Məhkəmə qərarları › İş №2(103)-11340/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11340/2021

01.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11340/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı Hüseynova (Yusibova) Ramilə Nazim qızının, Cavabdeh2 və onun vəkili Seyfəlov Yusif Kamil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2203/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Hüseynova (Yusibova) Ramilə Nazim qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Hüseynova (Yusibova) Ramilə Nazim qızı - Cavabdeh1 qarşı “yaşayış hüququnun tanınması və yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı qızı Hüseynli Xədicə Elmar qızı ilə birlikdə ünvan 1 saylı fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 29 may 2016-cı il tarixdə, 1999 nömrəli akt qeydi ilə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 07 oktyabr 2017-ci il tarixdə bir qız övladı Hüseynli Xədicə Elmar qızı dünyaya gəlmişdir. Ailə həyatı qurduqları zaman, cavabdehin qeydiyyatda olduğu valideynləri ilə yaşadığı ünvan 1 ünvana gəlin köçmüşdür. Hər bir ailədə olduğu kimi, onların da ailə münasibətləri yaxşı olmuşdur. Lakin, Cavabdeh1 işləməməsi səbəbindən evdə oturmuş, atasının qazancı ilə dolanmış, bu da ailədə söz söhbətə səbəb olmuşdur. Cavabdeh1 ailədə tez-tez mübahisələr yaratmış, onu dəfələrlə döyüb, ata evinə qovmuşdur. Buna baxmayaraq, o, ailə daxili olan söz-söhbətə dözüb, yaşadıqları evi, azyaşlı qız övladına görə tərk edib getməmişdir. Sonuncu dəfə aralarında möhkəm mübahisə olduğu üçün onun atasını yaşadığı evə çağırıb, onu ünvan 1 ünvanından qovmuşlar. O, da azyaşlı qızı ilə birlikdə atasının yaşadığı ünvana qayıtmışdır. Bundan sonra 25 may 2021- ci il tarixdə Cavabdeh1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə “nikahın pozulması tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, onunla 29 may 2016-cı il tarixdə 3 saylı “Bakı Asan Xidmət Mərkəzi” Qeydiyyat Şöbəsində 1999 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmənin 30.06.2021-ci il tarixli, 2(010)- 3387/2021 saylı qətnaməsi ilə iddiaçının tələbi təmin edilmişdir. Hal-hazırda o, azyaşlı qızı Hüseynli Xədicə Elmar qızı ilə birlikdə atasının yaşadığı ünvanda yaşayır. Övladı Hüseynli Xədicə Elmar qızı doğulduğundan Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Bakı şəhəri Baş Səhiyyə İdarəsi 34 nömrəli şəhər poliklinikasında tibbi kitabçası açılmışdır. Bugünkü gündə qızının tibbi müayinəsi üçün o, körpə uşağı Suraxanı rayonu ərazisindən, Səbail rayonu ərazisində yerləşən şəhər poliklinikasına aparır. Müayinəyə getməyə o, ən azından yollarda 2 saata yaxın vaxt sərf edir. Bu da müayinənin aparılmasına çətinlik yaradır. Cavabdeh tərəfindən mənzildən qovulduğu zaman onun bütün cehiz əmlakı və qızıl zinət əşyaları gəlin köçdüyü cavabdehin yaşadığı ünvanda qalmışdır. O, həmin evdən qovulsa da, onun əmlakı həmin evdə qalmış, daimi yaşayış yeri hesab edilən həmin ünvandan məhrum edilmişdir. Hal-hazırda həmin ünvan onun daimi yaşayış yeri hesab edilsə də, cavabdeh onu daimi yaşayış yerindən məhrum etdiyindən o, valideynlərinin ünvanında yaşamağa məcbur olmuşdur. Onun yaşamağa başqa yeri olmadığına görə o, cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Sonradan iddiaçı Hüseynova (Yusibova) Ramilə Nazim qızı ərizə ilə məhkəməyə müraciət edərək əsl olmayan Cavabdeh1, əsl Cavabdeh2 ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmiş, iddiaçının yazılı qaydada razılığına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəmənin 07.09.2021-ci il tarixli, 2(009)-2203/2021 saylı qərardadı ilə əsl olmayan Cavabdeh1, əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2203/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Hüseynova (Yusibova) Ramilə Nazim qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Hüseynova (Yusibova) Ramilə Nazim qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun vəkili Seyfəlov Yusif Kamil oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2203/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 036382 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Yusibova Ramilə Nazim qızı arasında 29.05.2016-cı il tarixdə nikah bağlanmış və həmin nikah 1999 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli AZ-T seriyalı, 157201 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 07.10.2017-ci il tarixdə Hüseynli Xədicə Elmar qızı Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh1, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2(010)-3387/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 3 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 29 may 2016cı il tarixdə 1999 nömrə ilə qeyd edilmiş nikahın pozulması, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından doğulmuş 07 oktyabr 2017-ci il təvəllüdlü Hüseynli Xədicə Elmar qızı boşanmadan sonra anası İddiaçı yanında qalması, Cavabdeh1 07 oktyabr 2017-ci il təvəllüdlü Hüseynli Xədicə Elmar qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının 02 iyun 2021-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə olunmuş 34 saylı şəhər Poliklinikası tərəfindən verilmiş uşağın tibbi kartoçkasının surətindən görünür ki, Hüseynli Xədicə Elmar qızı 34 saylı şəhər Poliklinikasında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 02.02.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Hüseynova (Yusibova) Ramilə Nazim qızı ilə cavabdehin oğlu Cavabdeh1 29 may 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından 07 oktyabr 2017-ci il tarixdə Hüseynli Xədicə Elmar qızı adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları vaxtdan iddiaçı Hüseynova (Yusibova) Ramilə Nazim qızı cavabdehin mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evinə köçmüş, cehiz əşyalarını da həmin ünvana gətirmiş və ailəsi ilə birlikdə həmin evdə yaşamışlar. Uşağı da həmin ünvanda yerləşən evdə doğulub yaşamışdır. Həmçinin müəyyən edilmişdir ki, tərəflərin münasibətləri pozulduğuna görə cavabdehin oğlu Cavabdeh1 nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2(010)-3387/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında 3 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 29 may 2016-cı il tarixdə 1999 nömrə ilə qeyd edilmiş nikahın pozulması, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından doğulmuş 07 oktyabr 2017-ci il təvəllüdlü Hüseynli Xədicə Elmar qızı boşanmadan sonra anası İddiaçı yanında qalması, Cavabdeh1 07 oktyabr 2017-ci il təvəllüdlü Hüseynli Xədicə Elmar qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının 02 iyun 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Hazırda iddiaçı mövcud mübahisəli vəziyyəti və daimi yaşamağa başqa yeri olmadığını əsas gətirərək azyaşlı qızı Hüseynli Xədicə Elmar qızı ilə birlikdə ünvan 1 saylı fərdi yaşayış evinə yaşayış hüququnun tanınmasını və həmin fərdi yaşayış evinə köçürülmələrini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Hüseynova (Yusibova) Ramilə Nazim qızının cavabdehin oğlu Cavabdeh1 ilə 29 may 2016-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurması, həmin vaxtdan ünvan 1 saylı fərdi yaşayış evinə köçməsi, öz cehiz əşyalarını həmin evə gətirməsi və ailəsi ilə birlikdə orada yaşaması, tərəflərin birgə nikahından 07.10.2017-ci il tarixdə Hüseynli Xədicə Elmar qızı adlı uşaqlarının həmin ünvanda yerləşən evdə doğulub yaşaması, 30.06.2021-ci il tarixli, məhkəmə qətnaməsi ilə nikahın pozulması, eləcə də ünvan 1 saylı fərdi yaşayış evinin Cavabdeh2 mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə ki, qeyd edilən xüsusatlar məhkəmə araşdırması zamanı digər sübutlarla yanaşı məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində digər qanunvericilik normaları ilə yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3 və 228.5-ci maddələrinə də əsaslanaraq, yaşayış hüququnun tanınması və uşağı ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə mülki qanunvericilikdə yaşayış hüququ deyil, istifadə hüququ anlayışının mövcud olduğunu nəzərə alaraq iddia tələbinə bu konteksdə münasibət bildirilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: «Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 dekabr 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddədə həmin şəxslərin dairəsi konkret müəyyənləşdirilmişdir - mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları. Bu maddədə həmçinin nəzərdə tutulmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək hüququna malikdir. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəasına gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, bu müddəa MM-in 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin məzmununa görə, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli Qərarında həmçinin belə nəticəyə gəlinmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (30.2) Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli Qərarına əsasən, “1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Hazırkı iddiaçı Hüseynova (Yusibova) Ramilə Nazim qızı yaşayış sahəsinin mülkiyyətçisi və keçmiş qayınatası olan (cavabdeh) Cavabdeh2 ailə üzvü olmamaqla, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına daxil deyildir, iddiaçı cavabdehin gəlini olmaqla, oğlu Cavabdeh1 ilə 29 may 2016-cı il tarixdə nikaha daxil olmuş, 30.06.2021-ci il tarixli müvafiq məhkəmə qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, sonradan cavabdehin oğlu ilə iddiaçı arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və onlar ayrılaraq ayrı yaşayırlar. Tərəflər arasında hüquq münasibətləri nikah bağlandıqdan sonra yaranmasına baxmayaraq məhkəmə haqlı olraq qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilə həm Mülki Məcəllənin müddəaları, həm də 01.10.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqları yaranmamışdır. Belə ki, iddiaçı mübahisəli mənzil üzrə mülkiyyətçinin ailə üzvü olmamaqla yanaşı, eləcə də onunla mülkiyyətçi arasında Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, yəni mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmadığından onun mübahisəli yaşayış evinə hər hansı bir istifadə hüququ yarana bilməz. Digər tərəfdən iddiaçı ilə cavabdehin oğlu arasında rəsmi nikahın 29.05.2016-cı il tarixdə qeydiyyata alınmasını nəzərə alaraq məhkəmə hesab edir ki, qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından da iddiaçının mübahisəli mənzilə hər hansı bir hüququ yaranmamışdır və onun həmin yaşayış evindən cavabdehin iradəsinə zidd istifadəsi, eləcə də həmin yaşayış evinə köçürülməsi mülkiyyətçi kimi cavabdehin hüquqlarını pozmuş olar. Belə ki, hazırda cavabdeh iddia tələbini qəbul etmir və təmin edilməsinə etiraz edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Qeyd edilənlərə əsasən, məhkəmə kollegiası iddiaçının dəlilləri ilə razılaşmır və “yaşayış hüququnun tanınması və yaşayış evinə köçürülmə” tələbinə dair iddiasının əsassız olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası iddiaçının “iddiaçının azyaşlı qızı Hüseynli Xədicə Elmar qızına” aid dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2(010)- 3387/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında 3 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 29 may 2016-cı il tarixdə 1999 nömrə ilə qeyd edilmiş nikah pozulmaqla, birgə nikahlarından doğulmuş 07 oktyabr 2017-ci il təvəllüdlü Hüseynli Xədicə Elmar qızının boşanmadan sonra anası İddiaçı yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. (27.2) Məhkəmə, qanunvericiliyin tələbini və 07 oktyabr 2017-ci il təvəllüdlü Hüseynli Xədicə Elmar qızının boşanmadan sonra anası İddiaçı himayəsinə verilməsini, hazırki qətnamə ilə İddiaçı mübahisəli yaşayış evinə istifadə hüququnun yaranmadığının müəyyən edildiyini nəzərə alaraq, iddiaçının bununla bağlı dəlillərini də əsassız hesab edir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı Hüseynova (Yusibova) Ramilə Nazim qızının - Cavabdeh2 qarşı onun azyaşlı qızı Hüseynli Xədicə Elmar qızı ilə birlikdə ünvan 1 saylı fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülmələri tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-c maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2203/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Hüseynova (Yusibova) Ramilə Nazim qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2203/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar