Məhkəmə qərarları › İş №2(103)-11342/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11342/2021

15.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11342/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3949/2021 saylı, 22.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Qurbanov X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının və oğlu 2019-cu il təvəllüdlü X5 ünvan 1 evin 12 saylı ünvanına dair istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3949/2021 saylı, 22.09.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilmiş, həmiçinin qətnamənin qət etdi hissəsində qeyd edilmişdir ki, hazırkı iş üzrə çıxarılmış qətnamə Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının və X6 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə madi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, qətnamədə iddia tələbi təmin edilməsə də, dolayısı ilə iddiaçının tələbinin təmin edilməsinə dair qeyd edilmişdir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin qismən, “hazırkı iş üzrə çıxarılmış qətnamə Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının və X6 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır” hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili T.Talıbov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki işin materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 08.07.2021-ci il tarixli arayışına əsasən Cavabdeh, X11, X4, X3 və X7 ünvan 2 ünvanda pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 243129 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən 3 otaqlı 47,0 kv.m olan 11 saylı evin, 12 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 122 saylı reyestr kitabında 18732 nömrəli vərəqində 30/15119 saylı reyestr nömrəsi ilə 05.08.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri 44 saylı dövlət notariat kontorunun dövlət notariusu H.B.Süleymanlı tərəfindən təsdiq edilmiş 28.06.2005-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı X12 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən 11 nömrəli evin 12 saylı mənzilini 288.000 manata alıcı İddiaçı satmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 926/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş və X7 ilə Xanmədova (Qurbanova) Nərmin Rüfət qızı arasında 06 iyul 2020-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 1645 nömrəli akt qeyd ilə bağlanmış nikah pozulması, 19.11.2019-cu il təvəllüdlü X11 iddiaçı Xanmədova (Qurbanova) Nərmin Rüfət qızının yanında saxlanılması, 19.11.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı cavabdeh X1 hər ay 170 (bir yüz yetmiş) manat sabit məbləğdə aliment tutulub iddiaçı X8 verilməsi qət edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, qətnamə qismən, “hazırkı iş üzrə çıxarılmış qətnamə Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının və X6 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır” hissəsində ləğv edilməlidir. Belə ki, ünvan 2 iddiaçının mülkiyyətindədir. Cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızı iddiaçının oğlu, yəni X7 ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızı həmin mənzilə pasport qeydiyyatına alınmışdır və hazırda pasport qeydiyyatındadır. İddiaçının oğlu ilə cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızı arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh nikaha daxil olduqdan sonra iddiaçının mülkiyyətində olan mənzildə yaşamış və iddiaçının oğlu ilə aralarında bağlanmış nikah pozulduqdan sonra mübahisəli mənzildə yaşamamışdır. İddiaçı hazırda onun mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququna xitam verilməsini tələb edir. Hazırkı iddia tələbi ilə bağlı rayon məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması faktına cavabdehlə mülkiyyətçi arasında Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində müəyyən edilmiş yazılı razılaşmanın bağlanması kimi hüquqi qiymət verilməsi qanuna ziddir. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüquqa xitam verilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Həmin tarixli qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Kollegiya qeyd edir ki, rayon məhkəməsi iddia tələbini rədd etsə də, iddia tələbindən kənara çıxaraq qeyd etmişdir ki, hazırkı iş üzrə çıxarılmış qətnamə Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının və X6 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Halbuki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən, Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, qətnamə qismən “hazırkı iş üzrə çıxarılmış qətnamə Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının və X6 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır” hissəsində ləğv edilsin. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən “hazırkı iş üzrə çıxarılmış qətnamə Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının və X6 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır” hissəsində ləğv edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3949/2021 saylı, 22.09.2021-ci il tarixli qətnaməsi qismən “hazırkı iş üzrə çıxarılmış qətnamə Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının və X6 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır”-hissəsində ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar