Məhkəmə qərarları › İş №2(103)-11303/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11303/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11303/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1770/2021 saylı mülki işi üzrə 18 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən 26.02.2015-ci il tarixində keçirilən 11/01 və 11/02 saylı hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, banka verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona müvafiq Çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək, "xxxx" MMC-nin 24.01.2024-cü il tarixli Qiymətləndirmə Hesabatının ləğv edilməsi, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən 26.02.2015-ci il tarixində keçirilən 11/01 və 11/02 saylı hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, həmin protokolun nəticəsinə tələbkar banka verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, alqısatqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1770/2021 saylı mülki işi üzrə 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8005/2021 saylı 27 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(005)-1770/2021 saylı qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1770/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8005/2021 saylı 27 iyul 2021-ci il tarixli qərardadında göstərilmiş nöqsanları aradan qaldırmış, eyni zamanda, ötürülmüş prosessual müddətin bərpa olunması barədə ərizə vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1770/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(005)- 1770/2021 saylı qətnaməsindən İddiaçı1 müddətin bərpası barədə ərizəsi təmin olunmuş, apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1770/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərardadından 10 gün müddətində şikayət verilməsi nəzərədə tutulmuş olsa da, iş materialları ilə qərardadın tərəflərə rəsmi qaydada göndərilməsi müəyyən olunmamışdır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi 13 oktyabr 2021-ci il tarixli qərardadını tərəflərə rəsmi qaydada verdikdən sonra qanunla müəyyən edilmiş 10 günlük şikayət müddətini gözləməklə qərardaddan şikayət verdilmədiyi halda apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməli idi. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq həmin qərardaddan şikayət verilməsinin nəzərdə tutulduğunu göstərmiş olsa da, 13 oktyabr 2021ci il tarixli qərardadını tərəflərə ümumiyyətlə göndərməmiş və iş üzrə digər tərəflərin qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddətini gözləmədən apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1770/2021 saylı mülki işi üzrə 18 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətin digər mümkünlük şərtlərini müzakirə etmədən apellasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1770/2021 saylı mülki işi üzrə 18 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar