Məhkəmə qərarları › İş №2(103)-1131/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1131/2021

19.02.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1131/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “depozitə qoyulmuş pula dair faizlərin müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsinə uyğun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Banka qarşı “depozitə qoyulmuş pula dair faizlərin müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsinə uyğun ödənilməsi və sair tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, onunla cavabdeh Bank arasında xx.xx.2010-cu il tarixdə bağlanmış “Klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə” əsasən o, 60.000 ABŞ dolları məbləğində pulu illik 16 faiz dərəcəsi ilə 60 ay müddətinə Banka depozitə qoymuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2010 il tarixindən 5 il ərzində, yəni xx.xx.2015-ci il tarixinədək hər il (60.000 x 16%=) 9.600 ABŞ dolları məbləğində pul Bank tərəfindən əmanətçi olan iddiaçıya ödənilməli idi. Sonradan müqavilənin müddəti xx.xx.2015-ci il tarixindən yenidən 5 il müddətinə, yəni xx.xx.2020-ci il tarixinədək uzadılmış və müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2015-ci il tarixindən hər il əmanətçiyə (60.000 x 12.4%=) 7.440 ABŞ dolları ödənilməli idi. Lakin bütün bunlara baxmayaraq, Bank tərəfindən birtərəfli qaydada müqavilə üzrə faizlərin azaldılması həyata keçirilərək, xx.xx.2017-ci il tarixindən faiz məbləği 2 faiz olaraq hesablanmağa başlanılmışdır. İddiaçıya xx.xx.2015-ci il tarixdə sonuncu ödəniş olaraq, 9.600 ABŞ dolları deyil, səbəbi bilinmədən 120 ABŞ dolları az olaraq cəmi 9.480 ABŞ dolları ödənilmişdir. Baxmayaraq ki, xx.xx.2015-ci il tarixindən 7.440 ABŞ dolları ödənilməli idi, Bank tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdə 6.696 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 5.880 ABŞ dolları, 2019-cu ildə 1.200 ABŞ dolları, 2020-ci ildə 1.200 ABŞ dolları məbləğində faiz məbləği ödənilmişdir. xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə 744 ABS dolları, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə 1.560 ABŞ dolları, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə 6.240 ABS dolları, xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 6.240 ABS dolları fərq yaranmışdır. Bu səbəblərdən də Bankın müqavilə öhdəliklərini icra etməkdən imtina etməsinin hər hansı bir qanuni əsası olmamışdır. Göstərilən səbəblərdən iddiaçı hesab edir ki, Bank tərəfindən ona ödənilməli olan, lakin ödənilməmiş (120+744+1.560+6.240+6.240=) 14.904 ABŞ dolları məbləğində pul Bankdan onun xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı bildirir ki, ona məxsus olan 14.904 ABŞ dolları məbləğində pulu Bank özündə əsassız olaraq saxlamaqla onun hesabına qanunsuz olaraq faydalanmışdır. Belə olan halda Bank, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinə görə Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə iddiaçıya faiz ödəməlidir. Mərkəzi Bankın hazırda müəyyənləşdirdiyi bank uçot dərəcəsi 10 faiz olması nəzərə alındıqda müəyyən edilir ki, cavabdeh Bankdan iddiaçının xeyrinə əlavə olaraq (14.904 x 10%=) 1.490,40 ABŞ dolları məbləğində pul tutulmalıdır. Daha sonra iddiaçı bildirir ki, o, Bankın qanunsuz hərəkəti nəticəsində hazırki iddia ilə məhkəməyə müraciət etmək, bu zaman dövlət rüsumu ödəmək və hüquqi yardım almaq üçün vəkil xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır. Dövlət rüsumu olaraq iddiaçı 30 manat, vəkil ilə müqavilə bağlamaq üçün isə 200 manat pul ödəmişdir. Buna görə də o hesab edir ki, cavabdeh Bank həmin xərclərin əvəzini ona ödəməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı 2015-ci ildə manatın devalvasiyaya uğraması halından sui-istifadə edərək, faizi dolların yeni məzənnəsinə uyğun hesablayaraq Bankdan əsassız olaraq pul tələb edir. Cavabdeh Bankın nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunu səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh Bank arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında müqavilədən” görünür ki, Bank əmanətçi olan iddiaçıdan 60.000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 60 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 16 % dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərindən aydın olur ki, uyğun olaraq, xx.xx.2010 il tarixindən 5 il ərzində, yəni xx.xx.2015-ci il tarixinədək hər il (60.000 x 16%=) 9.600 ABŞ dolları məbləğində pul Bank tərəfindən əmanətçi olan iddiaçıya ödənilməli idi. Sonradan müqavilənin müddəti xx.xx.2015-ci il tarixindən yenidən 5 il müddətinə, yəni xx.xx.2020-ci il tarixinədək uzadılmış və müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2015-ci il tarixindən hər il əmanətçiyə (60.000 x 12.4%=) 7.440 ABŞ dolları ödənilməli idi. İşin hallarından müəyyən edilir ki, Bank iddiaçıya ödənişləri yuxarıda qeyd edildiyi məbləğdə ödəməmişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə edilmiş ödəniş 120 ABŞ dolları, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə 744 ABS dolları, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə 1.560 ABŞ dolları, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə 6.240 ABS dolları, xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 6.240 ABS dolları, cəmi isə 14.904 ABŞ dolları az ödəmişdir. Hazırda iddiaçı müqavilədə qeyd edilən faiz dərəcəsi ilə ödənilən faiz dərəcəsi arasında yaranmış fərqin ödənilməsini tələb edir. Cavabdeh Bankın apellyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, əmanət faizi dolların yeni məzənnəsinə uyğun deyil, müqavilə bağlanılan tarixdə mövcud olmuş məzənnəyə uyğun hesablanmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh Bank tərəfindən müqaviləyə birtərəfli qaydada dəyişiklik edilməsi və faizin aşağı salınması qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin, (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir. Məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 448.3-ci maddəsinə görə, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Məcəllənin 944.1-ci maddəsinə görə, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Məcəllənin 947.2-ci maddəsinə görə, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir. Məcəllənin 948.1-ci maddəsinə görə, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Məcəllənin 948.3-cü maddəsinə görə, fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Göründüyü kimi müqavilə üzrə faizlərin miqdarının birtərəfli qaydada azaldılması yolverilməzdir, müqaviləyə bütün əlavə və dəyişikliklər yalnız hər iki tərəfin iradəsi əsasında müqaviləyə daxil edildikdə və imzalandıqda etibarlıdır. Hazırki halda isə qeyd edilən şərtlərin tələblərinə riayət edilməsi görünmür. Digər tərəfdən Məhkəmə qeyd edir ki, cavabdeh Bank manatın devalvasiyasına istinad edərək, faizləri birtərəfli qaydada azalda bilməz. Çünki Mülki Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə cavabdeh Bankın bu dəlilinə münasibətdə bildirir ki, bazar iqtisadiyyatı şəraitində istənilən valyutanın, o cümlədən Azərbaycan manatının devalvasiyaya uğraması hər zaman gözlənilən bir hadisə hesab olunmalıdır. Yəni, mövcud vəziyyətdə devalvasiya həmin sahənin mütəxəssi olan cavabdeh Bank tərəfindən əvvəlcədən proqnozlaşdırıla bilərdi. Bu səbəbdən, Məhkəmə, manatın devalvasiyaya uğramasını şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmir və bildirir ki, bu əsasla, faizlərin birtərəfli aşağı salınması yolverilməzdir. İddiaçının digər tələbi 14.904 ABŞ dolları məbləğində pulu Bank tərəfindən əsassız olaraq saxlamaqla onun hesabına qanunsuz olaraq faydalanmasından ibarətdir. İddiaçı hesab edir ki, Bank, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə ona faiz ödəməlidir. Bununla bağlı Məhkəmə qeyd edir ki, cavabdeh Bankın iddiaçıya məxsus olan 14.904 ABŞ dolları məbləğində pulu özündə saxlaması aşkardır. Mülki Məcəllənin 449-cu maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (maddə 449.1.). 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir (maddə 449.2.). Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet saytından görünür ki, iddia ərizəsi Rayon Məhkəməsinə verilən zaman və işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman uçot faiz dərəcəsi 10 faiz təşkil etmişdir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi cavabdeh Bankdan iddiaçının xeyrinə əlavə olaraq (14.904 x 10%=) 1.490,40 ABŞ dolları məbləğində pulun tutulmasını qət etməkdə haqlı olmuşdur. İddiaçının başqa bir tələbi iddianın məhkəməyə verilməsi üçün onun tərəfindən çəkilmiş xərclərin əvəzinin Bank tərəfindən ona ödənilməsindən ibarətdir. Bu tələb ilə bağlı iddiaçı bildirir ki, o, Bankın qanunsuz hərəkəti nəticəsində hazırki iddia ilə məhkəməyə müraciət etmək, bu zaman dövlət rüsumu ödəmək və hüquqi yardım almaq üçün vəkil xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır. Dövlət rüsumu olaraq iddiaçı 30 manat, vəkil ilə müqavilə bağlamaq üçün isə 200 manat pul ödəmişdir. Buna görə də o hesab edir ki, cavabdeh Bank həmin xərclərin əvəzini ona ödəməlidir. Qeyd edilən tələbin həlli ilə bağlı Məhkəmə bildirir ki, işdə olan “ödəniş qəbzindən” görünür ki, iddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ilə Bakı Şəhəri 12 saylı Vəkil Bürosu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 106 saylı müqavilədən görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmək üçün vəkildən hüquqi yardım almaq üçün 200 manat məbləğində pulu həmin Vəkil Bürosuna ödəmişdir. Məhkəmə, MPM-nin 119.1-ci maddəsinin tələbini və iddiaçının cavabdeh Banka qarşı irəli sürdüyü əsas iddia tələbinin əsaslı olmasını nəzərə alaraq hesab edir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə xərclərini cavabdeh Banka aid etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Bank tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar