Məhkəmə qərarları › İş №2(103)-1133/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1133/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1133/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı BOKT açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi (vəkili) X4 iştirakı ilə İddiaçı BOKT açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (indiki İddiaçı BOKT ASC) ilə Cavabdeh arasında bağlanmış 15.04.2014-cü il tarixli 026/14/PBN nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh illik faiz dərəcəsi 24% olmaqla 48 ay müddətinə 63 000 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə onun mülkiyyətində olan ünvan 1 ünvanındakı 46 saylı mənzil ipotekaya qoyularaq bununla bağlı Cavabdeh və bank arasında 15.04.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış, ipoteka predmeti 40 000 manat məbləğində qiymətləndirilmişdir.

2. İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15 aprel 2014-cü il tarixli 026/14/PBN nömrəli kredit müqaviləsi üzrə 19 254,6 manat əsas, 5966,91 manat hesablanmış faiz, 17 820,55 manat dəbbə pulu borcu olmaqla, cəmi 43 042,06 manat borcun, hüquqi yardıma görə 500 manatın, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetinin 40 000 manat məbləğində qiymətləndirilməsi, tutmanın bu qiymətlə Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 37 saylı binada yerləşən 70.13 kv.m. ümumi, 54.99 kv.m. yaşayış, 15.14 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 46 nömrəli mənzilə yönəldilməsi, yaşayış sahəsinin hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Cavabdeh mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər lazımınca icra edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh 15.04.2014-cü il tarixli 026/14/PBN nömrəli kredit müqaviləsi üzrə 19 254,6 manat əsas, 5966,91 manat faiz, 2000 manat dəbbə pulu borcu olmaqla cəmi 27 221,51 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1, mənzil 46-ya yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 105 000 manat müəyyən edilməklə açıq hərracda satılması və tutulmalı məbləğin ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı BOKT ASC-yə ödənilməsi, ünvan 1, mənzil 46-ya tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra Cavabdeh həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh 15.04.2014cü il tarixli 026/14/PBN nömrəli kredit müqaviləsi üzrə iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borc və faiz borcu məbləğlərini iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin öhdəliklərini icra etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borc və faiz borcu hissəsində əsaslıdır, cərimə borcu isə mütənasib hesab olunan 2000 manata qədər azaldılmalıdır.

6. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmetinin ilkin satış qiymətinin 40 000 manat məbləğində müəyyən edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin hərracda satılaraq tələb edilən borcun ödənilməsi, mənzildə yaşayan Cavabdeh çıxarılması və mənzilin boşaldılmasına dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələblərinin bu hissəsi də qismən əsaslıdır. Belə ki, ekspert rəyinə əsasən ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin 105 000 manat olduğu müəyyən edilmişdir.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, "xxxx" ASC-dən 15.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 63 000 manat borc götürmüş, borcun təminatı olaraq mülkiyyətində olan ünvan 2 ünvanı ipoteka ilə yüklü edilmişdir. Həmin borcun xeyli hissəsini ödəsə də, sonradan maddi vəziyyəti ilə əlaqədar ödənişlər edə bilməmiş, bank isə borcunun xeyli hissəsini ödəməyini nəzərə almayaraq əsassız olaraq şişirdilmiş qaydada faiz və dəbbə borcu hesablamışdır. Həmçinin ödədiyi pul ilk növbədə əsas borca hesablanmalı olsa da, faiz borcuna silinmiş, nəticədə şişirdilmiş qaydada 19 254,6 manat əsas borcun qaldığı iddia edilmişdir. Bundan başqa, üzürlü səbəblərdən işə baxılarkən məhkəmə iclasında iştirak edə bilməmiş və bankın iddiasına qarşı etirazını və ekspertiza təyin edilməsini bildirə bilməmişdir. İddiaçı təşkilatın ondan qeyd edilən məbləğdə faiz və cərimə tələb etməsi qanunsuzdur. Banka olan real borcunu hissə-hissə ödəməyə razıdır, lakin bankın əsassız şişirdilmiş rəqəmləri ilə deyil. Həmçinin evin ilkin satış qiymətinin 105 000 manat hesablanması ilə də razı deyil. Belə ki, ünvan 3 ünvanı 01.10.2010-cu il tarixli 115/10/PBN nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, həmin vaxt evin dəyəri 105 000 manat müəyyən edilsə də, ötən uzun müddət ərzində xeyli miqdarda artmışdır. Hazırda həmin ərazidə oxsar evlərin qiyməti müəyyən edilmiş qiymətdən dəfələrlə artıqdır.

9. Bakı Apellyasiya Məhkəməsinin 21.04.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsinin əsas, faiz və cərimə borcunun məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh alınmalı olan əsas borcun 2315,26 manat, cərimənin 1000 manat, cəmi 3315,26 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza xərci olan 500 manatın 300 manatının iddiaçıdan, 200 manatının isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı olan 200 manatın isə Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsas, faiz, cərimə borcu hissəsində düzgün nəticəyə gəlməmişdir. Apellyasiya baxışı zamanı ilkin və əlavə ekspertizalar keçirilərək rəylər alınmış, lakin cavabdehin vəkili təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlə müraciət edərək göstərmişdir ki, cavabdeh tərəfindən vaxtilə banka ödənilmiş pul vəsaitinə dair qəbzlərin bir hissəsi saxlanılmışdir. Belə ki, 17.07.2014-cü il tarixdə 2054 manat və 18.07.2014-cü ildə 2054 manat banka ödəniş edilmişdir. Hansı ki, həmin ödənişlərdən yalnız 18 iyul 2014-cü ildə olanı barədə ekspertə məlumat göndərilmiş 17.07.2014-cü il tarixli ödəniş nəzərə alınmamışdır. Bundan başqa, 15.07.2015-ci ildə banka 2785 manat ödənilmiş, birinci ekspert rəyində bu rəqəm ödəniş qəbzi ilə üst-üstə düşür, ikinci ekspert rəyində həmin məbləğ 2002,38 manat qeyd edilmişdir. Bundan əlavə, 28.03.2016-cı il tarixdə banka 2385 manat ödənilmiş, birinci rəydə bu rəqəm ödəniş qəbzi ilə üst-üstə düşür, ikinci rəydə həmin məbləğ 2180 manat qeyd edilmişdir. Bundan savayı, 12.05.2016-cı ildə banka 1645 manat ödənilmiş, birinci rəydə bu rəqəm ödəniş qəbzi ilə üs-üstə düşür, ikinci ekspert rəyində həmin məbləğ 1434 manat qeyd edilir. Həmçinin Cavabdeh tərəfindən 26 noyabr 2019-cu il tarixdə 10225 manat, 16 yanvar 2020-ci il tarixdə isə 1500 manat məbləğində ödənişlər edilmişdir. Hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək həmin məbləğlərin ödənilməsi nəzərə alınmalıdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təkrar məhkəmə mühasibatlıq ekspertizasının 16 fevral 2021-ci il tarixli 9/4681 saylı rəyi ilə Cavabdeh müqavilə müddətinin bitmə tarixinə yəni, 15.04.2018-ci il tarixə 12 943,58 manat əsas, faiz borcunun isə 25,89 manat olduğu, iddia tələbinin tarixinə yəni, 18.07.2018-ci il tarixə illik 5% hesablamaqla əsas borc üzrə yenə də 12 943,58 manat, faiz borcu isə 193,08 manat olduğu müəyyən edilmişdir. Lakin iddiaçının tələbləri həmin tarixə fərqli olmuş, yəni 19 254,6 manat əsas, 5966,91 manat faiz borcu tələb edilmişdir. Göründüyü kimi, qətnamə çıxarılan tarixə əsas və faiz borcunun məbləği heç də iddiaçının maliyyə arayışında göstərdiyi məbləğdə olmamış, birinci instansiya məhkəməsi isə bunun düzgünlüyünü yoxlamaq üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə etməmişdir.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, dəbbə pulu tərəflər arasında olan müqavilədə nəzərdə tutulduğundan rədd edilə bilməz, yalnız azaldıla bilər. Bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmamalıdır. Ancaq 17 820,55 manat dəbbə pulunun 2000 manatadək azaldılması da birinci instansiya məhkəməsi tərəfindən 19 254,6 manat əsas borc nəzərə alınmaqla edilmişdir. Apellyasiya baxışı zamanı əsas borcun qətnamə çıxarılan tarixə 12 943,58 manat müəyyən edildiyi əsas götürülməklə, dəbbə pulunun 2000 manatdan 1000 manatadək azaldılması da mümkün hesab edilməlidir. Çünki, cavabdehin də həddindən artıq maliyyə məsuliyyətinə cəlb edilməsinin qarşısı alınmalıdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı BOKT ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, “...Apellyasiya instansiyası məhkəməsi ekspertizalar keçirməklə cavabdehin borcunu dəqiqləşdirmiş, ətraflı təhlil aparmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra tərəflərin arasında yaranmış vəziyyətə uyğun (sonradan həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla) qətnamə çıxartmışdır. Belə ki, iddia ərizəsi 25.07.2018-ci il tarixdə verilmiş və birinci instansiya məhkəməsinin qətnaməsi 09.04.2019-cu il tarixdə çıxarılmışdır. Birinci instansiya məhkəməsi tərəflərin arasında olan borcu qətnamə çıxarılan günə olan vəziyyətə uyğun qəbul edə bilərdi. Nəzərə alınmamlıdır ki, apellyasiyanın məqsədi məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir. Apellyasiya mülki məhkəmə icraatının mənası ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmetinə bir daha birinci instansiya məhkəməsində aparılmış icraat zamanı işin mahiyyətinə aid olmayan hallar kənarlaşdırıldıqdan sonra apellyasiya şikayətinin tələb etdiyi həcmdə baxılır. Apellyasiya mülki məhkəmə icraatını tənzimləyən prosessual normalar da həmin növ icraatın mənasına uyğun olaraq tətbiq edilməlidir (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Apellyasiya məhkəməsi birinci instansiyada tərəflərin təqdim etdiyi sübutlar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlilindən göründüyü kimi, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Apellyasiya şikayətinin predmeti dedikdə isə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Bu normanın tətbiqi zamanı nəzərə alınmalıdır ki, MPM-in 371 və 372-ci maddələrində apellyasiya instansiyası məhkəməsində işə baxılmanın müəyyən olunmuş məhdudiyyətlər (hədləri) diqqətdə saxlanmalıdır. Bu məhdudiyyətlər: yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər; məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri; birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunmasından ibarətdir. Həmçinin dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsinin iddia tələbində qeyd olunan tarixədək olan borcu müəyyən etmək vəzifəsi vardır. Məhkəmə müqavilə müddətlərini əsas tutmaqla daha qısa müddət üçün borcu müəyyən etməklə həmin borcun tutulmasını qət etməkdə haqlıdır. Baxılan iddia tələbi Cavabdeh məhkəməyə müraciət edilənə qədər yaranmış borcun tutulması barədədir. Birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdehin borcun bir qismini ödəməsi və buna əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini və ya dəyişdirilməsini tələb etməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin müəyyənlik xüsusiyyətinə xələl gətirir və apellyasiyanın məqsədlərinə uyğun gəlmir. Bu cür məhkəmə təcrübəsinin formalaşması məqbul sayılmır. Apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra, yəni 26 noyabr 2019-cu il tarixdə 10 225 manat, 16 yanvar 2020-ci il tarixdə isə 1500 manat məbləğində ödənişləri də təhlil etməklə borcu tutması, iddia tələbinin hədləri baxımından qanuni sayıla bilməz. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra edilən ödənişlərlə bağlı öz mülahizəsini qətnamənin əsaslandırıcı hissəsində göstərə bilər (məsələn x manat pulun ödənilməsi icra icraatı zamanı nəzərə alınmalıdır və s.)”.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

15. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) X5 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əvvəlki apellyasiya baxışı zamanı məhkəmə ətraflı araşdırma aparmış və qalıq borcun real məbləğini müəyyənləşdirmişdir. Həmin nəticənin tam əsaslı olduğu qənaətindədir və eyni zamanda hesab edir ki, cərimə borcu tam silinməlidir.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı təşkilatın nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı təşkilat şikayət verməmiş, Cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, bu xahiş iddianın qismən təmin olunması ilə bağlı hissənin ləğvinə yönəlmişdir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

33. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

34. Kollegiya izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh 15.04.2014-cü il tarixli 026/14/PBN nömrəli kredit müqaviləsi üzrə 19 254,6 manat əsas, 5966,91 manat faiz, 2000 manat dəbbə pulu borcu olmaqla cəmi 27 221,51 manat borcun tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilməli, mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır (birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra Cavabdeh həyata keçirdiyi 11 725 manat ödəniş nəzərə alınmamaqla).

35. İddiaçı təşkilat 18.07.2018-ci il tarixindək Cavabdeh 19 254,60 manat əsas, 5966,91 manat faiz, 17 820,55 manat cərimə cərimə borcunun olduğunu irəli sürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, apellyator isə kredit borcunun mövcudluğunu faktiki olaraq inkar etməyərək yalnız borc məbləğlərini və ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir.

36. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

37. Bununla belə kollegiya borc məbləğinin düzgün hesablanmadığı ilə bağlı apellyatorun dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, kredit müqaviləsi əsasında cavabdehə 19.07.2018-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Cavabdeh arasında bağlanmış həmin müqavilə üzrə kredit 48 ay müddətinə (15 aprel 2018-ci il tarixinə qədər) verilmiş və məhz bu dövr ərzində onun illik 24% ödəməli olduğu razılaşdırılmışdır - həmin müddətə qədər isə Cavabdeh əsas borc qalığının 12 943,58 manat, faiz borcunun 25,89 manat təşkil etdiyi əvvəlki apellyasiya baxışı zamanı təyin edilmiş təkrar ekspertizanın rəyi ilə müəyyən olunmuşdur.

38. Həmin ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, kredit müqaviləsinin müddəti başa çatdığı tarixdən iddianın qaldırıldığı tarixədək Cavabdeh illik 5% hesabı ilə 193,08 manat faiz hesablanmalıdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı təşkilat həmin faiz tələbini irəli sürməmişdir.

39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.

40. Bu baxımdan kollegiya hesab edir ki, “Cavabdeh 15.04.2014-cü il tarixli 026/14/PBN nömrəli kredit müqaviləsi üzrə 19 254,6 manat əsas, 5966,91 manat faiz, borcunun tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi” qənaətinə gəldiyi zaman birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir və adı çəkilən şəxsdən müvafiq kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği 12 943,58 manat, faiz borcunun məbləği isə 25,89 manat müəyyənləşdirilməlidir.

41. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya baxışı zamanı cavabdehin, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən sonra 11 725 manat ödəniş etdiyi müəyyən olunmuşdur və Ali Məhkəmənin yuxarıda şərh olunan mövqeyinə uyğun olaraq həmin məbləğ hazırkı qətnamənin icrası zamanı (icra mərhələsində) 12 943,58 manat əsas, 25,89 manat faiz borcundan çıxılmaqla icra hərəkətləri həyata keçirilməlidir.

42. Qətnamənin mübahisələndirilən, yəni cavabdehdən 2000 manat cərimə borcunun tutulması ilə bağlı hissəsi üzrə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

43. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

44. Hazırki işin hallarından görünür ki, borcalanın 12 943,58 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı təşkilat 17 820,55 manat cərimə hesablayıb tələb etmiş, məhkəmə isə cavabdehdən tutulmalı olan cəriməni 2000 manat həcmində müəyyənləşdirmişdir. Kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcundan xeyli hissəsini qaytardığını və borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə alır. Cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair cavabdehin apellyasiya şikayətinin dəlili isə əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.

45. Kollegiya apellyatorun şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsini isə əsassız hesab edir; belə ki, iş materiallarından Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 37 saylı binada yerləşən 70.13 kv.m. ümumi, 54.99 kv.m. yaşayış, 15.14 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 46 nömrəli mənzilin 2014-cü ildə ipotekaya qoyularkən 40 000 (qırx min) manat qiymətləndirildiyi, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin ipoteka predmetinə 105 000 manat likvid dəyər müəyyənləşdirdiyi aydın olur; apellyasiya şikayətində isə 2014-cü ildən sonra daşınmaz əmlak qiymətlərinin artma tendensiyası göstərdiyi və mövcud bank praktikasında ipoteka predmetinin real dərindən aşağı qiymətləndirildiyi vurğulanmaqla məhkəmənin təyin etdiyi qiymətləndiricinin verdiyi rəyin mötəbərliliyi mübahisələndirilməkdədir.

46. Əvvəlki apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyinə görə, ipoteka predmetinin bazar dəyəri 98 000 manat təşkil edir.

47. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.

48. Kollegiya, birinci instansiya məhkəməsinin əmlaka müəyyənləşdirdiyi qiymətin apellyatorun mənafeyinə daha uyğun olduğunu və iddiaçı təşkilatın həmin qiyməti mübahisələndirmədiyini nəzərə alaraq hesab edir ki, qətnamə müvafiq hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

50. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizaların xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-90/2019 saylı iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsi “Cavabdeh 15.04.2014-cü il tarixli 026/14/PBN nömrəli kredit müqaviləsi üzrə 19 254,6 manat əsas, 5966,91 manat faiz, 2000 manat dəbbə pulu borcu olmaqla cəmi 27 221,51 manat borcun tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh 15.04.2014-cü il tarixli 026/14/PBN nömrəli kredit müqaviləsi üzrə 15.04.2018-ci il tarixə (müqavilə müddətinin bitmə tarixinə) yaranmış 12 943,58 (on iki min doqquz yüz qırx üç manat 58 qəpik) manat əsas, 25,89 (iyirmi beş manat 89 qəpik) manat faiz, 1000 (min) manat dəbbə pulu borcu olmaqla cəmi 13 969,47 (on üç min doqquz yüz altmış doqquz manat 47 qəpik) manat tutularaq İddiaçı BOKT ASC-nə ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh 15 aprel 2018-ci il tarixindən sonra 11 725 manat ödəniş həyata keçirmiş olduğu qətnamənin icrası zamanı (icra mərhələsində) nəzərə alınsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin; ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə "xxxx" MMC tərəfindən aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat Cavabdeh alınaraq həmin MMC-nin hesabına, mühasibatıq ekspertizalarının xərci olan 500 (beş yüz) manatın 150 (yüz əlli) manatı Cavabdeh, 350 (üç yüz əlli) manatı İddiaçı BOKT ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar