Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1134/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “işə bərpa və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə əsasən o “direktor” vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələrinin icrasını təmin etmiş, əmək funksiyalarının pozulması hallarına yol verməmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis idarəsinə Cavabdeh MMC tərəfindən verilən şikayətlə əlaqədar sözügedən Polis idarəsində 21 fevral 2023-cü il tarixində dindirilərkən ona məlum olmuşdur ki, onun xəbəri və razılığı, o cümlədən heç bir ərizəsi olmadan onunla bağlanmış əmək müqaviləsinə 24 noyabr 2022-ci il tarixdəb xitam verilmişdir. Məhkəmədən əmək müqaviəsinə xitam verilməsinə əsas olan əmrin ləğv edilməsini, cavabdeh MMC-də direktor vəzifəsinə bərpa olunmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq ödənilməsini xahiş etmişdir.
3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 04/22 nömrəli əmr ləğv edilmiş, İddiaçı Cavabdeh MMC-də direktor vəzifəsinə bərpa edilmiş və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmiş, mülki iş üzrə 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qərara alınmışdır.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, idiaçının əmək müaviləsinə 24 noyabr 2022-ci il tarixdə xitam verilməsindən onun polisə verdiyi izahatdan göründüyü kimi, artıq 2023-cü ilin yanvar ayında məlumatlı olmuşdur. Hesab edir ki, həmin izahat iddia müddətinin ötürülməsini göstərən sübutlardan biridir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, iddiaçı Cavabdeh MMC-ni yaratmış, direktor təyin edilmiş, N.Məmmədov isə MMC-nin təsisçisi, şirkətin yaradılması üçün kapital qoymuşdur. Sonradan iddiaçıya etibar etməmiş, maddi vəsaitin təyinatı üzrə istifadə edilməməsi hallarını görmüşdür. Cinayət işi üzrə araşdırma zamanı iddiaçı özü təsdiq edir ki, işdən azad olunması barədə məlumatı olmuşdur, lakin xx.xx.2023-cü il tarixdə iddia qaldırmışdır, halbuki hüququnun pozulduğunu bildiyi andan 1 ay ərzində məhkəməyə iddia verə bilərdi. Cavabdeh tərəfindən dəfələrlə iddiaçıya işdən azad edilməsi barədə məlumat verilmiş, o isə əmrin surətini və əmək kitabçasını almaqdan imtina etmişdir. Hesab edir ki, iddia müddəti ötürülmüşdür. Məhkəmə isə əsassız olaraq ərizəni rədd etmişdir. Bundan əlavə, iddiaçı barəsində Qaradağ Rayon Məhkəməsinin ittiham hökmü qəbul edilmişdir, hazırda həmin hökümdən müdafiə tərəfindən apellyasiya şikayəti verilmişdir, hesab edir ki, iş üzrə icraat dayandırılmalıdır. Həmçinin bildirdi ki, əmək kitabçası və əmri iddiaçıya təqdim etsələr də, bununla bağlı sübutları yoxdur. Məhkəmə kollegiyası tərəfindən tələb olunmasına baxmayaraq, cavabdehin nümayəndəsi əmrin əslini də məhkəməyə təqdim edə bilməmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi və bildirdi ki, 2018-ci ildə iddiaçı Cavabdeh MMC-ni təsis etmişdir, sonradan şəriki olan N.Məmmədovla MMC-nin gəlirlərinin bölüşdürülməsi ilə bağlı tərəflər arasında ixtilaf yaranmış, N.Məmmədov iddiaçıya təsir etmək məqsədi ilə iddiaçı barəsində uydurma şikayətlərlə cinayət işinin başladılmasına nail olmuş və həmin uydurma ittihamın əsaslandırılması üçün isə iddiaçının işdən azad olunması barədə, həm hər hansı hüquqi əsası, həm də faktiki mövcud olmayan işdən çıxarma əmri düzəldilmişdir, hazırda onlar iddiaçı barəsində olan ittiham hökmünü mübahisələndiriblər, amma işçinin işdən azad edilmə məsələsi mülki icraat qaydasında həll edilir və cinayət işindən asılı deyil, əslində cinayət işi bu mülki işin nəticəsindən bilavasitə asılıdır, çünki qətnamə ilə də müəyyən olunub ki, iddiaçı barəsində işdən çıxarma əmri saxta olmaqla etibarsızdır. Bu isə o anlama gəlir ki, ona verilmiş ittiham də tam əsassızdır. Mülki işin icraatının dayandırılması ilə bağlı isə bildirdi ki, rayon məhkəməsində eyni əsasla icraat dayandırılsa da, apellyasiya qaydasında həmin qəradad ləğv edilmişdir ona görə ki, hazırkı mülki işin həmin cinayət işindən asılılığı müəyyən edilmir, hesab edir ki, eyni əsasla icraat dayandırılması yolverilməzdir. Apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
8. xx.xx.2022-ci il tarixli 04/22 nömrəli əmrin kserosurətindən görünür ki, Cavabdeh MMC bölməsində direktor vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsini “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsaəsn xx.xx.2022-ci il tarixində xitam verilmişdir.
9. Cavabdeh MMC-yə ünvanlanmış 28 fevral 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC-yə müraciət edərək, sənədlərin ona təqdim edilməsini xahiş etmişdir.
10. X6 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlanmış 02 mart 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı X6 Xidmətinin Bakı Şəhər İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətinin, eləcə də əmək kitabçasının əslinin təqdim edilməsində ona köməklik göstərməyinizi, həmçinin Cavabdeh MMC-nin vəzifəli şəxsinin AR İXM-nin 192.6-cı maddəsi ilə inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir.
11. e.sosial.az internet səhifəsində olan şəxsi kabinetdən çıxarışdan görünür ki, İddiaçı ilə xx.xx.2018-ci il tarixində müqavilə bağlanmış, əmək müqaviləsinə xx.xx.2022ci il tarixində tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir.
12. 31.08.2022-ci il tarixli “Mediasiya Tətbiqi barədə Təklif”dən görünür ki, Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli təklif göndərilmişdir.
13. “X3 iştirak edilməməsi barədə Arayış” dan görünür ki, Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə keçiirlmiş mediasiya sessiyasında iştirak etməmişdir.
14. 03.06.2023-cü il ittiham aktından görünür ki, İddiaçı 2022-ci ilin oktyabr ayında direktor vəzifəsində işlədiyi Cavabdeh MMC-nin təsisçisi X4 ilə aralarında yaranmış narazılıqlarla əlaqədar N.Məmmədovun onu vəzifədən azad edəcəyi barədə xəbərdarlıq edib şirkətə məxsus möhürü aldıqdan sonra şirkət üzərində haqları olduğunu iddia edib özünün təsisçi olduğu dövrdə alınan etibarnamə əsasında arvadı X5 tərəfindən idarə olunan, lakin faktiki olaraq həmin MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili MMC-yə təhvil verməyərək 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə MMC-nin möhürünün möhürünün ərizə ilə müraciət edib həmin İdarədən möhürün tapılması barədə məlumat itirilməsi haqqında təqdim edilmiş məktub əsasında Bakı şəhərində fəaliyyət göstərən X1 vasitəsilə CavabdehMMC-yə məxsus imzalatdırıb, xx.xx.2022-ci il tarixdə əmək münasibətlərinə xitam verilərək həmin işirkətin adından təmsilçilik hüququ olmadığı halda xx.xx.2022-ci il tarixində Azərbaycan AR DİN BDYPİ-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən İmtahan İdarəsinə Cavabdeh MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin guya 51.000 manat müqabilində satılması barədə təmsilçisi qismində müraciət edib həmin sənədi və bunun əsasında Qeydiyyat İmtahan İdarəsində tərtib olunmuş alqı-satqı müqaviləsini həmin möhürlə və imzası ilə təsdiq edib rəsmi saxtalaşdıraraq və saxta sənədlərdən istifadə edərək özünün təsisçi olduğu «Enerji MMCnin mülkiyyətinə keçirməklə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkət edib zərər çəkmiş şəxs Cavabdeh MMC-yə 82000 manat mühüm ziyan vuraraq özbaşınalıq etmişdir.
15. Qaradağ Rayon Məhkəməsinin 1(002)-240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən məlum olur ki, İddiaçı verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi xaric edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 320.1 və 322.1 maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 320.1 maddəsi ilə 3500 manat məbləğində cərimə cəzasına, CM-nin 322.1-ci maddəsi ilə 1200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla İddiaçı 4200 manat məbləğində cərimə cəzası təyin edilməsi, İddiaçı şübhəli şəxs kimi tutulduğu bir gün müddət CM-in 69.4-cü maddəsinə əsasən, nəzərə alınmaqla ona qəti olaraq 4000 manat məbləğində cərimə cəzası təyin edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzanın icrasının Bakı şəhər Probasiya idarəsinə tapşırılması, iş üzrə 50 manat ekpertiza xərcinin təqsirləndirilən şəxs İddiaçı tutularaq dövlət nəfinə ödənilməsi ... qərara alınmışdır.
16. Həmin hökmdən İddiaçı müdafəçisi Vəkil2 apellyasiya şikayəti vermişdir.
17. AR DİN Qaradağ RPİ-nin Təhqiqat şöbəsində 06 və 09 yanvar 2023-cü il tarixdə İddiaçı izahatlarından görünür ki, o şirkətin direktoru vəzifəsindən hansı səbəbdən azad olunmağı barədə xəbərinin olmamasını bildirib. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
18. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
19. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
20. Maddə 85.1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.
2. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir.
3. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Maddə 87.5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
26. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
27. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
28. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
32. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçının məhkəməyə müraciət etmək üçün bir aylıq iddia müddətinin ötürülməsi ilə bağlıdır. Cavabdeh həmin dəlilini onunla izah edir ki, iddiaçı əmək müaviləsinə 24 noyabr 2022-ci il tarixdə xitam verilməsindən, onun polisə verdiyi izahatdan göründüyü kimi, artıq 2023-cü ilin yanvar ayında məlumatlı olmuşdur.
37. Kollegiya bununla bağlı bildirir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
38. Cavabdeh isə iddiaçıya, yəni işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
39. Halbuki MMP-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Bununla da, məlum olur ki, cavabdehin apellyasiya şikayətinin iddiaçının məhkəməyə müraciət etmək üçün bir aylıq iddia müddətinin ötürülməsi ilə bağlı dəlili əsassızdır.
41. Bundan başqa, mübahisələndirilən 24 noyabr 2022-ci il tarixli, 04/22 nömrəli əmrin işdə olan kserosurətindən bəlli olur ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi göstərilmişdir.
42. Əmək Məcəlləsinin 68.1-ci maddəsində qeyd edilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi, tərəflərin təşəbbüsü göstərilir (maddə 68.2. “a” bəndi).
43. Göründüyü kimi, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndində müqaviləyə xitam əsaslarından biri kimi “tərəflərin təşəbbüsü” (yəni işçi və ya işəgötürən) qeyd edilmişdir. Nəzərə almaq lazımdır bu norma ümumi xarakterlidir və əmək müqaviləsinə xitamın ümumi əsaslarını müəyyən edir. Həmin normaya əsasən əmək müqaviləsinə xitam verilməsinin konkret əsasları isə, yəni işçi tərəfindən ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsində, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd edilmişdir. Demək ki, Əmək Məcəlləsinin yalnız 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir.
44. Bundan əlavə, Əmək Məcəlləsinin 85.1-ci maddəsinə görə, işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.
45. Həmin Məcəllənin 85.3-cü maddəsinə görə, bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır.
46. Hazırkı iş üzrə, mübahisələndirilən əmrin əsli, yaxud onun qeydiyyatının aparıldığı kitab cavabdeh tərəfindən nə birinci instansiya, nə də ki, apellyasiya instansiyasına təqdim edilməmişdir. Həmin əmrin mülki işin materiallarına əlave edilmiş kserosurəti isə iddiaçının vəkili tərəfindən cinayət işi materiallarından olan əmrin surətindən çıxarılmaqla rayon məhkəməsinə təqdim edilmişdir. Həmin əmrin nə əsli, nədə ki, onun qeydə alınması barədə cavabdeh tərəf məhkəmələrə hər hansı sübut verə bilməmişdir. Bu baxımdan belə təəssurat yaranır ki, həmin əmr, ümumiyyətlə mövcud olmamışdır.
47. Həmçinin mübahisələndirilən 24 noyabr 2022-ci il tarixli, 04/22 nömrəli əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, həmin əmrdə əmək müqaviləsinə ləğv edilməsi əsası kimi, əmək müqaviləsinə 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad edilməsinin Əmək Məcəlləsinin tələblərinə uyğun olmaması ilə yanaşı (çünki maddə 68.2-nin “a” bəndi ümumi xarakterlidir-qətnamənin 42 və 43-cü bəndi), həmçinin əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər də qeyd edilməmişdir. Bir halda ki, əmək müqaviləsinə tərəflərin təşəbbüsü ilə xitam verilir, həmin təşəbbüs üçün əsas, məsələn, işçinin ərizəsi göstərilməlidir. Hazırkı əmrdə isə, onun əsası kimi heç bir rəsmi sənəd göstərilməmişdir.
48. Əmək Məcəlləsinin 84.2-ci maddəsinin görə də, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
49. Belə olan halda, mübahisələndirilən 24 noyabr 2022-ci il tarixli, 04/22 nömrəli əmrdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun olmadığından əsassızdır, həmçinin həmin əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olmadığından etibarsız olmuşdur.
50. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Qaradağ Rayon Məhkəməsinin hökmündən hazırda şikayət veriliyini, odur ki, hazırkı iş üzrə icraatın dayandırılmalı olduğunu bildirmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, mülki iş materiallarından məlum olur ki, hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən Nərimanov Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərardadı ilə işin icraatının, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 1(002)-240/2023 saylı cinayət işi üzrə yekun məhkəmə hökmünün qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır.
51. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6000/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2279/2023 saylı iş üzrə 20 iyul 2023-cü il tarixli qərardadı ləğv olunmuş və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
52. Apellyasiya instansiya məhkəməsi həmin qərardadında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin icraatını dayandırdığı zaman, işlərin arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir.
53. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.
54. Hazırkı işdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) istinadən xx.xx.2022-ci il tarixdə xitam verilmiş, ittiham aktına görə, onun ittiham olunduğu əməl isə xx.xx.2022-ci il tarixdə törədilmişdir.
55. Beləliklə, hazırkı iddia tələbinin cinayət işi üzrə icraatdan asılı edilə bilməməsinə və cinayət işi ilə əlaqədar dayandırılmalı olmamasına apellyasiya instaniyası məhkəməsi tərəfindən artıq qiymət verildiyindən, cavabdeh tərəfin buna dair vəsatəti də əsassızdır.
56. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
57. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.