Məhkəmə qərarları › İş №2(103)-1136/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1136/2020

25.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1136/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi X3, Cavabdeh Sadıqov Ələddı̇ n Cəlal oğlunun iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)-608/2019 saylı qətnaməsindən cavabdeh Sadıqov Ələddı̇ n Cəlal oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu ərazisində yerləşən, mərhum atası X6 mülkiyyətində olan qeyri-yaşayış binalarının qanuni istifadədə olan və qeydiyyat orqanı tərəfindən tərtib edilmiş qeyri- yaşayış binasının Texniki Pasportunda göstərilən ölçüləri əsas götürməklə, cavabdeh, tərəfindən həmin ərazidə qanunsuz olaraq inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdeh tərəfindən sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, həmçinin ona dəyən 5000 (beş min) manat mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 1997-ci ildən Sabunçu rayonu Ramana südçülük sovxozu ərazisində heyvandarlqla məşğul olur. Təsərrüfat obyektinin bütün hüquqi sənədləri qaydasındadır. xx.xx.2018-ci il tarixində tanımadığı bir qrup şəxs, təsərrüfat obyektinin ərazisinə daxil olaraq bəzi yerleri işarətləməyə və ev tikintisi üçün him yeri qazmağa başladı. Bir müddət sonra isə maşınlarla daş, qum tökərək tikinti işlərinə başlamışlar. Bununla əlaqəli 102 polis xidmətinə zəng vurub məlumat vermişdir. İlk gün post-patrul əməkdaşları əraziyə gəlib, həmin şəxslərə sənət təqdim etməyi, qanunsuz tikintiyi dayandırıb polis idarəsinə gəlməyi tələb etsə də, bunun bir nəticəsi olmamışdır. Ertəsi gün Sabunçu rayonu 12-ci polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Yenə də hadisə yerinə heç kim gəlməmiş və qanunsuz hərəkətlərə müdaxilə edən olmamışdır. Hadisədən beş gün sonra Sahə polisi əraziyə gəlmişdir. Onlara aid ərazidə qanunsuz tikinti işləri aparan şəxsin Bakı şəhəri Sabunçu rayonu 137 №-li tam orta məktəbdə təsərrüfat işləri üzrə müdir vəzifəsində çalışan Cavabdeh olduğunu bildirmişdir. Sahə polisi həmçinin sözügedən şəxs barəsində protokol tərtib etdiyini Bakı şəhər İcra Hakimiyyəti nəzdində Komisiyaya göndərildiyini və tikintiyi dayandırması barədə xəbərdarlıq edildiyini bildirdi. Ancaq bundan sonrakı mərhələdə də Cavabdeh tikinti işlərini davam etdirdi. Cavabdeh qanunsuz hərəkətlərinə müdaxilə etməyən Polis, məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Buradakı qaranlıq məqam, vətəndaşın xüsusi mülkünü zəbt edən, həmçinin qanunsuz tikinti işləri aparan şəxsə polis tərəfindən heç bir müdaxilə olunmur. Hal-hazırda təsərrüfat obyektinə giriş çıxışları ciddi şəkildə məhdudlanmışdır. Bildirmək istəyir ki, sözü gedən təsərrüfat obyekti atası X6 adınadır. Atası xx.xx.2015-ci ildə vəfat etmişdir. Mərhumun hüquqi varisi İddiaçıdur. İş materiallarında olan, Abşeron Rayon Tİ və MHQİ tərəfindən verilmiş xx xxxxx 2003-cü il tarixli, 091 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən “A”, “B” və “V” qeyri yaşayış tikililəri mərhum X6 mülkiyyətindədir. Həmin qeydiyyat vəsiqəsinə aid olan, qeyri-yaşayış binalarının texniki pasportundan göründüyü kimi, “A”, “B” və “V” qeyri yaşayış tikililəri arasındakı sahə və həmçinin tikililərə giriş-çıxışlar mülkiyyət sahibinin istifadəsindədir. Qeyd olunan tikililər və onun altındakı torpaq sahəsi Hidayət Muxtarovun mülkiyyətində, “A”, “B” və “V” qeyri yaşayış tikililəri arasındakı sahə və tikililərə giriş-çıxışlar onun qanuni istifadəsindədir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)-608/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, X6 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Ramana Sovxozu ərazisində yerləşən “A”, “B” və “V” qeyri-yaşayış tikililərinin yerləşdiyi ərazidə cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilən fərdi yaşayış evi və daş hasarın Cavabdeh tərəfindən sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh alınaraq, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, VÖEN ********* Hesab AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. Cavabdeh Sadıqov Ələddı̇ n Cəlal oğlu tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)-608/2019 saylı qətnaməsindən şikayət verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd olunur ki, o, ailəsi ilə birlikdə 2000-ci ildən Ramana sovxozunda yaşayır. 137 №-li tam orta məktəbdə Təsərrüfat işləri üzrə direktor müavini işləyir. Neçə illərdir ki, kirayədə yaşayırdı. 2018-ci ilin aprelində Sabunçu rayon İcra Hakimiyyətinin camaatla keçirdiyi açıq iclasda onun həyat yoldaşı (137 №-li tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə d/m işləyir) X24 q. məktəbin şagird sıxlığına görə yeni korpusun tikilməsinə kömək etməsini xahiş etmişdir. İclasda Sabunçu rayon İcra Başçısının sadə insanlara etdiyi köməkləri görəndə Adil müəllimin humanist, xeyirxah, yardımsevər bir şəxs olduğunu görüb, elə orada xahiş etmişdir ki, mümkünsə dövlətə, kənd sovetinə, bələdiyyəyə məxsus torpaq sahələrindən fərdi yaşayış evi tikmək üçün cüzi torpaq sahəsilə təmin olunmasına kömək etsin. Hörmətli İcra başçısı elə yerindəcə kənd sovetindən elə bir yerin olduğunu öyrənib, lazımi təşkilatlara tapşırır ki, onları torpaqla təmin etsinlər. Kənd Sovetinin, bələdiyyə üzvlərinin iştirakı ilə hal-hazırda yaşadığı ərazini onlara ölçüb-biçib verdilər. Bu sahənin bələdiyyə tərəfindən sənədləşməsi var. (Şəhadətnamə-YVÖK-1810 1599WLQ Qeydiyyat №155) tikinti yerinin koordinatı X-414966,y-4481386) Bu fərdi yaşayış sahəsini o, kənd soveti və bələdiyyə tərəfindən verildiyini xx.xx.2018 və xx.xx.2019 tarixli məhkəmədə demişdir. Bələdiyyə tərəfindən verilən sənədləri də məhkəməyə təqdim etmişdir. Nəyə görə məhkəmə onlara sorğu göndərməyib? Kənd soveti və bələdiyyədən sorğuya cavab ala bilərdilər. İddiaçıya görə o yer onun mülkiyyətinə məxsusdur. Hərgah o yer ona məxsusdursa nə üçün indiyə kimi boş istifadəsiz, hasarsız, zibilliyə çevrilmişdir. Allahın bir ağacı da yox idi. İlanlar məskunlaşmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə görə torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyətdən istifadə və ya icarə hüququna xitam verilir. O yer ona veriləndə kənd sovetinin nümayəndəsi qeyd etdi ki, ora dövlətə, yəni bələdiyyəyə məxsusdur. İddiaçı qeyd edir ki, guya sahə polisi onu (qeyd edir ki, sənədlər onun həyat yoldaşı X12 adınadır.) protokol tərtib edərək şəhər icra hakimiyyəti nəzdində komissiyaya göndərib. Bu da yalandır. Çünki bu barədə onların heç bir məlumatları yoxdur. Əksinə sahə polisi ilə söhbət zamanı olduğu kimi danışmışdır. O da onlara xeyir-dua verib. Əgər elə olsaydı kimsə gəlib onlarla maraqlanardı. Atdığı böhtana görə iddiaçını məsuliyyətə cəlb olunmasını xahiş edir. Qeyd edir ki, sözü gedən sahə guya iddiaçının atasına məxsus olub. O da 2015-ci ildə rəhmətə gedib. Məhkəmənin gedişindən bildi ki, tələbinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə Ekspertiza Mərkəzinin nümayəndəsi nə vaxt gəldi, qeyd apardı ki, biz onu görmədik. Bəlkə iddiaçı ona yanlış sahə göstərib. İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyi hansı sahə haqqındadır. Onların yaşadığı fərdi yaşayış sahəsindən söhbət gedirsə də, niyə onların nümayəndəsi o reyddə iştirak etməyib? İlham Şərifov tək bir dəfə ona zəng vurub, sənədin olması ilə maraqlanıb. O, da demişdir ki, bələdiyyə tərəfindən hazırlanır. Cavab gözləmədən rəy çıxarıb. Azərbaycan Respublikasının ratifikasiya etdiyi “insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Niyə haqsız iddiaya görə incidilməlidir. Həyat yoldaşının ömrünün yarıdan çoxu xalqın balalarının təlim-tərbiyəsinə həsr olunub. O, Qərbi Azərbaycandandır. İndi neynəməlidir? Ermənistanamı qayıtmalıdır. Qarabağda Cəbrayılda, Ağdamda, Füzulidə ermənilərlə vətən uğrunda vuruşub, qan tökmüş, hələ də bədənində yara açan mərmilərin yeri onu incidir. Düşmən güllələri ilə üz-üzə gələndə İddiaçı haralarda idi? Onlar kimi insanlara edilən bu cür haqsızlığı bağışlamaq olarmı? Qətnamədə belə bir punkt var. “İş materiallarında Abşeron Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 091 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Ramana sovxozunda yerləşən “A”, “B”, “V” qeyri-yaşayış tikililəri mərhum M.Hidayət Qafar oğluna məxsusdur. Qeyri-yaşayış tikintiləri deyərkən zığın, palçığın içərisində iri buynuzlu mal-qara saxladığı tikililərimi deyir. Onun varis kimi təsdiqini tapmayan sənədində nə qədər torpaq sahəsi var? Bilən varmı? 22, yoxsa 25 sotdurmu? Haradan-harayadır? Niyə onları məhkəmədən gizlədir? Niyə bütün bunlar yoxlanmamış qətnamə çıxarılır. Xahiş edir, bütün bunlar araşdırılsın. Onlar orada nə işlə məşğul olur. Qətnamədə göstərilir ki, guya qeyri-yaşayış tikililərinin arasında giriş-çıxış mülkiyyət sahibinə məxsusdur. Hansı giriş-çixışdan söhbət gedir? Onlara ayrılmış sahədə fərdi yaşayış evini tikəndən sonra keçidi bağladılar, evlərinin yanında isə onun mülkiyyəti ilə əlaqəsi olmayan dam kimi bir şey tikdilər, guya ki, çoxdandır. Yarımçıq tikili olarkən şəklini çəkmişdir. Sübutu var ki, onlardan sonra tikilib. Məhkəmə kollegiyasının iclasında cavabdeh Sadıqov Ələddı̇ n Cəlal oğlu apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi, izahatında qe yd etdi ki, onun tikdiyi ev iddiaçının atasının mülkiyyətində olan torpaq sahəsində deyil. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X18 oğlu apellyasiya şikayətinə etiraz edərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, hazırki ekspert rəyi ilə razı deyil. Ekspert rəyində, çıxarışların reyestr nömrəsi qeyd edilən şəxslər, X14, X9, X7r və onlara aid torpaq sahələri faktiki olaraq başqa koordinatda olsa da, baza sistemində mərhum X8 aid ərazi üzərində görsənir. Bu barədə məlumat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ərazi idarəsindən gələn xx.xx.2020-ci il tarixli məktubda da qeyd olunub. Yəni, Cavabdeh faktiki olaraq, mərhum X6 mülkiyyətində olan torpaq sahəsini zəbt edib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan, Abşeron Rayon Tİ və MHQİ tərəfindən verilmiş xx xxxxx 2003-cü il tarixli 091 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən “A”, “B” və “V” qeyri-yaşayış tikililəri mərhum X6 mülkiyyətindədir. Həmin qeydiyyat vəsiqəsinə aid olan, qeyri-yaşayış binalarının texniki pasportundan göründüyü kimi, “A”, “B” və “V” qeyri-yaşayış tikililəri arasındakı sahə və həmçinin tikililərə giriş çıxışlar mülkiyyət sahibinin istifadəsindədir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 18603 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu ərazisində yerləşən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan, inşa edilmiş tikililər qanunsuz tikililər hesab edilir. İşdə olan Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfındən verilmiş seriya № 091 saylı, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən “A”, “B” və “V” qeyri-yaşayış tikililəri xüsusi mülkiyyət kimi X6 adına hüquqi qeydiyyatdan keçirilmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1802/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Abşeron rayon Tİ və MHQİ tərəfindən xx xxxxx 2003-cüil tarixli 091 saylı qeydiyyat vəsiqəsinə əsasən X6 mülkiyyətində olan Ramana sovxozunda yerləşən “A”, “B” və “V” qeyri-yaşayış binalarından və bu qeydiyyat vəsiqəsinə aid olan texniki pasportda qeyd edilmiş torpaq sahəsindən istifadə hüquqlarına qəsd edən hərəkətlərə son qoyulması qət edilmişdir. İşdə olan xx.xx.2003-cü il tarixli müqavilənin surətindən görünür ki, X2 rayonu Ramana sovxozu ərazisində yerləşən “A”, “B” və “V” qeyri-yaşayış tikililərini X1. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu ərazisində yerləşən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan, inşa edilmiş tikililər qanunsuz tikililər hesab edilir və cavabdeh həmin tikiliyə mülkiyyət hüququ əldə etməmişdir, onun həmin tikiliyə dair sərəncam vermək və digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Cavabdehin iddia predmeti olan torpaq üzərində mülkiyyəti barədə heç bir sənədi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, kollegiya qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 18603 saylı, xx xxxxxx 2019cu il tarixli rəyində ekspert qeyd etmişdir ki, mübahisələndirilən ərazidə Cavabdeh adına torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilmədi. İddiaçı iddia etdiyi və naturada göstərdiyi (Cavabdeh istifadəsində olan) 184 kv.m torpaq sahəsinin 17 kv.m hissəsinə X10 adına reyestr nömrəsi **********9, 52 kv.m hissəsinə X4 adına reyestr nömrəsi **********82, 96 kv.m hissəsinə X5 adına reyestr nömrəsi **********77 olan çıxarışlar verilmişdir. Göründüyü kimi, Cavabdeh istifadəsində olan 184 kv.m torpaq sahəsinin 17 kv.m hissəsi X10, 52 kv.m hissəsi X4, 96 kv.m hissəsi X5 adına olan torpaq sahələridir. Belə olan halda Cavabdeh istifadəsində olan torpaq sahəsinin 17+52+96=165 kv.m hissəsi başqa şəxslərə aid torpaq sahəsidir. Yerdə qalan 184-165=19.kv.m torpaq sahəsinin kimə aid olması məlum deyildir. Buna görə də, məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Kollegiya MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən ekspert qarşısında iddiaçının iddia ərizəsində tələb etdiyi atası X6 mülkiyyətində olan qeyri-yaşayış binalarının qanuni istifadədə olan və qeydiyyat orqanı tərəfindən tərtib edilmiş qeyri- yaşayış binasının Texniki Pasportunda göstərilən ölçüləri əsas götürməklə, cavabdehin həmin ərazidə qanunsuz zəbt etmə hallarının olub-olmaması ilə bağlı suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020ci il tarixli 10/2078 saylı rəyinə görə mütəxəsis rəyində qeyd olunmuşdur ki, mərhum X6 qeydiyyat vəsiqəsi ilə adına olan “A” və “B” tikililəri yararsız, “V” tikilisi isə yaşayış kimi istifadə edilməkdədir. Bundan başqa xx.xx.2003-cü il tarixli notariat qaydada təsdiqlənmiş alğı-satqı müqaviləsində “A”, “B” və “V” tikililəri və 0,20 ha torpaq sahəsi (1998-ci ildə təqdim edilmiş texniki pasportla isə giriş-çıxış yolu ümumi torpaq sahəsinə daxil edilməməklə 0,4212ha) göstərildiyi halda iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi 0,87447 hektardır. DƏDRX-nin 4 saylı ərazi idarəsinin elektron baza məlumatlarında araşdırılarkən məlum olmuşdur ki, mərhum X6 adına olan qeydiyyat vəsiqəsində qeyd olunan “A”, “B” və “V” tikililərinin tikintialtı sahəsi və istifadəsində olan torpaq sahəsi də daxil olmaqla Ramana südçülük sovxozu ərazisində yerləşən 6,5 ha torpaq sahəsinə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 7 saylı qərarı ilə “Y.Hümbətov adına Kəndli fermer təsərrüfatının” adına ləğv edilmiş DTXK tərəfindən xx.xx.1997-ci il tarixdə Torpaqdan daimi istifadə hüququna dair JN -011 saylı Dövlət Aktı verilmişdir. Sonradan ləğv edilmiş DTXK tərəfindən xx.xx.2008-ci il tarixli **********0050 saylı plan-ölçü sənədində qeyd edilmiş döngə nöqtələrinin koordinatlarına əsasən Abşeron rayonu, Ramana qəsəbəsində yerləşən 6,5 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixli, **********50 reyestr nömrəsi ilə “Y.Hümbətov adına Kəndli fermer təsərrüfatının” adına daimi istifadəyə dair çıxarış və plan-ölçü verilmişdir. Mübahisələndirilən ərazi üzrə “Y.Hümbətov adına Kəndli fermer təsərrüfatının” adına daimi istifadə hüququ olan 6,5 ha torpaq sahəsindən (4,45 ha) 120 nəfər, faktiki ölçülmüş sahənin koordinatları əsasında 43 nəfər, sxem əsasında olan koordinatlara əsasən (7629kv.m) 33 nəfər digər vətəndaşlar istifadə hüquqlarını alaraq icarələrinə çıxarışlarla torpaq sahələri əldə etmişlər. Yuxarıda qeyd edilən icarə hüququ qazanmış vətəndaşlar arasında Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X17 qeydiyyatdan keçməmiş, çıxarış və plan-ölçü verilməmişdir. Beləliklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəsis rəyinə əsasən: Cavabdeh naturada göstərilən istifadəsində olan inşa edilmiş yaşayış evi və torpaq sahəsi İddiaçı naturada göstərdiyi faktiki istifadə etdiyi əraziyə düşsədə, iddiaçının mərhum atası X6 adına olan texniki pasportda qeyd edilən torpaq sahəsindən kənarda, reyestr nömrəsi **********9, reyestr nömrəsi **********82, reyestr nömrəsi **********1 olan çıxarışlarla icarə hüququ qazanmış vətəndaşların torpaq sahələrinə düşür. Mübahisələndirilən torpaq sahələri Kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan, inşa edilmiş tikililər qanunsuz tikililər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, Cavabdeh naturada göstərilən istifadəsində olan inşa edilmiş yaşayış evi və torpaq sahəsi İddiaçı naturada göstərdiyi faktiki istifadə etdiyi əraziyə düşsədə, iddiaçının mərhum atası X6 adına olan texniki pasportda qeyd edilən torpaq sahəsindən kənarda, reyestr nömrəsi **********9, reyestr nömrəsi **********82, reyestr nömrəsi **********1 olan çıxarışlarla icarə hüququ qazanmış vətəndaşların torpaq sahələrinə düşür. Kollegiya hesab edir ki, Cavabdeh naturada göstərilən istifadəsində olan inşa edilmiş yaşayış evi və torpaq sahəsi iddiaçının mərhum atası X6 adına olan texniki pasportda qeyd edilən torpaq sahəsindən kənarda yerləşdiyindən, iddiaçının cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdeh tərəfindən sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı tələblə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Həmin hüquqlar ekspert rəyində qeyd olunan reyestr nömrəsi **********9, reyestr nömrəsi **********82, reyestr nömrəsi **********1 olan çıxarışlarla icarə hüququ qazanmış vətəndaşlara məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli Qərarında qeyd edilir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, “İnsan hüquqlarının və X11 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X23 məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X11 haqqında Konvensiya»nın müddəaları və X23 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Kollegiya hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi və bunun məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən sübutları təqdim etməmişdir. Buna görə də, iddia tələbi mənəvi zərərlə bağlı hissədə əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat iddiaçıdan alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)- 608/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat İddiaçı alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar