Məhkəmə qərarları › İş №2(103)-11352/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11352/2021

15.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11352/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2976/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ona ödənilməmiş 2.5 aylıq əmək haqqı üçün hər ay üzrə 1.500 manat olmaqla cəmi 3750 manat və mənəvi zərərə görə 5.000 mant olmaqla cəmi 8.750 manat tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, təxminən 2019-cu ilin sentyabr ayında Cavabdeh MMC-nin rəhbəri Kərimova Rumiyyə Muhəddin qızı ilə tanış olmuş və o, ona sözügedən MMC-nin rəhbəri olduğunu bildirərək qeyd etmişdir ki, iş (vakansiya) elanları sahəsində ixtisaslaşmış “Boss.az” saytında xarici şirkət olan “Orion corporation” adlı şirkətin adından onlar yaxın günlərdə iş elanı yerləşdirəcəklər və özü haqqında məlumatları “CV” formasında orada qeyd olunan “maile” göndərər və onun işə qəbul məsələsinə baxacaq. Maaş və işin digər şərtləri haqqında isə bildirmişdir ki, 1.500 manat maaşdan əlavə satışdan əldə edilmiş gəlirin də müəyyən faizi mükafat qismində ona veriləcək. Bundan sonra o, həmin sayt vasitəsilə öz CV-ni qeyd olunan email (Elektron ünvan ) ünvanına 05.10.2020-ci il tarixdə göndərmişdir. Bir neçə gün sonra onunla əlaqə saxladılar və həmin şirkətin ofisinə dəvət etdilər. Kərimova Rumiyyə Muhəddin qızı ilə görüş zamanı o, ona bildirdi ki, onu Finlandiyada yerləşən əsas şirkət olan “Orion corporation” ştat cədvəlində yerləşdirməklə işə qəbul edəcəklər və bu bir az zaman alacaq. Çünki, müvafiq sənədlərini həmin şirkətə göndərmək müvafiq cavab almaq vaxt aparacaq. O, söhbət əsnasında dəfələrlə bildirdi ki, ona məxsus onlara təqdim etdiyi sənədləri (şəsiyyət vəsiqəsi, təhsil haqqında diplomu və s.) artıq Finlandiyaya göndərib. Bundan sonra o, ünvan 1 ünvanda yerləşən "Fizuli Recindes”də yerləşən Kanaru Service MMC-nin ofisinə getmişdir və şirkətdə tibbi pereparatların reklamı, satışı və s. ilə bağlı müvafiq işlərin yerinə yetirilməsinə başlamışdır. Təxminən 1 ay keçdikdən sonra Kərimova Rumiyyə Muhəddin qızına əmək haqqının ödənilməsi barədə müraciət edərkən o bildirdi ki, onun işə qəbulu barədə əmri hələlik gəlmədiyindən pul ödənilməsi imkan xaricindədir və ona bir az gözləməyini bildirdi. 2019-cu ilin dekabr ayının sonunadək cavabdeh şirkətdə işləsə də, hər dəfə müxtəlif bəhanələrlə ona əmək haqqının ödənişində və işə qəbulu barədə sənədləşmənin aparılmasında müsbət nəticə olmadı. Sonradan bu barədə bəzi şəxslərə məsləhətləşəndən sonra ona bildirdilər ki, onun xaricdə həmin ölkəyə məxsus şirkətdə işə qəbulu üçün ən azından ona məxsus sənədlər müvafiq xarici dilə tərcümə olunmalı idi. Bu kimi sənədlər isə ondan tələb olunmamışdır. Bundan sonra o, aldanıldığını, qanunusuz olaraq işlədilməklə əmək haqqının ödənilmədiyini anlamışdır və bununla bağlı Kərimova Rumiyyə Muhəddin qızına bir daha müraciət etmişdir. O ona 134 manat pul verərək guya qalan pulunu isə sonra verəcəyini bildirdi. Lakin ötən müddətdə onunla əmək müqaviləsi bağlanılmadı. Qeyd etmək istəyir ki, o, həmin şirkətdə 2 ay 14 gün müddətində işləmişdir. Qeyd olunanlarla bağlı sübutları və şahidləri vardır. Beləliklə cavabdeh ona 2.5 ay müqabilində 3750 manat aylıq əmək haqqı qismində pul ödəməlidir. Bundan sonra o, Dövlət Əmək Müfəttişliyinə müraciət etmiş və aparılan araşdırma ilə Cavabdeh MMC İnzibai Xətalar Məcəlləsinin 192.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdiyi müəyyən olunmuş və MMC cərimə edilmişdir. Qanunun mənasından da görünür ki, əmək müqaviləsini işəgötürən hazırlayaraq təqdim etməli idi. Hazırkı halda isə cavabdeh qurum müqaviləni təqdim etməmiş, onun bağlanmasından qərəzli surətdə yayınmış və bununla da onun əmək hüquqularını kobud pozmuşdur. Hazırkı halda onun tibbi təhsilinin olması, xüsusən də hadisələrin ailə üzvlərinin və digər onu tanıyanların bilməsi, onların yanında özünü pis hiss etməyinə səbəb olur. Hadisədən sonra depressiyaya düşmüş, bir sıra sakitləşdirici dərmanlar qəbul etmişdir. Qeyd olunanlarla bağlı o, maddi zərərlə yanaşı mənəvi zərər də çəkmişdir. Cavabdehin ona etdiyi bu hərəkətlərə görə mənəvi zərəri 5000 manat həddində qiymətləndirir. Həmçinin nəzərə alınmalıdır ki, ötən müddətdə o işləməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2976/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ödənilməmiş əmək haqqı olaraq 2366 (iki min üç yüz altmış altı) manat, mənəvi zərər kimi 50 (əlli) manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 22 manatının, cəmi 2438 (iki min dörd yüz otuz səkkiz) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh MMC və ya onun vəzifəli şəxsi tərəfindən iddiaçı hər hansı bir işlərin yerinə yetirilməsinə heç vaxt cəlb edilməmiş və MMC onunla heç bir əmək münasibətlərində olmamışdır. Belə ki, cavabdeh “ Kanaru Servisc" MMC-nin fəaliyyətində heç bir “ salış" əməliyyatı həyata keçirilmir. İddiaçı ona "1.500 manat nutaş" veriləcəyini göstərmiş olsa da. əmək haqqını tələb eldiyi 2.5 ay müddətində Özünün hansı ixtisas üzrə, hansı vəzifədə çalışdığı, hansı işlə məşğul olduğunu, nə kimi xidmət, fəaliyyət, hərəkətlər yerinə yetirdiyini, nəyin və harada satışını etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə isə bu barədə idddiaçının hər hansı bir sübutununun olmamasına baxmayaraq iddiaçının iddiasını qismən təmin elmişdir. Bundan əlavə, “ Kanaru Scrvise" MMC-nin “ Orion corporation" adlı və yaxud hər hansı bir şirkətdə “ işçi yerləşdirmək" hüququ olmamış. “ Kanaru Scrvise" MMC-yə iş üçün müraciət etmiş çoxsaylı şəxslərə belə bir söz deyilmədiyi halda, iddiaçıya belə bir vədin verilməsinin heç bir əsası olmamışdır. Belə ki, heç bir yerdə işə götürülənin şəxsiyyət vəsiqəsi alınmır və xarici dövlətə göndərilmir. “ Kanaru Scrvise" MMC-nin iddiaçının iddia etdiyi kimi “tibb preparatlarının reklamı, satışı" ilə bağlı fəaliyyəti yoxdur və olmamışdır. 04.08.2017-ci il tarixdən “ X A N İK A " MMC-ni özü təsis edib, ona rəhbərlik edən iddiaçı məgər bilmirdi ki, "xxxx" MMC onunla əmək müqaviləsi bağlamayıbsa, hansı əmək haqqından söhbət gedə bilərdi?. İddiaçı “şirkətdə işləsəmdə" göstərmiş olsa da, hansı vəzifədə, hansı peşə, ixtisas üzrə, hansı ünvanda, hansı iş otağında, kimin göstərişi ilə, hansı konkret hərəkətləri yerinə yetirdiyini, onun işinin nədə ifadə olunduğunu, yerinə yetirdiyi işin hesabatını kimə verdiyi barədə məlumatları məhkəməyə bildirməmiş və heç bir sübut təqdim etməmişdir. Özündən başqa heç bir yerə işə mütəxəssis qəbul etmək hüququna malik olmayan cavabdeh “ Kanaru Scrvise" MMC-də işə götürülən şəxslərin sənədləri heç bir dilə tərcümə olunmur Həmçinin həmin vaxtlar “ X A N İK A " MMC-nin təsisçisi, rəhbəri, təmsilçisi olan iddiaçı “qanunsuz olaraq işlədilməklə” dedikdə nəyi nəzərdə tutduğunu məhkəməyə açıqlamamış və buna dair heç bir sübut təqdim etməmiş, ümumiyyətlə belə bir hal olmamışdır. İş yerinin hansı ünvanda, harda olmasını, hansı vəzifədə, hansı ixtisas, yaxud peşə üzrə, kimlərlə işləməsini, onun tərəfindən yerinə yetirilmiş işin, xidmətin, tədbirin, hər hansı bir hərəkətin konkret olaraq nədən ibarət olduğunu, nə ilə məşğul olduğunu, tapşırıqların kim(lər)in tərəfindən verildiyini, nəticəsi barədə hesabatın hansı üsulla və kimə verildiyi barədə göstərməmişdir. Bundan əalvə, iddiaçı "xxxx" MMC-yə tibbi nümayəndə vəzifəsi üzrə 15.10.2019-cu il tarixdə mail vasitəsi ilə CV göndərmiş, 19.10.2019-cu il tarixdə isə özü MMC-nin mütəxəssisi Günel İsgəndərova tərəfindən ofisə dəvət olunmuş və bacarığının (qabiliyyətinin) müəyyən olunması məqsədi ilə, özünün CV-də qeyd etdiyi sənədləri təqdim etməsi tapşırılmışdır. Bir neçə gün ofisə gəlib-getdikdən sonra, iddiaçı tələb olunan sənədləri təqdim etmiş, həmin sənədlər onun CV-də özü haqqında göstərmiş olduğu məlumatlara uyğun olmadığından, xüsusən də o, ali tibbi təhsilə malik olmadığından cəmiyyətə işə qəbul edilməsindən ona imtina edilmişdir. Belə ki, CV-nin təhsil bəndində iddiaçı 2005-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin pediatr İxtisasını bakalavr dərəcəsini göstərsə də, təqdim eldiyi BBİİ 077209 saylı diplomda onun 2006-2008-ci illərdə Naxçıvan Tibb Məktəbinin “tibb bacısı işi", yəni orta təhsilli tibb ixtisasına yiyələndiyi göstərilmişdir. Bununla da iddiaçı özünün ali tibbi təhsilə malik olmağı barədə yalan məlumat verdiyi məlum olmuşdur. Daha sonra isə, iddiaçı özünün 2007-2008-ci illərdə tibb bacısı, 2012- 2013-cü illərdə Respublika Diaqnostika Mərkəzində neanatoloq assistenti, 2013-2014-cu illərdə “Medera" klinikasında tamoqraf vəzifələrində işləməsini CV-də göstərsə də həmin iş yerləri barədə onun əmək kitabçasında qeyd edilməmişdir. Məhkəmə isə əsassız olaraq elanda qeyd edilmiş xidmətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş minimum əmək haqqının 1000 manat təşkil etdiyini, ödənilməli olan məbləğdən 134 manatın iddiaçıya verildiyini nəzərə alaraq 2366 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə gəldiyi qənaət də tam əsasız olmaqla heç bir sübuta əsaslanmır. Bundan başqa, müəyyən olunmuşdur ki, iddiaçı qanuni təmsilçisi olduğu "xxxx" MMC 2 Saylı Bakı İnzibali-İqtisadi Məhkəməsi e-2-2(82)- 665/2019 saylı, 14.08.2019-cu il tarixli qətnamə ilə cavabdeh "XANİKA’' MMC-dən ödənilmiş 30 manat dövlət rüsumu və 11.200 manat məbləğdə pul tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qət etmişdir. Buna görə də özü barəsində yalan məlumatlar (sənədlər) verməsi səbəbindən iddiaçı cavabdeh MMC işə qəbul olunmasından dərhal imtina edilmişdir. Məhkəmə çəkişməsində hüquqlarının müdafiəsində vəkil xidmətindən yararlanmağa ehtiyac duymayan bir hüquqi şəxsin-iddiaçı, həmin məhkəmənin qətnaməsindən bir ay sonra, cavabdeh MMC-də guya “aldadılaraq işə cəlb edilməsi və bir ay üçün 1,500 manat və cəmi 8,750 manat ödənilməsini” MMC-dən tələb etməsi və bu fırıldaq məqsədinə məhkəmə vasitəsi ilə cəhd etməsində onun hansı məqsəd güddüyünü, "iddiaçının" öz sözü ilə deyilsə “anlamaq” heç də çəlin deyildir. Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş 20.07.2020-ci il tarixli “əmək haqqımın ödənilməsi barədə pretenziya məktubu cavabdehin hüquqi ünvanına göndərilməsi barədə və rəsmi qaydada “Kanaru Service" MMC tərəfindən alınması barədə heç bir poçt qəbzi, yaxud digər rəsmi sənəd sübut kimi iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Pretenziya məktubu iddia müddətinin axımının həmin tarixdən hesablanması məqsədi ilə iddaçı tərəfindən formal olaraq tərtib olunmuşdur. Məktubun "xxxx" MMC-nin ünvanına yollanmasını və alınmasını təsdiqləyən hər hansı bir rəsmi sənəd məhkəməyə müvafiq qaydada təqdim edilməmiş, məhkəmə isə həmin pretenziya məktubunu sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Quliyeva Aytən Qəhrəman qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə tərəflərin məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız cavabdeh mübahisələndirmiş, iddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2976/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 23.09.2020ci il tarixli, 3(006)-673/2020 saylı qərarından görünür ki, Cavabdeh MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Eyni zamanda qərardan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ünvan 2 ünvanda yerləşən “Fizuli Residence" kompleksinin üçüncü mərtəbəsində 2019-cu ilin oktyabr ayından dekabr ayının 30-dək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 28.07.2020-ci il tarixli məktubdan görünür ki, ona 2.5 ay müqabilində 3750 manat aylıq əmək haqqı qismində pul ödəməlisinin ona 10 gün müddətində təmin edilməsoini, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin Naxçıvan Tibb Məktəbi tərəfindən 15.07.2008-ci il tarixdə verilmiş BB-İİ 077209 saylı diplomun surətindən görünür ki, İddiaçı onun 2006-cı ildə məktəbə daxil olmuş və 22.06.2008-ci ildə “tibb bacısı işi” ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan DƏMX tərəfindən tərtib edilmiş MN ******* saylı, 17.03.2020-ci il tarixli prtokoldan görünür ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi 49 “Fizuli Residence”nin 3-cü mərtəbəsində 2019-cu ilin oktyabrından dekabrın 30-dək İddiaçı əmək və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməklə İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan “Orion Corporation” tərəfindən “kadr-az.info” saytında yerləşdirilmiş elandan görünür ki, tibbi nümayəndə vəzifəsi üzrə 1000-1200 manat əmək haqqı ödəmək şərti ilə işçi axtarılır. İş materiallarından müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Fizüli küçəsi, 49 ünvanında yerləşən “Fizuli Residence" kompleksində 2019-cu ilin oktyabr ayından dekabr ayının 30-dək Cavabdeh MMC tərəfindən əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bunun nəticəsində Cavabdeh MMC, tərəfindən 30.12.2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, təqsirli bilinmiş, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından, yəni həmin tarixdən üç aydan artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmçinin İddiaçı əmək müqaviləsi bağlanmadan yerinə yetirdiyi işlər üzrə 1000-1200 manat məbləğində əmək haqqının ödənilməli olduğu, ona əmək haqqı qismində ödənilməli olan məbləğdən 134 manat verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi, iddiaçı Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Fizüli küçəsi, 49 ünvanında yerləşən “Fizuli Residence" kompleksində 2019-cu ilin oktyabr ayından dekabr ayının 30dək əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, bu da iddiaçının hesabına heç bir hüquqi əsas olmadan cavabdehin varlanmasına gətirib çıxarmışdır. Əsassız varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın – iddiaçının tələbi ilə ona qaytarmalıdır. Məhkəmə elanda qeyd edilmiş xidmətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş minimum əmək haqqının 1000 manat təşkil etdiyini, ödənilməli olan məbləğdən 134 manatın iddiaçıya verildiyini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, 2366 manat məbləğdə pul Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar haqlı olaraq qeyd etmişdir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın olur ki, Cavabdeh MMC-nin qanunsuz əməlləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Ona görə də, işin diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 50 manat məbləğində müəyyən edilməsi daha ağlabatan və ədalətli olar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, ödənilməmiş əmək haqqı olaraq 2366 manat və vurulmuş mənəvi zərərə görə 50 manat, cəmi 2416 manat məbləğində pul Cavabdeh MMCdən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2976/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2976/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar