759.2.). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (maddə 762.1.). Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (maddə 762.2.). Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (maddə 762.3.). Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (maddə 763.1.). Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər (maddə 764.1.).
31. Qeyd edilən maddi hüquq normalarının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. f) apellyasiya baxışının nəticəsi
32. Beləliklə də, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
33. Bundan əlavə, Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş təkrar məhkəmə tikintitexniki ekspertizasının tədqiqat dəyərini təşkil edən 100 manat məbləğində pul cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
34. Məhkəmə həmçinin bildirir ki, qətnamə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MMC hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
35. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 avqust 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcini təşkil edən 100 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.