Məhkəmə qərarları › İş №2(103)-1131/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1131/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1131/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(005)-4237/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4237/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

2. Qərardaddan İddiaçı xx.xx.2022-ci il tarixdə (qərardadı xx.xx.2022-ci il tarixdə əldə etmişdir) şikayət verərək, qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4237/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin forma və məzmuna riayət edilməməsi səbəbindən geri qaytarılması qərara alınmışdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. 2(005)-4237/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardaddan İddiaçı şikayət və şikayətin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(005)- 4237/2022 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunan Cavabdeh MMC ilə iddaçı arasında bağlanan müqavilə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reysteri məlumatı haqqında bildirişdə cavabdehin hüquqi ünvanı ünvan 1 halda iddiaçının iddia tələbini Nərimanov Rayon Məhkəməsində qaldırması qanunidir. Cavabdehin hüquqi ünvanı bəllidir və hüquqi ünvan bəlli olmadığı halda iddiaçı tərəfindən iddia tələbi əmlakın yerləşdiyi yerin məhkəməsinə verilə bilərdi. Məhkəmənin belə bir qərardad qəbul etməsi mülkiyyət hüququna ziddr. Cavabdeh MMC tərəfndən aldadılmaqla bərabər məhkəmənin hüquqi ünvanı bəlli olan mənzillə bağlı müvafiq məhkəməyə müraciət etməyi bildirməsi və buna dair heç bir sübut irəli sürməməsi qanun pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmənin məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi qanuna ziddir.

6. Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(005)-4237/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

10. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

11. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

12. Həmin Məcəllənin 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

14. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında mübahisə Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən, çoxmərtəbəli binanın A bloku, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 46 kv.m, 1 otaqlı 65 saylı mənzilin təhvil verilməsi ilə bağlıdır.

15. Mülki iş materialları birinci instansiya məhkəməsi tərəfindən araşdırılan zaman müəyyən edilmişdir ki, tərəflər arasında 16 aprel 2019-cu il tarixində mübahisələndirilən mənzilə dair müqavilə bağlanmış, həmin tarixli maliyyə arayışına əsasən isə mənzilin ümumi dəyəri tam ödənilmişdir.

16. Birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən iddiaçının mənzil-tikinti kooperativinin üzvü kimi pay haqqını tam ödəməklə yaşayış sahəsinə mülkiyyət hüququ əldə etməsinə istinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə müstəsna aidiyyat üzrə daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə müraciət edilməlidir.

17. Lakin birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin göstərilən norması tətbiq edilərkən Cavabdeh MMC-nin təşkilati hüquqi formasının mənzil tikinti kooperativi deyil, məhdud məsuliyyətli cəmiyyət olması halı araşdırılmamışdır.

18. Göründüyü kimi, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin tərəfləri dinləmədən, tələbi dəqiqləşdirmədən bu qərara gəlməsi düzgün deyil.

19. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4237/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar