Məhkəmə qərarları › İş №2(103)-1135/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1135/2024

22.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1135/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və sair tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, cavabdeh MMC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onun işgüzar nüfuzunun cavabdeh MMC tərəfindən zədələnməsi səbəbindən ona dəymiş maddi zərərin əvəzi olaraq 3.000 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun cavabdeh MMC-dən onun xeyrinə tutulması, onun barəsində MMC tərəfindən yayılmış böhtan xarakterli uydurma məlumatlara görə MMC-nin birbaşa ondan yazılı şəkildə üzr istənilməsi, onun hazırki iş yeri və böhtan xarakterli uydurma məlumatların göndərildiyi digər yerlərə təkzib məktublarının göndərilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması, onun əmək kitabçasına cavabdeh MMC tərəfindən imza edilməsi və möhür vurulması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* qərarına əsasən ona hesablanmış son haqq-hesabın qalıq hissəsinin cavabdeh MMC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində "xxxx" bağlanmış və iddiaçı mühasib vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin müəssisə ilə əmək münasibətlərində olduğu dövr ərzində mühasibatlıq xidmətlərini həyata keçirmişdir. İddiaçı öz əmək funksiyalarını lazımi qaydada və peşəkar səviyyədə yerinə yetirmiş, rəhbərlik tərəfindən işində heç bir nöqsan aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixində iddiaçı, cavabdeh MMC-dən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.6-cı maddəsinə müvafiq olaraq “Əmək müqaviləsinə” xitam verilməsini xahiş etmişdir. İddiaçı ilə “Əmək müqaviləsinə” xitam verilməsinə baxmayaraq, iddiaçının "xxxx" MMC tərəfindən möhür vurulmamış, hətta istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr iddiaçıya tam ödənilməmişdir. Bu barədə iddiaçı tərəfindən dəfələrlə MMC-yə müraciət edilmiş və törədilmiş hüquq pozuntularının aradan qaldırılması tələb edilmişdir. Cavabdeh MMC tərəfindən isə bu məsələyə heç bir münasibət bildirilməmişdir. İddiaçı, pozulmuş hüquqlarının bərpası məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən iddiaçının müraciətə baxılmış və xx.xx.2022-ci il tarixli, **********9 nömrəli cavab məktubu ilə həmin İdarə tərəfindən iddiaçıya bildirilmişdir ki, Əmək Məcəlləsinin 144.2-ci maddəsinə müvafiq olaraq istifadə etmədiyi bütün iş illərinin əmək məzuniyyətlərinə görə pul əvəzinin və həmin Məcəllənin 83.2-ci maddəsinə görə son haqq-hesabının tam ödənilməməsi aşkar olunmuş, sözügedən hüquq pozuntusuna dair cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi aşkar olunmuş, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla cavabdeh MMC barəsində inzibati tənbeh tətbiq edilmiş və MMC-nin üzərinə öhdəlik qoyulmuşdur ki, iddiaçıya son haqq-hesab ödənilsin. Lakin məsələ cavabdeh MMC-nin iddiaçının əmək hüquqlarını kobud şəkildə pozması ilə bitməmişdir. MMC ilk başda iddiaçıya qarşı əsassız iddialar irəli sürməyə başlamış, daha sonra isə iddiaçının yeni iş yerinə iddiaçı barəsində böhtan xarakterli məlumatların əks olunduğu məktublar göndərmişdir. Belə ki, MMC-nin iddialarına görə iddiaçı sözügedən müəssisənin işçisi olduğu dövrdə mühasibatlıq işlərini apardığı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı, "xxxx" MMC, “X6es” MMC, "xxxx" MMC, "xxxx" MMC və “X7” MMC-nin vergi hesabatlarının təqdim edilməsi üçün tərtib etdiyi cədvəlləri, mənfəət bəyannamələri üzrə topladığı balans məlumatlarını, gəlir xərclərinin açıqlanmasını, əsas vəsaitlərin amortizasiya cədvəlləri və ümumi hesabatlar üçün topladığı məlumatları onlara təhvil verməmişdir. Eyni zamanda, cavabdeh MMC iddiaçı barəsində Binəqədi Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Məhz buna görə də iddiaçı xidmət haqqı ödəməklə burada da vəkil xidmətindən istifadə etmişdir. Şikayət barədə sözügedən hüquq-mühafizə orqanı tərəfindən araşdırma aparılmış, cinayət tərkibinin olmadığı aşkar edilmiş və “cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərar qəbul edilmişdir. Həmçinin cavabdeh MMC Bakı Şəhər Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, “məlumatların təqdim edilməsinə və dəymiş maddi zərərin ödənilməsinə dair” öhdəliyin hazırki iş üzrə iddiaçının üzərinə qoyulmasını xahiş etmişdir. MMC-nin qeyd edilən əsaslarla iddiaçını ittiham etməsi çox utancverici bir haldır. Belə ki, iddiaçı sözügedən müəssisədə öz əmək funksiyalarını yerinə yetirdiyi müddət ərzində həyata keçirdiyi bütün əməliyyatları “Asan imza” və s. giriş sistemləri vasitəsi ilə etmişdir. Hər kəsin də bildiyi kimi şirkətlərlə bağlı bütün məlumatlara məhz elektron sistem üzərindən əlçatımlılıq mövcuddur və bu məlumatlar əsasında bütün əməliyyatlar həyata keçirilir. Nəticə etibarilə, sistemə girişi mümkün olan hər bir şəxs şirkətlə bağlı bütün məlumatlarla tanış ola, həyata keçirilmiş əməliyyatları görə bilər. Hazırki vəziyyətdə də MMC-nin digər mühasibləri və vəzifəli şəxsləri iddiaçının həmin müəssisədə işlədiyi dövrdə olduğu kimi həmin girişə malikdirlər. Bu halda şirkətlərlə bağlı hər hansı bir sənəddən və onun MMC-yə təqdim edilməməsindən söhbət belə gedə bilməz. Cavabdeh MMC tərəfindən iddiaçının işgüzar nüfuzunun pozulması məqsədilə onun hazırki iş yerinə də böhtan xarakteri məktublar göndərilmişdir. Təbii ki, bu hal iddiaçının iş yerində onun barəsində mənfi fikirlərin formalaşmasına, iş yoldaşları və yuxarı səlahiyyətli şəxslərin ona olan inam və etimadının zədələnməsinə səbəb olmuşdur. İddiaçı barəsində böhtan xarakterli uydurma fikirlərin uzun müddət yaddaşlarda qalacağını, hətta zədələnmiş etibarın çox çətinliklə bərpa ediləcəyini nəzərə alaraq, iddiaçıdan yazılı qaydada üzr istəməsi, iddiaçının hazırki iş yerinə və eləcə də böhtan xarakterli məlumatlar göndərilmiş digər yerlərə cavabdeh tərəfindən təkzib məktublarının göndərilməsi artıq bir zərurətdir. Bundan əlavə, əsassız halda iddiaçı barəsində prokurorluq orqanlarına şikayətlərin edilməsi, böhtan xarakterli məlumatların yayılması, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi iddiaçı və onun yaşlı ailə üzvlərinin davamlı stress, psixoloji gərginlik yaşamasına, mənəvi iztirablara məruz qalmasına səbəb olmuşdur. Böhtan xarakterli məlumatların əks olunduğu məktublar iddiaçının ailəsi ilə birlikdə yaşadığı ünvana göndərildiyi ilk vaxtlarda iddiaçı bu cür məlumatların gəldiyindən xəbərsiz olduğu və qarşısını alması mümkün olmadığı üçün həmin məktublar yaşlı valideynlərinin əlinə keçmiş və səhhətlərində müəyyən problemlərə səbəb olmuşdur. Sağlamlıq cəhətdən həssas və yaşlı valideynlərin övladları barəsində bu qədər ağır ittihamlar irəli sürülməsi valideynləri səhhətinin daha da pisləşməsi ilə nəticələnə biləcəyi üçün iddiaçı bu cür məktublar aldıqda onları valideynlərindən gizlətmək məcburiyyətində qalmış və hazırda da buna davam etməkdədir. Bu müddət ərzində iddiaçı yaşadığı sarsıntılar səbəbi ilə ödənişli psixoloji və tibbi yardım almış, cavabdehin bu hərəkətlərinin qarşısının alınması üçün isə haqqı ödənilməklə vəkil xidmətinə müraciət etmişdir. Bu barədə xidmət müqavilələri və ödəniş sənədləri iş materiallarına əlavə edilmişdir. Həmçinin sözügedən mülki mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən Bakı Şəhəri 11 X2 müraciət edilmiş, lakin tərəflər arasında uzlaşma əldə edilmədiyi üçün iddiaçıya mediasiya prosesinin davam etdirilməməsi barədə arayış təqdim edilmişdir. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Cavabdeh MMC-nin iddiaya qarşı etirazı isə belə əsaslandırılmışdır ki, iddiaçı, işə qəbul edilən zaman “Əmək kitabçasında” işə qəbul edilməsi barədə qeydi yazdırdıqdan sonra "xxxx" MMC-yə təhvil verməmiş, özündə saxlamış, ona görə də işdən çıxdıqdan sonra onun "xxxx" işdən çıxması barədə qeydləri yazmaq mümkün olmamışdır. Hazırda da “Əmək kitabçası” iddiaçıdadır. İddiaçı istənilən vaxt "xxxx" MMC-yə təqdim etdiyi zaman onun “Əmək kitabçasında” onun işdən çıxması barədə qeyd aparılaraq möhürlə təsdiq ediləcəkdir. İddiaçı, MMC-də baş mühasib vəzifəsində çalışmış, əmək haqlarının, son haqqhesabın hesablanması onun əmək funksiyasına aid olmuşdur. İşdən çıxan zaman iddiaçı, özü ərizə verərək ona yalnız xx.xx.2021-xx.xx.2022 və xx.xx.2022-xx.xx.2023-cü il tarixlər üçün istifadə edilməmiş əsas əmək məzuniyyətinin verilməsini tələb etmiş, ona əsas əmək məzuniyyəti verilmiş və o özü ona verilməli olan son haqq-hesabı özü hesablamışdır. Lakin sonradan iddiaçı, X5 Xidmətinə bu barədə şikayət etmiş və MMC-nin direktoru Nofəl Məhərrəmov barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli “inzibati xəta haqqında protokol” tərtib edilmiş və həmin protokola əsasən direktor cərimə edilmişdir. İddiaçının son haqq hesabının düzgün verilməməsi sübuta yetərək cavabdeh MMC tərəfindən ona artıq 263,84 manat son haqq-hesab ödənilmişdir. Lakin iddiaçıya son haqq-hesabın düzgün ödənilməməsi birbaşa iddiaçının əmək funksiyasını düzgün yerinə yetirməməsi nəticəsində baş verdiyinə görə, bu hal cavabdehin iddiaçıya qarşı qəsdən törədilən qanunsuz hərəkəti kimi qiymətləndirilə bilməz. Cavabdeh MMC tərəfindən iddiaçının yeni iş yerinə onun barəsində böhtan xarakterli məlumatların əks olunduğu heç bir məktub göndərilməmiş, sadəcə olaraq bəzi məlumatların alınması ilə əlaqədar iddiaçının işlədiyi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına vəkil sorğusu göndərilmişdir. İddiaçı, cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli əmri ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və digər şirkətlərin mühasibatlıq əməliyyatları iddiaçıya tapşırılmış, həmin Şirkətin mühasibat uçotunun qurulması, 1C proqramında mühasibat uçotu məlumatlarının yığılması, vergi xidməti və statistika idarəsinə verilən hesabatların tərtibi, göndərilməsi cavabdeh tərəfindən həyata keçirilmiş, bütün bu məlumatlar onda toplanmışdır. İddiaçının xx.xx.2022-ci il tarixdən əmək məzuniyyətinə çıxmağı ilə əlaqədar olaraq ona tapşırılmış Şirkətlərin işlərinin davam etdirilməsi üçün həmin Şirkətlərə məxsus sənədlər və digər məlumatların cavabdeh MMC-yə təhvil verilməsi iddiaçıdan tələb edilsə də, o, həmin sənədləri təhvil verməmişdir. Məhz iddiaçı, həmin Şirkətin Azərbaycan Respublikasındakı Filialına aid məlumatları vaxtında cavabdehə təqdim etmədiyindən cavabdeh tərəfindən natamam məlumatlarla verilmiş bəyannamələrdə səhvlərə yol verilmişdir. Bu səbəbdən həmin Filial xx.xx.2022-ci il tarixdə MMC-yə məktub ünvanlayaraq, MMC tərəfindən hesabatların düzgün bəyan edilməməsi səbəbindən, may, iyun və 2-ci rüb 2022-ci il üzrə vergi hesabatlarının (bəyannamələr) onlar tərəfindən təkrar hazırlanıb göndərilməsi və hesabatları səhv bəyan edilməsi nəticəsində yaranan problemləri nəzərə alaraq Filialın təsisçisi Kevin Robert tərəfindən MMC və “Hydroserv Caspian LTD” arasında bağlanmış müqaviləyə xitam verilməsinin qərara alınması göstərilmişdir. Eyni zamanda həmin məktubla əlavə olaraq qeyd edilmişdir ki, 2022-ci ilin iyun ayının ƏDV bəyannaməsi və 2-ci rüb üzrə ÖMV hesabatı səhv tərtib olunmuş və 2022-ci ilin 2-ci rübü üzrə Vahid bəyannamə hesabatı ümumiyyətlə təqdim olunmamışdır. MMC həmin məktuba cavab olaraq, Şirkətin daxili əmri ilə xx.xx.2021-ci il tarixdən həmin Filialın və digər Şirkətlərin mühasibatlıq əməliyyatlarının aparılması MMC-nin işçisi olmuş iddiaçıya tapşırılmasını, həmin tarixdən iddiaçının "xxxx" Şirkətinin mühasibat uçotunun qurulması, 1C 8.3 proqramında mühasibat uçotu məlumatlarının yığılması, vergi xidməti və statistika idarəsinə verilən hesabatların tərtibi və göndərilməsini həyata keçirilməsini, bütün bu məlumatların onda toplanmasını, lakin 2022-ci ilin may ayından onun öz əmək funksiyasını həyata keçirməkdən imtina etməsini, həmin tarixdən əmək məzuniyyətinə çıxması ilə əlaqədar olaraq ona tapşırılmış Şirkətlərin işlərinin davam etdirilməsi üçün həmin Şirkətlərə məxsus sənədlər və digər məlumatların MMC-yə təhvil verilməsi ondan tələb edilsə də, onun, həmin sənədləri MMC-yə təhvil verməməsini, müxtəlif bəhanələrlə sənədləri MMC-yə təhvil verməkdən yayınmasını, hətta bu barədə ona verilmiş rəsmi bildirişə də əhəmiyyət verməməsini, məhz iddiaçıda olan sənədlər və digər elektron məlumatlar olmadan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının mühasibatlıq işlərinin görülməsində çətinliklərin yaranmasını, bunun nəticəsində də, 2022ci ilin may-iyun ayı üzrə cavabdeh MMC tərəfindən ƏDV bəyannaməsinin verilməsində (hesablamalarda) nöqsanlara yol verilməsini, bunun səbəbi isə may-iyun ayından əvvəl olan məlumatları cavabdehin əldə edə bilməməyi olmasını göstərmiş, 2022-ci ilin may, iyun ayları üçün görülmüş mühasibatlıq işlərində yol verilmiş nöqsanların səbəblərini üzürlü hesab etmələrini xahiş edərək, cavabdehlə müqaviləni pozmayacaqları təqdirdə gələcəkdə belə hallara yol verilməməsi üçün bütün qabaqlayıcı tədbirlərin görüləcəyini nəzərlərinə çatdırmışlar. Yəni iddiaçı barəsində cavabdeh MMC tərəfindən yeganə bildirilən məlumat onun xidmət göstərdiyi zaman əldə etdiyi məlumatları MMC-yə təhvil verməməsi olmuşdur ki, bu hal barədə hazırda Nizami Rayon Məhkəməsində iddiaya baxılır. Bundan əlavə cavabdeh MMC, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məktubunu cavablandıran zaman iddiaçının orada işləməsi barədə cavabdehin məlumatı olmamış, bu barədə sonradan məlumat almışlar. Yəni bu məktub iddiaçının işgüzar nüfuzuna toxunan hal kimi qiymətləndirilə bilməz və bu məktubda MMC tərəfindən təkzib ediləcək hər hansı bir məlumat verilməmişdir. İddiaçıya tapşırılmış şirkətlərin işlərinin davam etdirilməsi üçün həmin şirkətlərə məxsus sənədlərin və digər məlumatların cavabdeh MMC-yə təhvil verilməsindən imtina etdiyinə görə cavabdeh MMC iddiaçının hansısa marağına görə cavabdeh MMC-nin şirkətində işləyərək onların və digər şirkətlərin kommersiya məlumatlarını toplamasından, sonradan isə həmin məlumatları üçüncü tərəflərə ötürməklə, şirkətlərə məxsus kommersiya sirlərini qanunsuz yolla istifadə etmək və yaymasından şübhələnmiş, bununla əlaqədar araşdırma aparılması üçün Binəqədi Rayon Prokurorluğuna müraciət etmiş, lakin Binəqədi Rayon Prokurorluğu mübahisənin mülki xarakterli olması əsası ilə araşdırma aparmaqdan imtina etmiş, bundan sonra isə MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda iddia ərizəsi məhkəmənin icraatındadır və həmin iş üzrə ekspertiza təyin edilmişdir. İddiaçıya qarşı məhkəmədə iddia irəli sürülməsi onun tərəfindən edilən hərəkətlərin sübuta yetirilib-yerilməməsindən asılı olmayaraq, iddiaçının üzərinə iddia ərizəsində göstərilən halların təkzib edilməsi vəzifəsinin qoyulması üçün əsas hesab edilə bilməz. Belə ki, MMC tərəfindən iddiaçıya qarşı məhkəmədə qaldırılan iddia qapalı məhkəmə iclasında baxılır və bu iddia və ya iddia ilə əlaqədar əsaslandırılmış hallar barədə kiminsə məlumat alması məhkəmə sirrinin yayılmasıdır. Yəni məhkəmədə iddia qaldırılması cavabdehlə əlaqədar hər hansı bir məlumatın kütləvi surətdə yayılması demək deyil və məhkəməyə verilmiş iddianın sübuta yetməməsi iddiaçı üçün həmin iddiada göstərilən məlumatların təkzib edilməsi vəzifəsi yaratmır. Hətta cavabdeh, Nizami Rayon Məhkəməsində onlar tərəfindən qaldırılan iddiaya qapalı məhkəmə iclasında baxılmasını tələb etdikdə, iddiaçı buna etiraz etmiş, bununla da o, həmin iddiada olan məlumatların onun nüfuzuna xələl gətiriləcəyindən ehtiyat etməməsini təsdiq etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə mahiyyəti üzrə baxılan zaman cavabdeh MMC tərəfindən iddiaçıya son haqq-hesab olaraq 263,84 manat məbləğində pul ödənilmiş, iddiaçı həmin məbləğ ilə razılaşmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh MMC-nin rəhbəri işə mahiyyəti üzrə baxılan zaman iddiaçının əmək kitabçasına imza etmiş və möhür vurmuşdur. Qeyd edilən hissələrdə iddiaçı tərəf iddia tələbini artıq müdafiə etmir. Buna görə də, həmin tələblər təmin edilə bilməz. Qalan hissələrdə isə iddia tələbi əsassızdır. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

8. İddiaçının özü və vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

9. İddiaçının vəkili (nümayəndəsi) əlavə olaraq bildirdi ki, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh MMC onların tələbinin “əmək kitabçasına imza edilməsi və möhür vurulması, habelə hesablanmış son haqq-hesabın qalıq hissəsinin ödənilməsi barədə hissəsini” məhkəmədən kənar şəkildə icra etdiyindən həmin tələblər onlar üçün əhəmiyyətini itirmiş və bu səbəbdən onlar həmin tələbləri artıq müdafiə etmirlər.

10. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, iş materiallarından müəyyən edilən və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində "xxxx" bağlanmış və iddiaçı, cavabdeh MMC-yə mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ərizə ilə MMC-nin rəhbərinə ərizə ilə müraciət edərək onunla bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.6-cı maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Daha sonra o, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına işə düzəlmiş, ona həmin Filialın maliyyə və vergi hesabatlarının məcburi auditinin təşkili və uçotunun aparılması tapşırılmışdır.

13. İddiaçı bildirir ki, cavabdeh MMC, onun yeni iş yerinə və prokurorluq orqanına onun barəsində böhtan xarakterli məlumatların əks olunduğu məktublar göndərmiş, işdən çıxarkən müvafiq məlumatları əks etdirən sənədləri MMC-yə təhvil vermədiyini bildirmişdir. Nəticə də, o, sarsıntılar və iztirablar keçirmiş, səhhətində yaranmış problemləri aradan qaldırmaq üçün ödənişli psixoloji və tibbi yardım almış, hüquqi yardım almaq üçün isə vəkil xidmətindən istifadə etmişdir.

14. Cavabdeh MMC isə bildirir ki, hazırki iş üzrə iddiaçıya qarşı məhkəmədə iddia qaldırdıqdan sonra, iddiaçı onlardan “intiqam almaq” məqsədi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, habelə cavabdeh MMC tərəfindən iddiaçıya artıq 263,84 manat son haqq-hesab ödənilmiş, MMC tərəfindən iddiaçının yeni iş yerinə - "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına iddiaçının barəsində böhtan xarakterli məlumatların əks olunduğu heç bir məktub göndərilməmiş, sadəcə olaraq bəzi əhəmiyyətli məlumatların əldə edilməsi məqsədilə vəkil sorğusu göndərilmiş, eyni zamanda həmin Filialın məktubuna cavab verilmişdir. Bundan başqa MMC-nin kommersiya məlumatlarını toplamasından, sonradan isə həmin məlumatları üçüncü tərəflərə ötürməklə, şirkətlərə məxsus kommersiya sirlərini qanunsuz yolla istifadə etmək və yaymasından şübhələndikləri üçün araşdırma aparılması məqsədilə Binəqədi Rayon Prokurorluğuna müraciət etmişlər.

15. İş üzrə tərəflərin bildirdikləri mövqe də məhz hazırki işin mübahisəli hallarını təşkil edir.

16. Məhkəmə iddianın “əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsi və möhür vurulması barədə” habelə “hesablanmış son haqq-hesabın qalıq hissəsinin cavabdeh tərəfindən ödənilməsi barədə” hissəsi ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) bu hissədə hər hansı mübahisələrinin olmadığını və tərəflər arasında bu məsələnin məhkəmədənkənar həll edildiyini bildirərək, həmin hissədə iddia tələbini müdafiə etməmişdir.

17. İddiaçı tərəf bunu bildirsə də, həmin iddia tələblərindən imtina etməmişdir.

18. İşə baxmış Rayon Məhkəməsi də göstərilən halı nəzərə alaraq həmin tələbə əlavə hüquqi qiymət verməyə lüzum görməyərək, həmin tələbləri təmin etməmişdir.

19. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin “prosessual qənaət” prinsipi baxımından Rayon Məhkəməsinin bu mövqeyi əsaslıdır.

20. Məhkəmə eyni zamanda iddianın “cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunun zədələnməsi səbəbindən maddi və mənəvi zərərin ödənilməsi, yayılmış böhtan xarakterli uydurma məlumatlara görə yazılı şəkildə üzr istənilməsi, iddiaçının hazırki iş yeri və digər yerlərə təkzib məktublarının göndərilməsi öhdəliyinin həvalə edilməsi” hissəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz (maddə 46.; hissələr İ və İİ.). Bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71.; hissə İ.).

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir (maddə 23.1.). Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir (maddə 23.2.).

22. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli, 7 nömrəli qərarının 3-cü bəndinə görə, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür.

23. Göründüyü kimi, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə isə yayılmış hesab edilir.

24. Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç şərtdən ibarətdir. Həmin şərtlərə aiddir: şəxs (iddiaçı) barədə məlumatlar yayılması, yayılmış məlumatların şəxsin (iddiaçının) şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi, yayılmış məlumatların həqiqətə uyğun olmaması.

25. Məhkəmə qeyd edir ki, iddiaçının vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə hüquqi qiymət verilməsi üçün ilk növbədə cavabdeh MMC tərəfindən iddiaçının işgüzar nüfuzunun zədələnməsi faktı öz təsdiqini tapmalıdır. Bundan sonra həmin tələbdən törəmə olan tələblərə münasibət bildirilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli (maddə 77.1.), məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1.).

27. Hazırki mübahisə üzrə cavabdeh MMC tərəfindən iddiaçının işgüzar nüfuzunun zədələnməsini göstərən konkret halları sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki iddiaçı, cavabdeh MMC-nin onun yeni iş yerinə barəsində böhtan xarakterli məlumatların əks olunduğu məktublar göndərdiyini, bunun nəticəsində də iddiaçının iş yerində onun barəsində mənfi fikirlərin formalaşmasına, iş yoldaşları və yuxarı səlahiyyətli şəxslərin ona olan inam və etimadının zədələnməsinə səbəb olduğunu iddia edir.

28. Lakin iddiaçı tərəfindən yuxarıda qeyd edilən xüsusatlarla bağlı, yəni onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması, belə məlumatların yayılma hallarının mövcudluğu habelə işgüzar nüfuzunun zədələnməsinin konkret nəticələri, həmin nəticələrin nədən ibarət olması kimi halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə yeni iş yerinə böhtan xarakterli məlumatların göndərilməsi və iş kollektivində nüfuzdan düşməsi bildirilməklə formal mülahizələr irəli sürülmüşdür.

29. İddiaçı müzakirə edilən hissədə cavabdeh MMC-nin ünvanlandığı sorğuların, habelə prokurorluğa müraciətinin mövcudluğu ilə işgüzar nüfuzunun zədələnməsini sübut etməyə çalışmışdır.

30. Məhkəmə hesab edir ki, cavabdeh MMC-nin prokurorluq orqanına müraciət etməsi iddiaçının işgüzar nüfuzunun zədələnməsi kimi qiymətləndirilə bilməz. Hər kəsin qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə və hüquq mühafizə orqanlarına müraciət etmək hüquqları vardır.

31. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, bəzən şəxslər dövlət orqanlarına ərizə ilə müraciət edərək, bu və ya digər məlumatları göstərir (məsələn, onun fikrincə törədilmiş və ya hazırlanan cinayət barəsində məlumatla hüquq – mühafizə orqanlarına müraciət edir), amma həmin məlumatlar yoxlanma zamanı öz təsdiqini tapmır. Bu hərəkət özü-özlüyündə həmin şəxsin Mülki Məcəllədə nəzərdə tutulmuş mülki-hüquqi məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz, mülki-hüquq delikti sayıla bilməz, çünki bu halda vətəndaş özünün Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində əksini tapmış hüququndan istifadə edərək, həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayımlanmasını deyil, daxil olmuş informasiyanı yoxlamaq vəzifəsi daşıyan orqanlara müraciət etmişdir.

32. Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşaraq hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş xx.xx.1999cu il tarixli, 7 №-li qərarının 4-cü bəndində də qeyd olunmuşdur ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Beləliklə, bir şəxsin digər şəxs barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli olsa belə məlumatlarla daxil olmuş informasiyanı yoxlamaq vəzifəsi daşıyan hüquq – mühafizə orqanlarına müraciət etməsi mülki-hüquq delikti sayılmır, mülki-hüquq deliktinin törədilməsi nəticəsində mülki qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətin yaranmasına səbəb olmur. Eyni zamanda, bu müraciətlərdə digər şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar öz əksini tapmış ola bilər və vətəndaş öz şərəf və ləyaqətinin müdafiəsi tələbilə məhkəməyə müraciət etmək hüququna malikdir.

33. Hazırki iş üzrə cavabdeh MMC-nin müxtəlif şirkətlərə və orqanlara müraciət etməsinin heç bir əsasının olmadığı, hüququn və qanunla qorunan maraqların müdafiəsi məqsədi ilə deyil, yalnız iddiaçıya ziyan vurmaq məqsədilə müraciət olunduğu, yəni hüquqdan sui-istifadə olunduğu müəyyən olunmur. Belə ki, iddiaçı və cavabdeh arasında "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının, "xxxx" MMC-nin, “X6" MMCnin, “X7” MMC-nin və "xxxx" MMC-nin vergi hesabatları, mühasibatlıq əməliyyatlarına dair məlumatların, vergi xidməti və statistika idarəsinə verilən hesabatlara dair toplanmış sənədlərin təhvil-təslimi ilə əlaqədar mübahisə olmuş, həmin mübahisənin həlli üçün cavabdehin nümayəndəsi tərəfindən müxtəlif sorğular, o cümlədən hüquq mühafizə orqanına müraciətlər edilmiş, sonda isə məhkəməyə iddia tələbi ilə müraciət edilmişdir.

34. Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vergi uçotunun aparılması və mühasibat uçotu əməliyyatlarının proqram təminatında işlənilib yoxlanılması hazırki iş üzrə iddiaçıya tapşırılmışdır, şirkətlərə aid sənədlər iddiaçı tərəfindən geri qaytarılmamış, müxtəlif bəhanələr irəli sürülərək təhvil verilməkdən yayınmışdır. Bu səbəbdən şirkətə külli miqdarda zərər dəymiş, bu səbəbdən də iddiaçı barəsində hüquq mühafizə orqanlarına müraciət edilmişdir.

35. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 399/2023 saylı qərardadı ilə iddiaçı (hazırki iş üzrə cavabdeh) MMC-nin iddia tələbinin “öhdəliyin qoyulması” tələbindən imtinası qəbul edilərək, mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

36. Həmin qərardadla müəyyən olunmuşdur ki, iddianın məhkəmədə baxılmasının uzun müddət çəkəcəyi səbəbindən qeyd edilən məlumatların yenidən toplanması üçün əlavə işçilər cəlb edilmiş və bütün məlumatlar yenidən toplandığından, həmin məlumatların MMC-yə təhvil verilməsi öhdəliyinin cavabdehin – hazırki iş üzrə iddiaçının üzərinə qoyulmasına zərurət qalmamışdır. Bu səbəbdən də MMC həmin hissədə iddiasından imtina etmişdir.

37. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-399/2023 saylı qətnaməsi ilə həmin iş üzrə cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı toplanmış məlumatların MMC-yə təqdim etməməsi səbəbindən MMC-yə dəymiş 24.000 manat məbləğində zərərin İddiaçı tutularaq MMC-yə ödənilməsi tələbinin təmin edilməsi qət edilmişdir.

38. Məhkəmə həmçinin bildirir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanı”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 3-cü bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.

40. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

42. Məhkəmə araşdırması zamanı iddiaçının işgüzar nüfuzuna xələl gəlməklə iqtisadi və maliyyə vəziyyətində hər hansı itkilərə məruz qalması, o cümlədən nüfuzdan salınması və bunların cavabdeh MMC-nin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hallar müəyyən edilməmişdir.

43. Məhkəmə hesab edir ki, cavabdeh MMC tərəfindən iddiaçının işgüzar nüfuzunun zədələnməsi faktı öz təsdiqini tapmadığından, “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, iddiaçıdan yazılı şəkildə üzr istənilməsi, təkzib məktublarının göndərilməsi” hissəsində tələblər isə həmin faktiki haldan irəli gəldiyindən, Rayon Məhkəməsi həmin hissələrdə iddia tələbinə əlavə hüquqi qiymət verməyə lüzum görməyərək iddianı təmin etməməkdə haqlı olmuşdur. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

44. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.

47. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh MMC hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

48. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə olduğundan iddiaçı, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

49. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar