Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11320/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «işə bərpa və məcburi işsizliyə görə əmək haqqının tutulması» tələbinə dair 2(005)-1952/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onunla əmək müqaviləsinin xitam verilməsinə dair 10.11.2020-ci il tarixli, 20-217K nömrəli əmri qanunsuz hesab edilərək ləğv olunması və iddiaçının işə bərpa olunmasının Cavabdeh MMC-nin üzərinə öhdəlik kimi qoyulması, məcburi işləmədiyi müddətə görə 10 noyabr 2020-ci il tarixdən məhkəmə qərarı qəbul edilənədək orta aylıq əmək haqqı Cavabdeh MMC-dən iddiaşının xeyrinə tutulması, işlədiyi müddət ərzində həftənin 1-5-ci günləri əlavə 1 saat artıq işlədiyinə görə və qeyri-iş günü olan şənbə günləri işlədiyinə görə qanunvericiliyə müvafiq olaraq əmək haqqının Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC-nin 7 may 2012-ci il tarixli, 042K nömrəli əmrinə əsasən cəmiyyətə dispetçer vəzifəsinə işə qəbul olmuşdur, işlədiyi müddətdə üzərinə düşən vəzifələri vicdanla verinə yetirmişdir. Cavabdeh MMC-nin 25 sentyabr 2020-ci il tarixli əmri ilə dispetçer ştatı ləğv edilmiş və 29 sentyabr 2020-ci il tarixli məktubla ona məlumat verilmişdir ki, ştatların ixtisar edilməsi şərti ilə əmək müqaviləsinin ləğv ediləcəyi ilə bağlı ona bildirilmişdir. Cavabdeh MMC-nin 10 noyabr 2020-ci il tarixli, 20-217K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "xxxx" bəndi ilə yəni, ştatların ixtisar edilməsi şərti ilə onunla MMC arasında olan əmək müqaviləsinə xitam verilmişdir. AA seriyalı 195696 nömrəli 21 vanvar 2009-cu il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, o, 1993-cii ildə Cəbrayıl rayonunu tərk etməklə məcburi köçkündür. Əmək Məcəlləsinin 71-ci maddəsinin l hissəsində göstərilmişdir ki, müəssisədə işçilərin sayı azaldıqda, ştatları ixtisar olunduqda işə götürən tərəfindən işçinin peşəkarlığı, ixtisası nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. Lakin onun məcburi köçkün, öhdəsində yetkinlik yaşına çatmayan uşaq və ailədə onun yeganə qanzanc mənbəyi olmasına baxmayaraq, onun başqa işlə təmin olunması üçün MMC tərəfindən heç bir tədbir görülməmişdir. Bundan əlavə, Cavabdeh MMC-nin 25 sentyabr 2020-ci il tarixli əmri ilə dispetçer ştatı ləğv olunmaqla bu barədə ona ünvanlanmış 29 sentyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, 6 təqvim həftəsindən sonra onunla olan müqaviləyə xitam veriləcəkdir və bu müddətdə həftədə 1 gün olmaqla cəmi 6 gün iş axtarmaq üçün ona vaxt veriləcək və həmin günlər əmək funksiyalarının icrasından azad olunacaqdır. Lakin əmək qanunvericiliyinin bu tələbləri pozularaq iş tapmaq üçün ona vaxt verilməmiş, o, hər gün işdə olmuşdur. Göstərilənlərdən əlavə, Əmək Məcəlləsinin 89-cu maddəsinin İİ və İİİ hissələrində göstərilmişdir ki, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz. Cavabdeh MMC-də 5 günlük iş həftəsi olduğu halda 1-5-ci günlər səhər saat 8:00-dan saat 18-00-dək və şənbə günü isə qanunsuz olaraq səhər saat 8:00-dan saat 17-00-dək iş vaxtı müəyyən edilmişdir. Göründüyü kimi, iş günləri 8 saat olduğu halda 9 saat, yəni, 1 saat artıq və şənbə günü istirahət günü olduğu halda, iddiaçı əmək funksiyalarını yerinə yetirmişdir və buna görə ona əmək haqqı ödənilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 07 noyabr 2020-ci il tarixdə qarajın çilingəri Bəhruz Həsənov səfərbərlik ilə əlaqədar cəbhəyə yola salınarkən, onda “koronavirus” xəstəliyi aşkar olunmuş, bu barədə iş yerinə məlumat verilmişdir. Bundan sonra 08 noyabr 2020-ci il tarixdə işçilər işə gələrkən onlardan, o cümlədən iddiaçıdan ərizələr alınaraq onlar evə buraxılmış, "xxxx" MMC-nin qarajında iş fəaliyyəti qismən dayandırılmışdır. İddia tələbi üzrə əhəmiyyətli olduğundan işçilərin “koronavirus” pandemiyası ilə əlaqədar evə buraxılmalarına dair əmrin surətinin, digər sənədlərin, tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş əlavə və dəyişikliklərin təsdiq edilmiş surətinin, iddiaçı barəsində xidməti xasiyyətnamənin, ştatlar ixtisar olunan zaman iddiaçıya başqa işin təklif edilib-edilməməsi ilə bağlı arayışın məhkəməyə təqdim olunması barədə cavabdehə müraciət edilsə də, sorğuya cavab verilməmiş, məhkəmə isə həmin sənədlərin əldə edilməsi üçün təşəbbüs göstərməmiş, nəticədə iş üzrə qeyri-obyektiv və qanunsuz qətnamə qəbul edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı, onun təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın rədd edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh MMC tərəfindən 25.09.2020-ci il tarixdə verilmiş 20-160Ş nömrəli «ştat vahidinin ləğv edilməsi barədə» əmri ilə 25.09.2020-ci il tarixdən etibarən cəmiyyətin ştat cədvəli üzrə «Nəqliyyat və avadanlıqlar» şöbəsində sonuncu 2 vahid tam ştat «dispetçer» vəzifəsi/peşəsi ləğv edilmişdir və bu barədə bütün aidiyyatı üzrə şöbələrin məlumatlandırılması tapşırılmışdır. 07.05.2012-ci ildə bağlanmış əmək müqaviləsindən görünür ki, həmin müqavilənin 9-cu fəslinin müddəalarına əsasən, əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69,70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər; İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir; İşçi tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir. AZ1075 nömrəli poçt qəbzindən görünür ki İddiaçı müqaviləsinin xitam oldunduğunu bildirən 10.11.2020-ci il tarixli HR-068 nömrəli məktub onun ünvanına rəsmi poçt vasitəsilə göndərilmiş və o, həmin məktubu 13.11.2020-ci il tarixdə qəbul etmişdir. Cavabdeh MMC-nin 10.11.2020-ci il tarixdə 20-217K nömrəli əmrilə İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə (ştatların ixtisar edilməsi şərti ilə) xitam verilmiş, işçinin əmək stajı nəzərə alınaraq (5 ildən 10 ilədək əmək stajı olduqda) orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi, istifadə etmədiyi 9 məzuniyyət günü nəzərə alınmaqla son iş günündə son haqq-hesabın aparılması əmr edilmişdir. Cavabdeh MMC tərəfindən 29.09.2020-ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun tutduğu vəzifənin ixtisar edilməsi məqsədəmüvafiq hesab edilmiş, bu səbəbdən o, işçi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən 6 təqvim həftəsi qabaqcadan xəbərdar edilmişdir. 0097043 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı əmək müqaviləsinə Cavabdeh MMC-nin 10 noyabr 2020-ci il tarixli 20-217K nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə yəni, ştatların ixtisar edilməsi şərti ilə xitam verilmişdir. Cavabdeh MMC-nin Kadrlar üzrə mütəxəssisi Rafiq Nəsirov tərəfindən 10.11.2020ci il tarixdə həmin Cəmiyyətin direktoru Ramal Quliyevə ünvanlanmış təqdimatdan görünür ki, 10.11.2020-ci il tarixi dispetçer İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilən gündür. İddiaçı heç bir üzrlü səbəb göstərmədən bu gün işə çıxmamışdır. Ona verilən kompüteri evinə aparmış və hələlik təhvil verməmişdir. İşə gəlməməsinin səbəbini öyrənmək məqsədilə İddiaçıla telefonda əlaqə saxlandığı zaman, telefon danışığı nəticəsində müəyyən olunmuşdur ki, özünün, yaxud ailəsindən birinin səhhətində problem yoxdur. Sadəcə 10.11.2020-ci il tarixdə müqaviləsinə xitam veriləcəyi üçün işə çıxmır. Toplanmış və tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 07.05.2012ci il tarixdə Cavabdeh MMC-də dispetçer vəzifəsinə işə qəbul edilmiş və 10.11.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə, yəni ştatların ixtisar edilməsi ilə işdən azad edilmişdir. Müəssisədə həmin vəzifə ləğv edilmişdir və İddiaçı MMC tərəfindən 29.09.2020-ci il tarixdə verilmiş müvafiq bildirişlə xəbərdar edilmişdir. AZ1075 nömrəli poçt qəbzindən göründüyü kimi, İddiaçı müqaviləsinin xitam oldunduğunu bildirən 10.11.2020-ci il tarixli məktub onun ünvanına rəsmi poçt vasitəsilə göndərilmiş və o, həmin məktubu 13.11.2020-ci il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir - bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və "xxxx" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və məcburi işsizliyə görə əmək haqqının tutulması» tələbi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, iddiaçı işdən azad olunarkən Əmək Məcəlləsində müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin tələbləri baxımından həmin əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. İddiaçı işdə saxlanmağa üstünlük verilən şəxslərin siyahisina aid olsa belə, bu qayda işçilərin sayının azaldılması hallarına aiddir. İddiaçının vəzifəsinin ləğv edilməsi ilə bağlı hala gəldikdə, qeyd olunmalıdır ki, ştat mövcud deyilsə, həmin vəzifədə işləmək də mümkün deyil. Bununla yanaşı, iddiaçıya birinci instansiya məhkəməsində mülki işə baxılması zamanı fəhlə ştatına işə qəbul edilməsi təklif edilmiş, lakin o, təklifi qəbul etməmişdir. İddiaçının işə bərpa barədə tələbi təmin edilmədiyindən, ona məcburi işburaxmaya görə orta əmək haqqının ödənilməsi məsələsinin müzakirə edilməsi zərurəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Cavabdehin iddiaçıya münasibətdə hüquq pozuntusuna yol verməsi işin halları ilə öz təsdiqini tapmadığından iddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(005)- 1952/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11320/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11320/2021
07.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver