Məhkəmə qərarları › İş №2(103)-1135/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1135/2022

27.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1135/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və s." tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, 28.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Buta Traidinq” MMC-nin işdən azad olunması barədə 19.04.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əmək fəaliyyəti ilə bağlı 17.03.2021-ci ildə "Buta Traidinq“ MMC-nin insan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə rəsmiləşdirilmiş əmək Müqaviləsi müddətli bağlanmış və 17.06.2021-ci il tarixədək müəyyən olunmuşdur. Bunun səbəbinin müəssisə daxili qaydalara əsasən belə olduğu, sonradan daha uzun müddətə bağlanmağın nəzərdə tutulduğu bildirilmişdir. Bağlanmış müqavilə elə oradaca onun tərəfindən tərtib edilmiş və imzalanmışdır. Müqavilədə heç bir sınaq müddəti barədə müddəa qeyd olunmamışdır. İşinə başlamışdır. Əmək münasibətlərinə, qanun qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmamazlıqlara yol verməmişdir. Lakin heç bir əsas və səbəb olmadan birbaşa əlaqələrlə işlədiyi şöbə müdirinin yersiz etirazları ilə qarşılaşmış və 19.04.2021-ci ildə AR ƏM-nin 70-ci maddəsinin "d“ bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləmə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. Bu hal ilə razılaşmayıb müəssisə rəhbərliyinə və sonradan müvafiq aidiyyatı orqana şikayətlər etmiş və Əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 21.05.2021-ci il tarixli **********5 saylı məktubu ilə bildirilmişdir ki, “Sizin "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X7 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə aranızda bağlanmış əmək müqaviləsinə 19.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda "xxxx" MMCnin direktoru X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 19.05.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirirlər ki, əmək müqavilənizə xitam verilməsi barədə əmri ləğv edərək əvvəlki iş yerinizə qaytarılmanız barədə "xxxx" MMC-nin rəhbərliyinə tərəfimizdən müvafiq məktub ünvanlanmışdır. Razılaşmadığınız təqdirdə məhkəməyə müraciət etmək hüququnuz vardır.” Borclu təşkilat-işəgötürən əmək müfəttişliyinin göstərişini icra elmir və qərəzli mövqe nümayiş etdirir. Bu səbəbdən də, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Barəsində verilmiş əmrdən narazıdır və işinə bərpa olunmaq istəyir. Bundan əlavə almalı olduğu pul vəsaitinin də ödənilməsini tələb edir. Bildirir ki, ümumi əmək fəaliyyətinə 04.12.2001-ci ildən başlamışdır və qüsursuz iş təcrübəsi olmuşdur. İşlədiyi heç bir təşkilatda əmək qanunvericiliyinin tərəfindən pozulması halı olmamış və əmək kitabçası nümunəvi işçi qeydi ilə rəsmiləşmişdir. Hazırkı vəziyyətdə isə əmək kitabçası əsassız yerə korlanmışdır. Mövcud mübahisəli işdə işəgötürən tərəfindən qanunun tələbləri pozulmuşdur. Mövcud mübahisəli işdə cavabdehin imzaladığı mübahisəli əmr Əmək qanunvericiliyinin tələblərinə uyğun olmadan və tamamilə qanunsuz verilmişdir. Mövcud mübahisəli işdə işəgötürən ilə aralarında bağlanmış müqavilənin müddəti cəmi 3 ay müəyyən olunmuşdur. Bir aydan sonra heç bir səbəb və əsas göstərmədən, məlumat verilmədən, qüsuru bildirilmədən işdən azad olunmağı barədə əmr verilmişdir. Əmək kitabçası müraciətindən sonra 03.06.2021-ci il tarixdə poçt vasitəsi ilə təqdim olunmuşdur. Cavabdeh Əmək Məcəlləsinin tələblərinə uyğun olmayan əmr rəsmiləşdirməklə onun hüquqlarını pozmuş və qanunsuz işdən azad etmişdir. Hazırki, mübahisəli iş üzrə vətəndaş olaraq onun əmək və ədalətli məhkəmə araşdırılması hüquqları müdafiə olunmalı, iddia tələbinə baxılmaqla öz işinə bərpa olunması barədə qətnamə çıxarılmalıdır. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin işdən azad olunması barədə 19.04.2021-ci il tarixli, BTİX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məhkəmə qətnaməsi qəbul edilənədək müddət üçün hesablanmaqla məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi, 300 manat hüquqi yardım xərci, 2000 manat məbləğində maddi ziyana və 1000 manat məbləğində mənəvi zərərə görə pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, 28.09.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin X6 ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə 19.04.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "xxxx" MMCdən tutularaq X4 ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, 5 manat dövlət rüsumu "xxxx" MMC-dən tutulub dövlət gəlirinə alınması qət edilmişdir (Hakim: Cəmilə Musayeva). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh kimi "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməmiş,cavabdehin iştirakı olmadan işə məhkəmə tərəfindən baxılmışdır. Bu hal AR Mülki Prosessual Məcəlləsinin 387.2.2.-ci maddəsinə uyğun olaraq, Prosessual hüquq normasının pozulması halı kimi qiymətləndirilməli və qətnamənin ləğv edilməsinə əsas olmalıdır. Məhkəmə iclasının keçirilməsindən xəbəri olmadığına və işə cavabdehin iştirakı olmadan baxıldığına görə, qətnamənin surətini əldə etmək məqsədilə cavabdehin nümayəndəsi, 29 noyabr 2021-ci il tarixində məhkəməyə müraciət etmiş və müvafiq jurnala imza etməklə, qətnamənin surəti ona təqdim olunmuşdur. İddiaçı 17.03.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən 17.06.2021-ci il tarixinə qədər, 1 ay sınaq müddəti müəyyən edilməklə, “Buta Traidinq “ MMC-yə İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. “Buta Traidinq “ MMC-nin direktorunun 19.04.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinə əsasən, əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işi özünü doğrultmadıqda) əsasən həmin tarixdən xitam verilmişdir. Nəsimi rayon məhkəməsi qətnamədə AR ƏM-nin 53-cü maddəsinə istinad edərək, işəgötürən-cavabdehin iddiaçı ilə yaranmış əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilməsi imkanına 17.04.2021-ci il tarixə qədər (17.03.2021-ci il tarixindən 1 ay müddətində) malik olduğunu və bu tarixdən sonra mübahisəli əmək müqaviləsinə xitam verilməsi üçün əsasların Əmək Məcəlləsinin digər maddələri ilə tənzimlənməli olacağını qeyd etmişdir. Məhkəmə maddi-hüquq normalarını düzgün təfsir etməmiş və nəticədə səhv qənaətə gəlmişdir. İşəgötürənin sınaq müddətində özünü doğrultmayan hesab etdiyi işçinin işdən azad edilməsini yalnız üç gün xəbərdarlıq müddətinə əməl edilməməsi səbəbindən qanunsuz hesab etmək olmaz. Misal üçün, belə hüquqi mövqe “ Məhkəmələr tərəfindən işəgötürənin təşəbbüsü üzrə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olan mübahisələrə baxılması təcrübəsinin icmalı”nda (Rusiya FederasiyasıAli Məhkəməsinin Rəyasət heyəti tərəfindən 9 dekabr 2020-ci il tarixdə təsdiq olunmuşdur) öz əksini tapmışdır.( səhifə 34 , bənd 20) Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili H.Hacıbalayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili A.Məmmədov cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 17.03.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı bir aylıq sınaq müddəti müəyyənləşdirilməklə "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olduğundan müqavilənin müddətinin bitmə tarixi 17.06.2021-ci ilə kimi müəyyən edilmişdir. "xxxx" MMC-nin direktoru X9 tərəfindən imzalanmış 19.04.2021-ci il tarixli əmri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində özünü doğrultmadığına görə işdən azad olunmuşdur. İddiaçı müvafiq müraciətinə əsasən Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinin pozulmasına yol verildiyindən "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibatı xəta haqqında protokol və onun əsasında 19 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin bu qərarı "xxxx" MMC-nin vəzifəli şəxsi tərəfindən yuxarı səlahiyyətli orqana müraciət edilməklə inzibati qaydada mübahisələndirilsə də inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 17.06.2021-ci il tarixli qərarı ilə 19.05.2021-ci il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya qeyd edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin işdən azad olunması barədə 19.04.2021-ci il tarixli, BTİX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məhkəmə qətnaməsi qəbul edilənədək müddət üçün hesablanmaqla məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi, 300 manat hüquqi yardım xərci, 2000 manat məbləğində maddi ziyana və 1000 manat məbləğində mənəvi zərərə görə pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hazırki mülki mübahisənin həllində Əmək Məcəlləsinin 53, 70 və 71.3-cü maddələrinə istinad edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Bu Məcəllənin 70-ci maddəsinin «d» bəndinə əsasən, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddələrin məzmunundan göründüyü kimi sınaq müddətində işəgötürən işçini ona qarşı irəli sürülmüş tələblərə uyğun gəlməyən hesab etdikdə, habelə işçi həmin işi münasib iş hesab etmədikdə sınaq müddəti qurtaranadək tərəflərdən biri (işçi, yaxud işəgötürən) digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir və bu andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. İş materiallarından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə göndərilmiş materiallara əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bir aylıq sınaq müddəti müəyyənləşdirilməklə 3 ay müddətinə 17.03.2021-ci il tarixli müddətli əmək müqaviləsi bağlanılmış, iddiaçının tərəf olduğu əmək müqaviləsinə işəgötürən tərəfindən sınaq zamanı özünü doğrultmadığı əsası ilə 19.04.2021-ci il tarixdə xitam verilmişdir. Halbuki işəgötürən-cavabdeh iddiaçı ilə yaranmış əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən xitam verilməsi imkanına 17.04.2021-ci il tarixə qədər malik olmuş və bu tarixdən sonra mübahisəli əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar Əmək Məcəlləsinin digər maddələri ilə tənzimlənməli olacaqdır. Qeyd edilən hallar X7 Xidmətinin 19.05.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında ləğv edilməmiş qərarında da öz əksini tapmışdır. Həmin Qərara görə, iddiaçı ilə 17.03.2021-ci il tarixində 1 aylıq sınaq müddəti müəyyən edilməklə 3 aylıq əmək müqaviləsi bağlanmış, 19.04.2021-ci il tarixində həmin əmək müqaviləsinə xitam verilmişdir. Lakin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçiyə xəbərdarlığın işçi tərəfindən imzalanması, və ya xəbərdarlığın işçiyə çatdırılması barədə hər hansı sənəd aşkar edilməmişdir. Cavabdeh (işəgötürə) apellyasiya şikayətində “işəgötürənin sınaq müddətində özünü doğrultmayan hesab etdiyi işçinin işdən azad edilməsini yalnız üç gün xəbərdarlıq müddətinə əməl edilməməsi səbəbindən qanunsuz hesab etmək olmaz.” Bildirməklə, həqiqətən də, işçini əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdar etməməsini etiraf etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin məhkəməyə göndərdiyi materiallardan həmçinin "xxxx" MMCnin direktoru X5 dövlət orqanının müvafiq qərarından verdiyi şikayətdə 17.04.2021-ci il tarixinin qeyri-iş gününə düşdüyünə istinad etdiyi müəyyən edilmişdir. Lakin bu şikayəti araşdıran X7 Xidməti Bakı şəhər İdarəsi cavabdehin bu dəlili altıgünlük iş həftəsi ilə işləyən işçilərin şənbə günlərinin qeyri-iş günləri hesab edilməsi ilə bağlı əmrin olmasına baxmayaraq iddiaçının əmək müqaviləsinə hər-hansı dəyişikliyin edilmədiyi, İddiaçı 1 aylıq sınaq müddəti müəyyən edilməklə bağlanmış əmək müqaviləsinə 17.04.2021-ci il tarixdə xitam verilməli olduğu halda 19.04.2021-ci il tarixdə xitam verildiyinin əmək qanunvericiliyinin müvafiq tələblərinə zidd olduğu ilə təkzib etmişdir. Qərarda eyni zamanda əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən xitam verilərkən iddiaçının yazılı formada qanunvericilikdə nəzərdə tutulan müddətdə xəbərdar edilmədiyinə istinad edilmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı ona əmək müqaviləsinin əslinin təqdim edilmədiyini, ona təqdim olunmuş müqavilə surətində isə iddiaçı nəinki 1 aylıq, ümumiyyətlə sınaq müddəti ilə işə qəbul edilmədiyini bildirmişdir. Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Kollegiya qeyd edilən halın araşdırılması məqsədilə müqavilənin əslində nəzərdə tutulmuş 1 aylıq sınaq müddəti sözündə 1 rəqəminin iddiaçı tərəfindən yazılıbyazılmamasının müəyyən edilməsi məqsədilə məhkəmə xəttşünaslıq ekspertizası və müqavilənin əslindəki 1 rəqəminin yazıldığı mürəkkbin sənəddəki digər yazıların icra olunduğu mürəkkəbin tərkibi ilə eynilik təşkil-edib etməməsi ilə bağlı isə kimyəvi ekspertiza təyin edilmişdir. Ekspert rəylərinə əsasən, müqavilədəki 1 rəqəmi və həmin müqavilədəki digər yazılarn rəngləyici maddələrinin kimyəvi tərkibi eynidir. Müqavilənin 2-ci paraqrafının 2.2-ci bəndində yazılmış 1 rəqəmi isə İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Kollegiya qeyd edir ki, ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal aşkar edilmədiyindən hazırki mülki mübahisənin həllində həmin ekspert rəyinə istinad edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, ekspert rəyinə əsasən müqavilənin 2-ci paraqrafının 2.2-ci bəndindəki “1” rəqəmi iddiaçı tərəfindən icra edilməmişdir. Kollegiya bu halı Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinin tələblərinə əsasən digər sübutlarla yanaşı şəkildə qiymətləndirərək qeyd edir ki, iş materiallarında olan əmək müqaviləsinin (i.v.13) surətində İddiaçı 17.03.2021-ci il tarixində "xxxx" MMC-də İR şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə işə qəbul edilməsi qeyd edilmişdir. Yəni, əmək kitabçasında iddiaçının sınaq müddəti ilə işə qəbul edilməsi qeyd edilməmişdir. Bundan əlavə, iş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən (i.v.6) də görünür ki, 17.03.2021-ci il tarixli əmək müqaviləsi müddətli müqavilədir və sınaq müddəti müəyyənləşdirilməklə bağlanması qeyd edilmir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Odur ki, kollegiya ekspert rəyinə, əmək kitabçasına və əmək müqaviləsi bildirişinə əsasən hesab edir ki, əmək müqaviləsi sınaq müddəti ilə bağlanmamaqla yanaşı, əmək müqaviləsinə 17.04.2021-ci il tarixindən sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndi ilə deyil, Əmək Məcəlləsinin digər maddələri ilə xitam verilməli olması ilə əlaqədar birinci instansiya məhkəməsi işçinin işə bərpa edilməsi ilə bağlı doğru nəticəyə gəlmişdir. Kollegiya iddia tələbinin məcburi iş buraxma dövrü üçün ödənilməli olan əmək haqqı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Bu səbəbdən də, kollegiya hesab edir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının da ödənilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə kollegiya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda“mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər,“əxlaq normaları da“nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290- cı maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Hazırki iş üzrə iddiaçı 3000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin 200 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğun olmuşdur. ECRTOB**********037134 nömrəli, 22.07.2021-ci il tarixli mədaxil qəbzinə əsasən müəyyən edilmişdir ki, iddiaçının Nəsimi Rayon Məhkəməsində təmsil edilməsi üçün Vəkil 300 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya hesab edir ki, vəkilin göstərdiyi yardıma görə iddiaçının ödədiyi 300 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair birinci instansiya məhkəməsiin qətnaməsi qanuni və əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətində həmçinin o hala iştinad etmişdir ki, cavabdehə birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının vaxtı barədə məlumat verilməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, həmin hal apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, "xxxx" MMC rəsmi qeydiyyatda olduqları hüquqi ünvanda deyil, faktiki olaraq başqa bir ünvanda fəaliyyət göstərirlər. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə onun hüquqi ünvanında olan digər bir şəxs tərəfindən təqdim edilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdehin faktiki ünvanın hansı ünvan olması ilə bağlı iş materiallarında hər hansı bir məlumat aşkar edilmir. Bu səbəbdən də kollegiya hesab edir ki, cavabdehin məhkəmə iclasının vaxtı barədə rəsmi qüydiyyatda olan ünvana göndərməklə məlumatlandırılması ilə bağlı birinci instansiya məhkəməsi hər hansı prosessual pozuntuya yol verməmişdir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, əmək müqaviləsinə sınaq müddətinin bitdiyi tarixdən sonra 19.04.2021-ci il tarixində 3 günlük xəbərdarlıq müddətinə riayət etmədən xitam verilməsi ilə yanası, əmək müqaviləsinin əslinin 2-ci paraqrafının 2.2-ci bəndində müqavilənin 1 aylıq sınaq müddəti ilə bağlanması halı da ekpsert rəyi, əmək kitabçası və əmək müqaviləsi bildirişi əsasında öz təsdiqini tapmadığından iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsiinn qətnaməsi qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Buta Trading MMC-nin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, 28.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz əlli) manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar