Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11311/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(001)-5755/2021 saylı qətnaməsindən Cavabdeh3 Məhi qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 Məhi qızına (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Binəqədi rayon Sektoru) qarşı “mənzildən çıxartma və digər şəxslərin təsirindən azad mənzilin təhvil verilməsi” qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Abbaslı Elyananın onun Çıxarış ilə şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılmalarına və digər şəxslərin təsirindən azad mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil "ÇİXARİŞ" əsasında onun xüsusi mülkiyyətindədir. Həmin mənzildə 1993-cü ildə Şuşa şəhərindən məcburi köçkün düşmüş ailə məskunlaşmışdır. Onlar neçə ildir ki, öz mənzilləri olmasına baxmayaraq qohumun evində yaşamışlar. Amma başqa şəxslər bugünkü günə kimi ona məxsus mənzildə yaşayırlar. Mənzildən çıxmalarına dair iradlarını bildirsə də, heç bir nəticə verməmiş, mənzili tərk etməkdən imtina ermişlər. Cavabdehlərin ona qarşı etdikləri qanunsuz hərəkətləri nəticəsində qanunla qorunan hüquqları pozulmuşdur. Belə olan hal onu vadar edir ki, onları qanun çərçivəsində mülkiyyət hüququndan istifadə edərək ona məxsus mənzildən çıxartsın. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(001)-5755/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X8, Cavabdeh1 və X9 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2 ünvanında yerləşən 127 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları və həmin mənzilin boşaldıraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 Məhi qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(001)-5755/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 Məhi qızı, 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Binəqədi rayon Sektorunun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin və 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh3 Məhi qızına aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki digər cavabdehlər apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı 0084587№-li Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035-də istifadədə olan 0.1495 ha torpaq sahəsində yerləşən 2 nömrəli 9 mərtəbəli binada yerləşən 46.73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 127 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 476 nömrəli reyestr kitabının 43989 nömrəli vərəqində 17.07.2007-ci ildə qeydiyyata alınmışdır. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorundan verilmiş 30 iyun 2021-ci il tarixli 3495 №-li Arayışdan görünür ki, Cavabdeh1 Cavabdeh2 ilə birlikdə Şuşa rayonundan məcburi köçkün kimi Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, mənzil 127-də yaşayırlar. 107 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, mənzil 127-də Cavabdeh1 və X2 şəhərindən məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır və yaşayırlar. Anası Cavabdeh3 məcburi köçkün deyil və qeyd olunan ünvanda övladları ilə birlikdə qeydiyyatsız yaşayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh3 Məhi qızı ünvan 1-dən əşyaları ilə birlikdə çıxarılmalıdır. Cavabdehin mənzildə heç bir əsas olmadan yaşaması mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır. -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatından asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər”. Qərarda göstərilmişdir ki, hətta mənzilə yaşayış orderinin verilməsi və onun nəticəsində yarana biləcək hüquqlar özü-özlüyündə Konvensiya baxımından mülkiyyət kimi qiymətləndirilməlidir. Həmin qərarla müəyyən edilmişdir ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilməsi ərizəçinin mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması deməkdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” 22 aprel 2010-cu il tarixli qərarında göstərmişdir: “Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir. Lakin dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır... Bununla bağlı, hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz... Hazırkı işdə, onun xeyrinə olan yekun daxili qətnaməyə müvafiq olaraq, ərizəçi mənzilindən istifadə etmək üçün məcburi hüquqa malik olmuşdur. Parlamentin qəbul etdiyi qanunvericiliyə əsasən, bu hüquq mənzili zəbt edən məcburi köçkünləri alternativ yaşayış sahəsi ilə təmin etmək üzrə Dövlətin öhdəliyindən asılı olmuşdur. Hökumət tərəfindən qaçqınların və məcburi köçkünlərin mənzillə təmin olunmasına dair bəzi ümumi siyasətlərə istinad edilməsinə baxmayaraq, nə daxili araşdırmalarda, nə də məhkəmə qarşısında müəyyən edilməmişdir ki, daxili dövlət orqanları ərizəçinin spesifik işində öz vəzifələrini yerinə yetirmək üçün hər hansı addım atmışlar. Belə olan halda, icranın formal olaraq təxirə salınması üçün Prezidentin 01 iyul 2004-cü il tarixli Fərmanına daxili məhkəmələr tərəfindən sonrakı istinad üstünə gəlməklə yanaşı, qətnamənin icrasının bir neçə il ərzində təmin olunmaması ərizəçinin həddən artıq fərdi yükə məruz qaldığı vəziyyətin yaranması ilə nəticələnmişdir”.... ərizəçinin bu həddən artıq fərdi yükə məruz qalmasının müqabilində hər hansı kompensasiyanın olmadığı üçün dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətindən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər. Qeyd olunanlar ona dəlalət edir ki, qaçqınların sosial problemləri, ayrı-ayrı fərdlərin hüquqlarının məhdudlaşdırılması hesabına həll edilə bilməz”. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı hər bir cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Məhkəmə həmçinin düzgün olaraq qeyd etmişdir ki, iddia tələbi “digər şəxslərin təsirindən azad mənzilin ona təhvil verilməsi” hissəsində cavabdeh kimi işdə iştirak etməyən dairəsi qeyrimüəyyən olan şəxslərə yönəldilmişdir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya birinci instansiya məhkəməsinin tədqiq edilmiş sübutlar əsasında gəldiyi nəticə ilə razılaşır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 Məhi qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(001)-5755/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-11311/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11311/2021
15.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver